Məhkəmə qərarları › İş №2(005)-1515/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1515/2025

29.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1515/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri İddiaçı Cavabdehnə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən, **********11290 istehlakçı hesabı üzrə hesablanmış 3110,4 manat borcdan qalıq olan 2862,90 (iki min səkkiz yüz altmış iki manat, doxsan qəpik) manat məbləğində pulun İddiaçı aid abonent kodundan silinməsi; məcburi qaydada tutulmuş 247,50 manat və məhkəmə xərci qismində vəkilə ödənilmiş 350 manat olmaqla, ümumilikdə 597,50 (beş yüz doxsan yeddi manat, əlli qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı xx.xx.2022-ci ildə ünvan 1 ünvanda yerləşən mənzili satın almışdır. Mənzili satın aldığı vaxtdan mütəmadi olaraq kommunal ödənişləri aidiyyəti üzrə ödəmişdir. 14 aprel 2023-cü il tarixdə qeyd edilən mənzildə olan qaz sayğacı Azəriqaz İB tərəfindən dəyişdirilərək yeni smart tipli sayğac quraşdırılmışdır. Qeyd edilən tarixdən sonra həmin sayğaca ödənişlər smart kart vasitəsi ilə edilmişdir. 2025-ci ilin yanvar ayında İddiaçı təsadüfən məlum olmuşdur ki, smart kart vasitəsi ilə ödədiyi ödənişin yarısı qaz sayğacına yüklənməkdədir. Bununla bağlı aidiyyəti dəqiqləşmə etdikdə ona məlum olmuşdur ki, Azəriqaz İB onun abonent koduna 3110,4 manat həcmində borc qeyd etmişdir və buna görə də hər dəfə ödədiyi pulun yarısı qeyd edilən həmin borcdan çıxılmaqdadır (bugünədək edilmiş məcburi tutulmalarla hazırda qeyd edilən borc 2862,90 manat həcmindədir). Qeyd edilir ki, Azəriqaz İB bu halla bağlı abonentə heç bir məlumat verməmişdir. Yəni mənzildən 2023- cü ildə sökərək dəyişdirdiyi sayğacda iddia etdiyi müdaxilə halı ilə bağlı tərtib etdiyi müvafiq aktı abonentə təqdim etməmiş, eyni zamanda qanunvericiliyin tələblərinə zidd olaraq baş verməsini iddia etdiyi, aşkarlanmış pozuntuya dair aidiyyəti hüquqi qiymət verilməsi üçün müvafiq instansiyaya müraciət etməmiş, qanunsuz olaraq abonentə əsassız borc hesablayaraq vətəndaşın abonent koduna əlavə etmişdir. İlk olaraq Azəriqaz İB-nin iddia etdiyi halın ümumiyyətlə mövcud olub-olmaması sual altındadır. Qeyd edildiyi kimi, sayğac 2023-cü ilin aprel ayında Azəriqaz İB tərəfindən yenisi ilə əvəzlənərək mənzildən aparılmış və mənzil sahibinin (abonentin) iştirakı olmadan dəyişdirilmiş sayğacın sazlığına, sayğaca müdaxilə halı olubolmamasına dair Azəriqaz İB-nin öz laboratoriyasında rəy verilmişdir. Aparılmış bu icraatın yekununda tərtib edilmiş akt isə abonentə təqdim edilməmişdir. Bu hal isə qanunvericiliklə və aidiyyəti norma müəyyənedici aktlarla ziddiyət təşkil etməkdədir. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş aidiyyəti pozuntu əməlinin ehtimalı müəyyən edildikdə, pozuntu barəsində akt tərtib edildikdən dərhal sonra həmin əmələ görə müvafiq tədbirlər həyata keçirilməsi və pozuntuya yol vermiş subyektin aidiyyəti məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə müraciət etmə zərurətinə əməl edilməmişdir. Yəni, hazırki mülki işlə bağlı Azəriqaz İB tərəfindən iddia olunan pozuntu halı baş versə idi, “Qaz təchizatı haqqında” Qanuna xx.xx.2022-ci il tarixdə edilmiş dəyişiklikləyə görə iddia olunan pozuntuya dair tərtib edilmiş aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməli idi. Bundan sonra istehlakçının qazın talanmasında təqsirli olması yalnız həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilərsə qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ olardı. Bunun əvəzinə isə guya ki, pozuntu aşkarlamış Cavabdeh tərəfindən bir tərəfli qaydada yüksək miqdarda borc hesablanaraq şəxsin abonent koduna əlavə edilmişdir. Göründüyü kimi hazırki işin halı ilə bağlı mühüm əhəmiyyət kəsb edən “Qaz təchizatı haqqında” Qanununa xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliklə 13-cü maddəsinin 8-1-ci hissəsi olduğu halda həmin maddənin tələblərinə birbaşa istinad edilmədən, Azəriqaz İB tərəfindən öz iradəsi ilə borc hesablaması və hesablanmış əsassız borcun abonent koduna tətbiqi halı olmuşdur. Bu isə nəticə etibarilə Cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinin pozulmasına səbəb olmuşdur. Eyni zamanda Məhkəmənin diqqətini bir nüansa da cəlb etməyi zəruri hesab edirik ki, abonent İddiaçı mənzili 2022-ci ilin aprel ayında satın almışdır. Cavabdeh tərəfindən təqdim edilən, guya ki, aşkarlanmış pozuntu faktı üzrə aidiyyəti sənədlərdə isə sayğacın uzun illərdən bu yana nasaz olması, yəni sayğaca uzun müddət əvvəldən müdaxilə edilməsi qeyd edilmişdir. Bu halda da iddia edilən pozuntu ilə bağlı hazırkı abonent İddiaçı hər hansı borc hesablanması qanunsuz və əsassızdır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, cavabdeh tərəfindən akt tərtib olunduqdan sonra qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilmədiyindən və nəticə etibarilə iddiaçı tərəfindən cavabdehə ziyan vurulmasına dair iddiaçının təqsiri yuxarıda qeyd olunan “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən qaydada təsdiq olunmadığından, iddiaçının iddia tələbi təmin edilməklə abonentə hesablanmış əsassız borc silinməlidir. Həmçinin qeyd etmək istəyirik ki, Cavabdeh tərəfindən İddiaçı (**********11290 istehlakçı hesabı üzrə) hesablanmaqla abonent koduna qeyd edilmiş 3110,40 manat əsassız borcun 247,50 manatı, İddiaçı dövri ödənişlərindən, onun iradəsi xaricində olmaqla, Azəriqaz” İstehsalat Birliyi tərəfindən məcburi qaydada tutulmuşdur. Hesab edirik ki, abonentin hesabına əlavə edilmiş qanunsuz borc məbləği silinərkən, məcburi qaydada tutulmuş 247,50 manat həcmində olan həmin məbləğ də Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı geri qaytarılmalıdır. Həmçinin bildirilir ki, İddiaçı hazırkı işlə bağlı hüquqi xidmət almaq üçün vəkilə 350 manat ödəniş etmişdir. Hesab edilir ki, qeyd edilən ödəniş də iş üzrə məhkəmə xərcləri qismində cavabdehdən tutulmaqla iddiaçıya ödənilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı sərfiyyatı qeyd etmədiyindən yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi olmayan plomb müəyyən edilmiş və sayğacın istismara yararsız olduğu aşkar edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda iddiaçının saldosundan mübahisəsiz qaydada ödəniş və sərfiyyatının illər ərzində ya heç, ya da az olduğu görünür ki, bu, iddiaçının illərlə qazdan sərfiyyat qeyd edilmədən istifadə etdiyini göstərir. Qeyd edilənlərə əsasən, iddiaçının sayğacdan keçən qaz sərfiyyatının qeyd edilməməsindən ötrü sayğaca müdaxilə etdiyini göstərir. Hazırda iddiaçının 2852,9 manat borcu qalmışdır. Qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz-özündə istisna edilir.Qeyd edilir ki, iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək,iddia tələbinin təmin edilməsini xahiş etdi.Bildirdi ki, Cavabdeh tərəfindən akt tərtib edilikdə iddiaçı həmin zaman iştirak etməyib.İddiaçının borcunun bir hissəsi onun məlumatı olmadan silinib.Qaz sayğacı mənzilin içində olduğunu və saldoda sayğaca müdaxilə edildiyini qeyd etdi.İddiaçının mənzili 2022-ci il aprel ayında alıb. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda elektron kabinet vasitəsilə ərizə təqdim edərək, mülki iş üzrə iclasın iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki işin materialları: Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Abonent saldosundan görünür ki, **********11290 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində qalıq və aktlar üzrə 2023-ci ilin dekabr ayında 3080,40 manat və 2024-cü ilin dekabr ayında isə 2887,90 manat borc, 2025-ci ilin yanvar ayında 2887,90 manat borc hesablanmışdır. Qeyd edilən borc məbləğindən 2023cü il üzrə 90,16 manat,2024-cü il üzrə 192,50 manat,2025-ci il üzrə 25 manat ödəniş edilmişdir. İş materiallarından görünür ki, İddiaçı qaz sayğacının çıxarılması,quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh İB tərəfindən akt tərtib edilmiş, 14 aprel 2023-cü il tarixli,6941148 saylı akt əsasında Bakı şəhəri,Nərimanov rayonu,Məsud Əlizadə küçəsi,məhəllə 942/943,ev 18,mənzil 129 ünvanda abonenet kodu **********11290 G4T markalı **********337 olan qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan, İddiaçı qaz sayğacının yoxlanılması haqqında Cavabdeh İB tərəfindən akt tərtib edilmiş,xx.xx.2023-cü il traixli MSK-14-2-2/3-5-4289-1 aktına əsasən,sayğaca baxış keçirilib sayğacın hesablama mexanizminin qoruyucu qapağın üzərində əzik-cızıq izləri var və mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. Sayğac istismara yarasızdır. İş materiallarında olan, İddiaçı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Cavabdeh İB tərəfindən akt tərtib edilmiş,xx.xx.2023-cü il tarixli,0384631 nömrəli akt əsasında sayğaca baxış keçirilmiş,sayğacın hesablama mexanizminin göstərici çarxlarının üzərində əzik-cızıq izləri var və mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. İş materiallarında olan, İddiaçı dəymiş ziyanın bərpasına dair Cavabdeh İB tərəfindən tələbnamə tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həcmində itirilmiş qaz hər bir tələbnaməyə görə cəmi 25920 m3 hesablanmışdır İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti çıxarışdan görünür ki, Bakı şəhəri,Nərimanov rayonu,Məsud Əlizadə küçəsi,məhəllə 942/943,ev 18,mənzil 129 İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan, Zenner Smart sayğaclarda borca görə tutulmalara əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək yekun olaraq 495 manat ödəniş etmiş, 247,50 manat məbləğində ödəniş borca silinmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(005)-24/2025 saylı qərardadından görünür ki, ərizə təmin edilmiş, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacına (kod: **********11290) yüklənən pul vəsaitindən 3110,40 (üç min yüz on manat qırx qəpik) manat əsassız borca görə hər hansı bir tutulmanın aparılması Cavabdehnə qadağan edilmişdir. Qərardad qanuni qüvvəyə minmiş və icra edilmişdir. Qəbzin surətindən görünür ki, “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun xeyrinə 350 manat məbləğində ödəniş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası “Qaz Təchizatı”haqqında Qanununun: 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaydaların 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Məhkəmənin mövqeyi İşdə mövcud olan sənədləri araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, istismara yararsız qaz sayğacının düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 2862,90 manat məbləğində hesablanması ağlabatan deyildir. Belə ki, sayğacın istismara yararsız olmasının iddiaçının və ya onun ailə üzvlərinin hərəkətləri nəticəsində baş verməsinə dair cavabdeh tərəfindən şübhədən kənar olan mötəbər sübutlar təqdim edilmədiyindən və təbii qazın sərfiyyatı sayğacın göstəricilərinə əsasən hesablanmalı olduğundan hesablanmış qazın dəyərinin iddiaçıdan tələb olunması əsassızdır. Eyni zamanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. İddiaçı adına açılmış ******* seriya nömrəli sayğacının hesablama mexanizminin göstərici çarxların üzərində əzik-cızıq izləri aşkar edilmiş; sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. Lakin cavabdeh tərəfindən qaz sayğacın istismara yararsız olmasının səbəbkarının məhz iddiaçı olduğunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Abonent hesabına borcun hesanlanmasına dair əsas həmçinin cavabdeh qurum tərəfindən tərtib edilmiş akt olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Odur ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. İddiaçı tərəfindən “Qaz Təchizatı”haqqında Qanun 13-cü maddəsinin tələblərinə əsasən cavabdehin hər hansı təqsirinin olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə müvafiq orqanlara müraciət edilməsini təsdiq edən hr hansı sübut təqdim edilməmişdir. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir. Yuxarıd aistinad olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Məhkəmə xüsusilə vurğulayır ki, baxılan iş üzrə iddiaçı fiziki şəxsdir. Cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Halbuki, AR Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və cavabdeh tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin, cavabdeh tərəf keçən müddət ərzində iddiaçıya ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir. Qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. Beləliklə, cavabdeh tərtib olunmuş akta əsasən iddiaçıdan pul (dəymiş ziyan) tələb etsə də, iddiaçının həmin aktlda göstərilən delikti (hüquqazidd, təqsirli əməli) törətməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 3110,4 manat məbləğində borc hesablanmış, həmin borcdan 247.50 məbləğində pul məcburi qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, iddia borcun silinməsi və məcburi qaydada tutulmuş məbləğin qaytarılması hissəsində təmin edilməli, borcdan qalıq olan 2862,90 (iki min səkkiz yüz altmış iki manat, doxsan qəpik) manat məbləğində pul İddiaçı aid abonent kodundan silinməli; məcburi qaydada tutulmuş 247,50 manat mənlğində pul Cavabdehndən tutularaq iddiaçıya ödənilməlidir.. Məhkəmə hüquqi yardıma görə ödənilmiş 350 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində iddianın qismən təmin edilməsi və cavabdehdən 200 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh Azəriqaz” İstehsalat Birliyi tərəfindən **********11290 istehlakçı hesabı üzrə hesablanmış 2862,90 (iki min səkkiz yüz altmış iki manat, doxsan qəpik) manat məbləğində pulun İddiaçı aid abonent kodundan silinməsi, məcburi qaydada tutulmuş 247,50 manat və hüquqi yardıma görə ödənilmiş 200 manat pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Azəriqaz” İstehsalat Birliyi tərəfindən **********11290 istehlakçı hesabı üzrə hesablanmış 3110,4 manat borcdan qalıq olan 2862,90 (iki min səkkiz yüz altmış iki manat, doxsan qəpik) manat məbləğində borc İddiaçı aid abonent kodundan silinsin. Məcburi qaydada tutulmuş 247,50 manat və hüquqi yardıma görə ödənilmiş 200 manat pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar