Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1093/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı mülkiyyətində olun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29C-də yerləşən 15 saylı mənzilə dair keçirilən 23.08.2021-ci il tarixli 64/1 saylı Hərrac protokolunun etibarsız hesab edilməsinə və onlardan yaranan hüquqi nəticələrin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1937/2020 saylı mülki iş üzrə 11.03.2020-ci il tarixli qətnaməsinə əsasən İddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 32090.00 manat əsas, 4649.91 manat müddət sonuna hesablanan faiz, 410.752 manat məbləğində cərimə, cəmi 37150.66 manat kredit borcu tutularaq "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş xiisıısi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, Bakı şəhəri, Gənclik küçəsində 54.4 kv.m ərazidə yerləşən 29 c nömrəli evin 15 saylı mənzilinə tutmanın yönəldlilməsi, həmin evin hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği İddiaçı tutularaq "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi-qət edilmişdir. Həmin qətnamə iddiaçıya vaxtında təqdim edilmədiyindən o vaxtında şikayət verə bilmədiyi üçün qətnamə icraya yönəlmiş və cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra sənədinə əsasən, icraya yönəlmişdir. Bundan sonra cavabdeh icra şöbəsi mənzilin qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC-yə təklif göndərmiş və həmin MMC tərəfindən mənzilə 64.000 manat qiymət qoyulmuşdur. Bildirməlidir ki, hətta qiymətləndirmə barədə rəyə nəzər salsa görər ki, anoloji ərazidə olan oxşar şəraitli və ölçülərə malik mənzilin dəyəri bundan iki dəfə artıq olmasına baxmayaraq bu mənzilə real bazar dəyərindən aşağı qiymət qoyulmuşdur. Bundan sonra icra şöbəsi mənzilin açıq hərracda satılması üçün Cavabdeh2nə göndərmiş və hərrac işlərinə başlanılmışdır. Maraqlıdır ki, bu zaman cavabdeh Hərrac Mərkəzi tərəfindən ipoteka haqqında qanunvericiliyin tələbləri pozulmuş və hərraca çıxarılan əmlakın dəyərində satılmasının qarşısını almaq niyyəti ilə bütün hərəkətlər edilmişdir. Belə ki, hərrac mərkəzi tərəfindən mənzilin kütləvi informasiya vasitələrində elanı vaxtında və lazımi qaydada yerləşdirilməmiş və bu yolla mənzilə təkliflərin verilməsinin qarşısı alınmışdır. Bundan əlavə, onu da qeyd etməlidir ki, icra şöbəsi tərəfindən bildirişlər iddiaçıya çatdırılmadığı halda icra şöbəsi bunu nəzərə almadan işi qiymətləndirməyə və hərraca yollamışdır. Qanunun tələblərindən də göründüyü kimi hərrac təşkilatı hərracla bağlı elan yerləşdirməli və borclu olsaq belə hərracda iştirakının təmin olunması üçün onlara da bildiriş verməli idi. Lakin, qanunun bu tələbi pozulmuş və bununla da ipoteka predmetinin əsassız olaraq tələbkarın balansına keçirilməsi həyata keçirilmişdir. Hətta cavabdeh "xxxx" BOKT MMC-nin bundan sonrakı hərəkətləri də bu deyilənləri tam olaraq sübuta yetirir. Belə ki, qeyd edilən cavabdeh əmlakın onun balansına keçirilməsindən suiistifadə edərək, iddiasının mənzilin boşaldılması ilə bağlı hissəsinin təmin edilməməsinə baxmayaraq özbaşınalıq edib mənzilin qapısını qıraraq ora qanunsuz daxil olmuş və iddiaçıya məxsus olan əşyaları naməlum istiqamətə aparmışdır. Nəticədə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və mülki qanunvericiliyi ilə qorunan mülkiyyət, əldə etməkdə üstünlük və s. hüquqlarım kobud şəkildə pozulmuşdur. Bir halı da məhkəmənin diqqətinə çatdırım ki, Mənzilin dəyərindən qat-qat aşağı özgəninkiləşdirilməsinə baxmayaraq iddiaçının kredit təşkilatına borcu bundan dəfələrlə aşağı olmuş və bu yolla qeyd edilən vəsait də mənimsənilmişdir. Yuxarıda qeyd edilən hallardan da görünür ki, hərrac bir sıra pozuntularla müşayiət edilərək keçirilib. Bu səbəbdən də protokol etibarsız hesab edilməli və onlardan yaranan hüquqi nəticələr ləğv edilməlidir. Düşünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsi hazırki iddia ərizəmizdə qeyd edilən halları əlavə sübutlarla birlikdə araşdırmalı və iddianın təmin olunmasına dair qətnamə çıxarmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbinin əsassız olduğunu bildirərək, hərracın qanunun bütün tələblərinə riayət olunmaqla keçirildiyini və tərəflərin hərracın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırıldıqlarını qeyd etdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı, digər cavabdeh və üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, o cümlədən səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı, Sabunçu rayon İcra şöbəsinə, "xxxx" MMC-yə ünvanlanmış 22.06.2021-ci il il tarixli, 01/1927 nömrəli, 22.07.2021-ci il tarixli, 01/2261 saylı 01 və 02 nömrəli bildirişlərin təsdiq olunmuş surətlərindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1637/2020 saylı, 11.03.2020-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29C-də yerləşən 15 saylı mənzilə yönəldilməsi, hərracda 64000 manat ilkin, təkrar hərracda 54400 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın 16.07.2021-ci il, 04.08.2021-ci il il tarixdə keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının № 01/2480 nömrəli, 10.08.2021-ci il tarixli təklifin təsdiq olunmuş surətindən görünür ki, Sabunçu Rayon İcra Şöbəsinin 4022- 119076-3 saylı, 18.06.2021 -ci il tarixli sifariş məktubuna əsasən ipoteka Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən 29C saylı evin, 15 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri'’ qəzetinin 10.08.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka Haqqında" Qanunun 43.7ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 40 800 (qırx min səkkiz yüz) manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7, 43.8 -ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsi”nin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Nəzərə alınsın ki,“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilinəsi haqqında” 2018-ci il 30 noyabr tarixli 1356 VQD nömrəli qanunun 150.1.13, 150.3-1 həmçinin 220.8, 220.8.1 maddələrinə uyğun olaraq alıçı və ya ipoteka predmetini oldə edən yaşayış .qeyri yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməlidir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29C-də yerləşən 15 saylı ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2021-ci ilin avqust ayında yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29C-də yerləşən 15 saylı mənzil Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1637/2020 saylı, 11.03.2020-ci il tarixli icra vərəqəsinin, Sabunçu Rayon İcra Şöbəsinin 4022-119076-3 saylı, 18.06.2021-ci il tarixli sifariş məktubunun və "xxxx" MMC-nin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Hərrac Təşkilatının təklifin təsdiq olunmuş surətindən görünür ki, əmlakın ilkin hərrac qiyməti 64000 manat ilkin, təkrar hərracda 54400 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən 40800 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Tələbkar ipoteka predmetini bu barədə "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə protokola əsasən balansına keçirilmişdir. Məhkəmə qeyd edir ki, Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" MMC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29C-də yerləşən 15 saylı mənzil “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29C-də yerləşən 15 saylı mənzil ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1093/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1093/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver