Məhkəmə qərarları › İş №2(005)-109/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-109/2023

19.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-109/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh Celt Colleges ingilis dili hazırlıq Mərkəzi, Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı «mənzilin ilkin vəziyyətinə qaytarılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospekti 5 ünvanında cavabdeh tərəfindən istifadə edilən mənzillərin əvvəlki vəziyyətinə qaytarılması, cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5 ünvanında 32 saylı mənzilə əlavə edilmiş 100 kv.metr qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, cavabdeh tərəfindən birinci və ikinci mərtəbədə yerləşən mənzillərdən qeyri-yaşayış kimi istifadə edilməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, qeyd olunan mülki işlə əlaqədar bildirmişdir ki, işə əlavə cavabdehlər cəlb edilməsi zərurəti yaranmışdır. Belə ki, sorğu əsasında Bakı şəhər Nərimanov rayon Mənzil Komunnal Təsərrüfatı Birliyinin 54 saylı Mənzil Komunnal İstismarı Sahəsindən xx.xx.2022-ci il tarixli arayış alınmış və Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5 saylı evin 32 nömrəli mənzilinin Cavabdeh3 və 35 nömrəli mənzilin isə Cavabdeh2 məxsus olması müəyyən edilmişdir. Ona görə də, məhkəmədən Cavabdeh3 və Cavabdeh2 cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə Cavabdeh3, Cavabdeh2 cavabdeh qismində cəlb etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşamaqdadır. Cavabdeh1 Gənclik filiallını yaratmaq üçün, yaşadığları binanın birinci mərtəbəsində iki otaqlı mənzili və ona əlavə edilmiş 100 kv.m-dən ibarət tikilini, ikinci mərtəbədə ona məxsus olan mənzillə üzbəüz olan iki otaqlı mənzili almışdır. Cavabdeh aldığı mənzillərin arakəsmə divarlarını sökdürmüş mənzillərdə şüşə materiallar quraşdırılaraq arakəsmə kimi istifadə edilmiş və ikinci mərtəbədə ona məxsus olan eyvana bitişik qanunsuz tikilinin üzərində taxta məhəccərlərdən istifadə etmişdir. Bildirmişdir ki, yaşadığları bina istismar müddəti başa çatmış xruşovka layihəli mənzillərdir. Üst-üstə iki otaqlı mənzillərin daxili divarlarının sökülərək əsas divarlarına təsir edərək, binanın daha da yararsız vəziyyətə düşməməsinə səbəb olmaya bilməz. Bu günə qədər o və digər qonşular demək olar ki, təhlükə altında yaşamaqdadır. Dəfələrlə o və digər qonşular tərəfindən cavabdehə mənzilləri əvvəlki vəziyyətinə gətirməsini, birinci mərtəbə olan mənzilə əlavə edilmiş qanunsuz tikilinin sökülməsini və ümumi istifadədə olan girişdən tədris üçün istifadə etməməsini bildirsəkdə, cavabdeh təkliflərinə məhəl qoymadan arakəsmələri bərpa etməmiş, qanunsuz tikilini sökməmiş və ümumi girişdən istifadə etməyə davam etmişdir. Ümumi istifadəmizdə olan giriş yaşayış sahəsində yaşayan şəxslərin istifadəsi üçün nəzərdə tutlub, lakin cavabdeh isə həmin girişdən qeyri-yaşayış sahəsinə şagirdlərin girişi üçün istifadə edir. Bu da bizim qanunla qorunan mənzil hüququnuzu pozur. Çünki təhsil alan şagirdlər həm blokda, həmdəki birinci və ikinci mərtəbənin dəhlizinə yığışırlar. Bu da sakinlərin hərəkətinə maneəçilik törədir. Artıq yaşadığı mənzildə çatlar əmələ gəlmişdir. Bundan başqa cavabdeh tərəfindən mənzilinin eyvanına bitişik qanunsuz tikilinin üst tərəfində cavabdeh tərəfindən bir metr hündürlüyündə inşa edilmiş taxta məhəccərlə yanğın olduğu halda mənzilin yanası qaçınılmazdır. Cavabdehin qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci-vitse Prezidentinə, Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, Nərimanov rayon İcra Hakimiyyətinə ərizə ilə müraciətlər edilmişdir. Etdiyi müraciətlərin araşdırılıb cavab verilməsi Nərimanov rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Nərimanov rayon İcra Hakimiyyətinin başçısının tapşırığına əsasən müraciətlərinin cavablandırılması müavini Şahmar İbadova tapşırmış və müavin Ş.İbadov isə bu günə qədər verdiyi vədləri yerinə yetirməmişdir. Cavabdeh isə mənim əsaslı müraciətlərinin Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən icra edilməməsini gördükdən sonra, şagirdlərinin sayını daha da artırmağa başlamışdır. Bu da yuxarıda qeyd etdiyi kimi onlar sakinlərin ümumi birgə yaşayış qaydalarının kobud pozulmasına səbəb olmuşdur. Bundan başqa Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış xx.xx.2018-ci il tarixli, məktubunda qeyd edilmişdir ki, araşdırma nəticəsində müraciətin qismən öz təsdiqini tapmasını, binanın 1-ci mərtəbəsindəki 32 saylı mənzildə və binaya bitişik irihəcimli artırma tikilisinin daxilində rekanstruksiya işlərinin aparıldığını, çoxsaylı arakəsmələrin quraşdırıldığını, individual tərzdə şagirdlərin məşğul olması üçün kabinaların təşkil olunduğunu, obyekt rəhbərliyinə şifahi xəbərdar edilməyinə baxmayaraq aparılmış əlavə inşaat işlərinə və təşkil olunmuş fəaliyytə dair icazə verici sənədlərin təqdim olunmamasını, ikinci mərtəbədə onunla üzbəüz yerləşən digər mənzildə də həmin kursların istirahət və köməkçi otaqlarının təşkil olunduğunu, artırma işlərinin aparıldığını və dölət layihəsi üzrə nəzərdə tutlan eyvanın məhəccərlərinin söküldüyü qeyd edilmişdir. Nərimanov rayon İcra Hakimiyyəti 2018-ci ildə ona ünvanladığı məktubda cavabdeh tərəfindən aşkar edilmiş qanunsuzluqları qeyd etməsinə və özü tərəfindən həmin halların şahidi olmasına baxmayaraq, bu günə qədər həmin halların aradan qaldırılmasına dair hər-hansı bir tədbir görülməmişdir. Cavabdeh3 Məhəmməd oğlu və Cavabdeh2 ayrı-ayrılıqda məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, əvvəla iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, mülkiyyətində olan mənzilin daxilində və xaricində apardığı müvafiq işlər, həmçinin mülkiyyətində olan mənzil üzərində istədiyi kimi sərəncam verməsi nə iddiaçı nə də digər sakinlər üçün heç bir təhlükə yaratmır və iddiaçının heç bir hüququnu pozmur. Bu iş materiallarında olan ekspert rəyi ilə də öz təsdiqini tapır. Buna görə də iddiaçının ümumiyyətlə belə bir iddia qaldıraraq üzərinə hər hansı bir vəzifənin qoyulmasını tələb etmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı halda isə iddiaçının qanunla qorunan hansı hüquqlarının və azadlıqlarının pozulması aydın deyil. Həmçinin iddiaçı hansı hüquqlarının və azadlıqlarının pozulmasını heç özü də bilmir. İddia ərizəsində isə yalnız fərziyyələrə və olmayan məsələlərə istinad etməklə qeyri-qanuni və əsassız iddialar irəli sürməklə məhkəmənin və onun vaxtını alır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, İddiaçı nümayəndəsi vəkili Vəkil tərəfindən ünvanlanan sorğuya cavab olaraq bildirilmişdir ki, M.K.Atatürk prospekti 5 nömrəli binanın mənzillərin yenidənqurulmasına və yenidənplanlaşdırılmasına dair Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən heç bir sərəncam verilməmişdir ; Nərimanov Rayon İcra Hakimiyyətinin Nərimanov Rayon MKTB tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, İddiaçı aidiyyatı hüquqları izah edilmiş və iş üzrə mübahisənin məhkəmə qaydasında mübahisələndirilə biləcəyini sonuncunun diqqətinə çatdırmışdır. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli məktubunun məzmunundan görünür ki, araşdırma nəticəsində müraciətin qismən öz təsdiqini tapmasını, tapmasını, binanın 1-ci mərtəbəsindəki 32 saylı mənzildə və binaya bitişik irihəcimli artırma tikilisinin daxilində rekanstruksiya işlərinin aparıldığını, çoxsaylı arakəsmələrin quraşdırıldığını, individual tərzdə şagirdlərin məşğul olması üçün kabinaların təşkil olunduğunu, obyekt rəhbərliyinə şifahi xəbərdar edilməyinə baxmayaraq aparılmış əlavə inşaat işlərinə və təşkil olunmuş fəaliyytə dair icazə verici sənədlərin təqdim olunmamasını, ikinci mərtəbədə mənimlə üzbə-üz yerləşən digər mənzildə də həmin kursların istirahət və köməkçi otaqlarının təşkil olunduğunu, artırma işlərinin aparıldığını və dölət layihəsi üzrə nəzərdə tutlan eyvanın məhəccərlərinin söküldüyü qeyd edilmişdir. Nərimanov Rayon İcra Hakimiyyətinin Nərimanov Rayon MKTB tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, M.K.Atatürk prospekti 5 nömrəli evin 32 saylı mənzilində Cavabdeh3 qeydiyyatdadır. Nərimanov Rayon İcra Hakimiyyətinin Nərimanov Rayon MKTB tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, M.K.Atatürk prospekti, 5 nömrəli evin, 35 nömrəli mənzilində Cavabdeh2 qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 5, mənzil 35 ünvanında yerləşən əmlak Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 5, mənzil 32 ünvanında yerləşən əmlak Cavabdeh3 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8109 nömrəli ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd olunur ki, 1-ci və sual üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazurliyi Tikintidə X5 Agentliyinin “Azərinşaatlayihə" DBLKTİ mühəndisinin xx.xx.2022-ci il tarixli, mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti ev 5-də 32 və 35 saylı mənzillərin qeydə alınmış texniki ölçüləri hazırkı faktiki ölçülərindən cüzi surətdə fərqlənir. 35 saylı mənzil üzrə: -Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən mənzilin sahəsi 40,6 kv.m., faktiki isə 40,99 kv.metrdir. 32 saylı mənzil üzrə: - Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş çıxarışa əsasən mənzilin sahəsi 113,0 kv.m 2-ci sual üzrə: Mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu Atatürk prospekti ev 5də 32 və 35 saylı mənzillərdə rəsmi dövlət qeydiyyatına alınmış tikilidən başqa tikili inşa edilmişdir. Bu səbəbdən də qərardadın bu sualının ikinci hissəsi üzrə tədqiqat aparılmadı. 3-ci sual üzrə: Mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu Atatürk prospekti ev 5də 32 və 35 saylı mənzillər üzrə rəsmi sənədlər üzrə adına dövlət qeydiyyatından keçmiş sahənin plan və ölçülərdə (cizgilərdə) əks olunmuş sərhədlərdən kənara çıxmalar mövcud deyil, lakin sərhədlər daxilində dəyişikliklər aparılmışdır. 35 saylı mənzil üzrə: Sanitar qovşağı, əl-üz yuyan, vanna, qaz plitəsi, qab yuyan sökülmüş və mənzilin təyinatının dəyişdirilməsi ehtimal olunur; Arakəsmə divarlar sökülmüş və şüşə materialından olan arakəsmələrlə əvəz edilmişdir. 32 saylı mənzil üzrə: Texniki Pasportda 3 nömrəli otağın dəhlizə bitişik arakəsmə divarında 0,9 + 2,0 m ölçüdə əlavə olaraq qapı boşluğu açılmışdır; 4-cü sual üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazurliyi Tikintidə X5 Agentliyinin “Azərinşaatlayihə" DBLKTİ mühəndisinin xx.xx.2022-ci il tarixli, mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir. Tədqiq olunan mənzillərin ölçülər daxilində kənara çıxma (müdaxilə) mövcud olmadığı üçün, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti ev 5-də 34 saylı mənzil üçün heç bir real təhlükə mənbəyi yoxdur. Bütün bunlarla yanaşı qeyd etmək istəyirəm ki, 32 nömrəli mənzilin binaya bitişik əlavə artırma hissəsindəki sahə yığma dəmir-beton boşluqlu panellərlə örtülmüşdür. Örtük konstruksiyasının yükdaşıyan elementi olan monolit dəmir-beton rigellər inşa olunarkən, vibrasiya işləri keyfiyyətsiz yerinə yetirildiyindən, rigellərin səthində boşluqlar yaranmış, bəzi yerlərdə mühafizə qatının qalınlığı normadan az və ya tamamilə olmadığından, işlək aramaturlar korroziyaya məruz qalmışdır ki, bu da gələcəkdə binanın dayanıqlığının zəifləməsi nəticəsində arzuolunmaz halların baş verməsinə səbəb ola bilər. Binaya bitişik əlavə artırılmış sahənin örtük konstruksiyasında instrumental müayinə işləri aparmaqla, bərpa-gücləndirmə işlərinin yerinə yetirilməsinə ehtiyac vardır. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflər arasında yaranmış hazırkı mübahisələr ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh Celt Colleges ingilis dili hazırlıq Mərkəzi və digər cavabdehlər arakəsmə divarlarını sökdürmüş mənzillərdə şüşə materiallar quraşdırılaraq arakəsmə kimi istifadə edilmiş və ikinci mərtəbədə ona məxsus olan eyvana bitişik qanunsuz tikilinin üzərində taxta məhəccərlərdən istifadə etmişdir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 5, mənzil 32 ünvanında yerləşən əmlak Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 5, mənzil 35 ünvanında yerləşən əmlak Cavabdeh2 mülkiyyətindədir. İddiaçının «Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospekti 5 ünvanında cavabdeh tərəfindən istifadə edilən mənzillərin əvvəlki vəziyyətinə qaytarılması, cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5 ünvanında 32 saylı mənzilə əlavə edilmiş 100 kv.metr qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi» hissədə tələbi qeyri-müəyyən olmaqla konkret cavabdehə qarşı yönəlməmişdir. Halbuki məhkəmə iclaslarında iddiaçı tərəfə iddia ərizəsinə dəqiqləşmə verilməsi təklif olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalı olduğundan belə qənaətə gəlir ki, iddiaçı konkret cavabdehlərə qarşı tələb yönəltməmiş, iddiaçının tələbi qeyri-müəyyəndir. Halburi iddiaçı tərəf hər bir cavabdehə qarşı yönəltdiyi tələblər aydın olmalıdır. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. . Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. İş üzrə aparılmış ekspertizanın nəticəsi olaraq, tərəflərin faktiki istifadəsində olan sahələrin birinin digərinə maneçilik törətməsi, təhlükə yaratması müəyyən edilməmişdir. Beləliklə, hazırkı mübahisə üzrə qiymət verilməli olan məsələ, qanunsuz olduğu iddia edilən tikinti və yenidənqurma işlərinin iddiaçının mənafelərinə toxunub-toxunmadığıdır. Məhkəmə hesab edir ki, verilmiş hər iddia üzrə iddiaçının «cavabdeh tərəfindən birinci və ikinci mərtəbədə yerləşən mənzillərdən qeyri-yaşayış kimi istifadə edilməsinə qadağa qoyulması» barədə tələbi isə subyektiv hüquqa malik olmadığından rədd olunmalıdır. İlk öncə, bu barədə tələb irəli sürmək hüququ müvafiq dövlət orqanlarına məxsusdur. Digər tərəfdən isə, mənzillərdən qeyri-yaşayış kimi istifadə edilməsinin iddiaçının hansı hüquq və mənafelərinə toxunmasını sübut edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir, 103.1-ci maddəsinə görə isə məhkəmə üçün məcbur olmayan bu rəy Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirilir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. İddia tələbi rədd olunduğundan məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti İddiaçı tutulmaqla müvafiq olaraq ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk və qarşılıqlı iddia ərizəsi rədd edilməli, keçirilmiş məhkəmə ekspertiza xərci olaraq 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Celt Colleges ingilis dili hazırlıq Mərkəzi, Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı «mənzilin ilkin vəziyyətinə qaytarılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar