Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-152/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı X2 nümayəndəsi İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış pulun qaytarılması tələbinə dair iddia ərizəSi ilə məhkəməyə müraciət edərək, sayğacın texniki nasazlığı səbəbindən əlavə ödənilmiş pul məbləğinin iddiaçıya geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 26.08.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, sayğacın texniki nasazlığı səbəbindən əlavə ödənilmiş üç min manat pulun nəğd şəkildə iddiaçıya geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, yazıb bildirir ki, iddiaçı yuxarıda qeyd olunan ünvanda 2014-cü ildən hal-hazıradək ailəsi ilə birlikdə yaşayır. Yaşadığını dövr ərzində mənzilin elektrik sayğacında texniki problemlərin olduğu müəyyən edilmiş və bununla bağlı tərəfindən "xxxx" ASC-nin Nərimanov filialına dəfələrlə müraciət olunmuşdur. Hər dəfə ‘‘Azərişıq” ASC-nin Nərimanov filialında ona sayğacın problemi olmadığı və hər şeyin qaydasında olduğu bildirilmişdir. Çoxsaylı müraciətlərin nəticəsində iddiaçı bu ilin əvvəllərində elektrik sayğacın çıxardılması və onun yoxlanılması üçün labaratoriyaya göndərilməsinə nail oldu. Labarotoriyanın rəyinə əsasən, sayğac yüklü olmadığı halda spontan hərəkət edir və istismara tam yararsız olduğu müəyyən edilmişdir. Yararsız vəziyyətdə olan sayğacın göstəricilərinə əsasən iddiaçı cəmi 4164.37 (dörd min bir yüz altmış dörd manat otuz yeddi qəpik) manat məbləğində pul ödəyib. “Azərişıq" ASCnin sayğacların və cərəyan transformatorların yoxanılması labaratoriyasının 18.02.2021-ci il tarixli aktına əsasən, istismara yararsız sayğac 45,3%, 54,5% və 70,4% xəta ilə işləyib. Bu barədə iddiaçı iki dəfə "xxxx" ASC-nin Nərimanov filialına müraciət edərək, sayğacın göstəricilərinə əsasən əlavə ödənilmiş vəsaitin geri qaytarılmasını tələb edib. "Azərişıq” ASC-nin 31.03.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, abunə haqqında bildiriş vərəqinin təhlilini və Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin 18.02.2021-ci il tarixli 208989 nömrəli elektron protokolunu nəzərə alaraq, Müştəri Xidmətləri idarəsinə 30.03.2021-ci il tarixdə 0384 nömrəli Razılaşma Protokolu tərtib olunmuş, hesabında 495 kvts (54,45 manat) elektrik enerjisinin dəyərində düzəliş edilmişdir. Ayrılan kompensasiya iddiaçını qane etmədiyi üçün iddiaçı həmin məbləğin hansı qanuna və göstəricilər əsasən hesablandığını tələb etsə də, iddiaçının müraciətləri cavabsız qalmışdır. İddiaçı 06.09.2021-ci il tarixdə əsil olmayan iddiaçının əsil iddiaçı ilə əvəz edilməsi barədə ərizə ilə müraciət edərək, onun X4 ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinə əsasən, İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Bundan sonra iddia ərizəsi icraata qəbul edilərək, məhkəmə tərəfindən müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, 18.02.2021-ci il tarixli aktın rəyinə əsasən həmin sayğac yüksüz vəziyyətdə 70,4% xəta ilə işlədiyini və istismara yararsız olduğunu, yararsız vəziyyətdə olan sayğacın göstəricilərinə əsasən 4164,37 (dörd min yüz altmış dörd) manat məbləğində pul ödədiyini, onun təxmini hesablamalarına görə, istismara tam yararsız olan sayğacın göstəricilərinə əsasən 3 000 (üç min) manatdan artıq əlavə vəsait ödədiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, laboratoriyanın protokolu həmin an üçün hesablanır, yəni 18.02.2021-ci il üçün hesablanmış sərfiyyat silinib. Cəmiyyət yalnız 71 gün üçün hesablanmış sərfiyyatı görüb silə bilir. Çünki bundan artıq sayğacın yaddaşı olmur. Sayğacda sərfiyyat görünür, lakin yaddaşı görə bilmirlər. Bu səbəbdən də müəyyən etmək olmur ki, həmin vaxt sayğac 100 faiz işləyirdi yoxsa ki xəta ilə işləyirdi. Onlar dəqiq deyə bilmirlər ki, sayğac nə vaxtdan xəta ilə işləməyə başlayıb. Əgər iddiaçı qəbzlərdən müəyyən edirdisə ki, sayğac artıq sərfiyyat yazır, o zaman müraciət edə bilərdi. Hazırda abonent neçə il keçəndən sonra məhkəməyə müraciət edib. Hesab edir ki, iddiaçı 2012-ci ildən müraciət edərək bu halı aradan qaldıra bilərdi. Lakin həmin vaxtda iddiaçının belə bir müraciəti olmayıb, yalnız 9 il keçəndən sonra iddia ilə müraciət edib. Belə ki, həmin vaxt xəta müəyyən edilsə idi, onda cəmiyyət qüsurlu sayğacı dəyişdirərdi. Bundan əlavə bildirdi ki, sayğaclar adətən yeni modellərin çıxması ilə əlaqədar dəyişdirilir, belə ki, sayğacların ümumiyyətlə istismar müddəti müəyyən edilməyib. Ola bilər ki, yeni quraşdırılmış sayğac heç bir ay olmadan dəyişdirilsin. Ona görə də iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan iddiaçının abunə kodu üzrə (**********30074) Abunə haqqında çıxarışdan görünür ki, X2 ünvan 1 ünvanında 01.01.1988, 08.12.2003, 04.03.2008, 19.02.2021-ci il tarixlərdə sayğac dəyişdirilmişdir. İş materiallarında olan 31.03.2021-ci il tarixli "xxxx" ASC-nin İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, Sizin mənzilinizdə elektrik enerjisi sərfiyyatma görə yaranmış borcun araşdırılmasına dair "Azərişıq” ASC-yə ünvanlanmış müraciətinizə (02.03.2021 -ci il tarixli, H-172 nömrəli) Müştəri Xidmətləri İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, **********30074 nömrəli kod üzrə mənzilin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, Nərimanov RETSİnin əməkdaşları tərəfindən kompüter məlumatlar bazasına daxil edilmiş A440719252 nömrəli sayğacın göstəricilərinə əsasən 1183 kvts (98,73 manat) dəyərində ödəniş sənədi hesablanmışdır Müraciətinizlə əlaqədar olaraq. Abunə haqqında bildiriş vərəqinin təhlilini və Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin 13.02.2021-ci il tarixli 208989 nömrəli elektron protokolunu nəzərə alaraq, Müştəri Xidmətləri İdarəsində 30.03.2021-ci il tarixdə 0384 nömrəli Razılaşma Protokolu tərtib olunmuş, hesabınızda 495 kvts (54.45 manat) elektrik enerjisinin dəyərinə düzəliş edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 136.4-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 №-li Qərarın: 7.1-ci bəndinə əsasən, Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır; 7.5-ci bəndinə əsasən, müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. müstəqil enerji istehsalçısı tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı müvafiq olaraq pozuntuya yol vermiş tərəfin vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, müstəqil enerji istehsalçısı tərəfindən müvafiq olaraq dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Dövlət elektroenergetika müəssisəsinin və ya enerjitəchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə müstəqil enerji istehsalçısı pozuntuya yol vermiş tərəfdən istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir. 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir; 8.7-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir; 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin "Dövlət Enerjinəzarət" İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır; 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Bu baxımdan iddiaçı cavabdeh "xxxx" ASC tərəfindən ona hər hansı məbləğdə borcun əsassız olaraq hesablandığını sübut etməli idi. Lakin iddiaçı məhkəmə iclasında "xxxx" ASC tərəfindən ona əsassız olaraq borcun hesablandığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, tərəflər faktiki olaraq müqavilə münasibətlərində olmuşlar. Başqa sözlə, cavabdeh müəyyən məbləğdə ödənişlər etmək şərti ilə iddiaçını elektrik enerjisi ilə təmin etməli, iddiaçı isə həmin elektrik enerjisindən dəyərini ödəməklə istifadə etməli idi. Bu baxımdan iddiaçı cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisi ilə təmin edilmiş və iddiaçı həmin elektrik enerjisindən istifadə etdiyi üçün də müvafiq vəsaiti ödəmişdir . Belə ki, elektrik enerjisindən istifadə etməsi hüquqi nəticə etibarı ilə iddiaçıya onun dəyərini ödəmək öhdəliyini yaradır. Bundan əlavə məhkəmə iddiaçının iddia tələbinin dəlilli kimi istinad etdiyi (18.02.2021-ci il tarixli aktına əsasən, istismara yararsız sayğac 45,3%, 54,5% və 70,4% xəta ilə işləyib.) hala münasibətdə qeyd edir ki, bununla bağlı cavabdeh cəmiyyət tərəfindən müvafiq olaraq 54,45 manat borc silinmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı sayğacdakı nasazlığa görə 2013-cü il tarixindən 2021-ci ilin yanvar ayınadək olan dövrdə artıq pul vəsaiti ödədiyi barədə fakta istinad etsə də, onun tərəfindən sayğacdakı qüsurla bağlı həmin tarixdən cavabdehə müraciətlərinin olubolmadığı mülki iş materiallarından müəyyən olunmur. Göründüyü kimi belə qüsura görə, iddiaçı 2021-ci il tarixdə müraciət etmiş, nəticə etibarilə də 18.02.2021-ci il tarixi üçün sayğacda daxili qüsurun olması faktı təsdiqlənmişdir. Eyni zamanda “ sayğacın istismar müddətinin bitməsi səbəbindən elektrik enerjisi sərfiyyatının artıq hesablanması” barədə iddiaçının iddia tələblərinin dəlili kimi istinad etdiyi hala münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası NK-nin yuxarıda qeyd olunan qərarına əsasən müəyyən olunur ki, ....sayğaclar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbinin bu dəlili də öz tədiqini tapmadığından, əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış pulun qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış pulun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-152/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-152/2022
13.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver