Məhkəmə qərarları › İş №2(005)-1035/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1035/2025

18.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1035/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi ev 27 ,mənzil 287 yerləşən iddiçıya məxsus yaşayış sahəsi üzərinə quraşdırılmış G-4 markalı **********3 nömrəli əvvəlki qaz sayğaca görə, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın həcmi olaraq əsassız və qanunsuz olaraq hesablanmış 4320 m3 həcminə görə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,iddiaçı ünvan 1 ünvanında yerləşən 287 saylı mənzildə yaşayır. Sözügedən mənzil ilə bağlı kommunal sənədlər vaxtilə həyat yoldaşı X3 adına rəsmiləşdirilmişdir. Lakin mərhum həyat yoldaşı Əli Allahverdiyev xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra mənzil ilə bağlı bütün kommunal xərclər iddiaçı tərəfindən ödənilir.Qeyd edilir ki, onun heç məlumatı olmadan yaşadığı mənzil üzərinə quraşdırılmış ZENNER G-4 markalı, 201 10591383 nömrəli qaz sayğacı, istismar müddəti başa çatdığından, cavabdeh “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən dəyişdirilərək ZENNER G-4 markalı, **********948 nömrəli yeni qaz sayğacı ilə əvəz edilmişdir. Lakin sayğac yenisi ilə əvəz edilən zaman həmin qaz sayğacının dəyişdirilməsinə dair akt tərtib edilərək ona təqdim etmək yerinə Cavabdeh İB-nin əməkdaşları tərəfindən mənzilin giriş qapısına yaxın divarın arasına qoyulmuşdur.Qaz sayğacının yenisi ilə əvəz edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 542561 1 №-li akt sonradan tərtib edilərək ona təqdim edilmişdir. Lakin həmin aktın tarixinə nəzər salarkən iddiaçıya məlum olmuşdur ki, guya həmin akt mərhum həyat yoldaşı tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanmışdır. Halbuki mərhum həyat yoldaşı 2017-ci tarixdə vəfat etmişdir.Qeyd edilir ki, “Azəriqaz İB-nin Metrologiya Departamentinin 15 mart 2024-cü il tarixli 0388 № aktı əsasında sözügedən qaz sayğacı BRQS Departamentindən gətirilmiş daha sonra 29 mart 2024-cü il tarixdə “Azərbaycan Metrologiya İnstitutu” Pİ İŞ “Kommunal Laboratoriyalar” tərəfindən baxış keçirilərək dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. Eyni zamanda həmin akta əsasən guya sayğacın üst plastmas blombu fiziki təziq nəticəsində deşilmişdir. Nəticə etibarilə əsassız və qanunsuz olaraq itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4320 m³ həcmində itirilmiş qazın bəpasına görə dəymiş ziyan hesablanmışdır.Qeyd edilir ki, qaz sayğaclarının istismar müddətinin bitməsi səbəbindən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın istehlakçı tərəfindən ödənilməsi əsassızdır.Hesab edilir ki, Azəriqaz İB-i tərəfindən onun istehlakçı hüquqları kobud şəkildə pozulmuşdur. Qanunvericiliyin tələbinə əsasən qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına dəyişdirilir. İddiaçının istifadəsində olmuş qaz sayğacının işlək vəziyyəıdə saxlanılmasına görə cavabdehliyi özləri daşımışdır. Lakin buna baxmayaraq Azəriqaz İB-i əsassız olaraq qaz sayğacının yararsız olduğunu bildiyi halda, 4320 m³ həcmində itirilmiş qazın bərpasına görə dəymiş ziyan hesablanmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin cavabdehin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İİ-ЖГ 498531 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və X2 arasında 21 aprel 1982-ci ildə nikah bağlanmışdır.”Arvada”-Allahverdiyeva soyadı verilmişdir.Nikah haqqında şəhadətnamə 21 aprel 1982-ci ildə 269 nömrə ilə qeydiyyata alınmışdır. - 5 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli,AZ-İ 916497 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X4 xx.xx.2017-ci il tarixdə ürəyin hipertenziv xəstəliyi səbəbi ilə vəfat etmişdir.Ölüm haqqında şəhadətnamə xx.xx.2018-ci il tarixdə №49 ilə qeydiyyata alınmışdır. - Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının çıxarılması,quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli,№ ******* aktın surətindən müəyyən olunur ki,qaz xəttində,sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılıb və heç bir sızma aşkar edilməyib.Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir.Qaz sayğacı abonentə təvil verilib. - Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının çıxarılması,quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli,№ ******* aktın surətindən müəyyən olunur ki,qaz xəttində.sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılıb və heç bir sızma aşkar edilməyib.Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir.Qaz sayğacı abonentə təvil verilib. - Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh X1 Departamentinin 0388 saylı aktına əsasən sayğac istismara yararsızdır. - “Azərbaycan Meterologiya İnstitutu” PHŞ “Kommunal Laboratoriyalar” tərəfindən tərtib edilmiş №0388 aktın surətindən görünür ki, Cavabdeh-nin Meterologiya Departamenti akt-0388 nömrəli,15 mart 2024-cü il tarixli aktına əsasən 15 mart 2024-cü il tarixdə BRQS departamenti tərəfindən gətirilmiş Əhali sektorunda istismarda olan Mexanika tipli qaz sayğaclarına 29 mart 2024-cü il tarixində “Azərbaycan Meterologiya İnstitutu” PHŞ “Kommunal Laboratoriyalar” tərəfindən baxış keçirildi və Dövlət yoxlaması nəticəsində yarasız hesab olunur.“Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üst zavod plastmas plombunun üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik cızıq izləri aşkar olundu, müdaxilə” barədə rəy verilmişdir. - Dəymiş ziyanın bərpasına dair 30 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 4320 m3 hesablanmışdır. Mülki Məcəllənin 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaydaların 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Qanun tələb edir ki, şəxsin təqsirli olub, olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir. Eyni zamanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. X3 adına açılmış **********02870 saylı abonentin sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üst sağ zavod plastmas plombunun fiziki təsir nəticəsində deşildiyi qeyd edilmişdir. Lakin cavabdeh tərəfindən qaz sayğacın istismara yararsız olmasının səbəbkarının məhz iddiaçı olduğunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Abonent hesabına borcun hesanlanmasına dair əsas həmçinin cavabdeh qurum tərəfindən tərtib edilmiş akt olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Odur ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. Yuxarıd istinad olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Məhkəmə xüsusilə vurğulayır ki, baxılan iş üzrə iddiaçı fiziki şəxsdir. Cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Halbuki, AR Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və cavabdeh tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin, cavabdeh tərəf keçən müddət ərzində iddiaçıya ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir. Qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. Beləliklə, cavabdeh tərtib olunmuş akta əsasən iddiaçıdan pul (dəymiş ziyan) tələb etsə də, iddiaçının həmin aktlda göstərilən delikti (hüquqazidd, təqsirli əməli) törətməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 4320 m³ həcmində hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qazdan istifadəyə görə hesablanmış həmin borc Cavabdeh tərəfindən silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanı üzrə quraşdırılmış G-4 markalı **********3 nömrəli əvvəlki qaz sayğaca görə itirilmiş qazın bərpası üçün hesablanmış 4320 m³ həcminə görə borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar