Məhkəmə qərarları › İş №2(005)-146/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-146/2025

05.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-146/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər 3 saylı Notariat ofisinə və Cavabdeh2 qarşı (açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı1, İddiaçının nümayəndə və vəkili Vəkil1, Cavabdeh Cavabdeh2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X20 iştirakları ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər 3 saylı Notariat ofisinə və Cavabdeh2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər 3 saylı Notariat ofisinə və Cavabdeh2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü ildə 3 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş, X15 tərəfindən Bakı şəhəri, X42 küçəsi, ev 128, mənzil 112-də yaşayan Cavabdeh2 vermiş vəsiyyətnamənin tamamilə etibarsız hesab edilməsini xahiş etmişdirlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, bacıları X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra miras qalmışdır. Miras Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında 0,05 ha torpaq sahəsindən və qızıl zinət əşyalarından və 40 000 manat puldan ibarətdir. Bir müddət sonra 3 saylı Notariat ofisinə müraciət edərək (2 növbəli) vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciət etsələr də, rədd cavabı almışdırlar. 3 saylı Notariat ofisi öz cavabını onunla əsaslandırdı ki, mərhum bacıları ölməmişdən əvvəl, yəni xx.xx.2023-cü ildə ona məxsus bütün daşınan və daşınmaz əmlakını Bakı şəhəri, X42 küçəsi, ev 128, mənzil 112-də yaşayan Cavabdeh2 vəsiyyət etmişdir. Daha sonra Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək, Cavabdeh2 barəsində cinayət işinin qaldırılması və cinayət məsuliyyətinə cəlb edilməsi barədə müraciət etmişlər. Cavabdeh2 mərhum bacılarına məxsus olan yalnız qızıl zinət əşyaları onlara qaytarmışdır. Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla mübahisə mülki xarakter daşıdığı üçün ümumi məhkəməyə müraciət edilməsi izah edilmişdir. Hesab edir ki, mərhum bacıları 3 saylı Notariat ofisində, xx.xx.2023-cü ildə Cavabdeh2 verlmiş vəsiyyətnamə aşağıda göstərilən dəlillərə görə etibarsız hesab edilməlidir . Belə ki, mərhum bacıları yaşlı qadın idi. Ağır şəkər xəstəsi idi. Özü-öz hərəkətlərinə cavab verə bilmirdi və qohumluq əlaqəsi olmayan şəxsə vəsiyyət edə bilməzdi. Son dövrlərdə yaddaşla bağlı problemləri də var idi. Cavabdeh onun bu vəziyyətindən istifadə edərək, ona yanlış məlumat verərək fayda götürmək məqsədi ilə bacılarına vəsiyyətnamə yazdırmışdır. Mərhum bacımızın ağır xəstə olduğunu, müalicə almasını cavabdeh bilirdi və onun vəziyyətindən sui-istifadə etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, vəsiyyətnamənin etibarsız hesab edilməsi və vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə dəqiqləşmə ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilməmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, özü 1990-cı ildən mərhum X8 ilə ailə kimi yaşamışdır. Ona görə 1994-cü ildə ailəsini tərk etmişdir. 2023-cü ilin oktyabr ayına qədər bütün şənliklərdə iştirak etmiş və ona özü təkbaşına baxmışdır. Qəbr daşını özü qoymuşdur. Üç və yeddi mərasimlərində iddiaçılar 760 manat, özü isə 1000 manat xərcçəkmişdir. X8 özü etibarnaməni sərbəst şəkildə yazmış və bildirmişdir ki, hər şeyi ona halaldır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri 3 saylı Notariat ofisinin nümayəndəsi X33 bildirmişdir ki, vəsiyyətnamə tərtib edilərkən ilk növbədə şəxsin həqiqi niyəti müəyyən edilir, ona vərəsəliklə bağlı qaydalar izah olunur. Ondan yazı yaza bilibbilmədiyi soruşulur. Qanunvericiliyə əsasən, şəxs özü vəsiyyətnaməni şəxsən yazmalıdır. Xanım iki nüsxədə olan vəsiyyətnamələri özü yazmış, tərtib etmişdir. Notariusda kameralar vardır. Xanımın şəkli də çəkilmişdir. Təlimatla şəxsin sağlamlığına dair arayış tələb olunmur. Şübhə yaranmadığı üçün xanımdan hər hansı bir sənəd tələb olunmamışdır. Təqdim edilmiş sənədlərdə - elektron notariatdan çıxarışda vəsiyyətnamə qoymuş xanımın notariat tərəfindən çəkilmiş şəkli, tarix və saat dəqiqliklə qeyd edilmişdir. Vəsiyyətnamə tərtib edilərkən notarius tərəfindən qanunvericiliyin heç bir tələbi pozulmamış, Nazirlər Kabinetinin təlimatına uyğun olaraq vəsiyyətnamə notarius tərəfindən təsdiq edilmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, X2 rayon Məhkəməsində ona qarşı məhrum həyat yoldaşı X1 öz razılığı ilə ona verdiyi vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə yazdığı iddia ərizəsinin heç bir əsası yoxdur. Özü N.Ağabəyova ilə birlikdə 33 il ömür yaşamışdır. Son anına kimi yanında olmuş, ona var gücü ilə qulluq etmiş, sağalması üçün həkimlərə aparmış, müalicə olunmasında köməklik etmişdir, hər zaman fiziki və mənəvi cəhətdən yanında olmuşdur. xx.xx.2023-cü il tarixdə N.Ağabəyova öz əcəli ilə xəstəxanada vəfat etmişdir. Vəfat etdikdən sonra da bütün dəfn, yas mərasim xərclərini çəkmiş, baş daşını qara mərmərlə düzəltdirmişdir. X4 vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə yazdığı iddia ərizəsinin əsassız hesab edilməsini xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən digər iddiaçıların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdən X3 adına tam payla xüsusi mülkiyyət kimi qeydə alınmışdır. - Bakı şəhəri 3 saylı Notariat ofisinin xüsusi notariusu X36 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-23 № ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli vəsiyyətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Bakı şəhəri X42 küçəsi 128, mənzil 112 də yaşayan Cavabdeh2 vəsiyyət edir. - AZ-İİ seriyalı 369479 saylı və AZ-İİ seriyalı 369532 saylı ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində “beyin ödemi” səbəbi ilə ölmüşdür. - Cavabdeh2 tərəfindən Bakı şəhəri 3 saylı Notariat ofisində verilmiş 27 noyabr 2023cü il tarixli ərizədən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi ondan irs qalmış mirası qəbul edir. - Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin 22 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə icraatına vətəndaş X5 şikayət ərizəsi daxil olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda yaşayan X10 (050 370-93-66) ərizə ilə Nərimanov RPİ-nin 18-ci PŞ-nə müraciət edərək bildirmişdir ki, 1940-cı il təvəllüdlü bacısı X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bundan sonra bacısının illərdir topladığı 40.000 manatdan çox pulları və qızılları yoxa çıxmışdır. Həmin hadisədə onlar bacısının yanına gedib gələn ünvan 5 ünvanda yaşayan Cavabdeh2 şübhələnmişdir. Çünki Arif adlı şəxs xx.xx.2018-ci ildə baş etibarnamə yazdırmış və bacısı da xəstə halında xx.xx.2023-cü ildə Arifə vəsiyyətnamə yazmışdır Bundan 2 həftə sonra isə bacısını xəstəxanaya yerləşdirmişlər. Bacısı ilə heç maraqlanmamış və sonda bacısını məzara göndərmişdir. Hətta bacısının dəfnlə əlaqədar xərclərini də Arif üzərinə götürməmişdir. Cavabdeh2 özündən 26 yaş böyük olan bacısı Nazilənin yanına məqsədyönlü şəkildə gedib gəlmişdir. Qızılların bəzilərini onlar Arifi polisə şikayət edəcəklərini dedikləri üçün sonuncu qorxub qaytarmışdır. Yalnız qızıllardan 2 ədəd qızıl saat və 2 ədəd briliyant qaşlı qızıl qolbaqlar Arifdə qalmışdır. Onun bacısı ünvan 6 ünvanda tək yaşamış, həmin mənzil onun qızına məxsusdur və Nazilənin övladı olmamışdır. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Qərarla toplanmış material üzrə cinayət cinayət işinin başlanması rədd edilmişdir. - Bakı şəhəri 3 saylı Notariat ofisi tərəfindən İddiaçı1 ünvanlanmış 100 №-li 22 fevral 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli D-9 saylı “vəsiyyətnamənin etibarsız hesab edilməklə ləğv edilməsi” və xx.xx.2024-cü il tarixli D-8 saylı “vərəsəlik şəhadətnaməsi verilməsi” barədə müraciətlərə baxılaraq bildirilmişdir ki, vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun qaydada vəsiyyət edən şəxsin özü tərəfindən yazılaraq notariusun iştirakı ilə imzalanmışdır. Notariat haqqında Azərbaycan Respublikasının qanununun 35-ci maddəsinə uyğun olaraq vəsiyyətnamədə imza edənin şəxsiyyəti müəyyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanılmışdır. xx.xx.2023-cü il tarixdə vəsiyyətnamə üzrə vərəsənin mirasın qəbulu barədə ərizəsi əsasında 40-2023 nömrə ilə vərəsəlik işi açılmışdır. Miras qoyan bütün daşınar və daşınmaz əmlakına vəsiyyətnamə qoyduğu üçün qanun üzrə vərəsəlik yaranmır və Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən məcburi pay hüququ olan vərəsələr siyahısına daxil olmamaqları səbəbindən vərəsə kimi tanınmaqları qanunvericiliyin tələblərinə cavab vermir. - 115 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən məhkəməyə ünvanlanmış 07№-li xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, Nərimanov rayonu Həsənoğlu küçəsi 21 saylı binanın 41-ci mənzili ******* saylı çıxarışa əsasən xx.xx.2012-ci il tarixdən X7 adınadır. Mənzildə qeydiyyatda mənzilin sahibi X16 qardaşı yoldaşı X17, qardaşı qızı X13r. Mənzildə kimlərin yaşaması barədə məlumatları yoxdur. - Məhkəmə iclasında şahid qismində ifadə vermiş X27 bildirmişdir ki, mərhum Ağabəyova Nazilə bibisi olmuşdur, onunla münasibətləri çox yaxşı olub. Vəsiyyətnamə yay aylarında yazılıb və bu barədə məlumatı olub. Bibisi ad günündə ona zəng vurarkən, vəsiyyətnamə barədə özü ona məlumat vermişdir. Bibisinin səhhətində problem ancaq barmağında olub və barmağı kəsiləndən sonra onun heç bir problemi olmamışdır. Onun psixoloji problemləri də olmamışdır. O, ölməmişdən 5-6 gün qabaq onun yanında olmuşdur. Bütün əmlakını cavabdehə vəsiyyət edəcəyi barədə məlumatı olmuşdur. Bu barədə hamı bilirdi. Özü cavabdehi bibisi vasitəsilə tanımışdır. Bibisi cavabdehlə bütün toy məclislərində və digər şənliklərdə iştirak edirdi. Cavabdeh 25 il bibisi ilə yaşamışdır. - Məhkəmə iclasında şahid qismində ifadə vermiş X34 bildirmişdir ki, mərhum iş yoldaşı olub. Onu 1980-ci ildən işlədiyi laboratoriyadan tanımışdır. O, 2022-ci ilə qədər işə gəlmişdir. Həmçinin torpaq sahələrinə görə də qonşu olmuşlar. Mərhumla sonuncu dəfə əlaqə saxlayanda bildirmişdir ki, bacısıgildə - Pirşağı qəsəbəsində qalır. Daha sonra zəng vuranda bacısı telefona cavab vermiş, bildirmişdir ki, artıq Nazilə Ağabəyova vəfat edib. Bayramlarda mərhumla danışmış və yubileylərində iştirak etmişdir. O, çox xeyirxah və mehriban insan idi. Cavabdehi isə mərhum vasitəsilə tanımışdır. Bildiyinə görə o, öz tələbəsi olub, veterandır. Onu bağla əlaqədar olan məsələləri həll etməyə gedəndə tanımışdır. Onların ər-arvad münasibətləri var idi. Vəsiyyətnamə barədə o, sağ olarkən məlumatı olmayıb, lakin bu barədə yas mərasimində eşitmişdir. Mərhumun heç bir psixoloji problemi olmayıb. -Məhkəmə iclasında şahid qismində ifadə vermiş X25 bildirmişdir ki, 1974-cü ildən Azərbaycan Dövlət və Neft Sənayə Universitetinin dosentidir və mərhumu həmin vaxtdan tanıyır. Onunla bir yerdə işləmişlər və sonradan özü başqa kafedraya keçmişdir. Mərhum 2022-ci ilədək orada işləyib və onunla dostluq münasibətləri daim davam edib. Cavabdehi mərhumun telefonunda görmüş və iki dəfə dövlət tərəfindən verilmiş bağ sahəsində görmüşdür. Əvvəllər cavabdehlə yaxşı münasibətləri olub, lakin sonra mərhum ondan şikayətlənmişdir. Mərhumun bütün əmlaklarını cavabdehə vəsiyyət etməsi barədə məlumatı olmayıb. Son illər mərhum xəstəliyi ilə bağlı özündə deyildi. Vəsiyyətnamə barədə yas mərasiminə gələrkən eşitmişdir. Mərhum şəxsən ona vəsiyyətnamə barədə məlumat verməmişdir. O, sonuncu dəfə işə 2022-ci ildə gəlib. Onun səhhətində problem olub, lakin əqli cəhətdən də əvvəlki kimi deyildi. -Məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 bildirmişdir ki, mərhumun qonşusu olmuşdur. Özü həyətdə maşınların dayanacağına nəzarət edir. Cavabdeh mərhumun evinə gəlib gedirdi, bunu öz gözləri ilə görmüşdür. Ev İddiaçı1 məxsus idi. Özü 53 ildir - 1971-ci ilin yanvar ayından onunla qonşudur. Cavabdeh evə mərhumun yanına gəlib-gedirdi, lakin onların hansı münasibətdə olduqlarını bilmir, bu barədə soruşmamışdır. Mərhum xəstə idi. Həyətdə oturanda artıq çox adamı tanımırdı. Onunla 53 ildir qonşu olmuşdur və hətta onu belə tanımırdı. Onun əmlaklarını kiməsə vəsiyyət etməsi barədə məlumatı olmamışdır. Sonuncu dəfə onu yay ayında xəstə olanda ağacın altında oturanda görmüşdür. -Məhkəmə iclasında şahid qismində ifadə vermiş X18 bildirmişdir ki, mərhumun kiçik bacısının yoldaşıdır. Cavabdeh barəsində eşitmişdir, lakin nə Cavabdeh2la, nə də mərhumla görüşməmişdir. Nazilə Ağabəyovanın ölümünə 3-4 gün qalmış yanına gedəndə cavabdehi orada görmüşdür. Cavabdehin mərhumla nə kəbini, nə övladı, nə də şərikli əmlakı var. Cavabdehin məqsədi mərhumun pulunu və əmlakını ələ keçirmək olub. Cavabdehi 1-2 dəfə ad günlərində görmüş, lakin evlərində olmamışdır, çünki münasibətlərini qəbul etməmişdir. Mərhum 5 il əvvəl ona 10.000 manat məbləğində pul vermiş, sonradan pulunu qaytarmışdır. Mərhumu sonuncu dəfə noyabr ayında xəstəxanada görmüşdür, o, 6 aydır xəstə idi və bacısının yanında qalırdı. Mərhumu vəfat etməmişdən 2 gün əvvəl görmüşdür. Mərhumun nə vaxtsa psixoloji problemi olubolmadığını həkim olmadığı üçün bilmir. -Məhkəmə iclasında şahid qismində ifadə vermiş X19 bildirmişdir ki, mərhum Nazilə Ağabəyova xalası olmuşdur. Xalası ölümündən bir il öncə xəstəxanaya yatmazdan əvvəl artıq yaddaşını itirmişdir və son zamanlar insanları tanımırdı. Dəfələrlə onu xəstəxanaya öz şəxsi avtomobilində aparmışdır. Yaşadığı ev çox soyuq idi və bildirirdi ki, işıq pulu yazdığına görə Arif peçi yandırmağa qoymur. Damar tıxanıqlığına görə ayağından əməliyyata gedərkən artıq yaddaşı yaxşı deyildi və ona deyirdi ki, ”hara gedirik, mən xəstə deyiləm axı və sən kimsən”. Özü Cavabdeh2 bildirmişdir ki, xalasının ilk cümə axşamıdır, gəl mərhuma aid bütün vəsaiti və qızılları gətir. O, isə bildirmişdir ki, xalasına aid heçnə onda yoxdur. Xalasına məxsus qızıl saat var idi, hansı ki, ona böyük qardaşından hədiyyə olunmuşdur, lakin vəfat etdikdən sonra həmin saat və qolbaqlar yoxa çıxmışdır. Nazilə Ağabəyova 60 ildir işləyib və həmişə pulu olub. Cavabdeh bildirirdi ki, xalası qızıllarını satıb. Ondan həmin qızılları harada satmasını soruşmuş, hətta cavabdehə təklif etmişdir ki, görüşsünlər, həmin qızılları satdığı yerdən alsınlar. Cavabdeh2 bununla razılaşmışdır. Lakin sonradan cavabdehə zəng çatmamışdır. Bununla da, Polis İdarəsinə müraciət etmişlər. Polis tərəfindən çağırılandan sonra cavabdeh qızılları gətirmişdir. Qəbir daşını polis çağırandan sonra xalası öləndən sonra aldığı ölüm şəhadətnaməsinə əsasən çıxardığı dörd aylıq təqaüd əsasında düzəltdirdi. Əməliyyatdan sonra xalasını Novxanı Qəsəbəsində yerləşən bağ evinə gətirmişlər. Mərhum həmişə bağa gələndə pulunu və qızıllarını özü ilə gətirir, onlara göstərirdi. Xalası Cavabdeh2 vəsiyyətnamə verməyib. Cavabdeh hər şeyi özü düzəldib. Xalası damar tıxanıqlığına görə ayağından əməliyyat olunmuşdur və ondan sonra insult keçirtmişdir. Xalasını xəstəxanaya yerləşdirmək istəsələr də, cavabdeh qoymamışdır. Xalası yaddaşının pozulmasına görə də həkimə getməmişdir, çünki Cavabdeh2 icazə vermirdi. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin, onların nümayəndə və vəkillərinin, habelə cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdən X3 adına tam payla xüsusi mülkiyyət kimi qeydə alınmışdır. X8 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 3 saylı Notariat ofisinin xüsusi notariusu X36 tərəfindən təsdiq edilmiş reyestrdə 2V- 23 № ilə qeydə alınmış vəsiyyətnamə ilə ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun birinci növbəli vərəsəsi (uşaq, ər, valideyn) olmamışdır. Bundan sonra Cavabdeh2 irs qalmış mirası qəbul etmişdir. Hazırda birgə iddiaçılar, bacıları X8 tərəfindən Cavabdeh2 verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -346-cı maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. -1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. -1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. -1170.1-ci maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. -1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. -1225.1-ci maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. -1225.3-cü maddəsinə əsasən, əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın: -57-ci bəndinə əsasən, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. -58-ci bəndinə əsasən, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsi ilə tərtibinə yol verilmir. -59-cu bəndinə əsasən, notariuslar fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. -63-cü bəndinə əsasən, vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. -64-cü bəndinə əsasən, vəsiyyətnamə, tərtib edildiyi yer və vaxt göstərilməklə, yazılı şəkildə tərtib edilməli və vəsiyyət edən tərəfindən şəxsən imzalanmalıdır. Vəsiyyətnamə təsdiq olunan tarix və saat dəqiq göstərilməlidir. Vəsiyyətnamənin mətnində qeyd-şərtə və qaralamaya yol verilməməlidir. Vəsiyyət edən fiziki qüsurlarına, xəstəliyinə və ya başqa səbəblərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilmirsə, vəsiyyətnaməni onun xahişi və iştirakı ilə digər şəxs imzalaya bilər. Bu zaman təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Hazırki iş üzrə miras qoyan X8 ölməmişdən əvvəl, yəni xx.xx.2023-cü il tarixdə vəsiyyətnamə tərtib edərək, öz iradə ifadəsi ilə ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. Birgə iddiaçılar qeyd olunan vəsiyyətnamənin etibarsız hesab olunmasını məhkəmədən xahiş edirlər. Məhkəmə qeyd edir ki, vəsiyyətnamənin etibarsız sayılması tələbinin maddi hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 1225.3-cü maddəsi, bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla tərtib edilən hallarda vəsiyyətnamənin mütləq etibarsız sayılmasını tələb etmir, bu halda vəsiyyətnamənin etibarsız sayılması məhkəmənin mülahizəsinə buraxılır. Bu hal ona dəlalət edir ki, vəsiyyətnamənin etibarsız sayılması üçün, müəyyənləşdirilmiş qaydalar pozulmaqla yanaşı, vəsiyyət edənin tərtib edilən vəsiyyətnamədə əksini tapmış iradə ifadəsinin həqiqi olmasına əsaslı şübhələr yaranmış olsun. Nəzərə alınmalıdır ki, ilkin olaraq notariat qaydada təsdiqlənmiş sənədin mötəbərliyi qəbul edilir. Mübahisələndirilən vəsiyyətnamə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 3 saylı Notariat ofisinin notariusu tərəfindən təsdiqlənmişdir. Onun etibarsız olması yalnız mötəbər sübutlarla təsdiq edildiyi halda müəyyən oluna bilər. Hazırki iş üzrə birgə iddiaçılar, bacıları X3 xx.xx.2023-cü il tarixdə verdiyi vəsiyyətnamənin onun iradə ifadəsindən kənar olduğunu iddia edirlər. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkilinin vəsatətinə əsasən, mübahisələndirilən vəsiyyətnamədə olan xətt və imzanın X6 məxsus olubolmamasının müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi məqsədilə məhkəmə araşdırması zamanı Bakı şəhəri 3 saylı Notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2V-23 reyestrlə aparılmış notariat əməliyyatının qeydə alındığı 2023-cü ilə aid 2V reyestr kitabının əsli və xx.xx.2022-ci ildə 7E-5816 reyestrlə təsdiqlənmiş etibarnamənin notariat ofisində saxlanılan nüsxəsinin əsli məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 09 avqust 2024-cü il tarixdə verilmiş 4/881 nömrəli ekspert rəyi ilə ekspertizaya təqdim edilmiş, mülki işin 159-cu vərəqində faylın içərisində X3 adından olan ona məxsus bütün daşınar və daşınmaz əmlakın Cavabdeh2 vəsiyyət edilməsi barədə 04 iyul 2023-cü il tarixli vəsiyyətnamədən “İmza:” qrafasındakı imza və “X8” yazılarının - X8 tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi, iddiaçılar tərəfindən mübahisələndirilən hal, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla və ekspert rəyi ilə öz təsdiqini tapmamışdır. Bununla yanaşı, yaranmış sualların cavablandırılması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti əlyazmalar və səslərin ekspertizaları şöbəsinin böyük eksperti X26 məhkəmə iclasına dəvət olunaraq dinlənilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin böyük eksperti X26 bildirmişdir ki, məhkəmə tərəfindən təqdim olunan sənədlər üzərində tədqiqat aparır. Təqdim olunan nümunələr rəsmi dövlət orqanı tərəfindən təsdiq olunmuş və ya birbaşa icra olunmuş nümunələrdir. Dövlət sənədi olması onun mötəbərliyinin təminatıdır. Ona iki etibarnamə təqdim olunmuşdur və bu nümunələrin mötəbərliyində heç bir şübhə yoxdur. Ekspert olaraq, dörd nümunənin arasında heç bir fərq görməmişdir. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatını aparan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin vəzifəsini, təhsili və ekspertiza sahəsində iş təcrübəsini –1998-ci ildən ekspert iş stajına malik olmasını, ali hüquq təhsilini, əlyazmalar və səslərin ekspertizaları şöbəsinin böyük eksperti olmasını və s. nəzərə alaraq hesab edir ki, iş üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (ekspert Ü.Ağayeva) 09 avqust 2024cü il tarixdə verilmiş 4/881 nömrəli rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, vəsiyyətnamənin etibarsız sayılmasını tələb edən iddiaçılar öz dəlillərini sübut etmə vəzifəsi daşıyırlar. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bununla belə, məhkəmə araşdırması zamanı iddiaçılar tərəfindən vəsiyyətnamə tərtib olunarkən vəsiyyət edənin öz hərəkətlərinə cavab verə bilməməsi və s. kimi dəlilləri məhkəmə iclasında təsdiq olunmamış, iddiaçılar tərəfindən X3 öz hərəkətlərini başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi, öz hərəkətinin mənasını başa düşə bilməməsi və öz hərəkətini idarə edə bilməməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Vəsiyyətnamədən görünür ki, Mülki Məcəllənin 1179.1-ci maddəsinin tələblərinə riayət olunmuş, yəni miras qoyan özü notariat ofisinə gəlmiş, orada vəsiyyətnamə vermək istəyini və arzusunu bildirmiş və bununla bağlı rəsmiləşdirmə aparılmışdır. Notarius imza edənin şəxsiyyətini müəyyən etmiş, o, imzaladığı vəsiyyətnamənin məzmunundan xəbərdar olmuşdur. Vəsiyyətnamə tərtib olunarkən X3 notariat tərəfindən çəkilmiş şəkli, tarix (xx.xx.2023) və saat (11:35:19) dəqiqliklə qeyd edilmiş, Bakı şəhəri 3 saylı Notariat ofisi tərəfindən 2023-cü ilə aid 2V reyestr kitabının əslində (kitab v. 5, 23-cü notariat hərəkəti) xx.xx.2023-cü il tarixdə 2V-23 reyestrlə qeydə alınmışdır. Məhkəmə şahid ifadələri ilə bağlı qeyd edir ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hazırki iş üzrə məhkəmə tərəfindən iş üzrə dindirilmiş şahidlər iddiaçıların qohumlarıdır. Məhkəmə qeyd edir ki, onlar tərəfindən verilmiş ifadələr yeganə sübut kimi nəzərə alınaraq iddianın təmin edilməsi üçün yetərli deyildir. Belə ki, şahid ifadələri arasında ziddiyyət vardır. Şahidlərin bir neçəsi mərhum X3 psixoloji probleminin olmadığını bildirmiş, digər hissəsi isə onun yaddaşını itirdiyini, psixoloji problemlərinin olduğunu bildirmişlər. Şahidlərin bir neçəsi mərhum X3 yaddaşını itirdiyini bildirsələr də, bu hallar iş üzrə təqdim edilmiş digər mötəbər sübutlarla təsdiq olunmamışdır. Digər tərəfdən Cavabdeh2 miras qoyan X8 ilə uzun müddət – 30 ildən çox müddət ərzində qeyri-rəsmi nikah münasibətlərində olmuş, xəstə olduğu vaxtlarda onun müalicəsinə kömək etmiş, o, vəfat etdikdən sonra dəfn mərasiminin xərclərinin böyük hissəsini ödəmişdir. Bu hal şahid ifadələri ilə də təkzib olunmur. Belə ki, məhkəmə sorğusuna əsasən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı1 ərizəsi əsasında toplanmış 2981 saylı materialla və 22 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı1 bacısı X8 1990-cı ildən vəfat edən günə qədər Cavabdeh2 ilə birlikdə qeyri-rəsmi münasibət yaşamış, xx.xx.2023cü il tarixdə isə bütün daşınan və daşınmaz əmlakına dair Cavabdeh2 vəsiyyətnamə vermişdir. Məhkəmə qeyd edir ki, X3 ona məxsus olan əmlakını qohumlarına deyil, onunla uzun müddət yaşamış Cavabdeh2 vəsiyyət etməsi miras qoyan – mülkiyyətçi olaraq onun şəxsi iradə ifadəsidir. Onun tərəfindən verilmiş etibarnamə formal əsaslarla ləğv oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan vəsiyyətnamənin ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, birgə iddiaçıların xx.xx.2023-cü ildə 3 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş, X15 tərəfindən Cavabdeh2 vermiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası da məhkəmə tərəfindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 müştərək qaydada 126 (yüz iyirmi altı) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X12 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər 3 saylı Notariat ofisinə və Cavabdeh2 qarşı “xx.xx.2023-cü ildə 3 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş, X15 tərəfindən Bakı şəhəri, X42 küçəsi, ev 128, mənzil 112-də yaşayan Cavabdeh2 vermiş vəsiyyətnamənin tamamilə etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, uddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 müştərək qaydada 126 (yüz iyirmi altı) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X12 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər 3 saylı Notariat ofisinə və Cavabdeh2 qarşı “xx.xx.2023-cü ildə 3 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş, X15 tərəfindən Bakı şəhəri, X42 küçəsi, ev 128, mənzil 112-də yaşayan Cavabdeh2 vermiş vəsiyyətnamənin tamamilə etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 müştərək qaydada 126 (yüz iyirmi altı) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X12 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar