Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1328/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X15 Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən "xxxx" ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və X5 cəlb edilməklə) qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Capitals Auction" MMC tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə əlaqədar keçirilən hərracın nəticəsi olaraq bağlanmış hərracın yekunu protokolu və həmin əmlakın alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(010)-40/2016 saylı qətnaməsi ilə “X19” ASC-nin iddiası qismən təmin edilmiş, X9 və X6 xx.xx.2011 tarixli, 01 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 52630,32 ABŞ dolları məbləğində əsas borc, 7475,88 ABŞ dolları məbləğində faiz borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər ərazi idarəsində qeydiyyatı ilə bağlı ödənilmiş 31 manatın tutularaq, “X19” ASC-yə ödənilməsi, qeyd olunan məbləğlərin ödənişinin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olan və ipoteka ilə yüklü edilmiş D literi hissəsinin açıq hərrac vasitəsilə satışının həyata keçirilməsi, həmin qeyriyaşayış sahəsinin D literi hissəsinin açıq hərracdan ilkin satış qiymətinin 145000 manat məbləğində müəyyən edilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin İddiaçı qaytarılması, həmin qeyri-yaşayış sahəsinin D literi hissəsi satıldıqda cavabdehlər İddiaçı və X1 oradan 1 aydan gec olmayaraq çıxarılmaları, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın cavabdehlər X2 və X6 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-40/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 may 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Onun məhkəmə prosesi barədə məlumatı omamış, cavabdeh olaraq məhkəmə proseslərində iştirakı təmin edilməmiş, prosessual hüquqları pozularaq iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. İcra və Probasiya Şöbəsinin əmlakın boşaldılması barədə tələbindən sonra belə bir qətnamənin mövcudluğundan məlumatı olmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-40/2016 saylı qətnaməsində sözügedən əmlak ona məxsusdur. Həmin əmlakın sözügedən qətnamə ilə satılması qərara alınmışdır. Qeyd edilən məhkəmə işi üzrə yalnız əmlakı ilə məsuliyyət daşımışdır. Həmin əmlak onun xəbəri olmadan ipoteka ilə yüklü edilmiş, icra və probasiya şöbəsinin sifarişi əsasında hərracda satılmış və həmin əmlakı tələbkar almışdır. Yalnız əmlakın təhvil verilməsi tələb edilərkən 2021-ci ilin noyabr ayında məlumatı olmuşdur. Dərhal Suraxanı Rayon Məhkəməsinə müraciət edərək qətnaməni əldə etmişdir. Daha sonra Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-40/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə vermiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-40/2016 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardadın ləğv edilməsi məqsədilə qərardaddan şikayət verilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-40/2016 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6845/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-40/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6845/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə verilmiş kassasiya şikayətinin qaytarılması qərara alınmışdır. Həmin geri qaytarılma qərardadından da kassasiya şikayəti verilmiş, hazırda Ali Məhkəmə 2(102)-823/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İcra və probasiya və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə hər hansı bilgi verilmədiyindən hərracda iştirak edə bilməmişdir. Nərimanov rayonunda yerləşən 223.1 kv.m olan 450000 manatlıq əmlakı 92437 manata satmışlar. Həmin əmlakı hərrac vasitəsilə ən azından likvid qiymətlə 350000 manata sata bilərdi. Hərracın keçirilməsi barədə bildiriş ona göndərilməmiş, həmin hərracın keçirilməsindən xəbərsiz olmuşdur. Məhkəmə tərəfindən "xxxx" ASC və X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən "xxxx" ASC-nin nümayəndəsi X11 iddia tələbinin əsassız olduğunu qeyd edərək, iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X10 hərracın qanunauyğun şəkildə keçirildiyini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəməyə ərizə ünvanlayaraq, Azərbaycan Respublikasından kənarda olduğu üçün məhkəmə prosesində iştirak edə bilməyəcəyini qeyd edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş və etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Suraxanı Rayon Məhkəməsinin 2(010)-40/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər X9 və X6 xx.xx.2011 tarixli, 01 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 52630,32 ABŞ dolları məbləğində əsas borc, 7475,88 ABŞ dolları məbləğində faiz borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər ərazi idarəsində qeydiyyatı ilə bağlı ödənilmiş 31 manatın tutularaq, “X19” ASC-yə ödənilməsi, qeyd olunan məbləğlərin ödənişinin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olan və ipoteka ilə yüklü edilmiş D literi hissəsinin açıq hərrac vasitəsilə satışının həyata keçirilməsi, həmin qeyri-yaşayış sahəsinin D literi hissəsinin açıq hərracdan ilkin satış qiymətinin 145000 manat məbləğində müəyyən edilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin İddiaçı qaytarılması, həmin qeyri-yaşayış sahəsinin D literi hissəsi satıldıqda cavabdehlər İddiaçı və X1 oradan 1 aydan gec olmayaraq çıxarılmaları, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın cavabdehlər X2 və X6 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Həmçinin İddiaçı faktiki yaşadığı ünvan ünvan 2siya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6845/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Suraxanı Rayon Məhkəməsinin 2(010)-40/2016 saylı, xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır; Nizami rayon İcra və Probasiya şöbəsinin “X4” MMC-yə xx.xx.2018-ci il tarixdə ünvanladığı məktubun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin D literi hissəsinin açıq hərracda satışını təşkil edilməsi xahiş edilmişdir; “X4” MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli, 02/81 nömrəli bildirişinin surətindən görünür ki, İddiaçı mülkiyyətində оlаn Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin D literi hissəsinə dair açıq hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakların satış qiyməti 145000 manat müəyyən edilmişdir. Bildiriş İddiaçı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 16, mənzil 9 ünvanına göndərilmişdir; “X4” MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli, 02/81-1 nömrəli bildirişinin surətindən görünür ki, İddiaçı mülkiyyətində оlаn Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin D literi hissəsinə dair açıq hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakların satış qiyməti 15% aşağı qiymətlə 123250 manat müəyyən edilmişdir. Bildiriş İddiaçı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 16, mənzil 9 ünvanına göndərilmişdir; Cavabdeh MMC-nin İddiaçı ünvanladığı bildirişlərin surətindən görünür ki, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə “Cəfərov” adlı şəxs bildirişi imza edərək qəbul etmişdir; “Kaspi” qəzetinin xx.xx.2018-ci il tarixli, 188 (3561) nömrəli və xx.xx.2018-ci il tarixli, 166 (3539) nömrəli tirajlarının və “Ekspress” qəzetinin xx.xx.2018-ci il tarixli, 15 (4959) nömrəli tirajlarının surətindən görünür ki, “X4” MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin D literi hissəsinə dair açıq hərracın keçirilməsi elan edilmişdir; “X4” MMC-nin Hərracın yekunları barədə protokolun və müqavilənin surətlərindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-40/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi və Nizami rayon İcra və Probasiya şöbəsinin sifariş məktubu əsasında “X4” MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərrac başa çatdırılmış, alıcı (ipoteka saxlayan) “X19” ASC ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin D literi hissəsi 92437,5 manata əldə etmişdir; xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, “satıcı” “X19” ASC ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin D literi hissəsini “alıcı” X3 140000 manata satmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilərək onun açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Nizami rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında “X4” MMC-nin (hazırda Cavabdeh MMC) təşkilatçılığı ilə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “Kaspi” və “Ekspress” qəzetlərində elanlar verilmiş, eyni zamanda iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin D literi hissəsi ipoteka saxlayan “X19” ASC əldə etmişdir. Hazırda iddiaçı qeyd edilən əmlakların dəyərindən aşağı satıldığına və hərrac təşkil edilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyinə istinad edərək hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydası, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə uyğun olaraq məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Eyni Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. İddiaçının əsas dəlillərindən biri hərraca çıxarılan daşınmaz əşyaların dəyərinin az olması ilə bağlıdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə uyğun olaraq, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-40/2016 saylı, xx.xx.2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə daşınmaz əşyaların dəyəri müəyyən edilmiş və onların açıq hərracdan satılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsi tərəfindən qətnamə dəyişdirilmədən saxlanmışdır. Nəzərə alınmalıdır ki, ipoteka predmetinin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilərkən onun real bazar dəyəri deyil, likvid dəyəri əsas götürülür. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə əmlakın satış qiyməti müəyyən edildiyindən digər məhkəmə prosesində əmlakın qiymətinin yenidən müəyyən edilməsi qanunverici tərəfindən yolverilməz hesab edilməklə hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 233.3-cü maddələrinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göstərilən prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, “X4” MMC (hazırda Cavabdeh MMC) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin D literi hissəsi xx.xx.2018-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş, iddiaçının ünvanına göndərilmiş məktub iddiaçı tərəfindən imza edilərək qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2018-ci il tarixli, 166 (3539) nömrəli tirajlarının və “Ekspress” qazetinin xx.xx.2018-ci il tarixli, 15 (4959) nömrəli buraxılışında dərc olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2018-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlaklar 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş və məktub iddiaçı tərəfindən imza edilərək qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Kaspi” qəzetinin xx.xx.2018-ci il tarixli, 188 (3561) nömrəli buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan “X19” ASC-yə təklif məktubları göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə almağı təklif etmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış və Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin D literi hissəsinin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, daşınmaz əşyaların real bazar dəyərinin düzgün müəyyən edilməməsi və hərrac keçirilərkən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı iddiaçının dəlilləri öz təsdiqini tapmadığından iddia təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən "xxxx" ASC və X5 cəlb edilməklə) qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən şəxslər "xxxx" ASC və X5 cəlb edilməklə) qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X16
Məhkəmə qərarları › İş №2(005)-1328/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1328/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver