Məhkəmə qərarları › İş №2(005)-1419/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1419/2021

17.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1419/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin tamamilə boşaldılması və mənzilə hüququqlarının itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin tamamilə boşaldılması və mənzilə hüququqlarının itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 146 saylı evin 25 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi və mənzilin tamamilə boşaldılaraq mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC xx xxxxxx 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı- satqısı barədə müqavilə əsasında Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 146 saylı evin 25 saylı mənzilini alaraq, tam mülkiyyət əldə etmişdir (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış). Hal-hazırda cavabehlərin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus mənzildə yaşaması və qeydiyyatda qalması bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən cavabdehlərin bankın mülkiyyətində olan mənzilə dair hüquqları itirilmiş hesab edilməli, pasport qeydiyyatından çıxarılmalı və mənzil tamamilə boşaldılmalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmişlər, məhkəmə iclasında səlahiyyətli nümayəndələri vasitəsilə təmsil olunmamışlar. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesteri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 146, mənzil 25 İddiaçı ASC-nin mülkiyyətindədir. xx xxxxxx 2018-ci il tarixli 37/05 nömrəli hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokolundan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 146 saylı evin, 25 saylı mənzili “ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olan qiyməti tam dəyəri 47.812,50 (qırx yeddi min səkkiz yüz on iki manat 50 qəpik) manat olmaqla Bakı Apellyasiya Məhkəməsinin 2(103)-765/2017 saylı, xx.xx.2017ci il tarixli icra vərəqəsinin, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx/xx-6232-10 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubunun və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 135000/6995 saylı, xx.xx.2018-ci il tarixli məktubunun icrasına əsasən ipoteka predmetinin ilkin hərrac qiyməti 75.000 (yetmiş beş min) manat, ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti 63.750 (altmış üç min yeddi yüz əlli) manat müəyyən edilmişdir. xx xxxxxx 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, X4 prospekti, 146 saylı evin, 25 saylı mənzili Cavabdeh1 tərəfindən 47.812, 50 (qırx yeddi min səkkiz yüz on iki manat 50 qəpik) manat məbləğində ödəniş edilməklə alqı-satqı edilmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1960-cı ildə Ağcabədi rayonunda anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr, ev.146,m.25 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küç,pr.146, m.25 ünvanında qeydiyyatdadır. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC xx xxxxxx 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı- satqısı barədə müqavilə əsasında Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 146 saylı evin 25 saylı mənzilini alaraq, tam mülkiyyəti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışla əldə etmişdir. Hal-hazırda cavabehlərin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus mənzildə yaşaması və qeydiyyatda qalması bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” x xxxxx 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” x xxxxx 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Bu kontekstdə məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 146, mənzil 25 ünvanına olan istifadə hüquqlarına xitam verilməli və onlar müvafiq mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 146 saylı evin, 25 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin və həmin mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq “xxxx” ASCyə təhvil verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar