Məhkəmə qərarları › İş №2(005)-118/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-118/2025

04.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-118/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi X7, vəkili Vəkil1, Cavabdeh nümyəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 Saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti və X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi və sahənin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və həmin sahənin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onların qonşusudur. Bir neçə qonşunun evinə gedən yolu bilərəkdən qanunsuz zəbt etməklə yolu daraltmış və həmin yolda qanunsuz olaraq özü üçün yüngül konstruksiyalı materiallardan istifadə etməklə əlavə yardımçı sahə tikmişdir. Nəticədə bir neçə qonşunun evlərinə giriş-çıxış məhdudlaşmış və o da daxil olmaqla həmin qonşular üçün əlverişsiz şərait yaratmışdır. Bu gün həmin evlərdə hər hansısa fövqəladə hal baş verərsə nə təcili yardım, nə də ki bir digər xüsusi təyinatlı xilasedici qüvvələrin həmin evlərə yardıma gəlməyi mümkünsüz olmuşdur. Dəfələrlə cavabdehə müraciət edərək, bu qanunsuzluğa son qoyması tələb edilsə də o, qətiyyətlə bundan imitna edir və qanunsuz tikilini sökməyəcəyini bildirir. Ötən ilin oktyabr-noyabr ayında qanunsuz tikili inşa edilməyə başlayan zaman onlar dərhal Bakı şəhəri Nərimanov Bələdiyyəsinə müraciət edərək, bu hərəkəti dayandırmalarını xahiş etmişlər, lakin, Nərimanov Bələdiyyəsi xx.xx.2023-cü il tarixli B-545 saylı məktubu ilə bu məsələnin Nərimanov Bələdiyyəsinin səlahiyyətinə aid olmadığı üçün müvafiq icra orqanlarına müraciət etməli olduqlarını bildirmişdir. Eyni məzmunlu ərizə ilə Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Həmin müraciətə Bakı ŞİH MKTD Nərimanov rayon MKTB tərəfindən verilən xx.xx.2023-cü il tarixli Q-36 saylı məktubda yerində baxış zamanı həqiqətən də qonşu tərəfindən gediş-gəliş yolunun zəbt edildiyi və tikinti işlərinin aparıldığı müşahidə edilmişdir. Lakin mövcud qanunvericiliyə görə tikililərin sökülməsinin yalnız məhkəmə qərarı və icra şöbəsinin iştirakı ilə mümkün olduğu qeyd edilmişdir. Beləliklə Cavabdeh öz səlahiyyət həddlərini aşaraq ümumi istifadədə olan yolu qanunsuz zəbt etməklə ələ keçirmişdir və bu yolla əsassız əmlak əldə etməyə çalışmışdır. Məhz bu halı nəzərə alaraq, məhkəmə hazırki iddianı təmin etməklə pozulan mülki hüquqları bərpa etməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, tikili inşa edilən zaman onlar və qonşular da etirazlarını bildirmişlər. Qarşı tərəf isə sadəcə abadlaşdırma işi edəcəyini söyləmişdir. Həmin tikilinin tikildiyi yerdə kommunikasiya xətləri yerləşir. Əvvəllər də həmin yerdə borularda problem olduğuna görə qazıntı işləri aparılmışdı. Hazırda isə həmin yerdə tikili var. Hər hansı bir fövqəladə hal baş verərsə, nə təcili yardım, nə də ki digər xüsusi təyinatlı xilasedici qüvvələrin evlərə yardıma gəlməyi mümkünsüz olmuşdur. Çünki tikili yolu tutub. Həyətə rahat şəkildə daxil ola bilmirlər, uşaqların oynamağa yeri yoxdur. O, sentyabr ayının 14-də səhər evdən çıxıb marketə gedən zaman tikilinin olduğunu görmüşdür. Kamera görüntülərinə baxan zaman məlum olmuşdur ki, gecə saat 4 radələrində həmin tikilini tikmişlər. Tikili bir gecəyə tikilmişdir. Bundan sonra Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavininin qəbulunda olmuşdur. Elə həmin vaxt komissiya təşkil edildi. Komissiya tərəfindən tikiliyə baxış keçirildi. Əvvəllər həmin tikilinin yerində qonşuların, uşaqların otura biləcəyi üstü örtülü yer var idi. Həmin söhbətgahı da qonşu tikmişdir, lakin hamı istifadə edirdi. İndi isə besedkanın hər tərəfini bağlayaraq yalnız öz istifadəsi üçün anbar etmişdir. Bu isə onların hüquqlarını pozur. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, 30 saylı Mənzil-Kommunal İstismar sahəsinin arayışı var. Həmin arayışda sözügedən tikilinin 22 kv metr sahəyə məxsus olması və 10 ildən artıq müddətdir ki, mövcud olması qeyd edilmişdir. Sözügedən tikilinin qonşulara maneəsi yoxdur. Kommunikasiya xətlərinin üzərində tikili yoxdur. Həmin ərazidə piyada keçməyə yol var, ancaq maşın yolu yoxdur. Tikili 2012-ci ildə tikilmişdir. Divarları isə 2023-cü ilin sentyabr ayında qoyulmuşdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikili mülkiyyətində olan evin giriş hissəsini bağlamışdır. Həmin tikili onların rahat hərəkət etməyinə maneə olur. Tikili tikilməmişdən əvvəl uşaqlar orada oyun oynayırdı və onlar həmin yerdə istirahət edə bilirdi. Yol əvvəl həmin yerdən olub. Hazırda isə tikili yola maneə yaradır. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Digər proses iştirakçılarına lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov X1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, B-545 saylı məktubundan görünür ki, müraciətin mahiyyəti Nərimanov Bələdiyyəsinin səlahiyyətinə aid olmadığı üçün müvafiq icra orqanlarına müraciət edilməsi təklif olunmuşdur; - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat X2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, Q-36 saylı məktubundan görünür ki, yerində baxış zamanı həqiqətən qonşu tərəfindən gediş-gəliş yolunun zəbt edildiyi və tikinti işlərinin aparıldığı müşahidə edilmişdir. Mövcud qanunvericiliyə görə tikililərin sökülməsinin yalnız məhkəmə qərarı və İcra şöbəsinin iştirakı ilə mümkün olduğu qeyd edilmişdir; - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 Nərimanov rayon Sukanal İdarəsi tərəfindən təqdim edilmiş məhkəmə sorğusuna cavab məktubundan görünür ki, əməkdaşlar ünvana baxış keçirmiş və məlum olmuşdur ki, ünvan 4 yerləşən evin qarşısında inşa edilmiş tikintinin altından həmin ünvanda yaşayan sakinlərə məxsus 2 ədəd d=100 mm-lik kanalizasiya xətti keçir; - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məhkəmə sorğusuna 10 aprel 2025-ci il tarixli cavab məktubundan görünür ki, əməkdaşar tərəfindən yerində baxış zamanı ünvan 4 Cavabdeh tərəfindən müvafiq icazə sənədləri olmadan yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin hasarına bitişik təxminən 15,0 kv.m sahədə uzun müddət öncə inşa edilmiş əlavə tikili müşahidə edilmişdir; - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin məhkəmə sorğusuna 15 aprel 2025-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 4 vətəndaş Cavabdeh yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquqi sənəd yoxdur. Həmin evin və eləcə də ətrafda yerləşən digər yaşayış evlərinin yerləşdiyi torpaq sahəsi Dövlət torpaq fonduna aiddir. Evin qarşısında inşa edilmiş tikili uzun müddət bundan əvvəlllər inşa edilmiş və ona aid heç bir hüquqi sənəd təqdim olunmamışdır; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, layihə sənədləri və texniki pasport sənədi mərkəzə təqdim edilmədiyindən “mübahisələndirilən tikili ümumi istifadədə olan sahədə inşa edilmişdirmi?” sualı üzrə tədqiqat aparılmamışdır. ünvan 1 ünvanından keçən kommunikasiya, kommunal və infrastruktur xəttlərinin üzəri bağlı olduğundan, həmin xətlərin istiqamətinin müəyyən edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, ünvan 1 ünvanında yerləşən tikilinin kommunikasiya, kommunal və infrastruktur xəttlərinin üzərində inşa edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən mübahisələndirilən tikilinin hansı dövrdə inşa edilib-edilməməsinin, eyni zamanda həmin tikilinin ətraf ərazidə yerləşən evlərin sakinlərinə hər hansı maneəçilik törədibtörətməməsinin müəyyən edilməsi tikinti-texniki obyektlərinin tədqiqi ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından suallar üzrə tədqiqat aparılmamamışdır. Ekspertiza xərci 100 manat təşkil edir; - Yerli baxış protokolundan görünür ki, mübahisəli sahəyə cavabdehə məxsus həyətdən daxil olunur və artırmanın sahəsi 20-25 kv.m-dir. Mübahisəli artırma anbar kimi istifadə olunur. Artırılma aparılan əraziyə 4 qonşunun qapısı açılır. Ümumi istifadədə olan sahənin böyük hissəsini tutur. Qonşu mənzilə də baxış zamanı müəyyən olunmuşdur ki, evin digər küçədən böyük darvazalı giriş qapısı var, eyni zamanda mübahisəli tikilinin olduğu əraziyə də kiçik giriş qapısı vardır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yaşadığı fərdi yaşayış evinin qarşısında yerləşən və ümumi istifadədə olan sahədə təxminən 25 kv.metrə yaxın sahəsi olan tikili (anbar) inşa etmişdir. Tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin ərazidə iddiaçı və cavabdehə məxsus fərdi yaşayış evinin olması işin mübahisələndirilməyən halıdır. İddiaçı qanunsuz tikilinin onların hüququnu pozduğunu, ümumi sahədən istifadələrinə maneəçilik törətdiyini əsas gətirərək, onun sökülməsini və həmin sahənin əvvəlki vəziyyətə qaytarılmasını xahiş edir. Cavabdeh isə mübahisələndirilən sahənin 10 ildən çox müddətdir ki inşa edildiyini, qonşuların evlərinə əsas giriş qapılarının digər tərəfdən olduğuna istinad edərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır və heç kəs qanunsuz olaraq mülkiyyətdən məhrum edilə bilməz. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4 və 157.8-ci maddələrinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi” Qaydasının 1.5-ci bəndinə görə, bu Qayda əsasında tikintiyə icazə tikinti obyektinin inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi üçün verilir. Qaydanın 2.1-ci bəndinə əsasən tikinti layihəsini müvafiq lisenziyası olan hüquqi və ya fiziki şəxslər o cümlədən müvafiq lisenziyası olduğu təqdirdə, sifarişçinin özü hazırlayır. Sifarişçi layihəçini cəlb etməyi nəzərdə tutduqda, bu məqsədlə layihəçi ilə Məcəllənin 48-ci maddəsinə əsasən müqavilə bağlayır. Qaydanın 3.9-cu bəndinə görə tikintiyə icazə verildiyi halda icazə verən orqan 1 (bir) iş günündən gec olmayaraq elektron formada tikintiyə icazəni və tikinti layihəsini sifarişçiyə təqdim edir və belə icazə tikintiyə başlanılması üçün əsas hesab olunur. Qaydanın 4.1-ci bəndinə əsaəsən tikintiyə icazə verildiyi hallarda, sifarişçi tikinti ərazisində tikinti işlərini, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə riayət etməklə, tikinti layihəsinə uyğun olaraq həyata keçirir. Qaydanın 5.3-cü bəndinə əsasən tikintiyə dövlət nəzarəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi və Tikintidə X5 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirilir. İş üzrə təqdim edilmiş sübutlardan, o cümlədən müvafiq orqanların təqdim etdiyi məktublardan aydın olur ki, Cavabdeh tərəfindən ünvan 5 ünvanında yerləşən evinin qarşısında müvafiq icazə sənədləri olmadan yüngül konstruksiyalı əlavə yardımçı tikili inşa edilmişdir. Tikili ümumi istifadədə olan keçid sahəsində yerləşməklə digər sakinlərin, o cümlədən iddiaçının və digər qonşuların evlərinə giriş-çıxış, sərbəst hərəkət imkanlarını məhdudlaşdırmış, fövqəladə hallarda təxliyə və operativ yardım imkanlarını faktiki olaraq mümkünsüz etmişdir. Qeyd edilən əlavə tikilinin ümumi istifadədə olan torpaq sahəsində müvafiq icazə sənədləri olmadan qanunsuz olaraq inşa edilməsi faktı dövlət orqanlarının rəsmi məktubları ilə təsdiq olunmuşdur. Bu isə cavabdehin qanunsuz olaraq zəbt etmiş sahədə özbaşına tikinti aparmaqla başqalarının hüquqlarına zərər vurduğunun və qanunsuz hərəkət etməsinin göstəricisidir. İddiaçının evinə əsas girişin digər tərəfdən olması mövcud vəziyyəti dəyişdirmir. İddiaçı tərəfindən dəfələrlə müvafiq orqanlara edilən müraciətlər, eləcə də cavabdehin bu tikilini könüllü sökməkdən imtina etməsi, onun qanunsuz hərəkətinin davamlı və iradəli xarakter daşıdığını göstərir. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlar da yazılı sübutlarla bir-birini tamamlayır və işin halları ilə uyğunluq təşkil edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən inşa edilmiş tikili özbaşına tikili hesab olunur və onun sökülməsi tələbi qanuni və əsaslıdır. Eyni zamanda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 62 və 111-ci maddələrinə görə, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fıziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hazırki işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən inşa edilmiş tikilinin yerləşdiyi torpaq sahəsinin dövlət torpaq fonduna aid olduğu, mübahisələndirilən tikilinin altından qonşulara məxsus kanalizasiya xəttinin keçdiyi və cavabdehin bu əraziyə dair hər hansı mülkiyyət, icarə və ya digər hüquq əsasında istifadə hüququnun mövcud olmadığı iş üzrə toplanmış sübutlarla təsdiq edilmişdir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Eyni Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin özbaşına tikinti aparmaqla ümumi istifadədə olan əraziyə müdaxilə etməsi, qanunsuz şəkildə əmlak əldə etməyə yönəlmiş hərəkətlərə yol verməsi qanuna ziddir və mülki hüquq pozuntusu kimi aradan qaldırılmalıdır. Cavabdehin mübahisəli tikilinin uzun müddət öncə inşa edilməsi barədə etirazına gəlincə qeyd edilməlidir ki, məhkəmə tərəfindən yerli baxış keçirilərkən həmin tikilinin yeni inşa edildiyi aşkar şəkildə müəyyən edilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən tərəflərin izahatına əsasən həmin ərazidə yan tərəfləri açıq olan söhbətgah mövcud idi, 2023-cü ildə həmin söbhətgahın yerində mübahisələndirilən tikili inşa edilmişdir. Məhkəmə həmin izahatları ağlabatan və işin hallarına uyğun hesab edir. Həmçinin iddiaçı tərəfindən mübahisələndirilən sahənin əvvəlki və tikintidən sonrakı şəkilləri iş materiallarına əlavə edilmişdir. Əvvəlki vəziyyətdə həmin sahədə yerləşən söhbətgah ümumi istifadədə olsa da, sonradan yan tərəflərinə divar tikilmiş və yalnız cavabdehin şəxsi istifadəsinə keçirilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən ünvan 1 ünvanında ümumi istifadədə olan sahədə inşa edilmiş qanunsuz tikili öz hesabına sökülməli və həmin sahə əvvəlki vəziyyətinə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında ümumi istifadədə olan sahədə inşa edilmiş qanunsuz tikili Cavabdeh hesabına sökülsün və həmin sahə əvvəlki vəziyyətinə qaytarılsın. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X4, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar