Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-989/2023 15.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi və borca görə tutulan məbləğin hesaba geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi və borca görə tutulan məbləğin hesaba geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-yi tərəfindən onun qaz hesabına abonent-**********10460 nömrəsinə hesablanmış 800 manat məbləğində borcun silinməsi və bundan əvvəl kartdan tutulan vəsaitin qaz hesabına geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı ev 20 ildir istifadəsində və sahibliyindədir. Azəriqaz İB-lə bağlanmış qazın alqı-satqısına dair abonent müqaviləsinə əsasən fasiləsiz olaraq yaşadıqları ev qazla təmin edilmişdir. Bunun əvəzində isə aylıq ödənişləri vaxtı-vaxtmda tam şəkildə ödəmişlər. 2020-ci il tarixində qaz sayğacının dəyişdirilməsi ilə bağlı cavabdeh orqanın əməkdaşları ünvana gələrək sayğacın mənfiyə yazdığı, zavod buraxılışına görə hazırda qüsurunun olduğu, buna görə də ödənişsiz şəkildə sayğacın dəyişdiriləcəyini bildirmişlər. Bundan sonra sayğac dəyişdirilərək əvəzinə smart kart tipli deyil, mexaniki tipli sayğac quraşdırılmışdır. 2021-ci ilin aprel ayının 20-dək həmin sayğacı istifadə edərək qaz hesablarına müəyyən olunmuş qayda və tələblərə əsasən ödəniş etmişlər. Həmin tarixdən isə qaz sayğacı yenidən dəyişdirilmiş və Zenner G-4 markalı yeni tip qaz sayğacı quraşdırılmışdır. Bundan sonra da tərəfindən ödənişlər mütəmadi olaraq həyata keçirilmişdir. Daima ödənişlərlə bağlı şübhələri olduğundan - istifadəsinin az ödənişin isə çox olması səbəbilə X1 əməkdaşlarına şikayətlərini bildirsə də buna əhəmiyyət verilməmişdir. O, həmin evdə tək yaşadığı üçün və bir müddət də həmin evdə yaşamayaraq Naxçıvan şəhərində yaşadığı üçün yüklənən vəsaitlərdən müəyyən nisbətdə pul tutulduğunun fərqində olmamışdır. Daima kənar şəxslərdən bu məsələ üçün köməklik istəmiş və qohum qonşu onun üçün kart hesabını artırıblar. Onlar da ona bildirmişlər ki, yükənən hər 10 manatdan 6 manat tutulur. Bu yaxınlarda isə oğlu ilə birlikdə bu məsələni aydınlaşdırmaq üçün ASAN kommunal xidmətinə müraciət etmişdir. ASAN Kommunal xidmətindən isə bildirmişlər ki, **********10460 saylı abonent koduna Azəriqaz İB tərəfindən əsassız olaraq borc hesablanılmışdır. Hal-hazırda qaz hesabında 800 manat borc vardır. Tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamış, heç bir formada müdaxilə edilməmişdir. Bundan başqa Cavabdeh əməkdaşları tərəfindən qaz cihazlarının saatlıq qaz sərfinə uyğun hesabatın aparılması hansı əsaslarla və ya sənədlərlə müəyyən edildiyi bəlli deyil, həmçinin bu cür hesablama metodikasının aparılmasına, eləcə də həmin hesablamanın aparılması hüquq verən müvafiq normativ hüquqi aktların mövcud olmadığına görə həmin hesabat obyektiv, əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etdi. İzahatına əlavə olaraq bildirdi ki, borcla bağlı onlara heç bir bildiriş verilməmişdir. Məlumatları olmamışdır. Sonra gəlib sayğacı dəyişmiş lakin heç bir bildiriş verməmişlər. Müqavilə 2012-ci ilin yəni ilk dəfə sayğac qoyulan zaman bağlanılmış müqavilədir. Sayğaca hər hansı bir əlavə müdaxilə olunmamış, sayğac mənfiyə yazılmışdır və bundan sonra.onlara borcla bağlı heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, istehlakçının mənzilinə quraşdırılmış sayğacından 2019-cu ilin may ayına qədər təbii qazdan istifadə olunmuş, sonuncu ödənişi istehlakçı 2019-cu ilin aprel ayında etmişdir və ümumi həmin sayğac üzrə vətəndaş 21538 kub qazın sərfiyyatın dəyərini ödəmişdir. Lakin sayğac çıxarılan zaman müəyyən olunmuşdur ki, sayğacda texniki nasazlıq olmuş, elektron hissəsi işləməmiş sayğac mexaniki sayğacda olduğu kimi işləmiş və 26330 kub sərfiyyat olmuşdur. 26330-dan da vətəndaşın dəyərini ödədiyi 21538 kub sərfiyyatı çıxdıqda 4792 kub sərfiyyat qalır hansı ki, vətəndaş qazdan istifadə etmiş sadəcə sayğacda yaranmış problemlə əlaqədar klapan bağlanmadığına görə sayğac mexaniki formada işləmiş və vətəndaş onun dəyəri ödəmədən qazdan istifadə etmişdir. Həmin 2019-cu ildə qüvvədə olan qərara görə də 2200 kub metrə qədər sərfiyyatın dəyəri 10 qəpik, 2200 kub metrdən yuxarı isə 20 qəpik olurdu. Vətəndaşın da 2019-cu ildə ödədiyi ödənişlərdən də görünür ki, 69 manat, 56 manat, iki dəfə də 60 manat ödəmişdir. Yəni vətəndaş elektron sayğacın klapanı bağalanmadığına görə pulu əvvəlcədən ödəmədən mexaniki sayğacda olduğu kimi qazdan istifadə etmiş və istifadə edilmiş qaza görə gedib ödənişləri etməmişdir. Qazdan istifadə qayadalarına əsasən elektron sayğac quraşdırılmış ünvanlara bildirişin verilməsi tələb olunmur. Sadəcə baxış keçirilən zaman bu məsələ aydın olmuşdur. Vətəndaş özü də müraciət etmişdir. Vətəndaş qazı istifadə etmiş, lakin dəyərini ödəməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o tək yaşamışdır. Qaza müəyyən məbləğ yükləmiş, lakin çox məbləğ tutulduğunu müəyyən etmişdir. Onun da tək gəlir yeri pensiyası olduğu üçün artıq ödəyə bilmir. Qonşulardan da bu barədə maraqlanmışdır. Sayğac qoyulmuş, sonra mənfiyə yazılmışdır. Həmin evdə çoxdan yaşayır, hələ də həmin evdə yaşayır. Sayğac küçədə yerləşir. Evləri həyət evidir. Sayğac sıradan çıxdıqdan sonra o, qazdan istifadə etmiş, lakin sayğac isə mənfiyə hesablanmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Aliyeva Zumrud izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd olunan 800 manat borc sayğacın göstəricilərinə əsasən yazılıb. 2020-ci ilin may ayından sayğac çıxardılıb. Sayğac çıxarılan zaman mexaniki göstərici 26330 kubdur. Həmin m3-na uyğun borc hesablanılıb. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı adına olan abonentin saldosundan görünür ki, 2012-ci ilin oktyabr ayından 2019-cu ilin aprel ayına kimi qazdan istifadə ilə əlaqədar mütəmadi olaraq ödənişlərini etmiş, lakin 2019-cu ilin aprel ayından başlayaraq 2020-ci ilin iyun ayına kimi qazdan istifadə ilə əlaqədar heç bir ödəniş etməmiş və ona 908.40 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh müətəxəssisi tərəfindən təsdiq olunmuş Arayışdan görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman sayğacın mexaniki göstəricisində 26330 kub metr qaz sərfiyyatı aşkar edilmişdir. Abonent İddiaçı 2019-cu ilin aprel ayına qədər 21538 kub metr qazın sərfiyyatı istifadə edilmişdir. 26330 kub metr - 21538 kub metr = 4792 kub metr abonentin ödənilməmiş qaz sərfiyyatı qalmışdır. 2019-cu ildən abonentin istifadə edilməmiş limitin 500 kub metri (50 manat) qalmışdır. 4792 kub metr – 500 kub metr = 4292 kub metr. Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən edilmiş təbii qazın qiyməti 2019-cu ilin – limit 2200 kub metrədək – 0,10 qəpik, 2020-ci ilin – limit 2200 kub metrdən – 0,20 qəpikdir. 4292 kub metr x 0,20 qəpik = 858,40 manat, 500 kub metr x 0,10 qəpik = 50 manat. 858,40 + 50 = 908,40 manat abonent tərəfindən ödənilməmiş sərfiyyat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh (paylayıcı) ilə İddiaçı (istehlakçı) “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə AKX-05091xx/xx- 2023 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balanss mənsubiyyəti sərhədi barədə” xx.xx.2023-cü il tarixli Akta əsasən tərəflər arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi qaz paylayıcı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə müəyyən edilmişdir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli Akta əsasən əvvəl quraşdırılmış İtron G-4 markalı İ202AQ**********3 nömrəli sayğac mənfiyə işlədiyinə görə mexaniki G-4 markalı **********9 nömrəli sayğacla əvəzlənmişdir. Aktdan müəyyən olunur ki, xx.xx.2020ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman sayğacın mexaniki göstəricisində 26330 kub metr qaz sərfiyyatı aşkar edilmişdir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli Akta əsasən istehlakçı İddiaçı adına ünvan 2 ünvanına əvəzləmə yolu ilə Zenner G-5 markalı sayğac quraşdırılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh (paylayıcı) ilə İddiaçı (istehlakçı) “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə bağlanmış müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, daha sonra vətəndaşa quraşdırılmış elektron sayğacda texniki nasazlıq yaranmış, sayğac mexaniki sayğacda olduğu kimi işləmiş və sayğac mənfiyə işləməyə başlamışdır. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli Aktdan da görünür ki, əvvəl quraşdırılmış İtron G-4 markalı İ202AQ**********3 nömrəli sayğac mənfiyə işlədiyinə görə mexaniki G-4 markalı **********9 nömrəli sayğacla əvəzlənmişdir. Belə ki, xx.xx.2020-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman sayğacın mexaniki göstəricisində 26330 kub metr qaz sərfiyyatı aşkar edilmişdir. Hazırda İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi və borca görə tutulan məbləğin hesaba geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-yi tərəfindən onun qaz hesabına abonent-**********10460 nömrəsinə hesablanmış 800 manat məbləğində borcun silinməsi və bundan əvvəl kartdan tutulan vəsaitin qaz hesabına geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıdakıları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi və borca görə tutulan məbləğin hesaba geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Belə ki, İddiaçı və onun nümayəndəsi Nümayəndə3 da məhkəmə iclasında verdiyi izahatlardan da müəyyən etmək olur ki, sayğac sıradan çıxdıqdan sonra da o, qazdan istifadə etmiş, lakin sayğac isə mənfiyə hesablanmışdır. Yəni bu zaman qazın verilişi dayanmamışdır. Buna görə də məhkəmə hesab edir ki, vətəndaş istifadə etdiyi qaz sərfiyyatının dəyərini ödəməlidir. Vətəndaşa hər hansısa əsassız borc məbləği deyil istifadə etdiyi qaz sərfiyyatının məbləği hesablanmışdır. Cavabdeh müətəxəssisi tərəfindən təsdiq olunmuş Arayışdan görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman sayğacın mexaniki göstəricisində 26330 kub metr qaz sərfiyyatı aşkar edilmişdir. Abonent İddiaçı 2019-cu ilin aprel ayına qədər 21538 kub metr qazın sərfiyyatı istifadə edilmişdir. 26330 kub metr - 21538 kub metr = 4792 kub metr abonentin ödənilməmiş qaz sərfiyyatı qalmışdır. Bundan əlavə iş materialları ilə müəyyən edilmişdir ki, mənzilə quraşdırılmış sayğacda texniki nasazlıq yarandıqdan sonra (sayğacın mənfiyə hesablanması) iddiaçı öz mənzilində təbii qazdan fasiləsiz istifadə etmiş, lakin abonent saldosundan da görünür ki, 2019-cu ilin aprel ayından 2020-ci ilin iyun ayına abonent tərəfindən ümumiyyətlə heç bir ödəniş edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı təbii qazdan fasiləsiz istifadə etmək hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqaviləyə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısıdır. İddiaçı isə müqavilə əsasında təbii qazdan fasiləsiz istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqaviləyə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrini isə yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizələrində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-989/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-989/2023
15.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver