Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1216/2023 22.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində göstərilməklə) qarşı bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində göstərilməklə) qarşı bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 4Ə-978 nömrəli bağışlanma müqaviləsinin və onun əsasında X1 adına olan qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********29 olan çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bağışlanma müqaviləsi əsasında mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 944 saylı bağ sahəsini bacısı hazırki cavabdehə bağışlamışdır. Bağışlanma notariat qaydasında olmuş, cavabdeh müvafiq öhdəliklər götürmüşdür. Cavabdehin öhdəliklərinə inanaraq mülkiyyətində olan əmlakı ona heç bir ödəniş etmədən bağışlamışdır. Sonradan cavabdeh öhdəlikləri icra etməmiş və bununlada onun etibarından sui-istifadə etdiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Bu müddət ərzində 3 dəfə müəyyən xəstəliklərdən əziyyət çəkmiş, Covid 19 pamdemiyası vaxtı xəstələnmiş, karantina alınmış, bundan başqa əməliyyat edilmişdir. Xəstəliklərindən ötrü müqavilənin etibarsızlığı məsələsini qaldırmamışdır. Bununla əlaqədar olaraq iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia ərizəsinə qarşı etiraz ünvanlamışdır. Etirazı onunla əsaslandırmışdır ki, mübahisələndirilən bağışlama müqaviləsi xx.xx.2021-ci il tarixində hədiyyə verənlə (iddiaçı) hədiyyə alan (cavabdeh) arasında hər hansı bir şərt və ya öhdəlik nəzərdə tutulmadan bağlanılmışdır. Müqavilə bağlanarkən notarius tərəfindən hədiyyə verənə və hədiyyə alana Azərbaycan Respublikası MM-nin 666-674-cü maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr izah edilmişdir. Yəni, hədiyyə verən torpaq sahəsini bacısına hədiyyə edərkən sonuncunun qarşısında hər hansı bir şərt, tələb və ya öhdəlik qoymamış, mübahisələndirdiyi bağışlama müaviləsində nəzərdə tutulmuş bütün şərtlərlə razılaşmış və bunu öz imzası ilə notarial qaydada təsdiq etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində müvafiq iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, qanunla müəyyən edilmiş 1 il müddətində müvafiq tələblə məhkəməyə müraciət etməmiş və bununla da iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. Digər tərəfdən, iddia ərizəsində bağışlama müqaviləsi ilə bağlı cavabdeh tərəfindən hansı öhdəliklərin götürülməsi, eləcə də həmin öhdəliklərin necə icra edilməməsi ilə bağlı hər hansı bir sübut və ya dəlil göstərilməmiş və təqdim edilməmişdir. Daha sonra, iddiaçı tərəfindən özünün hansı müddətlər ərzində xəstələnməsi, həmin xəstəliklərin onun müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməsini, habelə bu iş üzrə vəkillə müqavilə bağlamasını mümkünsüz etməsi ilə də bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası MM-nin 14-cü fəslində nəzərdə tutulan əqdlərin etibarsızlığı barədə hər hansı bir əsasa istinad edilməmişdir. Çünki sözügedən mübahisə üzrə hər hansı bir əsas yoxdur. İddia tələbinin təmin olunmayaraq rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizə ünvanlamış və həmin ərizəni onunla əsaslandırmışdır ki, iddia tələbi üzrə 2(005)- 1216/2023 saylı mülki işə iddia müddətinin keçməsi barədə qanunvericiliyin müvafiq norması tətbiq edilməlidir. “Mübahisələndirilən əqdin etibarsız sayılması tələbi” və “əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi tələbi” mülki hüquqdur və mülki hüququn həyata keçirilməsi müddəti bitəndə hüququn özü də xitam olunur. İddiaçı tərəfindən iddia vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət buraxıldığından iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Xəzər Rayon Məhkəməsinin 2(003)-4306/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində göstərilməklə) qarşı bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır; Əmlak Xidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlama müqaviləsinin notarial təsdiq olunmuş surətindən görünür ki, “hədiyyə verən” İddiaçı ünvan ünvanında yerləşən 0.12 ha torpaq sahəsini “hədiyyə alan” Cavabdeh mülkiyyətinə vermişdir; Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdə vəziyyəti qəfil pisləşdiyinə görə təcili tibbi yardıma müraciət etmiş, daha sonra kranial MRT müayinəsindən keçmiş və özəl nevropotoloqun nəzarəti altında müalicə almışdır. Sağ korona radiatada milli metrik ölçüdə yarım kəskin fazada işemik insult diaqnozu qoyulmuşdur; Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstutunun xx.xx.2023-cü il tarixli arayışında görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı müraciəti zamanı ona “Sağ bazu sümüyünün cərrahi boynunun böyük yerdəyişmiş sınığı” diaqnozu qoyulmuşdur. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olmuş ünvan ünvanında yerləşən 0.12 ha torpaq sahəsini notarius ofisində bağlanmış bağışlama müqaviləsinə əsasən bacısı-Cavabdeh mülkiyyətinə vermişdir. Qeyd olunan torpaq sahəsi bağışlandıqdan sonra Cavabdeh faktiki mülkiyyətində və istifadəsindədir. Sonra iddiaçı Xəzər rayon Məhkəməsinə bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizə ilə müraciət etmiş, lakin aidiyyat qaydaları pozulması səbəbindən iddia ərizəsi geri qaytarılmışdır.Hazırki iddia üzrə isə iddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qaldırdığı iddianın əsası kimi, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilmədiyi göstərərək həmin müqavilənin etibarsızlığı tələb edir. Cavabdeh isə buna etiraz edərək, müqavilədə hər hansı öhdəliyin nəzərdə tutulmadığını və həmçinin iddia müddətinin ötürüldüyünü bildirir. Məhkəmə iddia ərizəsini, iddia ona olan etirazı və sübutları qarşılıqlı tətqiq edərək, iddiaçının qanunvericiliklə müəyyən edilmiş müddətdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsini nəzərə alaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.1-ci maddəsinə əsasən ümumi müddəti 10 il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə çıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçı xx.xx.2021-ci il tarixli müqavilənin bağlandığı müddətdən 1 il artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, müqavilənin özündə də, iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamış, cavabdeh isə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə, xx.xx.2021-ci il tarixli müqavilənin etibarsızlığı tələbi olduğu üçün məhkəmə qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmaya şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi, tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması aiddir. (347.2.1-347.2.3-cü maddələr) Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin hüquqi mahiyyəti ondan ibarətdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” söləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı səxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmıs əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmisdir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyisiklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Göründüyü kimi, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı onun hüququnun pozulduğunu bildiyi andan 1 il müddətində əqdin etibarsızlığı ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. İddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsini öz xəstəliyi və Covid-19 virusuna yoluxması ilə əsaslandırsa da, məhkəmə qeyd edir ki, göstərilən səbəblər iddianın vaxtında verilməməsi üçün əsas olmamışdır. Belə ki, tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmış və həmin müqavilənin etibarsızlığı üçün xx.xx.2022-ci il tarixədək məhkəməyə iddia ilə müraciət etmək hüququ olmuşdur. İş materiallarında olan Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstutunun xx.xx.2023-cü il tarixli arayışında iddiaçının xx.xx.2021-ci il tarixdə travma alması qeyd edilmişdir. X2 (xəstəlik tarixindən) çıxarışda iddiaçının xx.xx.2022-ci il tarixdə işemik insult nəticəsində sağlamlığının müəyyən müddətdə pozulması müəyyən edilmiş, lakin həmin müddətinin uzun sürməsi və ya xx.xx.2022-ci il tarixədək çəkməsi əks edilməmişdir. İddiaçı Covid-19 virusuna yoluxma ilə əlaqədar müddətinin ötürməsini bildirmiş, lakin iddiaçının buna dair irəli sürdükləri arqumentlər ağlabatan olmamaqla heç bir mötəbər və tutarlı sübut növləri ilə də öz təsdiqini tapmır. Halbuki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə həmçinin iddiaçının iddia ərizəsinin əsasına münasibətdə qeyd edir ki, iddiaçının istinad etdiyi əsaslar müqavilənin etibarsız hesab edilməsi üçün əsas deyildir. Belə ki, iddiaçı iddia ərizəsində bağışlanılmış torpaq sahəsinin sonradan cavabdeh tərəfindən sonuncunun gəlininə bağışlamaq şərti ilə müqavilə bağlandığını qeyd etsə də, müqavilədə belə bir şərt əks olmamış, cavabdeh belə bir öhdəliyi üzərinə götürməmiş və həmçinin iddiaçının əmlakını birbaşa cavabdehin gəlininə bağışlaması imkanı olmuşdur. Beləliklə də məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində göstərilməklə) qarşı bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən iddia tələbi təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində göstərilməklə) qarşı bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №2(005)-1216/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1216/2023
22.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver