Məhkəmə qərarları › İş №2(004)-973/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-973/2025

18.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-973/2025 18.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı Azərbaycan Qızıl Aypara Cəmiyyəti Yasamal Rayon Bölməsinin vəkili Vəkil, İddiaçı Azərbaycan Qızıl Aypara Cəmiyyəti Yasamal Rayon Bölməsinin nümayəndəsi Nümayəndə, Cavabdeh İri Şəhərlərin X5 Xidməti X6 Yasamal Rayon Sukanal İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Qızıl Aypara Cəmiyyəti Yasamal Rayon Bölməsinin cavabdeh “İri Şəhərlərin X5 Xidməti” X6 Yasamal Rayon Sukanal İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Qızıl Aypara Cəmiyyəti Yasamal Rayon Bölməsinin cavabdeh “İri Şəhərlərin X5 Xidməti” X6 Yasamal Rayon Sukanal İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin tələb etdiyi əsassız və qanunsuz olaraq hesablanmış 4303,52 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh onların cəmiyyətdən istifadə etmədikləri içməli suya görə və çirkab suyun axıdılmasına görə 4303,52 manat pul vəsaiti tələb edir. Bunu onunla əsaslandırır ki, guya onların 2016-1019-cu illər arasında istifadə etdikləri suya və çirkab suyun axıdılmasına görə göstərilən məbləğdə borc yaranmışdır. Hesab edirlər ki, tələb olunan pul vəsaiti əsassız və qanunsuz olduğu üçün cavabdeh tərəfindən onların ünvanlarına hesablanmış borc kimi göstərilən 4303,52 manat miqdarında pul vəsaiti silinməlidir. Cavabdehlə onlar arasında xx.xx.2012-ci il tarixdə 074508 saylı su sayğacı qoyulması barədə müqavilə bağlanmışdır. Ancaq anlaşılmaz səbəblər üzündən sayğacın qoyulması 3 ildən çox çəkmişdir. Onlar dəfələrlə cavabdehə müraciət etmişlər ki, gəlib sayğac qoysunlar. Nəhayət xx.xx.2019-cu ildə sayğac quraşdırılmış və istisamara qəbuluna dair 02/04892 saylı akt tərtib edilmişdir. Cavabdeh tələb etdiyi pul vəsaitini illərə bölərək abonent haqqında məlumatda göstərmişdir ki, 2017ci il üzrə içməli su üçün 1006.00 manat, çirkab suyun axıdılması üçün 644,52 manat, 2018-ci il üzrə içməli su üçün 1074, çirkab suyun axıdılması üçün 709,52 manat, 2019-cu il üzrə içməli su üçün 2145, çirkab suyun axıdılması üçün 1783,52 manat olmaqla, ümumilikdə 2016-2019-cu ilin avqust ayına qədər, guya 4303,52 manat borc yaranmışdır. Sayğac qoyulandan sonra sayğaca müvafiq ödəmələr tam olmuşdur. Cavabdeh onların sularını 2023-cü ilin fevral ayında kəsmişdir ki, borcu ödəsinlər. Əvvəla onların elə böyük miqdarda borcu ola bilməz. Bu borc uydurma borcdur, çünki 2016-2019-cu illər arasında 1 kub.metr suyun qiyməti 1-2 manat olmuşdur. Onların Cəmiyyətinə ½ diametrlik boru ilə su gəlir, onun da üzərində 1 kranı var. Cəmiyyət 18 kv.m bir otaqda yerləşir. Cəmiyyətin binasında sanitar qovşağı, mətbəx, vanna, elə bir məişət obyekti yoxdur ki, onlar ora su işlətsinlər. Onların cəmi 2 işçisi var. Cəmiyyət bir ayda heç bir kub metr su işlətmir. 1 kub metr suyun qiymətinin 2 manat təşkil etdiyi nəzərə alınsa, onların bir ilə 24 manat , 3 ilə isə 72 manat borcu yaranar. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Qızıl Aypara Cəmiyyəti Yasamal Rayon Bölməsinin vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Qızıl Aypara Cəmiyyəti Yasamal Rayon Bölməsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh İri Şəhərlərin X5 Xidməti X6 Yasamal Rayon Sukanal İdarəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Fəaliyyət olan və sayğac olmayan dövrdə sudan faktiki olaraq istifadə edilmişdir. 2019-cu ilə qədər sayğac olmadığından “X4”na əsasən, borunun diametrinə görə hesabat aparılmışdır. Qeyd edilən qeyri-yaşayış sahəsində borunun diametri 15 mm-dir. Bəzi dövrlərdə istifadə olmadığından həmin dövr üçün hesabat aparılmamışdır. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair xx.xx.2019-cu il tarixli, 02/04892 nömrəli Akta əsasən Azərbaycan Qızıl Aypara Cəmiyyəti Yasamal Rayon Bölməsinin ünvan 1 ünvanı üzrə 6SS- 20K markalı, 00199447 nömrəli su sayğacı quraşdırılmışdır. İş materiallarında olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti Yasamal Rayon Bölməsinin ünvan 1 ünvanı üzrə abonentin saldosundan görünür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Yasamal Rayon Bölməsinin sudan istifadə ilə bağlı 2017-ci il üzrə içməli su üçün 1006.00 manat, çirkab suyun axıdılması üçün 644,52 manat, 2018-ci il üzrə içməli su üçün 1074, çirkab suyun axıdılması üçün 709,52 manat, 2019-cu il üzrə içməli su üçün 2145, çirkab suyun axıdılması üçün 1783,52 manat olmaqla, ümumilikdə 2016-2019-cu ilin avqust ayına qədər, 4303,52 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" ASC ilə qeyri-əhali istehlakçı qrupuna daxil olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti Yasamal Rayon Bölməsi arasında bağlanmış xx.xx.2013-cü il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqaviləyə əsasən abonent tələbatına uyğun məişət- içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir. Həmin müqavilənin 1.2-ci bəndində qeyd edilmişdir ki, müəssisə istehlakçının su təchizatının texniki şərtlərə uyğun magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri 15 mm olan boru vasitəsilə həyata keçirir. İş materiallarında olan “İri Şəhərlərin X5 Xidməti” publik hüquqi şəxsi ilə qeyri-əhali istehlakçı qrupuna daxil olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti Yasamal Rayon Bölməsi arasında bağlanmış xx.xx.2024-cü il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqaviləyə əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarına uyğun olaraq digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1 kub metr su üçün ƏDV ilə 1 manat və istehlakçıdan qəbul edilmiş 1 kub metr tullantı suyuna görə hesablaşma ƏDV ilə 1 manat müqabilində müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində qeyd edilmişdir ki, müəssisə istehlakçının su təchizatının texniki şərtlərə uyğun magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri 15 mm olan boru vasitəsilə həyata keçirir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “X4”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə bağlı 2013-cü ildə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya tələbatına uyğun məişət-içməli və istehsalat məqsədli su ilə təmin edilməsi və tullantı sularının fasiləsiz qəbulu həyata keçirilməlidir. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə bağlı müqavilənin 2013-cü ildən bağlanmasına baxmayaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti Yasamal Rayon Bölməsinin ünvan 1 ünvanı üzrə su sayğacı xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır. Su sayğacı quraşdırılanadək iddiaçının istifadə etdiyi suyun məbləği “X4”na edilmiş Su təchizatı və kanalizasiya xidmətlərindən qeyriqanuni istifadənin həcminin müəyyən edilməsi ilə bağlı 4 nömrəli əlavə ilə hesablanmışdır. Müəssisə istehlakçının su təchizatının magistral su xəttinə və paylayıcı şəbəkəyə diametri 15 mm olan boru vasitəsilə qoşulmuş kimi nəzərə alaraq, 2016-cı ildən 2019-cu ilədək iddiaçının istifadə etdiyi suyu məhz həmin qaydalarda nəzərdə tutulmuş şəkildə hesablayaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti Yasamal Rayon Bölməsinin sudan istifadə ilə bağlı 2017-ci il üzrə içməli su üçün 1006.00 manat, çirkab suyun axıdılması üçün 644,52 manat, 2018-ci il üzrə içməli su üçün 1074, çirkab suyun axıdılması üçün 709,52 manat, 2019-cu il üzrə içməli su üçün 2145, çirkab suyun axıdılması üçün 1783,52 manat olmaqla, ümumilikdə 2016-2019-cu ilin avqust ayına qədər iddiaçıya 4303,52 manat borc hesablamışdır. Hazırda iddiaçı 2016-2019-cu illər üzrə borcun məhz həmin qaydada hesablanmasının qanunsuz olmasına, dəfələrlə su sayğacının quraşdırılması üçün cavabdehə müraciət ünvanlamasına baxmayaraq su sayğacının quraşdırılmasından cavabdehin yayınmasına istinad edərək, cavabdehin tələb etdiyi əsassız və qanunsuz olaraq hesablanmış 4303,52 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə ədalətli məhkəmə araşdırmasının təmin edilməsi üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti Yasamal Rayon Bölməsinin ünvan 1 ünvanına yerli baxış keçirmiş, iş materiallarında olan xx.xx.2025-ci il tarixli yerli baxış protokolundan görünür ki, yerli baxış zamanı ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 otaqdan ibarət olduğu, həmin otaqda 1 ədəd su kranı olan 1 ədəd su çanağının olduğu məlum olmuşdur. Sədrlik edənin sualına caavb olaraq iddiaçının nümayəndəsi həmin qeyri-yaşayış sahəsinin 18 kv.m təşkil etdiyini bildirmişdir. İş materiallarının tədqiqindən, yeerli baxış zamanı müəyyən olunanlardan belə bir nəticəyə gəlmək olur ki, sahəsi 18 kv.m təşkil edən qeyri-yaşyış sahəsi ilə bağlı sudan istifadə və tullantı suları ilə bağlı xidmətə görə 2016-cı ildən 2019-cu ilə qədər borcun 4303,52 manat təşkil etməsi absurddur. Eyni zamanda, “X4”na edilmiş 4 nömrəli əlavədən görünür ki, həmin hesablanma su sayğacının bu və ya digər səbəbdən qoşulmaması halında deyil, su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə halında su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi üçün nəzərdə tutulmuşdur. Bu baxımdan cavabdeh tərəfindən quraşdırılması həyata keçirilən su sayğacının quraşdırılmamasının riski istehlakçının üzərinə düşməməli, su sayğacı quraşdırılmadığı təqdirdə sudan istifadə xərcləri şişirdilmiş qeyri-real şəkildə hesablanmamalıdır. Tərəflər arasında bağlanmış müqqavilədə cavabdehin istehlakçının su təchizatını texniki şərtlərə uyğun magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri 15 mm olan boru vasitəsilə həyata keçirməsi qeyd edilsə də, bu şərt reallığı əks etdirmir. Yerli baxış zamanı müəyyən edilənlər bunun əksini sübut edir. Müqaviləyə belə bir şərtin daxil edilməsi istehlakçının hüququnun pozulması kimi qiymətləndirilə bilər. Odur ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanı üzrə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Yasamal Rayon Bölməsinə əsassız hesablanmış 4303,52 (dörd min üç yüz üç manat əlli iki qəpik) manat məbləğində borc “İri Şəhərlərin X5 Xidməti” publik hüquqi şəxsi tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanı üzrə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Yasamal Rayon Bölməsinə əsassız hesablanmış 4303,52 (dörd min üç yüz üç manat əlli iki qəpik) manat məbləğində borc “İri Şəhərlərin X5 Xidməti” publik hüquqi şəxsi tərəfindən silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar