Məhkəmə qərarları › İş №2(005)-1241/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1241/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1241/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi və "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə, “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi və "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə, “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2020-ci ildə 40/07 nömrəli hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(077)-01/19 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, “Para“ BOKT ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 27 iyun 2015-ci il tarixli 245/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə İddiaçı 72100.00 ABŞ dolları əsas borcun, 5419,52 ABŞ dolları faiz borcunun, 266 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 77785.52 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Para“ BOKT ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu. X2 küçəsi, 127a nömrəli evin 47,29 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 43 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına cavabdeh İddiaçı "xxxx" BOKT ASC-yə olan kredit borcunun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 110000 manat müəyyən edilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətində boşaldılması, iddiaçı "xxxx" BOKT ASC-dən 50 manat, cavabdeh İddiaçı 50 manat ekspertiza xərclərinin tutularaq X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ4İNABZ********************, SWİFT 13İK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab № AZ43CTRK******************** büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-2930/2019 saylı qətnaməsi ilə Şuşa Rayon Məhkəməsinin 2(077)-01 /2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. AR Ali Məhkəməsinin 2(102)-1507/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-2930/2019 saylı qətnaməsinin İddiaçı 77785.52 ABŞ dolları borcun tutulması hissədə dəyişdirilməsi, İddiaçı 77785.52 ABŞ dolları məbləğində pulun icra olunduğu günə olan məzənnə ilə manatla alınıb iddiaçı "xxxx" BOKT ASC-yə verilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra həmin qətnamənin icra edilməsi mərhələsi ilə bağlı İddiaçı heç bir məlumat verilmədən hərrac təşkil edilmiş və keçirilmiş hərracda iştirak edən olmadığından mənzil iddiaçıya (tələbkara) təklif edilmişdir. Qanunvericiliyə əsasən isə 1 ay müddətində Bank mənzili qəbul etməli və ya imtina etməli idi. Bu barədə İddiaçı heç bir məlumat verilmədiyinə baxmayaraq Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü ildə mənzili boşaltmalı olduğu və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məktubu göndərilmişdir. Bundan sonra İddiaçı dərhal Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə və cavabdehə müraciət edərək keçirilmiş hərracla bağlı zəruri sənədləri tələb etdi. Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən isə İddiaçı yalnız “Külək" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2020ci ildə 40/07 nömrəli hərrac yekunları barədə protokolun surəti təqdim edilmişdir. Mənzil barədə keçirilmiş qanunsuz hərracda alıcı olmadığından cavabdeh mənzili 93500 manata əldə etmək hüququnu bildirmişdir. Lakin bu barədə rəsmi aksept məktubu verilməmiş və bank tərəfindən əmlakın əldə edilməsi, sənədləşdirilməsi barədə (alqı-satqı müqaviləsi bağlanmamışdır) heç bir tədbir görülməmişdir. Qanunverciliyə əsasən evin mülkiyyətçisi olaraq hərraca dəvət olunmalı idi və hərraca çıxarılmış daşınmaz əmlakın alınması ona təklif olunmalı idi. Lakin hərrac təşkilatçısı bütün bunları etməmiş mənzili qiymətindən aşağı məbləğdə hazırkı iş üzrə cavabdehə satmışdır. Bununla da İddiaçı məxsus subyektiv hüquqlarım kobud qaydada pozulmuşdur. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Külək" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2020-ci ildə 40/07 nömrəli hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin alqısatqı barədə müqaviləyə əsasən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASCnin nümayəndəsi Vəkil hərracın qanunvericiliyin tələblərinə uyğun aparıldığını bildirdi. Məhkəmə iclasının keçirildiyi yer və vaxt barədə cavabdehə və digər üçüncü şəxsə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(077)-01/19 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, “Para“ BOKT ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 27 iyun 2015-ci il tarixli 245/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə İddiaçı 72100.00 ABŞ dolları əsas borcun, 5419,52 ABŞ dolları faiz borcunun, 266 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 77785.52 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Para“ BOKT ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu. X2 küçəsi, 127a nömrəli evin 47,29 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 43 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına cavabdeh İddiaçı "xxxx" BOKT ASC-yə olan kredit borcunun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 110000 manat müəyyən edilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətində boşaldılması, iddiaçı "xxxx" BOKT ASC-dən 50 manat, cavabdeh İddiaçı 50 manat ekspertiza xərclərinin tutularaq X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ4İNABZ********************, SWİFT 13İK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab № AZ43CTRK******************** büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-2930/2019 saylı qətnaməsi ilə Şuşa Rayon Məhkəməsinin 2(077)-01 /2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1507/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-2930/2019 saylı qətnaməsinin İddiaçı 77785.52 ABŞ dolları borcun tutulması hissədə dəyişdirilməsi, İddiaçı 77785.52 ABŞ dolları məbləğində pulun icra olunduğu günə olan məzənnə ilə manatla alınıb iddiaçı "xxxx" BOKT ASC-yə verilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən “Külək" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(077)-01/2019 saylı icra sənədinə əsasən hərracın təşkil edilməsi, hərracın təyin olunma tarixi və yeri barədə maraqlı tərəflərə maraqlı məlumat verilməsi xahiş olunmuşdur. - Hərracın keçirilməsinə dair 12 avqust 2020-ci il tarixli 01 saylı bildiriş və 21 sentyabr 2020-ci il tarixli 02 saylı bildirişdən müəyyən olunur ki, 18 sentyabr 2020-ci il tarixdə saat 11:00-17:00-dək (növbəlilik əsasında) və 05 oktyabr 2020-ci il tarixdə saat 11:00-17:00dək (növbəlilik əsasında) hərracın keçirilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC və İddiaçı bildirişlər göndərilmişdir. - “Birja Yenilikləri” qəzetinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli çıxarışlarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu. X2 küçəsi, 127a nömrəli evin 47,29 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 43 saylı mənzilinə dair hərracların keçirilməsi və baş tutmamasına dair məlumatlar dərc edilmişdir. - "xxxx" MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC və İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdə qeyd olunur ki, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən ipoteka yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu. X2 küçəsi, 127a nömrəli evin 47,29 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 43 saylı mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri'' qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 70125 manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7,43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsi”-nin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. - Hərrac predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2020-cü il tarixli 40/07 nömrəli protokoldan və eyni tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilələrdən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 127a nömrəli evin 43 saylı mənzil 70125 manata açıq hərracdan əldə etmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışların surətlərindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu. X2 küçəsi, 127a nömrəli evin 43 saylı mənzili "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASCnin tam payda xüsusi mülkiyyəti kimi müvafiq olaraq xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı mövcuddur ki, həmin qərarda konkret olaraq ifadə edilmişdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bu baxımdan iddiaçı nəzərə almamışdır ki, hərrac təşkilatı və ya ipoteka saxlayan, eyni zamanda hərracın sifarişçisi kimi icra qurumu ipoteka qoyan şəxsi hansısa formada əlavə üsullardan istifadə etməklə məlumatlandırmaq vəzifəsi daşımır. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İş materiallarından aydın olur ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(077)-01/19 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, “Para“ BOKT ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 27 iyun 2015-ci il tarixli 245/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə İddiaçı 72100.00 ABŞ dolları əsas borcun, 5419,52 ABŞ dolları faiz borcunun, 266 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 77785.52 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Para“ BOKT ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu. X2 küçəsi, 127a nömrəli evin 47,29 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 43 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına cavabdeh İddiaçı "xxxx" BOKT ASC-yə olan kredit borcunun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 110000 manat müəyyən edilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətində boşaldılması, iddiaçı "xxxx" BOKT ASC-dən 50 manat, cavabdeh İddiaçı 50 manat ekspertiza xərclərinin tutularaq X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ4İNABZ********************, SWİFT 13İK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab № AZ43CTRK******************** büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-2930/2019 saylı qətnaməsi ilə Şuşa Rayon Məhkəməsinin 2(077)-01 /2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. AR Ali Məhkəməsinin 2(102)-1507/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-2930/2019 saylı qətnaməsinin İddiaçı 77785.52 ABŞ dolları borcun tutulması hissədə dəyişdirilməsi, İddiaçı 77785.52 ABŞ dolları məbləğində pulun icra olunduğu günə olan məzənnə ilə manatla alınıb iddiaçı "xxxx" BOKT ASC-yə verilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən “Külək" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(077)-01/2019 saylı icra sənədinə əsasən hərracın təşkil edilməsi, hərracın təyin olunma tarixi və yeri barədə maraqlı tərəflərə maraqlı məlumat verilməsi xahiş olunmuşdur. Bundan sonra “Külək" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə hərracın keçirilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC və İddiaçı bildirişlər göndərilmişdir. Məhkəmə onu da qeyd etməyi də zəruri hesab edir ki, hərracın keçirilməsi barədə hər iki bildiriş İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 127a , mənzili 43 ünvanına göndərilmişdir. İddiaçı məhkəmə təqdim etdiyi iddia ərizəsində də məhkəmə bildirişlərini almaq istədiyi faktiki ünvan olaraq eyni ünvanı göstərmişdir. Aydındır ki, hərrac təşkilatçısı tərəfindən bildirişlər İddiaçı düzgün ünvan üzrə qanunvericiliklə müəyyən olunmuş vaxta və qaydada göndərilmişdir. Keçirilmiş hər iki hərrac zamanı Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 127a nömrəli evin 43 saylı mənzilinin hərracdan satışı baş tutmamışdır və “Külək" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmlak “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 70125 manat olmaqla ipoteka saxlayana, yəni "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASCyə təklif olunmuşdur. "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC qanunvericiliklə müəyyən olunmuş müddətdə təklifə razılıq verərək protokol və alqı-satqı müqaviləsini bağlamışlar və "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC həmin əmlaka mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarışı almışdır. Məhkəmə vurğulayır ki, hərrac bildirişlərinin göndərilməsi zamanı qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin (“İpoteka” haqqında Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçının həmin əmlakları almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır. Məhkəmə hesab edir ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçı tələblərini hərracdan xəbərdar olmaması, hərraca dair bildirişləri almaması ilə əsaslandırır. Lakin İş materiallarından bu bildirişlərin İddiaçı özü tərəfindən də faktiki ünvanı olaraq göstərilmiş ünvana göndərildiyi aydın olur. İddiaçı iddia tələblərinin əsaslı olduğunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Hazırkı iş üzrə İddiaçı hərracla bağlı proseslərdən məlumatının olmadığını bildirsə də, mülki işin materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixli icra vərəqəsi ilə bağlı tələbin könüllü icrası barədə, xx.xx.2020-ci il tarixdə hərracın keçirilməsi barədə iddiaçının qeydiyyatda olduğu ünvana bildirişlər göndərilmişdir. Göründüyü kimi iddiaçı ona qarşı olan iddia tələbindən məlumatlı olmuş, qətnaməni almış, ona məxsus mənzilin açıq hərracdan satılması barədə qətnamə ilə tanış olmuşdur. Hərrac bildirişləri qeydiyyatda olduğu ünvana göndərilmişdir. Belə olan halda onun keçən illər ərzində barəsində olan qətnamənin icra vəziyyəti ilə maraqlanmaması, ona məxsus mənzilin hərraca çıxarılması ilə bağlı icra hərəkətlərindən məlumatlı olmaması ağlabatan deyil. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hərracın etibarsızlığı ilə bağlı tələb müddət ötürülməklə məhkəməyə verildiyindən, həmçinin iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki qarşılıqlı iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi və "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə, “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinədair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi və "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə, “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar