Məhkəmə qərarları › İş №2(005)-110/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-110/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-110/2021 28.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı Cavabdehlər «Cavabdeh1” MMC-nin (“xxxx” MMC) nümayəndəsi X1 və Cavabdeh3 Tabdıq oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Məmmədəliyev Cavabdeh2, Cavabdeh3 Tabdıq oğluna qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, əmlak bölgüsü və bərabər paylı mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Məmmədəliyev Cavabdeh2, Cavabdeh3 Tabdıq oğluna qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, əmlak bölgüsü və bərabər paylı mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Çiləgir kəndində sahəsi 0,09 ha olan. Qusar rayonu Ləzə kəndində sahəsi 0,19 ha olan və Qusar rayonu Çiləgir kəndində sahəsi 10 ha olan torpaq sahələrinin xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh1 MMC tərəfindən həyata keçirilmiş açıq hərracla satışı nəticələrinin etibarsız hesab edilməsi, Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha torpaq sahəsinin, Qusar rayonu, Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsinin, Qusar rayonu Çiləgir kəndində sahəsi 10 ha olan torpaq sahəsinin bərabər şəkildə onunla cavabdeh Məmmədəliyev Lətif Cavabdeh2 oğlu arasında bölünməsi və həmin əmlaklar üzərində bərabər paylı mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC nikahda olduğumuz dövrdə Məmmədəliyev Lətif Cavabdeh2 oğlunun mülkiyyətinə keçmiş Qusar rayonu Çiləgir kəndində sahəsi 0,09 ha olan, Qusar rayonu Ləzə kəndində sahəsi 0,19 ha olan və Qusar rayonu Çiləgir kəndində sahəsi 10 ha olan torpaq sahələrinin açıq hərracda satışını həyata keçirmişdir. xx xxxxxxx 2019-cu il tarixli 122 nömrəli hərracın yekunları barədə protokola əsasən, hərrac zamanı alıcı qismində Cavabdeh3 Tapdıq oğlu çıxış etmişdir. Hesab edirəm ki, hərrac qanunsuz keçirildiyindən, onun nəticəsi də etibarsız hesab edilməlidir. Belə ki. xx xxxxxxx 1992-ci ildə cavabdeh Məmmədəliyev Lətif Cavabdeh2 oğlu ilə nikaha daxil olmuşuq və Xətai Rayon Məhkəmisinin xx xxxxxxx 2018ci il taixli 2(011 )-5695/2018 saylı qətnaməsi ilə cavabdehlə aramızda olan nikaha xitam verilmişdir. Həmin torpaqlar birgə nikah dövründə əldə edildiyindən, onlar üzərində menim də mülkiyyət hüququm vardır. Mən məhkəməyə müraciətimlə bağlı olaraq Cavabdeh1 MMC-yə onların satışını həyata keçirəcəkləri torpaq sahələri ilə bağlı məhkəmədə əmlak bölgüsü üzrə işin olduğunu, buna görə də satışı əmlak üzrə paylar müəyyənləşənədək dayandırmaları haqqında məktubla müraciət etmişəm. Onlar da satışı dayandırmaq üçün məhkəmənin həmin əmlakın satışının qadağan edilməsi ilə bağlı qərarının olmasının vacib olduğunu vurğulamışdır. Bu səbəbdən məhkəməyə müraciətim əsasında həmin torpaq sahələrinin satışının mülkiyyətçiyə və digər şəxslərə qadağan edilməsi barədə məhkəmə qərardad çıxarmış və mən onu hərrac təşkilatına təqdim etmişəm. Mənə bir neçə gün bundan əvvəl məlum olmuşdur ki, hərrac təşkilatı Qusar rayonu Çiləgir kəndində sahəsi 0,09 ha olan, Qusar rayonu Ləzə kəndində sahəsi 0,19 ha olan və Qusar rayonu Çiləgir kəndində sahəsi 10 ha olan torpaq sahələrinin satışını xx xxxxxxx 2019-cu il tarixdə həyata keçirmişdir. xx xxxxxxx 1992-ci ildə cavabdehlə nikaha daxil olmuşuq. Münasibətlərimiz pozulduğundan nikaha xitam verilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişəm. Xətai Rayon Məhkəmisinin xx xxxxxxx 2018-ci il taixli 2(011)-5695/2018 saylı qətnaməsi ilə cavabdehlə aramızda olan nikaha xitam verilmişdir. xx xxxxxx 2014-cü il tarixdə Qusar rayonu Çiləgir kəndində sahəsi 0,09 ha olan torpaq sahəsi. xx xxxxxx 2014-cü il tarxidə Qusar rayonu Ləzə kəndində sahəsi 0.19 ha olan torpaq sahəsinin cavabdehin mülkiyyətinə keçməsi rəsmiləşdirilmişdir. Həmin vaxtda müəyyən səbəblərdən əmlak bölgüsü ilə əlaqədar hər hansı bir tələb irəli sürməmişdim. Son vaxtlar cavabdeh banka olan borcunu ödəyə bilmədiyindən, borc onun adma olan torpaq sahələrinə yönəldilmişdir. Qeyd etdiyim torpaq sahələrinə borc yönəldilərək, açıq həraca çıxarılmışdır. Halbuki həmin əmlaklar nikah dövründə əldə olunduğu üçün bizim birgə mülkiyyətimiz hesab olunur. Buna görə də torpaq sahələrinin aramızda bölünməsi lazımdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və hərracın qanunsuz olaraq keçirildiyini bildirdi, ona görə də iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh «Cavabdeh1” MMC-nin (“xxxx” MMC) nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh3 Tabdıq oğlu iddia tələbini qəbul etməyərək, əmlakları hərracdan tam qanuni əldə etdiyini bildirdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və çıxışını dinləyib, mülki iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Hərrac Təşkilatının xx.xx.2019-cu il tarixli, 121 saylı hərracın yekunları barədə protokolun təsdiq edilmiş surətindən görünür ki, Məmmədəliyev Cavabdeh2 məxsus olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha torpaq sahəsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1593/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin, Xətai rayon İcra və Probasiya şöbəsinin xx/xx-6488/19 saylı, xx.xx.2019-cu il tarixli sifarişi məktubuna əsasən hərrac təşkil olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. Hərracın ilkin satış qiyməti 18 000 manat, əmlakın alış qiyməti 18000 manat, hərrac mərkəzinə ödənilən beh məbləği 900 manat (tələbkar olduğu üçün beh ödəmir), mübahisəli əmlakı tələbkar Cavabdeh3 Tabdıq oğlu hərracda əldə etmiş, bununla bağlı xx.xx.2019-cu il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. İş materiallarında olan Hərrac Təşkilatının xx.xx.2019-cu il tarixli, 122 saylı hərracın yekunları barədə protokolun təsdiq edilmiş surətindən görünür ki, Məmmədəliyev Cavabdeh2 məxsus olan Qusar rayonu, Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1593/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin, Xətai rayon İcra və Probasiya şöbəsinin xx/xx-6489/19 saylı, xx.xx.2019-cu il tarixli sifarişi məktubuna əsasən hərrac təşkil olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. Hərracın ilkin satış qiyməti 38 000 manat, əmlakın alış qiyməti 38000 manat, hərrac mərkəzinə ödənilən beh məbləği 1900 manat (tələbkar olduğu üçün beh ödəmir), mübahisəli əmlakı tələbkar Cavabdeh3 Tabdıq oğlu hərracda əldə etmiş, bununla bağlı xx.xx.2019-cu il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. İş materiallarında olan Hərrac Təşkilatının xx.xx.2019-cu il tarixli, 120 saylı hərracın yekunları barədə protokolun təsdiq edilmiş surətindən görünür ki, Məmmədəliyev Cavabdeh2 məxsus olan Qusar rayonu Çiləgir kəndində sahəsi 0,10 ha olan torpaq sahəsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1593/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin, Xətai rayon İcra və Probasiya şöbəsinin xx/xx-6487/19 saylı, xx.xx.2019-cu il tarixli sifarişi məktubuna əsasən hərrac təşkil olunmuşdur. Hərracın ilkin satış qiyməti 20 000 manat, əmlakın alış qiyməti 20 000 manat, hərrac mərkəzinə ödənilən beh məbləği 1000 manat (tələbkar olduğu üçün beh ödəmir), mübahisəli əmlakı tələbkar Cavabdeh3 Tabdıq oğlu hərracda əldə etmiş, bununla bağlı xx.xx.2019-cu il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. İş materiallarında olan “Kaspi” qəzetlərinin surətindən görünür ki, Qusar rayonu Çiləgir kəndində sahəsi 0,10 ha olan torpaq sahəsi, Qusar rayonu, Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsi və Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha torpaq sahəsi ilə bağlı hərracın keçirilməsi barədə elanlar verilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən X3, Xətai rayon İcra və Probasiya şöbəsinə, Cavabdeh3 Tabdıq oğluna və Məmmədəliyev Cavabdeh2 ünvanlanmış xx.xx.2019-cu il tarixli № 01/65 nömrəli, xx.xx.2019-cu il tarixli № 01/63 nömrəli, xx.xx.2019-cu il tarixli № 01/64 nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1593/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin, Xətai rayon İcra və Probasiya şöbəsinin xx/xx-6487/19 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən tələb yönəldilən Məmmədəliyev Cavabdeh2 mülkiyyətində olan Qusar rayonu Çiləgir kəndində sahəsi 0,10 ha olan torpaq sahəsi, Qusar rayonu, Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsi və Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha torpaq sahəsinin hərracda satılması, hərracın müvafiq olaraq xx.xx.2019-cu il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6630/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, borclu qismində Məmmədəliyev Cavabdeh2, tələbkar qismində Cavabdeh3 Tabdıq oğlu və X4 göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı Çıxarışına əsasən, Qusar rayonu Çiləgir kəndində sahəsi 0,10 ha olan torpaq sahəsi Məmmədəliyev Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Sizin Məmmədəliyev Cavabdeh2 mülkiyyətində olmuş Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,09 ha və Qusar rayonu, Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahələri barədə məlumatı və bunu təsdiq edən sənədlərin təsdiq edilmiş surətinin verilməsi ilə bağlı xx xxxxxx 2020-ci il tarixli, 2(005)-1018/2020 nömrəli məktubunuza Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8 baxılmışdır. Bununla bağlı bildiririk ki, Məmmədəliyev Cavabdeh2 adına olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,09 ha torpaq sahəsinə xx.xx.2014-cü il tarixli **********83 reyestr nömrəli, Qusar rayonu, Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsinə xx.xx.2014-cü il tarixli **********01 reyestr nömrəli çıxarışlar verilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5696/2018 saylı, 19.010.2018-ci il tarixli qətnaməyə əsasən, İddiaçı ilə Məmmədəliyev Cavabdeh2 arasında xx.xx.1992-ci il tarixdə Səadət Sarayında bağlanmış 2397 saylı nikah qeydi ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə mübahisəli torpaq sahələrinin birgə mülkiyyətdə olub-olmamasına dair məsələyə hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin diqqətəlayiq mənafeyini, o cümlədən ar-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6-ci maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Beləliklə, məhkəmədə tərəflərin izahatından, onların iş üzrə təqdim etdiyi sübutlar əsasında mülki işin materiallarından müəyyən olunur ki, xx.xx.1992-ci il tarixdə verilmiş Vİ- JQ seriyalı 321843 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən Məmmədəliyev Cavabdeh2 ilə X5 arasında nikah xx.xx.1992-ci il tarixdə Səadət Sarayında bağlanmışdır. Bu barədə həmin tarixdə 2397 nömrəli akt qeydi aparılmışdır. Nikahdan sonra arvada Məmmədəliyeva soyadı verilmişdir. Mülki işdən görünür ki, iddiaçı mübahisəli torpaq sahələrinə dair mülkiyyət hüququnun olduğunu qeyd edərək həmin əmlakların birgə nikah dövründə əldə edildiyini, bu səbəbdən də keçirilmiş hərracların qanunsuz olmasını bildirir, qeyd edir ki, göstərilən əsaslara görə hərrac etibarsız hesab edilməli, onun həmin mübahisəli torpaq sahələrinə bərabər paylı mülkiyyət hüququ tanınmalıdır. Belə ki, cavabdeh təşkilat tərəfindən hərrac keçirilərkən iddiaçı müxtəlif vaxtlarda həmin əmlaklara mülkiyyətə dair payının müəyyənləşməsinədək dayandırılması ilə bağlı şifahi və yazılı müraciətlər etmişdir. Lakin cavabdeh təşkilat tərəfindən hərracın keçirilməsi davam etdirilmiş və hazırki mülki iş üzrə digər Cavabdeh3 Tabdıq oğlu ilə mübahisəli əmlaklara dair alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki işin materiallarında öz əksini tapan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Qusar rayonu Çiləgir kəndində sahəsi 0,10 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Məmmədəliyev Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 140 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində, xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında öz əksini tapan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,09 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Məmmədəliyev Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində, xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında öz əksini tapan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Qusar rayonu, Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Məmmədəliyev Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində, xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə yuxarıda sadalananlara əsasən qeyd edir ki, mübahisəli torpaq sahələrinin İddiaçı ilə cavabdeh Məmmədəliyev Cavabdeh2 nikah müddətində əldə etdikləri ümumi mülkiyyət olması mübahisəsizdir. Məhkəmə iddia tələbində qeyd olunan mübahisələndirilən əmlaklara payların müəyyən edilməsi və bərabər paylı mülkiyyət hüququnun tanınması ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi əsaslıdır, Qusar rayonu, Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsinə, Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı torpaq sahələrinə Məmmədəliyev Cavabdeh2 ½ hissədə payı, İddiaçı ½ hissədə payı müəyyən edilməli və onların həmin paya mülkiyyət hüququ tanınmalıdır. Məhkəmə iddia tələbində qeyd olunan mübahisələndirilən əmlaklara dair keçirilmiş hərracın etibarsızlığı ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə uyğun olaraq hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Yuxarıda göstərilənlərə, o cümlədən AR MM-nin 225.6-cı, 416.1-cı və 416.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə qeyd edir ki, cavabdeh «Cavabdeh1” MMC (“xxxx” MMC) tərəfindən Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı torpaq sahələrinin, Qusar rayonu, Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsinin açıq hərracdan satılmasına dair keçirilmiş hərrac o cümlədən, Cavabdeh1 MMC-nin 120 saylı, 121 saylı və 122 saylı, xx.xx.2019-cu il tarixli hərracın yekunları haqqında protokolları və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələr etibarsız hesab edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Mülki Məcəllənin əqdin etibarsızlığının hüquqi nəticələrini tənzimləyən 337.5-ci maddəsinin müddəaları tətbiq edilməməlidir. Həmin maddəyə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Belə ki, məhkəmə araşdırması zamanı alqı-satqı müqaviləsi üzrə məbləğin ödənilmədiyi faktı müəyyən olunduğundan (Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6630/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə Cavabdeh3 Tabdıq oğlu tələbkar olduğu üçün) əqdin etibarsızlığının nəticələri hazırkı iş üzrə tətbiq edilməməlidir. Çünki, etibarsızlığın nəticələrinin hazırkı iş üzrə tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı, Qusar rayonu, Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahələrinə İddiaçı ½ hissədə payı, Məmmədəliyev Cavabdeh2 ½ hissədə payı müəyyən edilərək həmin əmlaklar üzərində bərabər paylı mülkiyyət hüquqları tanınmalı, Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı torpaq sahələrinin, Qusar rayonu, Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsinin açıq hərracdan satılmasına dair Cavabdeh1 MMC-nin 120 saylı, 121 saylı və 122 saylı, xx.xx.2019-cu il tarixli hərracın yekunları haqqında protokollar və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələr etibarsız hesab edilməlidir. Məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı, Qusar rayonu, Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahələrinə İddiaçı ½ hissədə payı, Məmmədəliyev Cavabdeh2 ½ hissədə payı müəyyən edilərək həmin əmlaklar üzərində bərabər paylı mülkiyyət hüquqları tanınsın. Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı torpaq sahələrinin, Qusar rayonu, Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsinin açıq hərracdan satılmasına dair Cavabdeh1 MMC-nin 120 saylı, 121 saylı və 122 saylı, xx.xx.2019-cu il tarixli hərracın yekunları haqqında protokollar və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələr etibarsız hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar