Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-120/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı “xxxx”MMC-nin nümayəndəsi və vəkili X3 və Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” MMC-yə olan 21 567.62 manat əsas borc, 10 275.62 manat faiz borcu və 7500 manat dəbbə borcu olmaqla cəmi 39 342.78manat məbləğində borcun və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumu ödənişinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “xxxx” MMC arasında 05 may 2017-ci il tarixli 190 saylı X11 müqaviləsi bağlanmışdır. X11 müqaviləsinə əsasən “xxxx” MMC-nin mülkiyyətində olan ümumi dəyəri 68 000 manat olan BMW 5351 minik markalı avtomobil Cavabdeh lizinqə verilmişdir. Bununla bağlı Cavabdeh ilə “xxxx” MMC arasında 05 may 2017-ci il tarixində X11 müqaviləsi bağlanmışdır. 05 may 2017-ci il tarixli X11 müqaviləsinə əsasən, Cavabdeh 29 yanvar 2020-ci il tarixinə 21 567.62 manat əsas borc, 10 275.62 manat faiz borcu və 7 500 manat dəbbə borcu olmaqla cəmi 39 342.78 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Göründüyü kimi, cavabdeh 05 may 2017-ci il tarixli X11 Müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində “xxxx” MMC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə şifahi və yazılı müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayraq, Cavabdeh borcunun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Bununla da cavabdeh, öhdəliyin icrası ilə bağlı sazişdə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən X11 Müqaviləsi üzrə yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin, X11 müqaviləsinə əsasən “xxxx” MMC-yə olan əsas, faiz və ona hesablanmış dəbbə borcu 39 342.78 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı “xxxx”MMC-nin nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini, rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh eyni zamanda məhkəməyə iddia ərizəsinə etiraz tədqim edərək, etirazını onunla əsaslandırmışdır ki, "xxxx" MMC-dən 05.05.2017-ci il tarixli 190 saylı X11 müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan ümumi dəyəri 68000 manat olan BMW 535İ minik markalı avtomobili lizinqə götürmüş, müqaviləyə uyğun olaraq 9470 manat ilkin ödəniş olaraq əvvəlcədən ödəmişdir. Avtomobili təhvil aldıqdan sonra da 6 ay ərzində ayda 1550.69 manat ödəniş etmişdir. Cəmi həmin avtomobil üzrə 18774 maanat ödəniş etmişdir. 6 aydan sonra həmin avtomobildə nasazlıq yarandı və o, servisdə yoxlatdıran zaman aşkar olundu ki, avtomobil X4 suda batmış avtomobil olmuşdur. Həmin avtomobilin vin kod üzrə tarixçəsini ustalar ona təqdim etmişlər. O, avtomobili lizinqə götürəndə "xxxx" MMC bu barədə ona məlumat verməmişdir. Dəfələrlə soruşmağına baxmayaraq ona bildirdilər ki, bu avtomobil nə suda batmış nə də qəzalı avtomobil deyil. O, da inanıb baha qiymətə bu avtomobili almışdır. Təxmini 2017-ci ilin dekabr ayında avtomobili qeyd etdiyi qüsuruna görə "xxxx" MMC-nə təhvil vermiş və ilkin ödənişini geri tələb etmişdir. "xxxx" MMC-dən ona bildirildi ki, avtomobili başqa şəxsə satıb ona ödədiyi ilkin ödənişi ona qaytaracaqlar. Lakin bu günə qədər onu pulunu qaytarmamışlar. Əksinə ona qarşı iddia qaldırıb əsassız pul tələb edirlər. İddia tələbindən də görünür ki, lizinq obyekti (avtomobil) ondan tələb edilmir. Həmçinin müqavilənin xitam olunması da tələb edilmir. Bu onu təsdiq edir ki, avtomobil lizinq verənin, yəni mülkiyyətçinin özündədir və müqaviləyə xitam verilib. İddiaçı lizinq müqaviləsini kredit müqaviləsi ilə səhv salıb ona qarşı iddia qaldırıb. Lizinq müqaviləsi kirayə (icarə) müqaviləsinin bir növüdür. Əmlakdan istifadə olunursa ödəniş edilir, istifadə olunmursa və əmlak mülkiyyətçinin istifadəsindədirsə hər hansı ödənişdən söhbət gedə bilməz. İddiaçı iki ildən çox müddət gözlədikdən sonra iddia qaldırması iddianın əsassız olmasını təsdiq edir. Belə ki, 05.05.2017-ci il tarixli 190 saylı lizinq müqaviləsinin 6.2.2-ci bəndinə əsasən lizinq alan ardıcıl olaraq iki dəfədən çox lizinq ödənişini ödəmədikdə lizinq müqaviləsinə lizinq verən tərəfindən birtərəfli qaydada xitam verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İddia ərizəsinə əlavə edilmiş 05.05.2017-ci il tarixli iltizamda da qrafik üzrə hər ay ödəməli olduğu ödənişi 30 gün ərzində gecikdirsə "xxxx" MMC tərəfindən avtomobilin geri alınmasına etiraz etmədiyi qeyd olunub. Yəni belə məzmunlu iltizamı ona imzalatdırıblar. Göründüyü kimi, lizinq müqaviləsinin 6.2.2-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748- 1.12.4-ci maddəsinə və 05.05.2017-ci il tarixli iltizama əsasən lizinq ödənişi edilmədikdə lizinq verənin lizinq obyektini geri almaq hüququ olduğu halda lizinq ödənişlərinin lizinq alandan məhkəmə qaydasında tələb edilməsi absurddur. Beləliklə, "xxxx" MMC-nin iddia tələbi əsassızdır və rədd edilməlidir. Avtomobil 2017-ci ilin dekabr ayından "xxxx" MMC-nin istifadəsindədir. Bunu DYP-nin məlumatları və ona verilən etibarnamələr sübut edir. Məlum olduğu kimi, lizinqə verilmiş avtomobilə görə lizinq alana aylıq etibarnamə verilir. Lizinq alana hər ay üzrə ödəniş edildikdə lizinq verən tərəfindən bir aylıq etibarnamə verilir. Lakin 2017-ci ilin dekabr ayından sonra ona etibarnamə verilməmiş və verilə də bilməzdi. Çünki təhvil verdiyi üçün avtomobil onun sahibliyində olmamışdır. Avtomobili 2017- ci ilin dekabr ayından bugünə qədər "xxxx" MMC-nin işçiləri idarə edirlər. Məhkəmə izahatları dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 04 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05 may 2017-ci il tarixli AK-190 saylı X11 müqaviləsinə əsasən 29 yanvar 2020-ci il tarixinə 21567,62 manat əsas, 10275,16 manat faiz, 7500 manat cərimə borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh iddiaçı “xxxx”MMC- tərəfindən borcunu 3 iş günü ərizndə ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan “xxxx”MMC ilə Cavabdeh arasında bağlanmış, 05 may 2017ci il tarixli 190 saylı X11 müqaviləsindən görünür ki, “xxxx”MMC-nin direktoru Lizinq verən X8 arasında imzalanmış 190 saylı alqı-satqı müqaviləsi üzrə qiyməti 68000 manat olan BMW 535i minik markalı, buraxılış ili 2013 ban nömrəsi WBA5B1C57ED475607, rəngi ağ olan avtomaşını (bundan sonra "Lizinq obyekti") lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi və bu Müqavilənin müddəalarına uyğun olaraq sahibliyinə və Lizinq alanın istifadəsinə verir. Qiymətin 9470 manat hissəsi avtomaşının sənədləri alıcıya verildikdən sonra avans şəklində satıcıya ödənilir. Qalan məbləği 58530 manat hissəsi təhvil-təslim aktı imzalandıqdan sonra alıcı tərəfindən ödənilir. İş materiallarında olan 05.05.2017-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 58530 manat kredit məbləğini 20% faiz dərəcəsi olmaqla 60 ay ərzində ödəniş etməsi üçün hər ay aylıq ödəniş məbləği müəyyən edilmişdir. İş materiallarında olan AC” 870090 saylı Azərbaycan Respublikasının Nəqliyyat X1 görünür ki, 10AF320 qeydiyyat nişanlı BMW 535i minik markalı ban nömrəsi WBA5B1C57ED475607, rəngi ağ olan avtomaşının sahibi “xxxx”MMC-dir. İş materiallarında olan 05 may 2017-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh xxxx” MMC ilə imzalamış olduğu 05 may 2017-ci il tarixli 190 saylı X11 müqaviləsinə əsasən BMW 535i minik markalı, buraxılış ili 2013 ban nömrəsi WBA5B1C57ED475607,rəngi ağ olan avtomaşın üçün qrafik üzrə hər ayın 5-i ödəniş olduğunu, 30 gün ərzində ödənişi gecikdirəcəyi təqdirdə “xxxx” MMC tərəfindən maşının müsadirə edilməsinə etirazı omayacağını qeyd etmişdir. İş materiallarında olan 05 may 2017-ci il tarixli 190 saylı X11 müqaviləsinə dair təhviltəslim aktından görünür ki, BMW 535i minik markalı, buraxılış ili 2013 ban nömrəsi WBA5B1C57ED475607, rəngi ağ olan avtomaşın Cavabdeh qüsursuz təhvil verilmişdir. İş materiallarında olan “xxxx”MMC-nin 18.05.2020-ci il tarixli DYP-ə olan məktubundan görünür ki, “xxxx”MMC-nin mülkiyyətində olan BMW 535i minik markalı, buraxılış ili 2013 ban nömrəsi WBA5B1C57ED475607, rəngi ağ olan avtomaşını X5 adına rəsmiləşdirilməsinə etiraz etməmişlər. İş materiallarında olan nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, 01 iyun 2020-ci il tarixdə X9 28000 manata BMW 535i minik markalı, buraxılış ili 2013 ban nömrəsi WBA5B1C57ED475607,rəngi ağ olan avtomaşını X2. Məhkəmə baxışında tədqiq edilmiş materiallarla müəyyən edilmişdir ki, Cavabdeh ilə “xxxx” MMC arasında 05 may 2017-ci il tarixli 190 saylı X11 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “xxxx” MMC-nin mülkiyyətində olan ümumi dəyəri 68 000 (altmış səkkiz min) manat olan BMW 5351 minik markalı avtomobil Cavabdeh lizinqə verilmişdir. Cavabdeh 05 may 2017-ci il tarixli X11 Müqaviləsinin şərtlərini pozmuş və öz öhdəliyini vaxtında yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, iddiaçının xeyrinə 21567,62 manat əsas,10275,62 manat faiz borcu, dəbbə pulu iddia tələbinə tənasübsüz şəkildə hesablanmış və bu səbəbdən də qismən təmin edilərək 100 manat məbləğində müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi qənaətinə gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21 567.62 (iyirmi bir min beş yüz altmış yeddi manat altmış iki qəpik) manat əsas borc, 10 275.62 (on min iki yüz yetmiş beş manat altmış iki qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu, ümumilikdə 31943,24 (otuz bir min doqquz yüz qırx üç manat 24 qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-120/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-120/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver