Məhkəmə qərarları › İş №2(005)-1355/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1355/2021

16.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1355/2021 16.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MMC-nin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı “miras qalmış mənzilin dəyərinin ½ hissəsinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı “miras qalmış mənzilin dəyərinin ½ hissəsinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atasından miras qalmış mənzilin dəyərinin ½ hissəsi yəni 36.000 manat cavbdehlərdən tələb edilərək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X8 onun doğma atasıdır. O, 29 oktyabr 2019cu il tarixdə vəfat etmişdir. Mərhum atamdan Cavabdeh1 MMC tərəfindən inşa edilən binadan mənzil miras qalmışdır. Mirasın qəbul edilməsi ilə bağlı Bakı şəhəri 21 saylı Notariat ofisinə müraciət etmişdir. Notarius tərəfindən ona verilmiş sənəd əsasında "Cavabdeh1” MMC-yə müraciət edən zaman ona bildirilmişdir ki, mərhum X3na aid mənzilin dəyəri onun vərəsəsi kimi tanınmış Cavabdeh2 baş etibarnamə əsasında Cavabdeh3 vərəsəsinin adından təqdim etdiyi ərizəyə əsasən 76.000 manat ödənilmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili məhkəmə dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 38000 manat pul tələb edilərək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi onunla əsaslandırlmışdır ki, məhkəmə baxışı zamanı məlum olmuşdur ki, Cavabdeh3 ölmüşdür. Ona görə də həmin şəxsin cavabdehlər sırasından çıxarılması vacibdir. Eyni zamanda iddia ərizəsinin xahiş edirəm hissəsində tələb olunan 38000 manat pul məbləği texniki səhv olaraq 36000 manat qeyd edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizə ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi X12 izahat verərək, iddia tələbinin onlara aid hissədə qəbul etməyərək, iddia tələbini həmin hissədə təmin edilməməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan XİV-ЖГ № 302483 nömrəli Nərimanov VVAQ tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olumuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 09.11.1988-ci ildə 2531 nömrə ilə qeyd edilmişdir. X3, anası isə X9r. İş materiallarında olan 8İ-3261 reyestr nömrəsi ilə qeyd edilmiş İddiaçı tərəfindən Bakı şəhəri 21saylı notariat ofisinə ünvanlanmış ərizənin surətindən görünür ki, xahiş edir ki, 29.10.2019-cu il tarixdə ölmüş atam X4 miras qalmış əmlaklar üzrə qanunla müəyyən edilmiş qaydada bölgü aparılsın. Atamın yol nəqliyyat hadisəsi nəticəsində ölməsi səbəbindən standart sığorta şirkəti tərəfindən verilən 5000 (beş min) manat sığorta ödənişindən ½ hissə-2500 (iki min beş yüz) manat ona pay verilməsinə razıyam. "Cavabdeh1" MMC ilə X3 arasında bağlanmış 176-20B/19 saylı müqaviləyə əsasən ödənilən 2800 (iki min səkkiz yüz) manat kompensasiyadan heç bir pay tələb etmirəm. Bu payların bölgüsünü mübahisələndirməyəcəm. İş materiallarında olan 8İ-2259 reyestr nömrəsi ilə qeyd edilmiş İddiaçı tərəfindən Bakı şəhəri 21saylı notariat ofisinə ünvanlanmış ərizənin surətindən görünür ki, bildirirəm ki, 29.10.2019-cu ildə vəfat etmiş miras qoyan atam-X5 miras qalmış bütün daşınar və daşınmaz əmlakdan mənə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verəsəniz. Ərizənin mətni mənim sözlərim əsasında tərtib edildi,tərəfimdən oxundu və öz imzamla təsdiq edirəm. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən 5 saylı vəkil bürosunun vəkili Vəkil ünvanlandığı məktubdan görünür ki, sizin 12 yanvar 2021-ci il tarixli, 09 saylı sorğunuza cavab olaraq aşağıdakıları diqqətinizə çatdırıram. X2 aid mənzilin kompensasiya formasında pulunu onun vərəsəsi kimi tanınmış Cavabdeh2 baş etibarnamə əsasında nümayəndəsi Cavabdeh3 vərəsənin adından təqdim eldiyi ərizəsinə əsasən 29.07.2020-ci il tarixdə D.A Perarinin adına açılmış bank hesabına köçürülmüşdür. Kompensasiyanın miqdarı 76 000 ( yetmiş altı min) manat olmuşdur. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.02.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 12.02.2021-ci ildə beyin odemi səbəbindən ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 23.02.2021-ci ildə 264 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 21 saylı Notariat Ofisinin Cavabdeh1 MMC-yə ünvanlandığı 29.06.2020-ci il tarixli, 551 saylı məktubun surətindən görünür ki, Bakı şəhəri 21 saylı notariat ofisində 11.03.2020-ci il tarixdə X1 vərəsəlik işi açılmışdır. Nəzərinizə çatdırırıq ki, 29.10.2019-cu ildə vəfat etmiş X6 qanun üzrə vərəsəsi AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən arvadı-Cavabdeh2dır. İş materiallarında olan 27.07.2020-ci il tarixli, 08 saylı “Söküntüyə düşən daşınmaz əmlakın əvəzinin Kompensasiya edilməsi”nə dair müqaviləyə əsasən “Sakin” Nərimanov rayonu, S.Y.Bakuvi küçəsi, ev 20 ünvanında yerləşən mərhum əri X7 məxsus olan (ümumi sahəsi Qeydiyyat vəsiqəsi üzrə 26.28 kv.m, faktiki isə 55 kv.m) mənzilin “İcraçı” tərəfindən əvəzinin kompensasiya edilməsi yolu ilə söküntüsünə icazə verməyi öhdəsinə götürür, “İcraçı” isə həmin mənzili sökərək əvəzində “Sakin”ə razılaşdırılmiş kompensasiyanı ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan 27.07.2020-ci il tarixli, 08 saylı “Söküntüyə düşən daşınmaz əmlakın əvəzinin Kompensasiya edilməsi”nə dair müqavilənin 3-cü bəndinə əsasən “Sakin” mənzilin kompensasiyasını 76000 (yetmiş altı min) manat dəyərində qiymətləndirir, “İcraçı” isə həmin kompensasiyanın həcmi ilə razı olur. İş materiallarında olan 21 saylı Notariat ofisinin məhkəmə sorğusuna 665 saylı, 29.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, Sizin 09.03.2021-ci il tarixli, 2(005)- 1355/2021 nömrəli sorğunuza cavab olaraq bildiririk ki, bizə daxil olmuş məlumata əsasən 25.11.1961-ci il təvəllüdlü X6 vərəsələri övladı İddiaçı və arvadı Cavabdeh2dır. İş materiallarında olan “xxxx” ASC-nin 08.06.2021-ci il tarixli məktubundan görünür ki, məktubunuza əlavə edilmiş qərardadda qeyd olunan məlumatlar üzrə araşdırma aparılmışdır. Təqdim edilən məlumatlar üzrə Cavabdeh3 adına bank hesabı aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, Cavabdeh3 (doğum tarixi, FİN) və ya depozit hesabına aid dəqiq məlumatlar təqdim olunduqda yenidən araşdırma aparıla bilər. Əlavə olaraq bildiririk ki, «xxxx» ASC-nin Mərdəkan Filialı olmadığı üçün qərardadda müvafiq düzəlişlərin edilməsini nəzərə almağınız xahiş olunur. Mülki işin materiallarında öz əksini tapan sənədlərdən və iddiaçının izahatlarından müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən X2 məxsus olan (ümumi sahəsi Qeydiyyat vəsiqəsi üzrə 26.28 kv.m, faktiki isə 55 kv.m) mənzilin Cavabdeh1 MMC tərəfindən əvəzinin kompensasiya edilməsi yolu ilə söküntüsünə icazə verməyi öhdəsinə götürür, Cavabdeh1 MMC isə həmin mənzili sökərək əvəzində X1 həyat yoldaşı Cavabdeh2 razılaşdırılmiş kompensasiyanı ödəməyi öz öhdəsinə götürür. Kompensasiyanın məbləği 76000 manat müəyyənləşdirilmişdir. Müqavilədə qeyd olunan məbləğ 29.07.2020-ci il tarixdə Cavabdeh2 adına açılmış bank hesabına köçürülmüşdür. X1 vərəsələri övladı İddiaçı və arvadı Cavabdeh2dır. Hazırda məhkəmədə iddiaçı Cavabdeh1 MMC və Cavabdeh2 mənzilin dəyərinin ½ hissəsi olan 38000 manat pul tələb edilərək ona ödənilməsi məsələsini mübahisələndirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Hüquqi təbiətinə görə vəsiyyət birtərəfli əqd olmaqla şəxsin (vəsiyyət edənin) iradəsini ifadə edir. Belə ki, vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına və işin hallarına istinad edərək, hesab edir ki, iddia tələbi Cavabdeh2 38000 manat pulun tələb edilməsi hissəsində əsaslıdır təmin edilməlidir, belə ki, 21 saylı Notariat Ofisinin məhkəmə sorğusuna cavabından göründüyü kimi, 25.11.1961-ci il təvəllüdlü X6 vərəsələri İddiaçı və arvadı Cavabdeh2dır. Bundan başqa miras qalmış pul vəsaitinin miras qoyana məxsus mənzilin sökülməsi nəticəsində verildiyi müəyyən edilmiş, lakin məhkəmə araşdırması nəticəsində həmin mənzilin Cavabdeh2 ilə miras qoyanın birgə nikah dövründə əldə edilməsi və s. kimi hallar müəyyən edilməmişdir, habelə bu hallar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, mənzilin sökülməsi ilə əlaqədar Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 ödənilmiş pul vəsaitinin yarısı 38000 manat İddiaçı ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi Cavabdeh1 MMC-yə münasibətdə təmin edilməməlidir, belə ki, işin hallarından göründüyü kimi Cavabdeh1 MMC notariusun cavabına əsasən müvafiq hərəkətlər etmişdir. Bu mənada Cavabdeh1 MMC-nin hərəkətlərində hər hansı pozuntu müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 38000 manat pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 38000 manat pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar