Məhkəmə qərarları › İş №2(004)-969/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-969/2023

19.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-969/2023 19.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, X6 ilə 1987-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 2 övladı -xx.xx.1988-ci il tarixdə X5 və xx.xx.1998-ci il tarixdə X7 dünyaya gəlmişlər. X11 tibbi - sosial ekspert komissiyasının qərarına əsasən 1-ci dərəcəli əlildir (uşaq serebral iflici, diplegiya, görmə zəifliyi). Hazırda X11 onunla birlikdə Bakı şəhəri, Yaşama rayonu, H.Zərdabi küçəsi 3153, blok 1, 53 saylı mənzildə yaşayır. Oğluna faktiki olaraq qəyyumluğu özü edir. Özü özünü müstəqil idarə etmək iqtidarında deyil, başqa şəxsin köməyinə ehtiyacı var. Oğlu artıq yetkinlik yaşına çatsa da, onun sağlamlığı və inkişafı üçün özü heç bir tədbir görmək qabiliyyətində olmadığından onun himayəsində (öhdəsində) saxlanılmalıdır. Faktiki qəyyumuluğu rəsmiləşdirmək üçün Yasamal Rayon İcra Hakimiyyətinə şifahi olaraq müraciət etmiş, qəyyumluğun rəsmiləşdirilməsi üçün oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərazi aidiyyəti üzrə məhkəmə qərarının olması bildirilmişdir. Göstərilənlərə əsasən, xx.xx.1998-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, oğlu X1 ilə bağlı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırlmış) xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Tverskoy rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş İİ-МЮ №365225 saylı, 17 sentyabr 1998-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X7 25 iyul 1998-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur, atası X6, anası isə Ərizəçidır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 517 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X4 uşaq serebral iflicinin qalıq əlamətləri, əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə qohum olmaqla xalaqızı-xalaoğlu olması, yoxlanılan şəxsin anasının deməsinə görə travma ilə anadan olması, həmçinin yoxlanılan şəxsdə serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fıziki inkişafda geri qalması, nitqinin zəif inkişaf etməsi, bununla əlaqədar əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, sonralar Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicədə olması,“Uşaq serebral iflici, diplegiya, görmə zəifliyi” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, narahatlığı, sərbəst yeriyə bilməməsi, fizioloji ifrazatları ilə natəmiz olması, xəstəliyi ilə əlaqədar İ qrup əlil olması, hər hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə gedişatında əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X7 onda müəyyən edilən uşaq serebral iflicinin qalıq əlamətləri, əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.1998-ci il təvəllüdlü X7 psixi xəstəliyi iş materiallarında olan sənədlərlə sübut olunduğundan, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1998-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar