Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1316/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təsviri hissə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan **********0000000 saylı abonent koduna qanunsuz olaraq hesablanmış 2592 manat borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin nümayəndələri Qərib küçəsində yerləşən 111 saylı fərdi yaşayış evində yerləşən qaz sayğacını xx.xx.2023 tarixində yenisi ilə əvəz etmişdilər. 2023-cü ilin oktyabr ayinda nəzarətçi 2592 manat qaza borcu olduğunu bildirdi. Daha sonra iddiaçı idarəyə müraciət etdi və ona aktın və digər sənədlərin surətləri təqdim olundu. Tərtib olunmuş xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarinin pozulmasi haqqında ******* №-li akta əsasən guya İddiaçı sayğaca müdaxilə etmişdir. Lakin akt onun iştrakı ilə tərtib edilməmişdir. “Aktın doğruluğunu imzalanmızla təsdiq edirik” bölümündə istehlakçının nümayəndəsi kimi Nağıyev Mikayılın adı qeyd edilib və imza atmışlar. X2 xx.xx.2014-cü ildə vəfat etmişdir. Hesab edir ki, Cavabdeh tərəfindən qanunsuz olaraq ona hesablanmış 2592 manat borc silinməlidir. Cavabdeh nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək bildirdi ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın zavod plastmas plombunun kənar təsir nəticəsində əzildiyi istismara yararsız olduğu müəyyən edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2023-cü il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi özözündə istisna edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən istehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, qaz qurğusunun yaşayış sahəsinin daxilində yerləşdiyini, lakin qurğuya heç bir müdaxilə etmədəyini, Cavabdeh nümayəndələri tərəfindən tərtib edilmiş aktda vəfat etmiş həyat yoldaşının adının və imzasının qeyd edildiyini, 2023cü ildən etibarən övladının ailəsi ilə birlikdə onun yaşayış yerinə köçməsi və kombi sistemindən istifadə edilməsinə başlanılması səbəbindən qaz sərfiyyatının artdığını bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddiaya yazılı etiraz ərizəsinə uyğun izahat verərək, qaz qurğusunun plombunun zədəli olması və qaz sərfiyyatının qəfil artması hallarının qurğuya müdaxilə olmasına dəlalət etdiyini, iddiaçının mərhum ərinin abonent kimi qeydiyyatda olduğunu və onun vəfat etməsi halında abonentin dəyişməsi barədə məlumatı vermək vəzifəsinin iddiaçının üzərinə düşdüyünü bildirərək iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı 5/6 hissədə paylı mülkiyyətində olmasına dair xx.xx.2016-cı il tarixdə qeydiyyat aparılmışdır. xx.xx.2023-cü il tarixli, ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, qeyd olunan ünva üzrə qaz qurğusu yenisi ilə əvəz edilmişdir və bu aktı Abbasov Tamerlan, Əhmədov Elşən və istehlakçının nümayəndəsi qismində Nağıyev Mikayıl imzalamışlar. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, ******* nömrəli aktda qeyd olunur ki, ünvan 2 ünvanında qaz sayğacına baxış keçirilən zaman Metrologiya Departamentinin aktına əsasən sayğacın zavod plombunun əzildiyi müəyyən olunmuşdur. 01 fevral 2024-cü il tarixli abonent saldosundan görünür ki, ünvan 3 ünvanı üzrə 4 ailə tərkibində abonent Nağıyev N.A. adına 2020-ci il ərzində 2260 m3, 2021-ci il ərzində 511 m3, 2022-ci il ərzində 548 m3, 2023-cü il ərzində 26835 m3 qaz sərfiyyatı qeydə alınmışdır. 2024-cü ilin yanvar ayına abonentin qalıq borcunun 3091,75 manat olduğu qeyd olunur. 30 aprel 2023-cü dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd olunur ki, qaz sayğacının maksimal qaz sərfi 10 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 21600 m3 müəyyən edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: xx.xx.2023-cü il tarixdə ünvan 1 üzrə Cavabdeh tərəfindən köhnə qaz sayğacının yenisi ilə əvəz edilmişdir. Bununla bağlı tərtib edilmiş akta istehlakçının nümayəndəsi kimi xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 tərəfindən imza atılmışdır. Köhnə qaz sayğacına Metrologiya Departamenti tərəfindən baxış keçirilən zaman qaz sayğacının zavod plmbunun kənar təsirlərdən zədələndiyi müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilmiş və dəymiş zərəri məbləği hesablanmışdır. Bu akt istehlakçıya təqdim edilməmiş, yalnız sonradan iddiaçı sənədləri tələb etdikdə ona təhvil verilmişdir. Cavabdeh tərəfindən itirildiyi qeyd olunan 21600 m3 qaz sərfiyyatına görə 2592 manat qalıq borc olduğu müəyyən edilmiş və bu məbləğin İddiaçı tərəfindən ödənilməsi tələb edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, istehlakçı hesab edilən iddiaçıya məxsus ev Cavabdeh İB tərəfindən qazla təchiz edilir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus ünvanda qaz sayğacıyenisi ilə əvəz edilmişdir. Bundan sonra əvvəlki sayğaca Metrologiya Departamenti tərəfindən baxış keçirilən zaman sayğacın zavod plombunun xarici müdaxilə nəticəsində əzildiyi müəyyən edilmişdir. Bununla əlaqədar həmin tarixdə akt tərtib edilmiş, hesablanmış qaz sərfinin miqdarı 21600 m3 müəyyən edilmiş və 2592 manat borc hesablanmışdır. Hazırda iddiaçı müvafiq akta əsasən hesablanmış borcun əsassız hesab edilərək silinməsini xahiş edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. 4.7 və 4.8-ci bəndlərinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaydalar”ın 4.2 və 4.9-cu bəndlərinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Adıçəkilən Qanuna yeni edilmiş dəyişiklikləyə görə isə aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması yalnız həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilərsə qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır. Hazırda baxılan iş qaz sayğacına cavabdehin qeyd etdiyi müdaxilə bu sayğacın əvəz edilməsi zamanı müəyyən edilmişdir. Köhnə qaz sayğacının yenisi ilə əvəz edilməsi barədə xx.xx.2023-cü il tarixli akt Nağıyev Mikayıl adlı şəxs tərəfindən imzalanmışdır. Halbuki akta imza atdığı qeyd edilən bu şəxs xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Aydındır ki, aktı tərtib edən cavabdehin nümayəndələri istehlakçının iştirakına dair qanunvericiliyin tələbinə riayət olunduğu görüntüsü yaratmağa çalışmışlar. Məhkəmə iclasında cavabdehin nümayəndəsi istehlakçının ölməsi barədə məlumatı iddiaçının verməli olduğunu qeyd etsə də, bu hal faktiki olaraq akta artıq vəfat etmiş şəxsin adından imza atıldığı faktını dəyişmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki qanunvericiliyin qeyd edilən müddəalarına görə, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Hazırkı mülki iş üzrə isə baş vermiş zərərin iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. İstehsalçı tərəfindən iddiaçının qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı taladığı, təbii qazdan qeyri-qanuni istifadə etdiyi, sayğaca sərfiyyatın azalmasına müdaxilə edildiyi göstərilsə də, bunun səbəbkarının məhz istehlakçı olmasını təsdiq edən mötəbər sübutlar akta əlavə edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənədlər isə istehlakçının təqsirli olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Cavabdehin nümayəndəsi məhkəmə iclasında qaz sərfiyyatının 2023-cü ildə əvvəlki illərə nisbətən kəskin artmasının qaza müdaxilə edilməsinə sübut kimi göstərsə də, sərfiyyatın artmasının müdaxilə kimi başa düşülməsi qətiyyən ağlabatan deyi. Həmçinin sərfiyyatın artması iddiaçının məhkəmə iclasında qeyd etdiyi kimi, digər qohumlarının 2023cü ilin əvvəllərindən onun yaşadığı evə köçməsi və evə kombi sisteminin quraşdırılması ilə də izah oluna bilər. Həmçinin istehlakçının qazın talanmasında təqsirli olması qanunvericiliklə müəyyən edilmiş qaydada (inzibati orqanların və ya məhkəmənin qərarı ilə) müəyyən edilməmiş, akt qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, cavabdehin (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddiaçının sayğacdan kənar qazdan istifadə etməsi sübut olunmadığı halda ona cərimə (əlavə sərfiyyat) hesablanması da qanunvericiliyin tələblərinə görə mümkün deyildir. Göründüyü kimi, hazırki iş üzrə istehlakçının sayğaca müdaxilə etməsi və sayğacdan kənar qazdan istifadə etməsi qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad edildiyindən, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus **********00000 abonent kodu üzrə Cavabdeh tərəfindən hesablanmış 2592 manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı məxsus (abonent kodu **********00000) ünvan 1 ünvanı üzrə təbii qazdan istifadəyə görə hesablanmış 2592 manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonar qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1316/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1316/2024
28.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver