Məhkəmə qərarları › İş №2(004)-996/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-996/2022

28.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-996/2022 28.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi» tələbinə dair iddia ərizəsi ilə 07.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami küçəsi, ev 29, 2 saylı mənzilə dair abonent kodu **********00120 olan İddiaçı hesablanmış 432 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 07.02.2022-ci il tarixdə etiraz göndərərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 izahat verərək bildirir ki, Bakı şəhəri, Nizami küçəsi, ev 29, 2 saylı mənzil faktiki olaraq iddiaçı və onun ailə üzvlərinin istifadəsindədir. Həmin ünvan Cavabdeh tərəfindən qazla təmin olunmaqdadır. İddiaçı vaxtaşırı ödənişləri etmişdir. 24.09.2021-ci il tarixdə sayğac istismar müddəti bitdiyi üçün dəyişilmiş, bu haqda 24.09.2021-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. 15.12.2021-ci il tarixdə iddiaçı öz balansını yoxlamaq istərkən 432 manat borcu olduğunu öyrənmiş, bununla əlaqədar X1 müraciət etmiş, müxtəlif sənədlər toplamışdır. Məlum olmuşdur ki, 29.10.2021-ci il tarixdə iddiaçının iştirakı və xəbəri olmadan 24.09.2021-ci il tarixdə götürülmüş sayğaca 29.10.2021-ci ildə baxış keçirilmiş və bu barədə akt tərtib olunmuş, guya sayğaca müdaxilə olunduğu üçün ona 432 manat borc yazılmışdır. Qeyd edir ki, iddiaçı həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə həmin vaxt heç kim nə onun yaşadığı ünvana gəlmiş, nə də iddiaçı harasa dəvət olunmuşdur. Həmçinin həmin sayğac küçədə olduğu üçün iddiaçının ona nəzarət imkanı olmamışdır. 432 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Bir daha bildirir ki, sayğac çıxarılan zaman X2 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Azərbaycan Respublikası DNŞnin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Ona görə də hesab edir ki, əsassız olaraq borc kimi yazılmış olan 432 manatın silinməsi barədə qətnamə qəbul olunmalıdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh İB məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 28.10.2021-ci il tarixli abonentin saldosuna əsasən abonent kodu **********00120 olan İddiaçı 2021-ci ilin sonuna qalıq borcu yoxdur. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 24.09.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-in əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami küçəsi, ev 29, 2 saylı mənzildə qaz sayğacına baxış keçirilən zaman sayğacın istismar müddəti bitdiyi üçün ******* nömrəli sayğac **********8 nömrəli sayğacla əvəzlənmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və abonentə təhvil verilmişdir. Mexaniki göstəricisi 00000 m3 olmuşdur. İş materiallarında olan «Azəriqaz” İB-in 12.10.2021-ci ildə dövlət yoxlamasına gətirilmiş difraqma tipli qaz sayğaclarına baxış keçirilməsi barədə 29.10.2021-ci il tarixli altın surətinə əsasən zavod nömrəsi ******* olan sayğacın müayinəsi zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsildiyi və xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda 100% nisbi xətayla işlədiyi müəyyən olunmuşdur. Sayğacın daxilinə kamera vasitəsilə heç bir kənar təsir izi aşkar olunmamışdır. Hesablama mexanizmi ilə minimal sərfiyyatda keçən qazın həcmini müəyyən etmək mümkün olmamışdır. İş üzrə «Azəriqaz” İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş 29.10.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı 29.10.2021-ci il tarixli, ******* saylı akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 4320 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçının yaşayış sahəsinə quraşdırılmış sayğac cavabdeh birliyin əməkdaşları tərəfindən 24.09.2021-ci il tarixdə müddətinin bitməsi ilə əlaqədar yeni sayğacla əvəz edilmişdir. Çıxarılan sayğac laboratoriyada müayinə edilərkən heç bir kənar təsir izi aşkar edilməmişdir. Bu barədə tərtib edilmiş 29.10.2021-ci il tarixli akta əsasə hesablama aparılmış və abonentə iddiaçıya 4320 m3 itirilmiş qaz hesablanmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunmamışdır. Yaşadığı evdən kənarda quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən sökülmüş və əvəzində digər sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuş, sayğacın plombu zədəsiz olmuşdur. Həmin gün tərtib edilmiş akta əsasən sayğacın dəyişdirilmə səbəbi isə sayğacın istismar müddətinin bitməsi olmuşdur. Hazırda isə cavabdeh təşkilat iddiaçını qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq mövcud olmayan borcun ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı əsassız olaraq hesablanmış 432 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə etiraz ərizəsi verərək iddiaçının qaz sayğacına müdaxilə edərək qazın hesabatının düzgün aparılmamasına səbəb olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası “Qaz təchizatı” Haqqında qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli Qərarının 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qeyd edilən Qərarın 4.9-ci bəndinə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının sahibliyində olan evə aid olan sayğacda olan qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və belə olan halda iddiaçı sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Cavabdeh Birliyin əməkdaşları tərəfindən sayğac çıxarılarkən tərtib olunan aktda sayğacın qüsurlu olması deyil, istismar müddətinin bitməsi səbəbindən əvəzləndiyi qeyd edilmişdir. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Avropa Məhkəməsinin «Van de Huk Niderlanda qarşı» işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Qavazov Bolqarıstana qarşı» işi üzrə 06 mart 2008-ci il tarixli Qərarda qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacda sonradan aşkar edilmiş qüsura görə hər hansı akt tərtib etmək və həmin akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesabat yazmaq qanunsuz olmuşdur. «Qazdan istifadə Qaydaları»nın 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən Cavabdeh İB ilə iddiaçı arasında qazın alğı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən Bakı şəhəri, Nizami küçəsi, ev 29, 2 saylı mənzilə dair abonent kodu **********00120 olan İddiaçı hesablanmış 432 manat məbləğində borc silinməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat dövlət nəfinə tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən Bakı şəhəri, Nizami küçəsi, ev 29, 2 saylı mənzilə dair abonent kodu **********00120 olan İddiaçı hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar