Məhkəmə qərarları › İş №2(004)-992/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-992/2021

04.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-992/2021 04.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xəbərdarlığında su xidmətinə görə 1580 manat borc tələbinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal rayonu, Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi, ev 13 b ünvanında yerləşən 16 saylı mənzildə fəaliyyət göstərən aptekin sayğacına görə, su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə görə guya ki, xx.xx.2020-ci il tarixinə 1580 manat borcun yaranması barədə xx.xx.2020-ci il tarixdə ona xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda göstərilmişdir ki, 7 iş günü borcu ödəməsə suyun verilməsi dayandırılacaqdır. O, sayğacı kartla istifadə edir, suyun həcmi barədə məlumat qeydə alınmışdır və təbii ki, borcun olması da, qeyri-mümkündür. Xəbərdarlıqda 1580 manat borcun nəyə əsasən, hansı meyarlara uyğun olaraq nesablanması məlum deyildir. Cavabdeh ona bu barədə nə cədvəl, nə də protokol təqdim etməmişdir. Cavabdehin xəbərdarlığı qanunsuzdur, çünki onun borcu yoxdur, suölçən cihaza nəzarəti STKM (Su təchizatı və kanalizasiya müəssisəsi) həyata keçirir, bir də xəbərdarlıqda göstərilmiş 7 gün müddətinin təyin edilməsi də, qanunvericiliyə ziddir. “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun 30-cu maddəsinə əsasən “Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 №-li Qərarı ilə təsdiq edilmiş “X4”nın 2.1.3cü bəndinə əsasən: “fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM vəzifələrinə aiddir.” Həmin Qaydaların 2.1.9.2ci bəndinə əsasən: “Verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə, suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) STKM vəzifələrinə aiddir.” Bildirmək istəyir ki, aptekin sayğacı aptekdə deyil, pilləkən qəfəsində yerləşdiyindən ona nəzarəti, suyun həcmini müəyyən etməsini və 6 ayda bir dəfədən az olmayaraq texniki baxışın keçirlməsini STKM vəzifəsidir. İş məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 1580 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarlmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini etiraf etmədi və iddiaya etirazını onunla əsaslandırdı ki, Yasamal rayon Sukanal İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən, müqavilə nömrəsi 076154 olan obyektin su xətti üzərində xx.xx.2012-ci il tarixdə quraşdırılmış, Alfasu-15 markalı, 50126571 nömrəli smart tipli su sayğacı xx.xx.2017-ci il tarixdə çıxarılaraq laboratoriya yoxlamasından keçirilməsi üçün Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinə aparılmışdır. Laboratoriyanın xx.xx.2017-cı il tarixli 226571/0029627 saylı rəyinə əsasən sayğacın hesablama mexanizminə müdaxilə aşkar olunduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “X4”nın 6.15 bəndinə əsasən 790 m3 əlavə sərfiyyat hesablanmışdır. Su xətti üzərinə yeni 50017563 nömrəli, Alfasu-15 markalı smart tipli su sayğacı quraşdırılmışdır. Hazırda su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabda yaranmış borc 1580 manat təşkil edir. Bundan başqa iddiaçı özü hüquqi şəxsdir və “X4”na əsasən hüquqi şəxs sayğaca görə özü məsuliyyət daşıyır. Bundan başqa cavabdehin nümayəndəsi ona verilmiş suallara cavab olaraq elektron sayğacın iddiaçının istəyi üzərinə dəyişdirildiyini, həmin sayğacın ekranının işləməməsini, lakin sayğacın zavod plombunun üzərində olmasını bildirdi. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarlmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan DƏDRX-nin MA seriyalı, ******* nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icraə müqaviləsindən görünür ki, icraəyə verən X3 ünvan 1 ünvanında yerləşən 16 saylı mənzili icarəçi “xxxx” MMC-yə xx.xx.2025-ci il tarixədək icrarəyə vermişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli laboratoriya nəticəsindən görünür ki, 2012-ci il tarixli 50126571 nömrəli Alfasu AT-15 markalı su sayğacının hesablanma mexanizmində müdaxilə aşkar olunmuş və sayğac təmirə və istismara yararsızdır. İş materiallarında olan Abonent haqqında məlumatdan görünür ki, fiziki şəxs İddiaçı məxsus ünvan 1 ünvanına su borcu üzrə 790 manat, çirkab borcuna görə 790 manat, ümumilikdə 1580 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan smart-kart tipli su sayğacının dəyişdirilməsi haqqında arayışdan görünür ki, 50126571 nömrəli Alfasu AT-15 markalı su sayğacının elektron hissəsi işləmədiyinə görə sayğac dəyişdirilmiş, sayğacın üzərində 1 ədəd plomb, 0.80 m Sim, zavod plombu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh təşkilatın nümayəndəsi iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış 50126571 nömrəli Alfasu AT-15 markalı su sayğacının hesablanma mexanizmində iddiaçı tərəfindən müdaxilə aşkar olunduğunu, sayğacının elektron hissəsinin işləmədiyini, bu səbəbdən də, təmirə və istismara yararsız olduğunu bildirsə də, sahalanan halları sübut edəcək hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 №-li Qərarı ilə təsdiq edilmiş “X4”nın 2.1.3-cü bəndinə əsasən: “fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM vəzifələrinə aiddir.” Həmin Qanunun 6.4-cü bəndində əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Bundan başqa məhkəmə iddia tələbini təmin edərkən həmçinin qeyd edir ki, sözü gedən ünvanda quraşdırılmış su sayğacı Smart kart tipli sayğacdır və həmin su sayğacı yalnız smart karta mədaxil olunmuş vəsait miqdarında su istehlak edir. Yəni suyun istifadəsi smart kartda olan məbləğ həcmində istifadə edildikdən sonra, avtomatik olaraq suyun verilməsi dayandırılır. Bununla yanaşı müvafiq ünvandakı sayğac iddiaçının istəyi ilə dəyişdirilmiş, dəyişdirilən zaman sayğacın ekranının işləməməsi, lakin üzərində olan zavod plomblarının yerində olması müəyyən edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin nümayəndəsi iddiaçının hüquqi şəxs olmasını və bu səbəbdən də, sayğacın sazlığına və nəzarətinə görə özünün məsuliyyət daşığını bildirsə də, iş materiallarında olan abonent haqqında məlumatlardan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi fiziki şəxs İddiaçı məxsusdur. Məhkəmə, cavabdehin müvafiq sübutları təqdim edə bilməməsini nəzərə alaraq iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə borcun əsassız hesablandığına dair iddiaçının dəlillərinin işin hallarına uyğun olduğu nəticəsinə gəlir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən 1580 (bir min beş yüz səksən) manat borc əsassız hesablanmışdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «X4»nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Məhkəmə iddia üzrə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya 1580 (bir min beş yüz səksən) manat məbləğində borcun əsassız hesablandığı tam təsdiq olunduğundan, həmin vəsait silinməli, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanına dair Cavabdeh ASC tərəfindən hesablanmış 1580 (bir min beş yüz səksən) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar