Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1090/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçınun Cavabdeh İB-yə qarşı sayğac quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evinə qaz verilməsi, adına kod açılması və sayğac quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2022-ci ildən fərdi yaşayış evində yaşayır. 2023-cü ilin iyul ayında evinə maye qaz çəkdirmək üçün Cavabdeh İB-yə müraciət etmişdir. Bu sahədə qaz çəkilməsi özəl sektora verildiyi üçün "xxxx" MMC qaz idarəsinə müraciət edib. Onun evinə yerində baxış keçirilib və qaz verilməməsi üçün heç bir uyğunsuzluq aşkar edilməyib, ona sayğac quraşdırıldıqdan sonra qaz verilməsinin mümkün olmaması bildirilib. Səbəbi soruşanda bu zonadan yüksək elektrik gərginlik xəttinin keçməsini bildiriblər. Bu proses uzun çəkdiyindən, xx.xx.2023-cü ildə kod və sayğac qoyuldu. Lakin xx.xx.2023-cü il Prezidentin qərarı qəbul edilən ərəfəyə düşdü. İndi ünvanında işıq və su sayğacı və kodun açılmasına baxmayaraq, evində maye qaz yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, onun evinə işıq və su xətləri məhkəmə qərarı ilə artıq çəkilib, yalnız qaz verilməsi qalıb. Qonşulara qaz verilmişdir. O, 2022-ci ildə müraciət etsə də, cavabdeh təşkilat vaxtında tədbir görməmiş, sonradan özbaşına tikili olduğuna istinad edərək imtina etmişdir. Qanuna dəyişikliklər daha sonra qəbul edildiyindən ona şamil edilə bilməz. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - “İcraçı” "xxxx" MMC ilə “Sifarişçi” İddiaçı Sərdar qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, “İcraçı” “Sifarişçi”yə məxsus Nərimanov rayonu ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılması işlərini müvafiq orqanın təsdiq etdiyi qazlaşdırma sxeminə və sorğu blankına əsasən, “Tikinti Norma və Qaydaları”na, “X1 Qaydaları”na habelə bu müqavilənin 1 saylı Əlavəsi olan Razılaşma Protokoluna uyğun olaraq yerinə yetirir; - Fərdi yaşayış evinin qazlaşdırılmasının qüsur aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə istehlakçıya məxsus fərdi yaşayış evinin qaz təsərrüfatına yerində baxış keçirilib və yüksək gərginlikli hava elektrik xəttinin qoruq zolağında (altında) yerləşir; - Cavabdeh İB-nin İddiaçı ünvanlanan məktubunun surətindən görünür ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (Maddə 13, bənd 10-1) görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Eyni zamanda bildirirlər ki, sənaye təyinatı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədilə, qazlaşdırma yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilir. Bununla əlaqədar olaraq bildirirlər ki, fərdi yaşayış evlərinin qazlaşdırılması ilə əlaqədar texniki şərtlərin alınması üçün fiziki və hüquqi şəxslər (bundan sonra-sifarişçi adlanır) Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müvafiq mülkiyyət sənədləri (çıxarış, plan ölçü sənədi, texniki pasport və.s) təqdim etməklə müraciət etməlidir. Texniki şərtlər və ya əsaslandırılmış imtina məktubu müraciət qeydə alındığı gündən 20-cı (iyirminci) iş günündə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri tərəfindən sifarişçiyə təqdim edilir.Texniki şərtlərin qüvvədə olma müddəti 2 il qəbul edilir. Fərdi yaşayış evlərində quraşdırılan məişət qaz sayğacları Cavabdeh İB tərəfindən ödənişsiz olaraq təmin olunur; - "xxxx" ASC-nin 516800 saylı protokolunun surətindən görünür ki, İddiaçı üçün 25A avtomat quraşdırılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2022-ci ildən yaşadığı fərdi yaşayış evinə maye qazın verilməsi ilə bağlı müraciət etsə də, həmin müraciəti aidiyyəti qurumlar tərəfindən təmin edilməmişdir. Hazırda iddiaçı təbii inhisar subyekti olan cavabdeh tərəfindən qazla təchiz olunması üçün şəbəkəyə qoşulmasını və sayğac quraşdırılmasını xahiş edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən qazın paylanması – qaz paylayıcısı tərəfindən qazpaylayıcı şəbəkə vasitəsilə qazın istehlakçılara paylanması və satılması üzrə fəaliyyətdir; qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurum); 7.1-ci maddəsinə əsasən qaz təchizatı sahəsində aşağıdakı işlər icazə əsasında həyata keçirilir: 1.1. qazın istehsalı və təbii qazın emalı; 1.2. qazın nəqli; 1.3. qazın paylanması; 1.4. yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarı; 1.5. sənaye qaz qurğusunun istismarı. 11-ci maddəsinin 6-cı bəndinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 1-ci bəndinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. 3-cü bəndinə görə qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il tarixli 30 avqust tarixli 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın: 1.4-cü bəndinə əsasən, hər bir sifarişçinin bu Qaydanın tələblərinə uyğun olaraq qazpaylayıcı şəbəkəyə qoşulma hüququ vardır; 1.5-ci bəndinə əsasən, bu Qaydanın 1.1.1-ci yarımbəndində (1.1.1. ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması) nəzərdə tutulan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər; 1.17-ci bəndinə əsasən, tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması məqsədilə müraciət edərkən sifarişçidən bu Qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlər tələb edilə bilməz; 1.20-ci bəndinə əsasən, sifarişçinin sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.1-ci bəndinə görə qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir; 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstinad olunan normalardan göründüyü kimi, qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, şəxsin müraciəti əsasında onun fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə onların qazpaylayıcı şəbəkəyə qoşulması, bunun “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası"nın tələblərinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilməsi, onunla alğı-satqı müqaviləsinin bağlanması cavabdehin vəzifəsidir. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi özbaşına tikilidir, iddiaçının həmin tikiliyə hər hansı bir hüququnun olması müəyyən edilmir, lakin iddiaçı həmin yaşayış sahəsinin fakitiki istifadəçisidir. İddiaçı qazla təchiz edilməsi üçün 2022-ci ildə müraciət etmişdir. Buna baxmayaraq cavabdeh öz vəzifəsini yerinə yetirməyərək iddiaçıya məxsus yaşayış evini vaxtında qazla təchiz etməmiş, 2023-cü ildə “Qaz təchizatı haqqında” Qanunda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (Maddə 13, bənd 10-1) istinad edərək bundan imtina etmişdir. Qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli 893-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilərək, 13-cü maddəsinə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilmişdir: “10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Qanunun 2-ci maddəsinə əsasən dəyişikliyin 2023-cü il oktyabrın 1-dən qüvvəyə minməsi təsbit edilmişdir. Göründüyü kimi, hazırkı qanunvericilik Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulmasını qadağan etsə də, bu norma iddiaçının cavabdehə müraciət etdiyi tarixdən sonra qəbul edilmiş və qüvvəyə minmişdir. Belə ki, hazırki mülki iş materiallarında olan müvafiq yoxlama sənədləri, müqavilə və aktlardan aydın olur ki, iddiaçı fərdi yaşayış evində qeyd edilən tarixdən çox daha öncədən yaşamışdır və hazırda xx.xx.2023-cü il tarixdən qüvvəyə minən əlavə, iddiaçının vəziyyətini əhəmiyyətli dərəcədə ağırlaşdırdığından, onun daha öncə yaranan münasibətlərə şamil edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qeyd edilənlərdən də göründüyü kimi, hər hansı qanunvericilik müddəasının geriyə qüvvəsi yoxdur. Burada istisna hal kimi yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırdığı, hüquq məsuliyyətini aradan qaldırdığı və ya yüngülləşdirdiyi halda geriyə qüvvəsi nəzərdə tutulmuşdur. Hazırki mülki işdə isə istehlakçı olaraq iddiaçının qazla təmin edilməməsinin onun vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirməsi halı mübahisəsiz olduğundan, yuxarıda qeyd edilən əlavənin ona şamil edilməsi yolverilməzdir və iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Həmçinin iddiaçının izahatından və təqdim etdiyi fotoşəkillərdən də göründüyü kimi, qonşuluqda yerləşən digər fərdi yaşayış evləri qazlaşdırılmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus evin qazla təmin edilməsi cavabdeh qurumun öhdəliyi olduğundan, iddia tələbində qeyd edilən hallar öhdəliyin pozulması olaraq qiymətləndirilməlidir. Hazırki mülki iş üzrə cavabdeh tərəfindən iddianın əsassızlığını göstərən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, əksinə qanunvericiliyin yanaşması ilə iddiaçının qaz sayğacının quraşdırılmasını tələb etmək ilə bağlı subyektiv hüquqa malik olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlı olduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 119.1 və 119.2-ci maddələrinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulması və qaz sayğacının quraşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Dövlət rüsumu olaraq ödənilməli olan 100 (yüz) manat məbləğində pul Cavabdehndən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulması və qaz sayğacının quraşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Dövlət rüsumu olaraq ödənilməli olan 100 (yüz) manat məbləğində pul Cavabdehndən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1090/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1090/2025
10.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver