Məhkəmə qərarları › İş №2(005)-124/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-124/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-124/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran rayon məhkəməsinin qərarına görə mülkiyyətində olan, oğlu X1 tərəfindən ipoteka girovu kimi “Xırman” firmasına girov qoyulan, Lənkəran rayon Mollakənd kəndində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi hərraca çıxarılaraq satılıb hərracdan əldə olunan pulun oğlu X1nun “Xırman” firmasına olan 51543 manat borcunun ödənilməsi ilə bağlı qərar qəbul etmişdir. Həmin qərara əsasən onun mülkiyyətində olan Lənkəran rayon Mollakənd kəndində 0.06 ha t/ sahəsində yerləşən fərdi yaşayış evi xxxx açıq hərrac təyin edilmişdir. Bu açıq hərracın təyin edildiyi vaxt barəsində ona bildiriş göndərilmişdir. Açıq hərracın keçirildiyi vaxt bildirişdən görüldüyü kimi xx.xx.2019 -cu il saat 11:00-da təyin olunsa da, ona həmin bildiriş Lənkəran rayon Rvo kənd poçt şöbəsi tərəfindən xx.xx.2019 cu il tarixində təqdim olunmuşdur. Hərrac üzrə digər cavabdeh olan oğlu X1 da xx.xx.2015-ci il tarixdən həbsdədir. Hal-hazırda 11 saylı məntəqə tipli cəzaçəkmə müəssəsində cəza çəkir. İddiaçı onunla da əlaqə saxlayıb hərracın keçirilməsi barədə onun məlumatlı olduğunu soruşmuşdur. O, da öz cavabında bildirmişdir ki, ona da bu barədə heç bir xəbər və ya bildiriş göndərilməmişdir. Bakı şəhəri Nərimanov rayonu, İ.Hidyətzadə küç, 156 (20 A) 1933 məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Xammal və X2 və Daşınmaz Əmlakların satışı üzrə hərrac mərkəzinin iddiaçının mülkiyyətində olan Lənkəran rayon Mollakənd kəndində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hərraca çıxarılması ilə bağlı xx.xx.2019-cu il saat 11:00 keçirdiyi Açıq Hərracda kobud qanun pozuntusuna yol vermişdir. İddiaçı hərracın keçirilməsi barədə bildirişi hərrac keçirildikdən sonra almış, hərrac keçirilməsi barədə heç bir məlumatı olmamışdır. Bu da hərracın keçirilmə qaydalarına ziddir. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2019-cu il saat 11:00-da keçirilən hərracın və qəbul olunmuş qərarın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq onlar heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Eyni zamanda İddiaçı ərizə təqdim edərək mülki işə iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan hərracın keçirilməsi barədə xx.xx.2019-cu il tarixli, 02 saylı bildirişin surətindən görünür ki, tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, “xxxx” MMC tərəfindən İddiaçı açıq hərracın keçirilməsinə dair bildirişlər göndərilmiş və onlara hərracın keçirilmə vaxtı və yeri barədə məlumat verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar