Məhkəmə qərarları › İş №2(005)-1566/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1566/2025

02.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1566/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik” Komissiyası maraqlı şəxs qismində cəlb olunmaqla ərizəsi üzrə (açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə Ərizəçi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik” Komissiyası maraqlı şəxs qismində cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X2 xx.xx.2006-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Zəhraya dəniz havası və dəniz qumu faydalı olduğu üçün ailəlikcə Sumqayıt şəhəri Saray Bağları massivi 3934 D ünvanında qeydiyyatsız yaşayırlar. X1 anadan olandan “uşaq serebral iflici” diaqnozu ilə dünyaya gəlmişdi. Zəhraya 18 yaşının tamam olmasına qədər qəyyumluq tələb olunmurdu, ona görə ki, öhdəliyində sosial məhdudlu uşaq (SİMU) vardır yazılırdı. 18 yaşından sonra ona “ASAN” xidmətdə və 4 nömrəli DOST mərkəzində qızı Zəhraya Qəyyumluq almağını və bunu qeydiyyatda olduqları rayon məhkəməsinə müraciət etməyi bildirildi. X2 xx.xx.2017-ci ildən 2 nömrəli kliniki Psixiatriya Xəstəxanasında orta kəmağıllılıq, nitq və davranış pozğunluqları ilə F.70.1 diaqnozu, xx.xx.2024-cü ildə isə 2 nömrəli kliniki Psixiatriya xəstəxanasında Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu -F.71.1 orta kəmağıllılıq, kobud nitq və davranış pozuntuları ilə İQ-35 diaqnozu qoyumuşdur. Zəhra Rövşən qızına birinci dərəcəli əlillik təyin edilmişdir. Zəhra tez-tez qıcolmaları olur, illərdir depakin və klonezapom tabletlərindən gündəlik istifadə edir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi ərizəyə uyğun izahat verərək, qızının öz hərəkətlərinin mənasını anlaya bilmədiyini, öz hərəkətlərini idarə edə bilmədiyini, bu səbəbdən onun qəyyumu kimi təyin olunmaq istədiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan; - AZ-İ seriyalı 831020 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Ərizəçi, anası X6r. - AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2006cı il tarixdə anadan olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X8 haqqında arayışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7 ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Ona “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta kəmağıllıq. imbesillik, kobud nitq və davranış pozuntusu (İQ=35). Spastik tetraplogiya, Spastik tetraparez. Əzələ tonusu yüksəkdir. Aşağı ətraflarda daha ifadəlidir. Əzələ gücü 3 baldır.Yerişi spastik paretikdir. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Simptomatik epilepsiya (ayda 3-4 dəfə tutmalarla)” diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 Həkim Psixiatr Komissiyasının 1/2035 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7 orta kəmağıllıq, imbesillik, kobud nitq və davranış pozuntuları ilə yanaşı kadroplegik spastik serebral iflic diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında soruncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X9 xx.xx.2024-cü il tarixdə qiymətləndirilmişdir, ona ümumi xəstəlik səbəbindən müddətsiz 1 dərəcəli əlillik təyin edilmiş, “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta kəmağıllılıq, imbesillik,kobud nitq və davranış pozuntusu (İQ-35).Spastik tetraplegiya, Spastik tetraparez.Əzələ tonusu yüksəkdir. Aşağı ətraflarda daha ifadəlidir. Əzələ gucu 3 baldır.Yerışı spastik paretikdir.Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Simptomatik epilepsiya (ayda 3-4 dəfə tutmalarla)” diaqnozu qoyulmuşdur. Şəxs əmək qabiliyyətsizdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 1200 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs X5 uşaq serebral iflici nəticəsində yaranan orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Yoxlanılan şəxs X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Z.R.Xıdırzadəni psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi nəzərdə tutulan, X4 atasıdır. X9 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ona ümumi xəstəlik səbəbindən müddətsiz 1 dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə araşdırması zamanı xx.xx.2006-cı il təvəllüdlü X4 psixi vəziyyətinin öyrənilməsi məqsədilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 1200 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs X5 uşaq serebral iflici nəticəsində yaranan orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Yoxlanılan şəxs X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Z.R.Xıdırzadəni psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər; Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə müvafiq olaraq, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 1200 nömrəli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, xx.xx.2006-cı il təvəllüdlü X4 psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X9 (FİN: 7V8MWC5) tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. V. Nəticə: Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X9 (FİN: 7V8MWC5) tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar