Məhkəmə qərarları › İş №2(005)-1452/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1452/2022

13.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1452/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2 İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh heç bir əsas olmadan qaz sayğacı ilə bağlı ona yazılan 462 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev küçəsi, ev 107, mənzil 37-də 3-cü mərtəbədə yerləşən mənzilə blokdan daxil olan qaz zədələndiyini bildirərək “Akt” tərtib etmişlər və yeni sayğac quraşdırmışlar. 26.11.2019-cu il tarixdə həmişə olduğu kimi “kart” vasitəsilə ödəniş edərək, qazdan istifadə etmişlər. Daha sonra iddiaçı müxtəlif tarixlərdə qaz sayğacına 20 AZN yükləmiş, lakin balansda 14 AZN qalmışdır. İddiaçı bu barədə Cavabdehnə 01.04.2021-ci il tarixli ərizə ilə müraciət etmiş, cavab olaraq ona 2019-cu ildə quraşdırılmış köhnə sayğacın plombunun qırıldığını və ona 462 manat məbləğində cərimə yazıldığını bildirmişlər. Bu səbəbdən də iddiaçının ödədiyi məbləğdən hər dəfə pul çıxılırdı. İddiaçı cavabdehə sayğaca heç bir müdaxilə etmədiyini bildirmişdir. İddiaçı məhkəmə iclasında məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh tərəf “Elektron Məhkəmə Sistemi” vasitəsilə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən sayğacın plomb yuvalarının zədəli olduğu müəyyyən edilmiş, nəticədə istismara yararsız hesab edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr 26.11.2019-cu il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda abonentin saldosundan da mübahisəsiz qaydada görünür ki, 2017, 2018-ci ilin müəyyən aylarında və 2019-cu ilin fevral, aprelsentyabr aylarında iddiaçı tərəfindən istehlak edilən qaz sərfiyyatı, ümumiyyətlə qeydə alınmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Beləliklə, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, iddiaçı 2017, 2018-ci ilin bəzi aylarında, 2019-ci ilin fevral, aprel-sentyabr ayları ərzində müqavilə əsasında qazla təmin edildiyi halda istehlak etdiyi qaza görə heç bir ödəniş etməmişdir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz- özündə istisna edilir. Bu halda iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası yoxdur. Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın MH seriyalı, ******* saylı Dövlət reyestrindən çıxarışın surətinə əsasən ümumi sahəsi 59.9 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində istifadədə olan 0.07165 ha torpaq sahəsində yerləşən 107 saylı evin 37 saylı mənzili tam mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15.09.2007-ci il tarixdə qeydiyyata alınmışdır; İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********00370 olan İddiaçı qeydiyyata alınmışdır və ailə tərkibi 3 nəfərdən ibarətdir. Həmin ünvanda (4 gözlü qaz plitələri) (PQ-4)(1/1), qənaətli su qızdırıcısı (1/1) 25.10.2019-cu il tarixdən isə “Smart G-4 X6 tipli qaz sayğacı quraşdırılmışdır. İşin materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı 25.10.2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı aid qaz sayğacı elektron tablo söndüyünə görə yeni sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə edilən Cavabdeh İB-nin ******* saylı 29 noyabr 2019-cu il tarixli aktı ilə müəyyən edilir ki, istehlakçı İddiaçı məxsus PQ4 markalı smart-kart tipli qaz sayğacına baxış keçirilmiş və «06.11.2019-cu il tarixli 29/1710-03219 saylı təyinə əsasən 1202AQ**********8 №-li sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plombun ətrafı zədəlidir. Dəymiş ziyan hesablansın» göstərilmişdir. Dəymiş ziyanın bərpasına dair 29.11.2019-cu il tarixli tələbnamədən görünür ki, 29.10.2019-cu il tarixli aktı ilə dəymiş ziyanın həcmi 4860 m3 hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Həmin vaxt, yəni qaz sayğacı dəyişdirildikdən 1 ay sonra isə sayğacda qüsur olması aşkar edilmiş və akt tərtib olunmaqla 4860 m3 qaz itkisi olması qeyd olunmaqla iddiaçıdan tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 29.11.2019-cu il tarixli 29/1710-03219 №-li Aktına əsasən G-4 markalı 1202AQ**********8 №li sayğacda ALARM-1 rejimi aşkar olunmuşdur; Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat iddiaçının yaşadığı evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmənin qənaətinə görə Cavabdeh İB iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də ondan sayğacın dəyərinin tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən mötəbər sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının təqsiri olmadan borc hesablandığından, sayğacın yararsız vəziyyətə düşməsində iddiaçının təqsirinin olması sübut olunmadığından cavabdeh tərəfindən akt tərtib edilməklə 4860 m3 qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Digər tərəfdən məhkəmə iclasında iddiaçı tərəf qəbzlər təqdim etməklə göstərmişdir ki, onun ödənişlərindən əsassız olaraq akta əsasən hesablanmış cərimənin 462 manatı silinmişdir. Buna görə də, məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq borc hesablandığından Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 107, mənzil 37 ünvanında yerləşən mənzilə (abonent kodu: **********00370. sayğac nömrəsi 1202AQ**********8) əsassız olaraq hesablanmış 462 manat cərimə borc silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 107, mənzil 37 ünvanında sayğacdan qaz sərfinə görə (abonent kodu: **********00370, sayğac nömrəsi 1202AQ**********8) hesablanmış 462 (dörd yüz altmış iki) manat cərimə borcu silinsin.(Abonentin hesabından akta əsasən silinmiş məbləğlər bərpa edilsin.) Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar