Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1220/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, Cavabdeh2 ASC-nin nümayəndəsi və Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 ASC-yə, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə və Cavabdeh3 MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “qiymətləndirmə hesabatının və hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdı̇ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 ASC-yə, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə vən Cavabdeh3 MMC-yə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətinin qanunsuz hesab edilməklə, cavabdeh "xxxx" ASC-nin mənzilin və bağ sahəsinin yenidən qiymətləndirilməsindən imtinasının, həmçinin Nərimanov İcra və Probasiya Şöbəsi və "xxxx" MMCnin Bakı şəhəri, Nərimanov rayonu, X3 pr. ev 23/25-də yerləşən 69 N-li mənzilin tərəfindən açıq hərraca çıxarılmasının qanunsuz hesab edilməklə 18 yanvar 2022-ci il tarixli 88/22 Bildirişin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin 09 sentyabr 2020-ci il tarixdə verilmiş QXM 320/M nömrəli qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı 31 mart 2022-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə əlavə təqdim edərək cavabdehlərin hərəkətinin qanunsuz hesab edilməklə, cavabdeh "xxxx" ASC-nin mənzilin və bağ sahəsinin yenidən qiymətləndirilməsindən imtinasının, həmçinin Nərimanov İcra və Probasiya Şöbəsi və "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, X3 p r, ev 23/25-də yerləşən 69 N-li mənzilin tərəfindən açıq hərraca çıxarılmasının qanunsuz hesab edilməklə 18 yanvar 2022ci il tarixli 88/22 Bildirişin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin 09 sentyabr 2020-ci il tarixdə verilmiş QXM 320/M nömrəli qiymətləndirmə rəyinin və Hərracın yekunları barədə 24/22 saylı 03 mart 2022-ci il tarixli Protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC-nin 18 yanvar 2022ci il tarixli 88/22 Bildirişinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1303/2020 saylı, 14.10.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Nərimanov rayon icra Şöbəsi tərəfindən verilmiş **********5/20-15-12 saylı, 22.12.2021-ci il tarixli sifarişə əsasən, ipoteka predmeti olan, borclu İddiaçı məxsus, ilkin satış qiyməti 55.000 (əlli beş min) manat olmaqla, açıq hərraca çıxarılmış, Bakı şəhəri, Nərimanov rayonu, X3 pr-ti, ev 23/25, 69 nömrəli mənzilə dair 18 yanvar 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar olaraq təkrar hərrac 04 fevral 2022-ci il tarixinə təyin edilmişidir. Aşağıdakılara əsasən cavabdehin hərəkətləri, hərracın keçirilməsinin qanunsuz hesab edilməli, 09 sentyabr 2020-ci il tarixdə verilmiş QXM 320/M nömrəli qiymətləndirmə rəyinin etibarsız hesab edilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(005)- 1303/2020 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və 31.05.2018-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, əsas borc kimi 93.710,8 manat, faiz borcu kimi 21.502.15 manat cərimə borc cəmi 116.752,23 manat cavabdeh İddiaçı dən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan göstərilən əmlaklara yəni, 1) cavabdeh Rauf Nabiycvo məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu. X3 pr, ev 23/25-də yerləşən 69 №-li mənzil; 2) cavabdeh Raul Nəbiyevə məxsus olar Sumqayıt şəhər Novxanı bağ massivində yerləşən, sahəsi 0,06 ha təşkil edən B-1352A/1 №-li bağ sahəs 3) cavabdeh İddiaçı məxsus olan, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, sahəsi 0,03 ha təşkil edən B- 1352A №-li bağ sahəsinə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 09 sentyabr 2020-ci ıl tarixdə verilmiş QXM 320/M nömrəli qiymətləndirmə rəyindən görünür ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 23/25 nömrəli binanın 69 nömrəli mənzilin bazar dəyəri 55 000 manat, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1352A ünvanında mülkiyyətində olan 0,03 ha ümumi sahədən ibarət torpaq sahəsinin bazar dəyəri 12000 manat və Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1352A/1 ünvanında mülkiyyətində olan 0,06 ha ümumi sahədən ibarət torpaq sahəsinin bazar dəyəri 24000 manat müəyyən edilmişdir. Halbuki, sözü edən hərraca çıxarılmış mənzilin real qiyməti yüz min manatdan yuxarıdır. Buna baxmayaraq, cavabdehlər Nərimanov İcra və Probasiya Şöbəsi, "xxxx" MMC və "xxxx" ASC və "xxxx" MMC ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X3 pr, ev 23/25-də yerləşən 69 N-li mənzili yüz min manatlıq mənzili 55000 manata yəni dəyər-dəyməzinə satmaq məqsədi ilə mənzili qanunsuz yolla hərrac vasitəsi ilə satışa çıxarmışlar. Cavabdeh “Qiymətləndirmə Xidməti Mərkəzi" MMC tərəfindən 09 sentyabr 2020-ci il tarixdə verilmiş QXM 320/M nömrəli qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 23/25 nömrəli binanın 69 nömrəli mənzilin bazar dəyəri 55000 manatdır. Halbuki, həmin ərazidə bir otaqlı mənzil belə yetmiş min manatdan artıq qiymətə satılır. Cavabdeh "xxxx" MMC və "xxxx" ASC birgə maddi maraqlardan çıxış edərək onun mənzilini qəsdən aşağı qiymətə əldə etmək üçün həmin saxta rəyə istinad etmiş, guya hərracın baş tutmadığı barədə məlumat bildiriş də göndərmişlər. Hesab edir ki, "xxxx" MMC tərəfindən 09 sentyabr 2020-ci il tarixdə verilmiş QXM 320/M nömrəli qiymətləndirmə rəyi etibarsız olduğundan onun əsasında hərracda ilkin qiymət təyin edilməsi də qanunsuzdur. Bu hal onun mülkiyyətçi kimi hüquqlarının kobud pozulmasıdır. Dəfələrlə cavabdeh "xxxx" ASC-yə həmin məsələyə baxılması barədə müraciət etsə də cavabdeh bundan öz maddi maraqlarına görə imtina etmişdir. Odur ki, hesab edir ki, hazırda hərracın keçirilməsi qanunsuz və əsassızdır. Hərrac və icra işləri dayandırılmalı, mənzil yenidən düzgün qiymətləndirildikdən sonra mənzilə dair hərracın keçirilməsi mümkündür. Məhkəmənin 26.04.2022-ci il tarixli iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehinlərin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddia tələbini müdafiə etmiş və əmlakın dəyərindən aşağı qiymətləndirildiyini bildirərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 ASC-nin nümayəndəsi və Nümayəndə məhkəmə iclasında iddia ərizəsini qəbul etmədiklərini bildirərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Eyni xamanda iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı "xxxx" MMC-yə, Nərimanov İcra və Probasiya şöbəsinə, "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı "cavabdehlərin hərəkətlərinin və hərracın keçirilməsinin qanunsuz hesab edilməsi, 09 sentyabr 2020-ci il tarixdə verilmiş QXM 320/M nömrəli qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi aşağıda qeyd edilənlərə əsasən əsassızdır və təmin edilməməlidir. Əvvəlki məhkəmə mübahisəsində bu məsələyə artıq qiymət verilmişdir. Bundan əvvəl "xxxx" ASC İddiaçı qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2(005)-1303/2020 saylı, Bakı Apellyasiya məhkəməsinin 12.02.2021-ci il tarixli, 2(103)- 2376/2021 saylı qətnamələrinə və Ali Məhkəmənin 17.09.2021-ci il tarixli, 2(102)-5332/2021 saylı qərarına əsasən iddia tələbi haqlı hesab edilmişdir. Həmin məhkəmə işləri üzrə İddiaçı istər apellyasiya şikayətində, istərsə də kassasiya şikayətində qiymətləndirmə rəyi ilə bağlı narazılığını bildirmiş, lakin həmin narazılıqlar əsassız olduğundan məhkəmə tərəfindən nəzərə alınmamış və beləliklə də Nərimanov Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əgər əmlakın qiymətləndirilməsi ilə bağlı hər hansı qanunsuzluq və uyğunsuzluq olsaydı əmlakın yenidən qiymətləndirilməsi üçün yeni qiymətləndirmə təyin edilər, belə hallar məhkəmə qərarlarında öz əksini -..tapmış olardı. Əvvəlki məhkəmə mübahisələrində keçirilmiş qiymətləndirmə ilə bağlı məhkəmənin mövqeyi açıq və aydın olduğundan hal-hazırda qiymətləndirmənin yeni mübahisə mövzusu olması qanunsuzdur. Hazırda məhkəmənin icraatında olan iddia "xxxx" ASC-nin iddiası üzrə çıxarılmış məhkəmə qətnaməsinin icrasını yubatmaq, kredit borcunun ödənişi ilə bağlı gələcəkdə görüləcək icra tədbirlərini gecikdirməkdən ötrü atılmış bir addımdır. Eyni zamanda, nəzərinizə çatdıraq ki, Nərimanov rayon məhkəməsinin 14.10.2020-ci il tarixli, 2(005)-1303/2020 saylı qətnaməsinin icrası məqsədi ilə ipoteka predmeti olan, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində 0,05118 ha torpaq sahəsində yerləşən 23/25 nömrəli binanın 69 nömrəli mənzili hərrac təşkilatı tərəfindən qanunvericiliyə uyğun şəkildə açıq hərraca çıxarılmış, lakin keçirilmiş iki hərracın yekunlarına əsasən alıcı olmadığı üçün həmin əmlakın əldə edilməsi ipoteka saxlayan olaraq banka təklif olunmuşdur. Hal-hazırda bu təkliflə bağlı əmlakın qeydiyyatı ilə əlaqədar bank tərəfindən tədbirlər həyata keçirilir. Yuxarıda da qeyd etdiyimiz kimi hazırki iddianı banka və digər şəxslərə qarşı irəli sürməkdə İddiaçı əsas məqsədi ipoteka predmeti olan əmlakın hərrac nəticəsində özgəninkiləşdirilməsi prosedurunu yubatmaq, ona mümkün olan hüquqi vasitələrlə əngəl törətməkdir. Bank tərəfindən İddiaçı hər cür köməklik edilmişdir. Məhkəmə mübahisəsi başlayan vaxtdan kredit borcunun ödənilməsində yardım göstərilməsi üçün İddiaçı dəfələrlə banka dəvət olunub və onunla danışıqlar aparılıb. Həmin danışıqlarda iddiaçıya ipoteka predmetinin bazar qiymətlərinə uyğun satışı təklif edilmiş, lakin İddiaçı həmin təkliflərə əməli cavab verməmişdir. Əksinə, məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirici təşkilatın qiymətləndiricisinin ipoteka predmetinə baxış keçirilməsi üçün mənzilə daxil olmasına icazə verməmişdir. Hesab edilir ki, İddiaçı ipoteka predmetinin satışı hesabına borcunun ödənilməsində maraqlı olsaydı bank tərəfindən edilmiş bu təkliflərə destruktiv yanaşmaz, işin tez və səmərəli həlli üçün öz köməyini göstərərdi. İddiaçı bu tipli ərizə və şikayətlər verməklə sadəcə prosesin gedişini ləngitmək istəyir. Yuxarıda da qeyd etdiyimiz kimi qiymətləndirmə rəyi əvvəlki məhkəmə çəkişmələrində mübahisələndirilmişdir. İddiaçı analoji mübahisə ilə əlaqədar 2022-ci il tarixdə yenidən müraciət etməklə əqdin etibarsızlığı tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı, cavabdehlər Cavabdeh1 MMC-yə, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə, Cavabdeh3 MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iddiaçı,. cavabdehinlərin və üçüncü şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək tərəflərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçı, digər cavabdehlərin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda Cavabdeh1 MMC məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh1 MMC-yə Cavabdeh2 ASC-yə, Nərimanov rayon İcra Şöbəsinə və Cavabdeh3 MMC-yə qarşı “cavabdehin hərəkətlərinin və Hərracın keçirilməsinn qanunsuz hesab edilməsi, 09 sentyabr 2020-ci il tarixdə verilmiş QXM 320/M nömrəli qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi və sair tələblərə dair” iddia ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin hərəkətinin qanunsuz hesab edilməklə, Cavabdeh2 ASC-nin mənzilin və bağ sahəsinin yenidən qiymətləndirilməsindən imtinasının, həmçinin Nərimanov İcra və Probasiya Şöbəsi və Cavabdeh1 MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, X3 pr., ev 23/25-də yerləşən 69 № li mənzilin tərəfindən açıq hərraca çıxarılmasının qanunsuz hesab edilməklə 18 yanvar 2022-ci il tarixli 88/22 bildirişin etibarsız hesab edilməsi, Cavabdeh3 MMC-nin 09 sentyabr 2020-ci il tarixdə verilmiş QXM 320/M nömrəli qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edirik ki, iddia tələbi qanuni və əsaslı deyildir. Belə ki, hazırkı etiraz mülahizələrinə əlavə edilmiş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1303/2020 saylı, 14.10.2020-ci il tarixli icra vərəqəsinin surətindən və həmin icra sənədinə əsasən Bakı şəhəri Nərimanov rayonu İcra Şöbəsinin 22.12.2021-ci il tarixli 212431-219315/20-15-12 saylı Sifariş məktubunun surətindən görünür ki, açıq hərraca çıxaırlmış əmlakın ilkin satış qiyməti Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-1303/2020 saylı, 14.10.2020-ci il tarixli qətnaməsi ilə 55.000 manat məbləğində müəyyənləşdirilmiş və sözügedən qəttnamə apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş borclu İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu. X3 pr., ev 23/25-də yerləşən 69 № li mənzilin açıq hərracda satılması sifariş olunmuşdur. Həmin hərrac sifarişi ilə əlaqədar olaraq ilkin hərrac 18.01.2022-ci il tarixinə, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş, bu barədə kütləvi informasiya vasitəsi kimi qeydiyyata alınmış “Birjanyus” X1 (Portalında) (www.birianews.az) 27.12.2021 -ci il tarixində elan dərc edilməklə, həmin elan hərracın təşkilatçısının rəsmi internet səhifəsində də yerləşdirilmişdir. Bundan sonra maraqlı şəxslərə, o cümlədən hazırkı iş üzrə İddiaçı “hərracın keçirilməsinə dair” 29.12.2021-ci il tarixli, 236/21 saylı bildiriş göndərilmişdir. 18.01.2022-ci il tarixinə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bu barədə 18.01.2022-ci il tarixli “hərracın baş tutmamasına dair” protokol tərtib edilmişdir. Bundan sonra təkrar hərrac 04.02.2022ci il tarixə, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş, bu barədə yuxarıda göstərilən qaydada elanlar dərc edilməklə. 88/22 № li 18.01.2022-ci il tarixli bildirişlə hərracda maraqlı şəxslərə, o cümlədən hazırkı iş üzrə iddaçı İddiaçı hərracın vaxtı, yeri və sair barədə zəruri məlumatların verilməsi təmin edilmişdir. 04.02.2022-ci il tarixə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmiş təkrar hərracda hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bu barədə 04.02.2022-ci il tarixində hərracın hərracın baş tutmamasına dair protokol tərtib edilmiş, hərracın baş tutmamasına dair “Birjanews” portalında (birjanews.az), eləcə də hərracın təşkilatçısının rəsmi internet səhifəsində 04.02.2022-ci il tarixində müvafiq məlumat dərc etdirilmişdir. (Bax “Birjanyus” X2 (Portalı) (www.birianews.az), rəsmi internet səhifəsi “E-herrac.com”). Bundan sonra “İpoteka haqqında Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinin tələblərinə uyğun olaraq ipoteka saxlayan "Bank of Baku” ASC-yə “ipoteka predmetinin əldə edilməsi barədə” 179/22 № li, 04.02.2022-ci il tarixli təklif hazırlanmış və növbəti gün həmin təklif ipoteka saxlayana göndərilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı hərraca çıxarılmış Bakı şəhəri, Nərimanov rayonu. X3 pr., ev 23/25-də yerləşən 69 № li mənzilinin ilkin satış dəyərinin 55.000 manat məbləğində qiymətlndirilməsinin qanunsuz və əsassız olması əsası ilə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və sözügedən iddia ərizəsində qeyd etmişdir ki, guya Cavabdeh1 MMC digər cavabdehlə birlikdə ona məxsus, yüz min manatlıq mənzili 55.000 manata, yəni “dəyər dəyməzinə” satmaq məqsədi ilə mənzili qanunsuz yolla hərrac vasitəsi ilə satışa çıxarmışdır. İşin mübahisəsiz halıdır ki, yuxarıda sözügedən mənzilin açıq hərracda ilkin satış dəyərinin 55.000 manat məbləğində müəyyənləşdirilməsi qanuni qüvvəsində olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)- 1303/2020 saylı, 14.10.2020-ci il tarixli qətnaməsinə əsaslanır. Digər Cavabdeh3 MMC tərəfindən verilmiş 09 sentyabr 2020-ci il tarixli, QXM 320/M nömrəli qiymətləndirmə rəyi yuxarıda sözügedən mülki işə baxılarkən tərtib edilmiş və həmin işə baxılarkən sübut növü kimi qiymətləndirilmişdir. Göründüyü kimi iddiaçının iddiasının hüquqi və faktiki əsasları əsassız və qanunsuzdur. Odur ki, iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1303/2020 saylı, 14.10.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 31 may 2018-ci il tarixli H041KR18-H00117 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı 31 may 2018-ci il tarixli H041KR18-H00117 saylı kredit müqaviləsi üzrə 93 710,8 (doxsan üç min yeddi yüz on manat, 80 qəpik) manat əsas borc, 21 502,15 (iyirmi bir min beş yüz iki manat, 15 qəpik) manat faiz borcu və 1 540 (bir min beş yüz qırx) manat cərimə borcu olmaqla, cəmi 116 752, 23 (bir yüz on altı min yeddi yüz əlli iki manat, 23 qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması, tutmanın cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində istifadəsində olan 0,05118 ha torpaq sahəsində yerləşən 23/25 nömrəli binanın 69 nömrəli mənzilinə (2 otaq, 30,7 kv.m. yaşayış sahəsindən ibarət), Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1352A ünvanında mülkiyyətində olan torpaq sahəsinə (0,03 ha ümumi sahədən ibarət) və Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1352A/1 ünvanında mülkiyyətində olan torpaq sahəsinə (0,06 ha ümumi sahədən ibarət) yönəldilməsi, həmin daşınmaz əmlaklar açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına cavabdeh İddiaçı Cavabdeh2 ASC-ə olan borcunun ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 23/25 nömrəli binanın 69 nömrəli mənzilin ilkin satış qiyməti 55 000 manat, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1352A ünvanında mülkiyyətində olan 0,03 ha ümumi sahədən ibarət torpaq sahəsinin ilkin satış qiyməti 12 000 manat və Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1352A/1 ünvanında mülkiyyətində olan 0,06 ha ümumi sahədən ibarət torpaq sahəsinin ilkin satış qiyməti 24 000 manat müəyyən edilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi cavabdeh İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5332/2021 saylı, 17.09.2021-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi MKnın 2(103)-2376/2021 saylı iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hərracın keçirilməsinə dair 29.12.2021-ci il tarixli 204/21 nömrəli bildirişin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk pr, ev 23/25, məınzil 69-a dair 18.01.2022-ci il, saat 11:00-a növbəlilik əsasında təyin edilmişdir; Cavabdeh1 MMC-nin 18.01.2022-ci il tarixli “hərracın baş tutmaması”na dair prptokoldan görünür ki, 18.01.2022-ci il, saat 11:00-a növbəlilik əsasında təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baç tutmamışdır. Təkrar hərracın keçirilməsinə dair 18.01.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk pr, ev 23/25, məınzil 69-a dair 18.01.2022-ci il, saat 11:00-a təyin edilmiş ilkin hərracın baş tutumaması səsəbindən təkrar hərrac 04.02.2022-ci il tarixinə saat 11:00-a təyin edilmişdir. Cavabdeh1 MMC-nin 04.02.2022-ci il tarixli “hərracın baş tutmaması”na dair prptokoldan görünür ki, 04.02.2022-ci il, saat 11:00-a növbəlilik əsasında təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baç tutmamışdır. 04.02.2022-ci il tarixli ipoteka predmetinin əldə edilməsi barədə təklifdən görünür ki, ipoteka saxlayan Cavabdeh2 ASC-yə Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk pr, ev 23/25, mənzil 69 təkrar hərracdakı satış qiymətindən 25 % az olmayan qiymətə əldə edilməsi təklif edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, Cavabdeh1 MMC tərəfindən İddiaçı açıq hərracın keçirilməsinə dair bildirişlər göndərilmiş və hərracın keçirilmə vaxtı və yeri barədə məlumat verilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 23/25 nömrəli binanın 69 nömrəli mənzilin ilkin satış qiyməti qanuni qüvvəsini almış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1303/2020 saylı, 14.10.2020-ci il tarixli qətnaməsi ilə 55 000 manat müəyyən edilmişdir. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunvericiliyin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 ASC-yə, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə və Cavabdeh3 MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı qiymətləndirmə hesabatının və hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 ASC-yə, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə və Cavabdeh3 MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “qiymətləndirmə hesabatının və hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 ASC-yə, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə və Cavabdeh3 MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “qiymətləndirmə hesabatının və hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1220/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1220/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver