Məhkəmə qərarları › İş №2(005)-1259/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1259/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1259/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X9 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh4 MMC-nin nümayəndəsi X3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4 MMC-yə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə, Cavabdeh2 və Məmmədəliyev Cavabdeh3 (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın nəticələri haqqında prtokolun etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X4” MMC-yə və Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələri haqqında prtokolun etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4” MMC tərəfindən ona məxsus Qusar rayonu, Çiləgir kəndində yerləşən, ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinə dair hərrac təşkilatının hərracın yekunları barədə 120 saylı, 17 oktyabr 2019-cu il tarixli protokolun nəticəsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ******* nömrəli 27 sentyabr 2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Məmmədəliyev Cavabdeh3 Qusar rayonu Çiləgir kəndində ünvanında yerləşən, ümumi sahəsi 0.10 ha olan torpaq sahəsini 4900 manat ödəməklə almışdır. Lakin onun xəbəri olmadan 27 sentyabr 2019-cu il tarixdə ona alqı-satqı müqaviləsinə əsasən məxsus olan torpaq sahəsinə dair hərrac keçirilmiş və torpaq sahəsi 20000 manata satılmışdır. Bildirir ki, keçrilmiş hərracdan onun xəbəri olmayıb, bu yaxınlarda torpaq sahəsin özgəninkiləşdirmək istədikdə belə bir problemlə rastlaşmışdır. Hesab edir ki, ona məxsus torpaq sahəsinin satılmasında iddiaçının xəbəri olmayıb hərrac təşkilatçısı tərəfindən kobud şəkildə iddiaçının hüquqları pozulub, Qusar rayonu Çiləgir kəndində ünvanında yerləşən, ümumi sahəsi 0.10 ha olan torpaq sahəsinə dair 17 oktyabr 2019-cu il tarixli hərracın nəticələri haqqında 120 saylı protokol etibarsız hesab edilməlidir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdeh qismində göstərdiyi “X4” MMC-nin adı dəyişdirilərək Cavabdeh4 MMC ilə əvəz edilməsini, Məmmədəliyev Cavabdeh3 və mübahisəli torpaq sahəsini hərrac vasitəsilə alan Cavabdeh2 cavabdeh qismində cəlb edilmələrini xahiş etmişdir. Məhkəmə iclasında X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Cavabdeh4 MMC xx.xx.2023-cü il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Bununla bağlı aşağıdakı əsasları məhkəmənin diqqətinə çatdırılmasını zəruri hesab edirlər: Xətai rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli, xx/xx-6789/19 saylı sifariş məktubuna əsasən təşkilatımız tərəfindən hərrac prosesləri başladılmışdır. Xətai Rayon İcra Şöbəsinin sifariş məktubu və Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsində qeyd edilmiş tərəflər hərrac proseslərinə cəlb edilmişdir. Hərrac prosesləri qanuni qüvvəsini almış icra vərəqəsi əsasında keçirilmişdir. İddiaçı tərəf olaraq qeyd olunmamışdır. Məhkəməyə təqdim edilmiş AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5623/2022 saylı Qərardan da göründüyü kimi keçirilmiş hərrac proseslərinin düzgünlüyü, əmlakın kimə məxsusluğu məsələlərinə artıq baxılmış və hüquqi qiymət verilmişdir. Məhkəmənin diqqətinə çatdıırırq ki, qeyd edilən iş üzrə məhkəməyə müraciətlər, məhkəmə aktlarından şikayətlər Məmmədəliyev Cavabdeh3 və X1 tərəfindən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında vurğulanaraq qeyd olunmuşdur ki, ... bu maddənin məzmununda nəzərdə tutulmuş bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Həmçinin apellyasiya instansiyası məhkəmələri öz qərarlarında Konstitusiya Məhkəməsinin Plenumunun bu qərarlarına istinad edərək öz mövqelərini bildirirlər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İddiaçı tərəfindən daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmamışdır. Mülki Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh4 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Qeyd olunan halları nəzərə alaraq, məhkəmədən iddia tələbinin əsassız hesab olunaraq, rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edirik. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq, İddiaçı cavabdehlər Cavabdeh4 MMC-yə və Xətai rayon İcra şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə müvafiq məhkəmə aktı çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh4 MMC iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunan protokol və müqavilə xx.xx.2019-cu il tarixdə imzalanmışdır, lakin iddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 4 il sonra (qanunvericiliklə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət etmiş, proses Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin binasında keçirilməklə xx.xx.2023-cü il tarixinə hazırlığa təyin edilmişdir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Odur ki, iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2oğlu iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 MMC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, iddia tələbinə etiraz ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hərrac Təşkilatının 17 oktyabr 2019-cu il tarixli 120 №li Hərracın yekunları barədə protokolun surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(011)-1593/2018 saylı icra sənədi və Xətai rayon İcra və Probasiya Şöbəsinin xx/xx-6487/19 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən keçirilmiş hərrac üzrə Məmmədəliyev Cavabdeh3 məxsus Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,10 ha torpaq sahəsi 20.000 manata Cavabdeh2 satılmışdır. İş materiallarında olan AN-İ ******* nömrəli, xx.xx.2017-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin surətindən görünür ki, satıcı Məmmədəliyev Cavabdeh3 Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,10 ha torpaq sahəsini alıcı İddiaçı 4900 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,10 ha torpaq sahəsi Məmmədəliyev Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti Başçısının Urva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 579 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Qusar rayonu Çiləgir kənd sakini İddiaçı, Bakı şəhər sakini Məmmədəliyev Cavabdeh3 Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,10 ha torpaq sahəsini alqı-satqı müqaviləsi ilə 27 sentyabr 2017-ci il tarixdə almışdır. Həmin tarixdən torpaq sahəsi 27 sentyabr 2017-ci ildən İddiaçı istifadəsindədir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 8(011)-1593/2018 nömrəli qərardadından görünür ki, Məmmədəliyev Cavabdeh3 məxsus Qusar rayonu, Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsinin və Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 8(011)-1593/2018 nömrəli qərardadından görünür ki, ərizəçi İddiaçı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 8(011)-1593/2018 nömrəli qərardadı ilə üzərinə həbs qoyulmuş Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin üzərindən həbsin götürülməsi barədə ərizəsi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,09 ha torpaq sahəsi Məmmədəliyev Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5623/2022 nömrəli qərarının surətindən görünür ki, iddiaçı X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4812/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-6630/2017 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək, 100000 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı Məmmədəliyev Cavabdeh3 alınaraq X2 ödənilmiş, 57500 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı Məmmədəliyev Cavabdeh3 alınaraq Cavabdeh2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri 40 saylı notariat kontorunda təsdiq edilmiş X1 tərəfindən verilmiş ərizədən görünür ki, Məmmədəliyev Cavabdeh3 məxsus olan və Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,08 ha torpaq sahəsinin istər adi qaydada, istərsə də ipoteka yolu ilə satılmasına etiraz etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubunun surətindən görünür ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz 0.10 ha torpaq sahəsinin üzərinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 5(009)-3807/2018 nömrəli Qərarı və DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2018-ci il tarixli, 005-25247-1218 nömrəli məktubu, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(011)-1593/2018 nömrəli qərardadı və xx.xx.2019cu il tarixli, 17/74-759/19 saylı məktubu əsasında həbs qoyulmuşdur. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 5(009)-3807/2018 nömrəli qərarından görünür ki, DİN-nin Baş istintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Məmmədəliyev Cavabdeh3 Qusar rayonu, Ləzə kəndində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinə, o, cümlədən Qusar rayonu, Çiləgir kəndində yerləşən 0.09 ha 0,10 ha həyətyani torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 61.1-ci maddəsinə əsasən, vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 89-cu maddəsinə əsasən, tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən isə hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmamış və bununla bağlı əsaslandırma aparılmamışdır. 560.1-ci maddəsinə əsasən, Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, cavabdeh Məmmədəliyev Cavabdeh3 məxsus olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,10 ha torpaq sahəsi Bakı Şəhəri Xətai icra vərəqəsinin, Xətai rayon İcra və Probasiya Şöbəsinin xx/xx-6487/19 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. Hərracın ilkin satış qiyməti 38 000 manat, əmlakın alış qiyməti 38000 manat, hərrac mərkəzinə ödənilən beh məbləği 1900 manat (tələbkar olduğu üçün beh ödəmir), mübahisəli əmlakı tələbkar Cavabdeh2 Tabdıq oğlu hərracda əldə etmiş, bununla bağlı xx.xx.2019-cu il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. xx.xx.2017-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi” ilə satıcı Məmmədəliyev Cavabdeh3 Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,10 ha torpaq sahəsini alıcı İddiaçı 4900 manata satmışdır. Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubunun surətindən görünür ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz 0.10 ha torpaq sahəsinin üzərinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 5(009)-3807/2018 nömrəli Qərarı və DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2018-ci il tarixli, 005-25247-1218 nömrəli məktubu, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(011)-1593/2018 nömrəli qərardadı və xx.xx.2019-cu il tarixli, 17/74-759/19 saylı məktubu əsasında həbs qoyulmuşdur. Hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, ona məxsus torpaq sahəsinin satılmasında iddiaçının xəbəri olmayıb hərrac təşkilatçısı tərəfindən kobud şəkildə iddiaçının hüquqları pozulub. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri). Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Mülki Məcəllənin 416.1-ci maddəsinin dispozisiyasına əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Göründüyü kimi, iddiaçının tələbinin əsasını hərracın keçirilməsi qaydası deyil, hərracdan satılan əmlakın ona məxsus olması və həmin əmlak hərracdan satılarkən mülkiyyət hüququnun pozulması təşkil edir. Bununla bağlı nəzərə alınmalıdır ki, mübahisələndirilən hərrac qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar keçirilmişdir. Yəni, hərrac “İcra haqqında” Qanunun 53 və 61.2-ci maddələrinə uyğun olaraq icra məmurunun sifarişi əsasında keçirilmişdir. Bu zaman qeyd olunmalıdır ki, qeyd olunan Qanunun müddəalarına görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarət olmaqla, həmin hərəkətlərdən birincisi icra məmurunun təqdimatı əsasında məhkəmə tərəfindən, sonrakı hərəkətlər isə icra məmuru tərəfindən həyata keçirilir. Hazırki işdə isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi üzrə tələb borclu Məmmədəliyev Cavabdeh3 adına rəsmi qeydiyyata alınan torpaq sahələrinə icra məmurunun qərarı (sifarişi) ilə yönəldilmiş və iddiaçı “İcra haqqında” Qanunun 89-cu maddəsinə uyğun olaraq əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə deyil, artıq keçirilən hərracın etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində, habelə məhkəmə iclaslarında verdiyi izahatlarda hərracın keçirilmə qaydasının pozulması halına istinad etməmişdir. Bu səbəbdən də hərracın keçirilməsinin etibarsız olması barədə iddiaçının tələbi əsassız olmuşdur. Nəticə etibarilə məhkəmə tərəfindən hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmur və bununla bağlı iddiaçı tərəfindən də hər hansı əsaslandırma aparılmamışdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclaslarında verdiyi izahatlarda iddiaçı həmin torpaq sahəsinin 2017-ci ildən məhz özünün istifadəsində olduğunu bildirmiş, torpaq sahəsi ilə bağlı mübahisələrin olmasından məlumatlı olmamışdır. Belə ki, iddiaçı ona məxsus torpaq sahəsi ilə bağlı olan məhkəmə mübahisələrindən məlumatı Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan sonra olduğunu qeyd edir. Buna qədər isə torpaq sahəsindən istifadə etmiş, bu faktı kənd icra nümayəndəliyi tərəfindən verilmiş müvafiq arayışın təsdiq etdiyini bildirir. Məhkəmə onun izahatlarına tənqidi yanaşaraq bildirir ki, həmin torpaq sahələri ilə bağlı uzunmüddətli məhkəmə mübahisələri olmuş, torpaq sahəsi ilə bağlı qiymətləndirilmə təyin edilmiş, bununla bağlı mütəxəssislər yerli baxış keçirmiş, bundan əvvəl isə icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurları tərəfindən icra hərəkətləri edilmişdir. Belə olan halda iddiaçının sözügedən məhkəmə mübahisələrindən məlumatının 2022-ci ildə olması barədə izahatı inandırıcı olmamışdır. Göründüyü kimi iddiaçı həm də hərracın etibarsızlığı üçün nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Beləliklə, iddiaçı mübahisələndirilən hərracdan məlumatlı olmuş, həmin hərracdan konkret hansı tarixdən məlumatlı olması müəyyən edilmir, lakin hərracdan daha sonralar məlumatlı olduğu mülki işə əlavə olunmuş yuxarıda sadalanan iş materialları ilə sübut olunur. Bu baxımdan iddiaçı hazırda hərracın etibarsızlığını məhkəmə müstəvisində mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbinin məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla əsassız olduğu sübuta yetdiyindən təmin edilməməlidir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh4 MMC-yə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə, Cavabdeh2 və Məmmədəliyev Cavabdeh3 (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın nəticələri haqqında prtokolun etibarsız sayılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4 MMC-yə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə, Cavabdeh2 və Məmmədəliyev Cavabdeh3 (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın nəticələri haqqında prtokolun etibarsız sayılması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar