Məhkəmə qərarları › İş №2(005)-1057/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1057/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1057/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh2 QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 QSC-yə və üçüncü şəxs Qaradağ rayon İcra Şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 QSC-yə və üçüncü şəxs Qaradağ rayon İcra Şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X8 MMC ilə “AccessBank" QSC arasında imzalanmış 30.10.2020-ci il tarixli 34/14 saylı protokolun və nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,təxminən iki ay əvvəl Qaradağ rayon İcra şöbəsinin icra məmurları və "Accessbank” QSC-nin nümayəndələri yaşadığı Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov küçəsində yerləşən 58 saylı evin 3 saylı mənzilin boşaldılmasını tələb etdilər. Hərracın necə və harada keçirilməsi barədə heç nə demədən bildirmişlər ki, artıq evi ipoteka predmeti olaraq bank tərəfindən alınıb və onun mülkiyyətində oluğundan evi boşaltmalıdır. Əldə etdiyi sənədlərdən müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10376/2017 saylı, 27.02.2018-ci il tarixli icra sənədinə əsasən ipoteka predmeti olan, ona məxsus Bakı şəhəri, Sahil qəsəbəsi, Z. Qasımov küçəsində yerləşən 58 saylı evin 3 saylı mənzilinin satılması barədə Qaradağ rayon İcra və Probasıya şöbəsinin 6975/10 saylı 04 06 2018 cı ıl tarixli sifariş məktubuna əsasən Respublika Xammal və Əmtəə Birjası "Daşınar və Daşınmaz Əmlakların Satışı uzrə Hərrac Mərkəzi MMC-dən (bundan sonra Təşkilatçı ) tərəfindən hərracın keçirilməsinə başlanmışdır. Təşkilatçının 14 06 2018-ci il tarixli, 01/1932 saylı məktubu ilə ipoteka qoyana və ipoteka saxlayana Açıq hərracın keçirilməsinə dair 01 №-li Bildiriş göndərilmişdir. Bildirişdə hərracın açıq auksion formada olmaqla, 16 iyul 2018-ci il tarixdə saat 11:00-da, ünvan 1 ünvanında (1-ci mərtəbədə) keçiriləcəyi qeyd edilmiş və hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri'' qəzetində dərc olunmuşdur. Bildirişdə mənzilin ilkin satış qiyməti 65000 (altmış beş min) manat, hərracda iştirak üçün 5% olmaqla 3250 manat beh məbləği, habelə ödənilmə müddəti və qaydası göstərilmişdir. Təşkilatçı 29.06 2018-ci il tarixli 01/2074 saylı məktubla ipoteka qoyanlara və ipoteka saxlayana həmin şərtlərlə Açıq hərracın keçirilməsinə dair 01/2 №-li Bildiriş yollamışdır. 16 iyul 2018-cı ıl tarixdə hərrac baş tutmadığından təşkilatçı ipoteka qoyana və ipoteka saxlayana təkrar hərracın 20 avqust 2018-ci il tarixdə saat 11:00 da, ünvan 2 ünvanında (1-ci mərtəbədə) keçiriləcəyi barədə 20.07 2018-ci ıl tarixli, 1/2367 sayı məktubla 02 №-lı Bildiriş göndərmiş vo hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri" qəzetində dərc olunmuşdur Bildirişdə mənzilin ilkin satış qiymətinin 55250 mar,at (65000-15%=55250 manat), hərracda iştirak uçun 5 % olmaqla, 2763 manat beh məbləği göstərilmişdir. Təkrar hərrac baş tutmadqdan sonra təşkilatçı 27.08.2018ci il tarixli, 01/2868 saylı məktubla ipoteka qoyana, ipoteka saxlayana, habelə Qaradağ rayon İcra və Probasiya şöbəsinə (sifarişçi) və "xxxx" QSC-yə (tələbkar) müraciət edərək Bakı şəhəri. Sahil qəsəbəsi, 7 Qasımov prospektində yerləşən 58 saylı evin 3 saylı mənzilinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərracların baş tutmadığı və müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 25 08 2018 ci il tarixli nömrəsində elan dərc edildiyi bildirilmiş və ipoteka saxlayana məhkəmə qərarını yekunlaşdırarkən ipoteka predmet haqda qəbul etdiyi qərarla hərrac təkilatının tanış edilməsi xahiş edilmişdir. Hərraclar baş tutmadıqdan sonra “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” MMC ilə "AccessBank” QSC arasında 30.10.2020-ci il tarixli, 34/14 saylı protokol imzalanmış və Bakı şəhəri, Sahil qəsəbəsi, Z Qasımov küçəsində yerləşən 58 saylı evin 3 saylı mənzili bankın mülkiyyətinə keçmişdir. Məlumat üçün bildirmişdir ki, həm 16.07.2018-ci il tarixə, həm də 20 08 2018-ci il tarixə təyin edilmiş hərraclar barədə göndərilmiş 01, 01/2 və 2 №-li Bildirişlər ona çatmamış, onun və oğlu İsgəndərov Məhyəddinin adına göndərilmiş bildirişlər də digər ipoteka qoyan X5 tərəfindən alınmışdır. Aralarında olan ziddiyyətə gorə bildirişlər onlara çatdırılmamışdır. Hərracların baş tutmaması barədə təşkilatçının 27.08.2018-ci il tarixli, 01/2868 saylı məktublar onlara ümumiyyətlə göndərilməmişdir. Bu bildirişlərin və məktubların çatdırılması barədə “Express" poçt xidmətinin 14.06.2018-ci il tarixli 051471, 051472, 051473, 051474, 051475 saylı və 29 06.2018-ci il tarixli, 051919, 051920, 051921, 051922, 051923 saylı və 20.07.2018-ci il tarixli, 053059 053060, 053061, 053062 saylı, 03.08.2018-ci il tarixli 053427, 053428, 053429, 053430, 053431 saylı qəbzlərdəkı imzaların Vasili Həşimov tərəfindən icra edilməsi, 27.08.2018-ci il tarixli, 057416. 057417. 057418 saylı qəbzlərdəki imzaların isə digər şəxs tərəfindən icra edilməsi ilə təsdiq edilir. Belə hesab edir ki, Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X8“ MMC-nin hərracın təşkili proseduru qanun pozuntuları ilə keçirildiyindən və hərracların baş tutmaması barədə gəlinmiş nəticə və buna istinad edilərək onun mənzilinin bank tərəfindən mülkiyyətinə alınması əsassız olmaqla onun mülkiyyət huququnu və onu müdafiə etmək hüququnu pozmuşdur. Əgər o, hərracın keçirilməsi barədə məlumatlı olsaydı hərracda iştirak etməklə, mənzili özü alardı. Həmin mənzildən başqa digər yaşayış yeri yoxdur. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” MMC ilə Cavabdeh2 QSC arasında imzalanmış 21.09.2018-ci il tarixli, 34/14 saylı protokolun, alqı-satqı müqaviləsinin və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 QSC-nin nümayəndəsi X4 iddia ərizəsinə mahiyyəti üzrə baxılıb, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı və digərlərinin Cavabdeh2 QSC-yə və “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” MMC yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş, hazırda həmin 2(005)-1057/2022 saylı iş məhkəmənin icraatındadır. Bildirilir ki, iddiaçı 21.09.2018-cı il tarixli, 54/01 saylı hərracın yekun protokollarının etibarsızlığı (Çıxarış və alqı-satqı müqaviləsinin) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırılmışıdır ki, İddiaçı hərrac keçirilərkən bildirşlər göndərilmiş, hərracların keçirilməsindən xəbərdar olmuşdur və hətta hərracın keçirildiyini bilərək, dəfələrlə banka müraciətlər etmiş, razlığa gəlmək üçün cəhdlər etsə də nəticə olmamışdır. Qeyd etmişdir ki, İddiaçı hərracı mübahisələdnirmiş və bu mübahisə ilə bağlı 2(005)- 1057/2022saylı iş üzrə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Baxmayartaq ki, 5 ildən cox zaman keçmişdir. Mülki Məcəlləsinin qeyd edilən normasına əsasən, İddiaçı (iddia qaldırmaq üçün) müəyyən olunmuş müddəti ötürdüyü açıq-aşkar məlumdur. Cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” Məhdud Məsuliyyətli Cəmiyyəti və üçüncü şəxs Qaradağ rayon İcra Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin və üçüncü şəxs Qaradağ rayon İcra Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair 29.06.2018-ci il tarixli 01/2 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov pr, yerləşən 58 saylı evin 3 saylı mənzilinə dair hərracın keçirilməsi 16 iyul 2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir; İş materiallarında olan qəbzlərdən görünür ki, hərracın keçirilmə vaxtına dair bildirişlər İddiaçı çatdırılmışdır. “Birja Yenilikləri” qəzetinin 29 iyun-05 iyul 2018-ci il tarixli 122 nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov pr, yerləşən 58 saylı evin 3 saylı mənzilinə dair hərracın keçirilmə vaxtı və yeri barədə elan yerləşdirilmişdir. Cavabdeh2 QSC-nin İddiaçı ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov pr, yerləşən 58 saylı evin 3 saylı mənzili hazırda Cavabdeh2 QSC-nin mülkiyyətindədir. “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 54/01 nömrəli 21 sentyabr 2018-ci il tarixli protokolunun surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov pr, yerləşən 58 saylı evin 3 saylı mənzilinin tam dəyəri 65.000 (altmış beş min) manat qiymətə açıq hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, əmlak təkrar hərraca ilkin satış qiymətindən 15% aşağı olan qiyməti 55250 (əlli beş min iki yüz əlli) manat müəyyən edilmiş, lakin təkrar hərrac da baş tutmadığından əmlak təkrar hərrac qiymətindən 25% aşağı, yəni 41437,50 (qırx bir min dörd yüz otuz yeddi manat əlli qəpik) manat qiymətə tələbkar Cavabdeh2 QSC-yə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən təklif edilmiş və müvafiq əmlak qeyd edilən qiymətə tələbkar tərəfindən qəbul edilmişdir. Buna dair 21.09.2018-ci il tarixdə hərracın yekunları barədə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cu maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui- istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir. Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10376/2017 saylı, 27.02.2018-ci il tarixli icra sənədinə əsasən ipoteka predmeti olan, ona məxsus Bakı şəhəri, Sahil qəsəbəsi, Z. Qasımov küçəsində yerləşən 58 saylı evin 3 saylı mənzilinin satılması barədə Qaradağ rayon İcra və Probasıya şöbəsinin 6975/10 saylı 04 06 2018 cı ıl tarixli sifariş məktubuna əsasən Respublika Xammal və Əmtəə Birjası "Daşınar və Daşınmaz Əmlakların Satışı uzrə Hərrac Mərkəzi MMC-dən (bundan sonra Təşkilatçı) tərəfindən hərracın keçirilməsinə başlanmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, hərracın keçirilməsi barədə ona məlumat verilmədiyini bildirmiş və bu səbəbdən cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X8 MMC ilə “AccessBank" QSC arasında imzalanmış 30.10 .2020-ci il tarixli 34/14 saylı protokolun və nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov pr, yerləşən 58 saylı evin 3 saylı mənzil ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildirişlər İddiaçı göndərilmiş və bunu təsdiq edən müvafiq poçt qəbzləri mövcuddur. Onlar həmin hərracların keçirilmə vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməklə məlumatlandırılmışlar. “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov pr, yerləşən 58 saylı evin 3 saylı mənzilinin hərraca çıxarılmasına dair “Birja yenilikləri” qəzetinin buraxılışında müvafiq qaydada elan dərc edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi iddia müddəti tətbiq edilməklə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd etməyi həmçinin zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia tələblərində göstərilən halların məhkəmə araşdırmasında heç bir sübutla öz həqiqi təsdiqini tapmamışdır. Həmin əqdin bağlandığı tarix (21.09.2018-ci il) İddiaçı bəlli olmuşdur. Lakin, buna baxmayaraq hazırki iddia tələbi ilə həmin tarixdən 5 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələbləri baxımından hüquqi nəticə etibarı ilə alqı-satqı müqaviləsinin etibarsızlığını mübahiləndirilməsi üçün nəzərdə tutulmuş 1 (bir) illik müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 QSC-yə və üçüncü şəxs Qaradağ rayon İcra Şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 QSC-yə və üçüncü şəxs Qaradağ rayon İcra Şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar