Məhkəmə qərarları › İş №2(005)-115/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-115/2024

12.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-115/2024 12.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X20, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 hüquqi varisi X3, Cavabdeh X14 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X45 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vəsiyyət üzrə vərəsə kimi tanınma və s.”, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X15, X29 və X20 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv olunması, miras əmlaka məcburi payın müəyyən edilməsi” tələblərinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 23 nömrəli notariat ofisi tərəfindən Cavabdeh2 verilmiş 10 mart 2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 95a nömrəli evin 47 nömrəli mənzili üzərində Cavabdeh2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestrində aparılmış qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.2021-ci il tarixdə ölmüş babası X16 vəsiyyət üzrə vərəsəsi kimi tanınması, babasından miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 95a nömrəli evin 47 nömrəli mənzilindən ona çatası payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, valideynləri ilə birgə yaşadığı ünvan 1 ünvana Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən daxil olmuş 27 yanvar 2023-cü il tarixli, 2(005)-1143/2023 nömrəli bildirişdən və bildirişə əlavə edilmiş iddia ərizəsindən məlum olmuşdur ki, əmisi Cavabdeh2 atası X25 qarşı Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev pr.95 A ünvanda yerləşən 47 saylı mənzildə yaşamasına cavabdeh tərəfindən qoyulmuş maneənin aradan qaldırılması, onun 1/2 hissədə payının olduğu həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev pr.95 A ünvanda yerləşən ümumi sahəsi 64,56 kv.m olan 47 saylı 3 otaqdan ibarət mənzil babası X21 məxsus olmuşdur. Babasının Sərvinaz, Xilqət, Şəhla və Ülfət adında 4 uşağı olmuşdur. Sərvinaz ailəsi ilə Bülbülə qəsəbəsində, Şəhla ailəsi ilə Nəsimi rayonunda, Xilqət ünvan 4 ünvanda yaşayırlar. O isə, atası X35, anası X22, bacısı X30 ilə birlikdə babasından miras qalmış mənzildə yaşayır. X12 qızı xx.xx.2014-cü ildə, babası X31 xx.xx.2021-ci ildə vəfat etmişlər. Babasının vəfatından sonra da valideynləriylə birlikdə mənzildə yaşayır və mənzili idarə edirlər. Məhkəmə bildirişini aldıqdan sonra atası Ülfət Kərimov evdə olan sənədlərin arasında babasının öz xətti ilə onun adına yazdığı və imzaladığı 20 yanvar 2020-ci il tarixli vəsiyyətnaməni aşkar etmişdir. Həmin vəsiyyətnamə ilə babası özünə məxsus olan Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev pr.95 A ünvanda yerləşən 47 saylı mənzilini ona vəsiyyət etmişdir. Mülki Məcəlləyə əsasən həmin vəsiyyətnamə ev vəsiyyətnaməsi hesab edilir. Həmin Məcəlləyə görə, ev vəsiyyətnaməsini notariusa saxlanca vermək vəsiyyət edənin vəzifəsi yox, hüququdur. Babası da vəsiyyətnaməni evində saxlamaqda haqlı olmuşdur. Bundan sonra o, hazırki iddianı qaldırmaq qərarına gələrək vəkillə müqavilə bağlamışdır. Vərəsəlik işindən görünür ki, əmisi Cavabdeh2 25 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisinə ərizə ilə müraciət edərək atası Paşa Kərimovun öldüyünü, mirasın tərkibinə bütün əmlakın daxil olduğunu, özündən başqa digər vərəsələrin olduğunu göstərmiş, miras qalmış yaşayış sahəsindən ona çatan hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, ərizəsinə imtinalar barədə ərizəni də qoşmuşdur. Lakin vərəsəlik işində kimin imtina etdiyi barədə məlumat və ərizələr yoxdur. Bundan sonra 23 saylı notariat ofisinin xüsusi notariusu X7 Kərimova miras əmlakdan 1/2 hissə pay alması barədə xx.xx.2022-ci il tarixdə reyestrdə 2V-58 nömrə ilə qeydə alınmış "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə" vermişdir. Şəhadətnamədən görünür ki, yerdə qalan 1/2 hissə digər vərəsənin payı kimi açıq saxlanılmışdır. Cavabdeh2 şəhadətnaməni təqdim edərək daşınmaz əmlakın dövlət reyestri xidmətindən adına xx.xx.2022-ci il tarixdə çıxarış almışdır. Çıxarışdan görünür ki, mənzilin 1/2 hissəsi açıq saxlanmış, 1/2 hissə isə Cavabdeh2 mülkiyyətindədir. Babası mənzili ona vəsiyyət etdiyindən və əmlakı faktiki qəbul etdiyindən cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarış ləğv edilməli, mənzilə vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalı və mənzilə payı müəyyən edilməlidir. X51 Bakı şəhəri Nərimanov RPİ-nin Veteranlar Şurasının sədri vəzifəsində işləmişdir. Vəsiyyətnamənin babasının öz xətti ilə yazması Bakı şəhəri Nərimanov RPİ-nin Veteranlar Şurasının sədri Ramiz Məmmədovun vəkil sorğusuna yazdığı xx.xx.2023-cü il tarixli, 3-13-502-3897 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərlə sübuta yetiril. Bu sənədlər babasının Nərimanov RPİ-nin rəisinə yazdığı xx.xx.2021-ci il tarixli 1 vərəqədən ibarət müraciətdən, "işləməyən veteranlar üçün" 1 vərəqədən ibarət Anketdən və Bakı şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədrinə yazdığı 2 vərəqə müraciətdən ibarətdir. X15, X29 və X5 Xilqət Paşa oğluna və və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X45 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müstəqil tələb irəli sürərək, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X39 1 saylı Bakı şəhər Ərazi İdarəsi cəlb olunmaqla) “Cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 10 mart 2022-ci il tarixli şəhadətnamənin və Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev pr.95 A ünvanda yerləşən 47 saylı mənzilin 1/2 hissəsinin Cavabdeh2 adına qeydə alınması barədə çıxarışın ləğv edilməsi, miras əmlaka payının müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə onları müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanıyaraq miras əmlakdan çatası məcburi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Müstəqil tələb irəli sürən üçüncü şəxslər iddia tələblərini onunla əsaslandırmışlar ki, məhkəmənin qətnaməsi onların hüquq və maraqlarına təsir göstərə bilər. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev pr.95 A ünvanda yerləşən ümumi sahəsi 64,56 kv.m olan 47 saylı 3 otaqdan ibarət mənzil ataları X21 məxsus olmuşdur. X1 xx.xx.2014-cü ildə, ataları X32 isə 07 09 2021-ci ildə vəfat etmişlər. Atalarının vəfatından sonra onlar miras qalmış mənzilə İddiaçı ilə birlikdə sahiblik etməklə ondan istifadə edirlər. Digər qardaşları Cavabdeh2 isə ünvan 5 ünvanda yaşayır və miras qalmış mənzildən istifadə etməmişdir. Ataları mənzili nəvəsi İddiaçı vəsiyyət etmiş və öz xətti ilə vəsiyyətnamə yazmışdır. Vəsiyyətnaməni mübahisələndirmirlər, çünki həqiqidir. Lakin vəsiyyətnamənin məzmunundan asılı olmayaraq onların da miras əmlakda məcburi payları vardır. Qardaşları Cavabdeh2 25 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisinə ərizə ilə müraciət edərək atası Paşa Kərimovun öldüyünü, mirasın tərkibinə bütün əmlakın daxil olduğunu, özündən başqa digər vərəsələrin olduğunu göstərmiş, miras qalmış yaşayış sahəsindən ona çatan hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, ərizəsinə imtinalar barədə ərizəni də qoşduğunu göstərmişdir. Lakin onlar miras əmlakdan imtina barədə ərizə yazmamışlar. Bundan sonra 23 saylı notariat ofisinin xüsusi notariusu X7 Kərimova miras əmlakdan ½ hissə pay alması barədə xx.xx.2022-ci il tarixdə reyestrdə 2V-58 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” vermişdir. Şəhadətnamədən görünür ki, yerdə qalan 1/2 hissə digər vərəsənin payı kimi açıq saxlanılmışdır. Cavabdeh2 şəhadətnaməni təqdim edərək daşınmaz əmlakın dövlət reyestri xidmətindən adına xx.xx.2022-ci il tarixdə çıxarış almışdır. Çıxarışdan görünür ki, mənzilin 1/2 hissəsi açıq saxlanmış, 1/2 hissə isə Cavabdeh2 mülkiyyətindədir. Atalarının ölümündən sonra miras qalmış mənzilə sahiblik və ondan istifadə etdiklərinə görə miras əmlakı faktiki qəbul etmiş sayılırlar və əmlakdakı məcburi payları müəyyən edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X15 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən, məhkəmə tərəfindən onun qızı X10 onun hüquqi varisi qismində mülki işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialarına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X33, onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələblərinə etiraz edərək onları qəbul etmədiklərini bildirmiş və qeyd etmişlər ki, mənzilin digər ½ hissəsi cavabdehin qardaşının payıdır. Bu isə onun hüquqlarının pozulmadığı mənasına gəlir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən digər üçüncü şəxslər isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etsələr də, sonradan həmin iddialarını geri götürdüklərindən faktiki olaraq mirasdan imtina etmişlər. Buna görə də iddia tələbləri təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X35 miras əmlakını faktiki qəbul etdiyini, həmin mənzildə əvvəldən yaşadığını bildirərək məcburi payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X29 atasından qalan əşyaları götürməklə mirası faktiki qəbul etdiyini bildirərək məcburi payının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 hüquqi varisi X11 anasına çatası məcburi payın ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ünvan 6 ünvanlayaraq işə kontorun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə qeyd edilən proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidirlər. Belə ki, işin müəyyən olunan və mübahisələndirilməyən hallarına görə, X32 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, bu zaman onun xx.xx.2014-cü il tarixdə ölmüş X18 ilə xx.xx.1960-cı il tarixli birgə nikahından olan birinci növbədən 4 (dörd) qanun üzrə vərəsəsi – oğulları xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh2 (cavabdeh) və xx.xx.1969-cu il təvəllüdlü X35 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs), qızları xx.xx.1961-ci il təvəllüdlü X15 və xx.xx.1968-ci il təvəllüdlü X29 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər) olmuş, Bakı şəhəri 23 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X2 miras əmlakı olan ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 64,55 kv.m. olan 47 saylı mənzilin ½ hissəsinə Cavabdeh2 vərəsəlik hüququ (payı) tanınmış, digər ½ hissəsi isə X35 üçün açıq saxlanılmış, beləliklə mənzilin ½ hissəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır; İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, mərhum X32 mülkiyyətində olan həmin mübahisəli mənzili xx.xx.2020-ci il tarixli ev vəsiyyətnaməsi əsasında nəvəsi xx.xx.2002-ci il təvəllüdlü X26 (iddiaçı) vəsiyyət etmişdir; İş materiallarından həmçinin aydın olur ki, X15 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, xx.xx.1987-ci il təvəllüdlü X10 isə onun mərhum X24 ilə birgə nikahından doğulan qızıdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə görə, X16 adından olan 20 yanvar 2020-ci il tarixli vəsiyyətnamədəki (i.v.78) yazılar və “X32” yazıları qarşısındakı imza - X32 tərəfindən icra olunmuşdur. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər mövcud olmuş məhkəmə praktikasından fərqli olaraq hazırkı işdə mirasın vərəsələr tərəfindən qəbul edilib-edilmədiyi məsələsinin araşdırılmasına zərurət yoxdur. Belə ki, hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq sorğusu əsasında konstitusiya işi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərar qəbul etmişdir. X19 Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab etmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və müxtəlif instansiya məhkəmələrinin icraatında olan mübahisələrə tətbiq olunmalıdır. İşdən görünür ki, İddiaçı məhz sözügedən ekspert rəyi ilə mərhum babası X21 aid olduğu müəyyən edilmiş 20 yanvar 2020-ci il tarixli vəsiyyətnaməyə əsaslanaraq hazırkı mülki işin başlanmasına əsas olan iddianı irəli sürmüşdür. Mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kimi qoşulmuş mərhumun övladları (birinci növbədən qanun üzrə vərəsələri) isə həmin vəsiyyətnamənin mərhum ataları tərəfindən tərtib edilməklə imzalandığını mübahisələndirməyərək miras əmlaka məcburi paylarının tanınmasını tələb etmişlər. Cavabdehə gəldikdə isə, o, sözügedən vəsiyyətnaməni qəbul etməyərək iddialara etiraz etməkdədir. Bu baxımdan məhkəmə, mübahisənin obyektiv həlli üçün ilk növbədə 20 yanvar 2020-ci il tarixli vəsiyyətnamənin qanunvericiliyin tələblərinə uyğun tərtib olunubolunmadığının, imzanın mərhuma məxsus olub-olmadığının araşdırılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarından göründüyü kimi, mərhum X32 mülkiyyətində olan mübahisəli mənzili notarial qaydada təsdiqlənməyən xx.xx.2020-ci il tarixli vəsiyyətnamə ilə iddiaçıya vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə əllə yazılaraq imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1179.1-ci maddəsinə görə, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1186-cı maddəsində vəsiyyət edənin vəsiyyətnaməni öz əli ilə yazıb imzalaması imkanı tanınmış, 1187-ci maddəsində isə vəsiyyət edənin bu cür vəsiyyətnaməni saxlanması üçün notariusa vermək hüququ təsbit edilmişdir. Göründüyü kimi, xx.xx.2020-ci il tarixli vəsiyyətnamə ev vəsiyyətnaməsi olmaqla mülki qanunvericiliyin tələblərinə uyğundur. Həmin vəsiyyətnamənin saxlanması üçün notariusa verilməsi vəsiyyət edənin vəzifəsi deyil, hüququdur. Bu baxımdan vəsiyyətnamənin saxlanması üçün notariusa verilib-verilməməsi onun etibarlılığına təsir etmir. Həmçinin iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə həmin vəsiyyətnamədəki yazıların və imzanın məhz mərhum X32 tərəfindən icra olunduğu müəyyən edilmişdir. Cavabdehin nümayəndəsinin “ekspertizanın mötəbər sübutlar əsasında aparılmaması” dəlili isə əsasızdır. Belə ki, ekspertiza tədqiqatı məhkəmə sorğusu əsasında mərhumun vaxtilə xidmət etdiyi polis orqanından alınmış və mərhuma məxsusluğu şübhə doğurmayan əlyazmalar ilə müqayisə edilməklə həyata keçirilmiş, cavabdeh tərəfindən isə rəydə əks olunan halları təkzib edən və bu hallara zidd olan sübutlar təqdim edilməmişdir. Beləliklə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X16 mirasının açıldığı məqamda onun 1 vəsiyyət üzrə vərəsəsi – nəvəsi (iddiaçı) İddiaçı, o cümlədən 4 (dörd) qanun üzrə vərəsəsi – oğulları Cavabdeh2 (cavabdeh) və X35 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs), qızları X15 və X17 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər) olmuşdur. Qeyd olunmalıdır ki, mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Bununla belə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021-ci il tarixli Qərarında da göstərilmişdir ki, “...vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. Mülki qanunvericilikdə mirasda məcburi paya verilmiş anlayışın vərəsəlik hüququnun əsas prinsiplərindən olan məcburi vərəsələrin hüquq və mənafelərinin təmin edilməsi və ailə-təminat prinsipləri baxımından təhlil edilməsi həmin institutun mahiyyətinin, eləcə də bu hüququ əldə edən şəxslərin onu reallaşdırması qaydalarının dərk edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Mirasda məcburi pay – vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi)”. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 miras əmlakı olan ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 64,55 kv.m. olan 47 saylı mənzilin ½ hissəsinə iddiaçının vəsiyyət üzrə miras hüququ tanınmalı, qalan ½ hissəsi isə mərhumun uşaqlarının (oğulları Cavabdeh2 və Ülfət Kərimov, qızları Sərvinaz Həsənova və Şəhla Kərimova) məcburi pay hüququnun reallaşdırılması məqsədilə onlar arasında bərabər payda bölüşdürülməlidir (hər birinə 1/8 pay olmaqla). Məhkəmə məcburi payı tələb etmək hüququnun vərəsəlik üzrə keçməsinə dair Mülki Məcəllənin 1194-cü maddəsinin tələbinə müvafiq olaraq hesab edir ki, hazırkı işə baxılan ərəfədə (xx.xx.2023-cü il tarixdə) Sərvinaz Həsənova vəfat etdiyindən X2 miras əmlakı olan mübahisəli mənzildən ona çatası məcburi pay onun hüquq varisi kimi qızı X6 verilməlidir. Buna baxmayaraq Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş və hazırkı işdə mübahisələndirilən xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 miras əmlakı olan ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 64,55 kv.m. olan 47 saylı mənzilin ½ hissəsinə Cavabdeh2 vərəsəlik hüququ (payı) tanınmış, digər ½ hissəsi isə X35 üçün açıq saxlanılmışdır. Həmin şəhadətnamə əsasında isə sözügedən mənzilin ½ hissəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mənzil üzərində cavabdehin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestrində aparılmış qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinin də əsaslı olduğunu göstərir. Belə ki, Mülki Məcəllənin 149.2-ci maddəsinin tələblərinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.3-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddia ərizələrinin verilməsinə görə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 tərəfindən ayrı-ayrılıqda 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 105 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbləri əsaslı olduğundan çəkilmiş məhkəmə xərcləri də həmin nisbətdə tərəflərə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməli, Bakı şəhəri 23 nömrəli Notariat Ofisi tərəfindən Cavabdeh2 verilmiş 10 mart 2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 95a nömrəli evin 47 saylı mənzili üzərində Cavabdeh2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli çıxarış ləğv edilməli, X2 miras əmlakı olan ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 64,55 kv.m. olan 47 saylı mənzilin ½ hissəsinə İddiaçı vəsiyyət üzrə pay hüququ tanınmalı, mənzilin qalan hissəsinə 1/8 hissədə Cavabdeh2, 1/8 hissədə X13, 1/8 hissədə X20 və 1/8 hissədə xx.xx.2023-cü il tarixdə vəfat etmiş X9 hüquq varisi (qızı) X4 məcburi pay hüquqları müəyyən edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməli, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 105 manat məbləğində pul Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbləri təmin edilsin. Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 verilmiş 10 mart 2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 95a nömrəli evin 47 saylı mənzili üzərində Cavabdeh2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli çıxarış ləğv edilsin. X2 miras əmlakı olan ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 64,55 kv.m. olan 47 saylı mənzilin ½ hissəsinə İddiaçı vəsiyyət üzrə pay hüququ tanınsın. Mənzilin qalan hissəsinə 1/8 hissədə Cavabdeh2, 1/8 hissədə X13, 1/8 hissədə X20 və 1/8 hissədə xx.xx.2023-cü il tarixdə vəfat etmiş X9 hüquq varisi (qızı) X4 məcburi pay hüquqları müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 105 (bir yüz beş) manat məbləğində pul Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X8, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar