Məhkəmə qərarları › İş №2(004)-977/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-977/2021

25.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-977/2021 25.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, X4 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X5 cəlb olunduğu Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə 23.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək 24.03.1998-ci il tarixli, 054561 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X10 06.05.2021-ci il tarixdə etiraz ərizəsi verərək bildirmişdir ki, Bakı şəhəri Bəsti Bağırov küçəsində olan mənzil uzun illər bundan əvvəl Cavabdeh məxsus olmuşdur, alğı-satqı yolu ilə həmin mənzili ondan almışdır və orada yaşamışdır. Təxminən 25 il bundan əvvəl mənzilin yerləşdiyi ərazi plana düşdüyündən ona kompensaiya verilməklə həmin mənzildən köçürülmüşdür. İddiaçı və cavabdehi tanımır aralarında hər hansı münasibət yoxdur, həmçinin onların arasında olan və iddia ərizədə göstərilənlərdən məlumatsızdır. Həm buna görə həm də ki, iddia tələbinin ona aidiyyatı olmaması səbəbindən qəbul etmir. Səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir.Gəlməməyini üzrlü hesab etməklə məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, 1998-ci il tarixdə adına olan ünvan 1 ünvanında yerləşən mənzili cavabdeh, Cavabdeh bir neçə şəxslə zor tətbiq etməklə notariat kontorunda onunla alğı-satqı müqaviləsi bağlayaraq ələ keçirmişdir. Bu barədə o, hüquq mühafizə orqanlarına müraciət etmişdir. Lakin mühafizə orqanı Cavabdeh tapa bilməmişdir. Özlüyündə də görünür ki, bu aldatma yolu ilə edilib və onu çox ağır vəziyyətə salmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24.03.1998ci il tarixli, 054561 nömrəli alğı-satqı müqaviləsinin surətinə əsasən Bakı şəhəri, Sarainski küçəsi, 3 saylı evi İddiaçı X1. İş materiallarında olan X10 ilə Cavabdeh Məmmədağa qızı arasında bağlanmış 02.02.2000-ci il tarixli, 085521 nömrəli alğı-satqı müqaviləsinin surətinə əsasən Bakı şəhəri, Sarainski küçəsi, 3 saylı evi X9 X2. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 08.04.2021-ci il tarixli, **********40 nömrəli məhtubuna əsasən Bakı şəhəri, Sarainski küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi 17.03.1998-ci il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir. 41 saylı DNK-nın 24.03.1998-ci il tarixli 3MA-722 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh Məmmədağa qızının adına qeydiyyatdan keçmişdir. 41 saylı DNK-nın 02.02.2000-ci il tarixli 3MA/65 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Yasamal RPİ, 27-ci PB-nin 25.01.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən İddiaçı Cavabdeh qarşı şikayətinə baxılmış, qeyd olunan faktda cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşin müəyyən olunmuş halları odur ki, mübahisə predmeti olan ev 1998-ci ildə iddiaçının mülkiyyətində olmuş, 24.03.1998-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən cavabdehə satılmışdır. Cavabdeh isə 02.02.2000-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən evi üçüncü şəxsə satmışdır və ev sonuncu dəfə X5 mülkiyyətində olmuşdur. Hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış 24.03.1998-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş edir. Məhkəmə iddianı əsassız hesab edir. Belə ki, iddiaçı 24.03.1998-ci il tarixli müqavilənin cavabdeh tərəfindən ona bir neçə şəxslə birlikdə zor tətbiq etməklə bağlandığını iddia etsə də, bunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X12 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırmamış, beləliklə də iddia müddətini ötürmüşdür. Belə ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1964-cü il Mülki Məcəlləsində pozulmuş hüquqların müdafiəsi üzrə ümumi iddia müddəti üç il müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 11.09.1964-cü il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı 24.03.1998-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsinin nəticəsində verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı 24.03.1998-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsinin nəticəsində verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar