Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1225/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********00010) dair xx.xx.2022-cİ il tarixli, ******* №-li akta əsasən hesablanmış 1036,80 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır və həmin evə **********00010 saylı abonent kodu verilərək qaz sayğacı quraşdırılmışdır. 2022-ci ilin sonunda ona aid **********00010 saylı abonent koduna əsassız olaraq 8640 m3 qaz sərfiyyatına görə 1036,80 manat məbləğində borc hesablanmışdır. Bu səbəbdən o, cavabdehə müraciət edib. Ona həmin idarədə bildirilmişdir ki, guya o, evdən kənarda, yəni küçədə yerləşən sayğaca müdaxilə etmişdir və bu səbəbdən ona cərimə yazılıb. O, qaz idarəsinin əməkdaşlarına əsassız, qanunsuz cərimənin yazılması ilə bağlı öz etirazını bildirib və cərimənin silinməsini tələb edib. Lakin həmin idarədə ona cərimənin silinməsi üçün məhkəməyə müraciət etməsini tövsiyə ediblər. xx.xx.2022-ci il tarixli, ******* №-li təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd olunur ki, Cavabdeh İB Metrologiya Departamentinin 29/1710- 03805-1 saylı məktubuna əsasən sayğaca baxış keçirilib və plastmas boruda deşik aşkar edilib. Göründüyü kimi, 17 noyabr 2022-ci il tarixli yoxlamanın əsasında 30 noyabr 2022-ci il tarixli qanunsuz akt tərtib edilmişdir və həmin akt əsasında ona 1036,80 manat məbləğində cərimə yazılmışdır. Halbuki onun həmin aktın tərtib edilməsindən xəbəri olmamış və həmin aktda guya onun aktı imzalamaqdan imtina etməsi barədə qeyd əks olunmuşdur. Cavabdeh etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı qızının mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmiş, nəticədə istismara yararsız hesab edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Qeyd olunan nəticələr xx.xx.2022-ci il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi özözündə istisna edilir. Beləliklə o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, ona qanunsuz olaraq cərimə yazılıb. Sayğaca heç bir müdaxilə olunmayıb. Onun iştirakı olmadan qanunsuz akt tərtib edilib. Sayğac evin çöl tərəfində yerləşir. Azəriqazın əməkdaşları sayğacı özləri söküb və özləri qoşublar. Akt tərtib edilərkən o, iştirak etməyib. İddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 bildirmişdir ki, iddiaçının evinə 2022-ci ilin sentyabr ayında baxış keçirilib və sonra sayğac sökülüb dövlət yoxlamasına göndərilib. Yoxlama zamanı sayğacda deşik aşkar edilib. Ondan sonra borc hesablanıb və nəticədə 1036 manat vətəndaşın saldosuna əlavə edilib. Tutulmalardan sonra vətəndaşın 1036 manat borcu qalıb. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı adına olan **********00010 saylı abonent saldosundan görünür ki, abonentə 2022-ci ilə 8640 m3 qaz sərfiyyatı və 1036,80 manat borc hesablanmışdır; - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, ünvana baxış keçirilən zaman plastmas boruda deşik aşkar edilmiş, sayğacın hesablayıcı mexanizminin sərfiyyatı qeyd etmədiyi göstərilmişdir; - Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, G-4 markalı 1102AQ**********0 №li sayğacın çıxış plastmas borusu deşik olduğundan, yeni sayğacla əvəz edilməsi qərara alınmış, dəymiş ziyanın həcmi 8640 m3 qaz sərfi hesablanmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, istehlakçı hesab edilən iddiaçıya məxsus mənzil Cavabdeh İB tərəfindən qazla təchiz edilir. Cavabdeh İBnin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus ünvanda təbii qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacın plastmas borusunda deşik aşkar edilmiş, sayğacın hesablayıcı mexanizmi sərfiyyatı aşkar edilmiş, bununla əlaqədar həmin tarixdə akt tərtib edilmiş, hesablanmış qaz sərfinin miqdarı 8640 m3 müəyyən edilmiş və 1036,80 manat borc hesablanmışdır. Hazırda iddiaçı müvafiq akta əsasən hesablanmış borcun əsassız olduğuna istinad edərək həmin borcun silinməsini xahiş edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7 və 4.8-ci bəndlərinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaydalar”ın 4.2 və 4.9-cu bəndlərinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Adıçəkilən Qanuna yeni edilmiş dəyişiklikləyə görə isə aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması yalnız həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilərsə qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericiliyin qeyd edilən müddəalarına görə, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Hazırkı mülki iş üzrə isə baş vermiş zərərin iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. İstehsalçı tərəfindən iddiaçının qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına müdaxilə edildiyi göstərilsə də, bunun səbəbkarının məhz istehlakçı olmasını təsdiq edən mötəbər sübutlar akta əlavə edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənədlər isə istehlakçının təqsirli olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin istehlakçının qazın talanmasında təqsirli olması qanunvericiliklə müəyyən edilmiş qaydada (inzibati orqanların və ya məhkəmənin qərarı ilə) müəyyən edilməmiş, akt qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, cavabdehin (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddiaçının sayğacdan kənar qazdan istifadə etməsi sübut olunmadığı halda ona cərimə (əlavə sərfiyyat) hesablanması da qanunvericiliyin tələblərinə görə mümkün deyildir. Göründüyü kimi, hazırki iş üzrə istehlakçının sayğaca müdaxilə etməsi və sayğacdan kənar qazdan istifadə etməsi qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 119.1 və 119.2-ci maddələrinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad edildiyindən, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus **********00010 abonent kodu üzrə Cavabdeh tərəfindən hesablanmış 1036,8 manat məbləğində borc silinməlidir. Eyni zamanda məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu olaraq ödənilməli olan 30,4 manat pul Cavabdeh İB-dən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus **********00010 abonent kodu üzrə Cavabdeh tərəfindən hesablanmış 1036,8 (min otuz altı manat, səksən qəpik) manat məbləğində borc silinsin. Dövlət rüsumu olaraq ödənilməli olan 30,4 (otuz manat, qırx qəpik) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1225/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1225/2024
18.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver