Məhkəmə qərarları › İş №2(005)-142/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-142/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-142/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərraz Mərkəzi MMC-yə qarşı ("xxxx" ASC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərraz Mərkəzi MMC-yə qarşı ("xxxx" ASC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(103)-2811/2008 saylı icra vərəqəsi əsasında verilmiş Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 45-də yerləşən 11 saylı mənzillə bağlı xx.xx.2022-ci il tarixli, 0384/22İBİ saylı mənzilin qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 İddiaçı və X3 qarşı iddia tələbi təmin edilərək İddiaçı 50.000 manat kredit, 15.979 manat faiz borcu, 3.500 manat dəbbə pulu olmaqla 69479 manatın, Gülnarə Xəlilovadan 50.000 manat kredit, 12.209 manat faiz borcu, 3500 manat dəbbə pulu olmaqla 65709 manatın müştərək qaydada tutularaq banka ödənilməsi, borcun ödənilməsi məqsədi ilə xx.xx.2006-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu Sabit Rəhman küçəsi, 943-cü məhəllə, ev 45-də yerləşən 11 saylı mənzilə yönəldilməsi və mənzilin açıq hərracda çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamə icra olunması üçün Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, şöbə tərəfindən icraata başlanılmış və iddiaçıya məxsus evin ilkin satış qiymətinin müəyyən edilməsi üçün icra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixdə 0384/22İBİ saylı mənzilin qiymətləndirilməsinə görə mütəxəssis dəvət edilməsinə dair sifariş verilmiş və mənzil 193000 manat qiymətləndirilmişdir. Mənzilə qoyulmuş qiymət reallığı əks etdirmir və mənzilin hazırkı real bazar dəyəri qoyulmuş qiymətdən ən azı 2 dəfə bahadır. Mənzilin aşağı qiymətləndirilməsi gələcəkdə mənzili ucuz qiymətə ələ keçirmək üçün məqsədli şəkildə atılmış bir addımdır. İpoteka predmeti yenidən qiymətləndirilməli və mənzilin real bazar dəyəri düzgün müəyyən edilməlidir. Onu da bildirmişdir ki, ekspert mənzilə baxış keçirməmişdir. Əgər baxış keçirilsəydi görünərdi ki, mənzilin daxili hündürlüyü müəyyən edilməklə yanaşı otaqların quruluşu da müəyyən edilərdi. Həmçinin mənzilin sanitar qovşağının qapısı və s. hissələri müəyyən edilərdi. Məhkəmənin digər iclaslarında iştiak edən iddiaçı iddia tələbini müdafiə etdiyini və təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X7 iddia tələbinir əsassız olduğu üçün rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2811/2008 saylı, 11 noyabr 2008-ci il tarixli icra vərəqəsinə əsasən “Nikoyl” İKB-nın iddiası təmin edilərək, İddiaçı banka olan 50000 manat kredit, 15979 manat faiz borcu, 3500 manat dəbbə pulu, cəmi 69479 manat, X2 isə banka olan 50000 manat kredit, 12209 manat faiz borcu, 3500 manat dəbbə pulu, cəmi 65709 manat tutularaq “Nikoyl” İKB-yə verilməsi qət edilmişdir. Borcun ödənilməsi məqsədi ilə xx.xx.2006-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 45 saylı evin 11 saylı mənzilinə yönəldilsin və mənzil açıq hərracdan satışa çıxarılsın. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 943-cü məhəllədə istifadədə olan 0.08058 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən 165.1 kv.m ümumi, 87.42 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 12449 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2077-ci il tarixində ölmüşdür. xx.xx.2022-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 45 saylı evin 11 saylı mənzil xx.xx.2022-ci il tarixdə açıq auksionda hərracda satılacağı ilə bağlı İddiaçı xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 45 saylı evin 11 saylı mənzil xx.xx.2022-ci il tarixdə açıq auksionda hərracda satılacağı ilə bağlı İddiaçı xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifə əsasən ipoteka yüklü Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 45 saylı evin 11 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni, 124312,50 (bir yüz iyirmi dörd min üç yüz on iki manat əlli qəpik) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. “xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırki mübahisə ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, iddiaçı qeyd edir ki, atası X9 vəfat etdikdən sonra vərəsəlik açılmamış, ipoteka ilə yüklü edilmiş əmlaka vərəsəlik şəhadətnaməsi alınmamışdır. (iş materiallarında mövcud deyil.) Belə olduğu halda, iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyil. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiya»nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 45-də yerləşən 11 saylı mənzillə bağlı qiymətləndirmə hesabatının ləğv edilməsini tələb etməsinə baxmayaraq, özünün bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmasını sübut etməmişdir. Göründüyü kimi İddiaçı subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərraz Mərkəzi MMC-yə qarşı ("xxxx" ASC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ) “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərraz Mərkəzi MMC-yə qarşı ("xxxx" ASC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ) “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar