Məhkəmə qərarları › İş №2(005)-1588/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1588/2023

14.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1588/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X6 Mehdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ev 15 ünvanında yerləşən, 3 otaqlı, 13 saylı mənzilə Cavabdeh 7.000 (yeddi min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 23.10. 1997-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olub, ailə həyatı qurub. Birgə nikahdan iki övladı (1 qız və 1 oğlan) anadan olmuş və hazırda həddi buluğa çatmışlar. Nikahı Nərimanov Rayon Məhkəməsində pozulmuş və onlara xx.xx.2011-ci il tarixli, AZ-İ 124639 nömrəli Nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Məhkəmədə əmlak bölgüsü ilə bağlı işə baxılmış və birgə nikah müddətində əldə etdikləri əmlakların 1/3 hissəsi ona verilməklə, iki azyaşlı uşaqları cavabdehin himayəsində qaldığı üçün əmlakın çox hissəsi, yəni 2/3 hissəsi cavabdehə verilmişdir. Cavabdeh əmlak tələbi ilə bağlı Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən narazı qaldığı üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Həmin vaxtı cavabdehlə aralarında barışıq sazişi bağlanmış və ona düşən əmlakların hamısı cavabdeh tərəfindən tələb olunduğu üçün ona verilmiş və qarşılığında ailə münasibətləri bərpa oilunmuşdur. Lakin cavabdehlə barışsalar da, cavabdeh onunla rəsmi nikaha daxil olmamış və onlar qeyri-rəsmi olaraq bir müddət ailə kimi yaşamışlar. Cavabdehlə birgə nikah dövründə əldə olunmuş əmlaklardan Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsində istifadədə olan 0,05625 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binada 42 kv.m. ümumi, 32 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 2 nömrəli mənzil tam mülkiyyət hüququ ilə cavabdehin adınadır. Həmin ünvanda əlavə olaraq inşa olunub artırılmış, əlavə 2 mərtəbəli, 2 otaqlı, cəmi alt-üst 4 otaqlı mənzil də qeyri-yaşayış sahəsi kimi cavabdehin istifadəsində olmaqla, cavabdeh tərəfindən müqavilə əsasında icarəyə verilmiş və icarə haqqı da hazırda ona ödənilir. Bundan başqa Abşeron rayonu, Fatmayi kəmdində yerləşən 0,10 ha torpaq sahəsi üzərində olan 3 mərtəbəli, magistral yolun kənarında, qeyri-yaşayış sahəsi cavabdehin istifadəsindədir. Bundan başqa, Bakı şəhəri, 6-cı mkr., L.Cümşüdov küçəsində yerləşən, 34 kv.m sahəsi olan avtoyuma məntəqəsi də cavabdehin istifadəsindədir. Həmin avtoyuma məntəqəsi bələdiyyə qərarı ilə cavabdehin adınadır, icarə haqqı da cavabdehə ödənilir. Həmçinin, həmin avtoyuma məntəqəsinin üzərində quraşdırılmış “Nar mobile” yüksək hündürlüklü antena qurğusunun da 3000 manat illik icarə haqqı cavabdehə ödənilir. Yuxarıda göstərilən əmlaklan birgə nikah dövründə adıqlarına baxmayaraq, cavabdeh onu aldadaraq, yalan vəd verərək, həmin əmlaklan öz əlinə keçirmişdir. İddiaçı da iki övladlarının gələcəyi naminə bu vəziyyətlə razılaşmışdır. Cavabdehin mülkiyyətində, onun adına qeydiyyata alınmış əmlakların olmasına baxmayaraq, cavabdeh xx.xx.2009-cu il tarixdə nikah müddətində, 20 il müddətində ipoteka müqaviləsi ilə aldıqları (həmin əmlak aralarında bölünməmişdir, iddiaçının mülkiyyətindədir, həmin əmlaka dair ipotekanı iddiaçının özü ödəyir), Nərimanov rayonu, Mayakovski küçəsi, ev 15, mənzil 13 ünvanında yerləşən, 3 otaqlı mənzildən qeydiyyatdan çıxmaq və mülkiyyətində olan mənzillərdən birinə qeydiyyata düşmək istəmir. Müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmaqdan yayınır. Halbuki, cavabdeh mübahisəli mənzilə nikahı ləğv olinandan sonra, yəni xx.xx.2012-ci il tarixdə ailəmizi bərpa etmək naminə qeydiyyata düşmüşdür. Cavabdeh həmin mənzildə formal olaraq qeydiyyatda qalmaqla bu günə kimi onun mənzil hüququnu, mülkiyyət hüququnu kobud surətdə pozmaqda davam edir. İddiaçı isə həmin mənzil üçün hər ay 390 manat məbləğində ipoteka krediti ödəyir. Nikah müddətində “Kapital Bank”dan 48.000 manat məbləğində ipoteka krediti götürüb, həmin mənzili almışdır və 14 ildir ki, hər ay 390 manatı şəxsən ödəyir. Eyni zamanda, Cavabdeh qoca və xəstə valideynlərinin təkidi ilə ondan ayrıldığı və boşandığı üçün atası hədiyyə olaraq ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 77 kv.m. olan, 2 otaqlı mənzili alıb, ona bağışlamışdır. Cavabdehin adına tam mülkiyyət hüququ ilə qeydə alınmış əmlaklar olmasına baxmayaraq, onun əsassız olaraq həmin mənzildən pasport qeydiyyatından bu günə kimi çıxmaması mülkiyyətçi kimi iddiaçının bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Cavabdeh uzun müddətdir Bakı şəhərində yaşamır və Mingəçevir şəhər X2 Hüquqi Şəxsin verdiyi xx.xx.2022-ci il tarixli məlumata əsasən xx.xx.2018-ci ildən Məşğulluq Təsnifatı üzrə mütəxəssis, Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsində işləyir və 1360 manat əmək haqqı alır. xx.xx.1999-cu il təvəllüdlü qızı X1 xx.xx.2022-ci ildə ailə həyatı qurmuş və ailəsi ilə birlikdə Bakı şəhərində başqa ünvanda qeydiyyatda olmaqla yaşayır. xx.xx.2001-ci il təvəllüdlü oğlu X3 hazırda ali təhsillidir və Neft Akademiyasının magistraturasında təhsil alır. Başqa yaşayış yerində qeydiyyatdadır. Hesab edir ki, Cavabdeh 20 il müddətində ipoteka müqaviləsi ilə aldığı və DƏDRX-nin verdiyi ******* nömrəli Çıxarışa əsasən mülkiyyətçisi olduğu, ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzildən 7.000 (yeddi min) manat kompensasiya ödənilməklə istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Cavabdeh təqsirindən iddiaçının həmin mənzilə olan mülkiyyət hüququ pozulmaqda davam edir. Həmin mənzilə istədiyi kimi sərəncam verə bilmir. Bununla bağlı müstəqil tələb irili sürməyən üçüncü şəxs Azərbaycan Respublikası DİN-nin Nərimanov RPİ-nə müraciət etsəm də, xx.xx.2023-cü il tarixli, 3-13- 50/2-H-5698/11 saylı məktubla məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hesab edir ki, iddiaçının ünvan 3 ünvanında yerləşən, 3 otaqlı mənzilə olan mülkiyyət hüququnun cavabdeh tərəfindən pozulması məhkəmə qaydasında təmin olunmalı, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ev 15 ünvanında yerləşən, 3 otaqlı, 13 saylı mənzilə olan istifadə hüququna Cavabdeh 7.000 (yeddi min) manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdehin təqsirindən iddiaçının mülkiyyət hüququnun pozulması hazırda davam etməkdədir. Hesab edir ki, iddiaçının iddia tələbi qanuni və əsaslı olduğu üçün məhkəmə qaydasında təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinin əsassız olduğunu qeyd edərək, hazırki mübahisəli məsələ üzrə artıq yekun məhkəmə aktının qəbul edildiyini, qeyd olunan mənzilə dair onun da mülkiyyət hüququnun olduğunu bildirib yazılı etiraz təqdim etdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, o, Cavabdeh keçmiş həyat yoldaşı İddiaçı tərəfindən açılan eyni mövzulu məhkəmələrdən artıq yorulub. İddiaçı 4 il əvvəl cavabdehi Nərmanov rayonu, Mayakovski 15, mənzil 13 - qeydiyyatda olduğu ünvandan çıxarmaq üçün Nərmanov rayon Məhkəməsinə şikayət ərizəsi vermişdir. Nərimanov və Apellyasiya Məhkəmələri iddiaçı tərəfindən cavabdehə konpensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı qərar vermişdir. Lakin 15 Oktyabr 2019-cu il Ali Məhkəmənin № 2(102)-5340/2019 qərarı ilə Nərmanov rayon və Apellyasiya məhkəmələrinin qətnaməsini ləğv ederək yeni qerar vermişdir və İddiaçı iddia tələbi rədd olunmuşdur. Qərara əsasən Ali Məhkəmə cavabdehin Mülkiyyətçi hüququnu tanımışdır. "Hansı ki, mülkiyyətçiyə konpensasiya ödənilməklə onun istifadə hüququna xitam verilməsi qanunla nəzərdə tutulmamışdır. Mülkiyyətçi əmlakına müstəqil sərəncam verə bilər. Birgə mülkiyyət hüququna xitam verilməsinin hüquqi əsasları qanunla nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, mülkiyyətçi olan cavabdehin mənzildən istifadə hüququna xitam verilməsinə əsaslar olmadığından iddia tələbi rədd edilməlidir." Ali Məhkəmənin № 2(102)-5340/2019 saylı qərarından 4 il sonra eyni mövzulu işə necə ola bilir ki, Nərmanov Rayon Məhkəməsi yenidən baxış keçirir ?! Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5340/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, “Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(005)- 5483/2018 qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifacə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinin rədd olunması qət edilmişdir. Rayon məhkəməsi nəticəyə gəlmişdir ki, Cavabdeh ünvan 5 ünvanda yerləşən 3 otaqlı mənzildə evin mülkiyyətçisi İddiaçıla nikahda olduğu müddətdə yaşamış, onun həmin mənzilə istifadə hüququ yaranmışdır. Hansı ki, həmin hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsindən fərqli nəticəyə gəlmişdir ki, mübahisəli mənzil tərəflərin birgə mülkiyyətindədir. Lakin, apelyasiya məhkəməsi gəldiyi nəticəyə uyğun olaraq qərar qəbul etməmiş, rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Belə ki, rayon məhkəməsi cavabdehin mənzildən istifadə hüququ olmasını və bu hüquqa kompensasiya verməklə xitam verilməsinin mümkünlüyünü göstərmişdir. Apellyasiya məhkəməsi cavabdehin birgə mülkiyyətçi olması nəticəsinə gəlsə də rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla mülkiyyətçinin də istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin mümkün olması nəticəsinə gəlmişdir. Hansı ki, mülkiyyətçiyə kompensasiya ödənilməklə onun istifadə hüququna xitam verilməsi qanunla nəzərdə tutulmamışdır. Mülkiyyətçi müqavilə bağlamaqla əmlakına müstəqil sərəncam verə bilər. Birgə mülkiyyət hüququna xitam verilməsinin hüquqi əsasları qanunda nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, mülkiyyətçi olan cavabdehin mənzildən istifadə hüququna xitam verilməsinə əsaslar olmadığından iddia tələbi rədd edilməlidir.” Göründüyü kimi, mübahisələndirilən məsələyə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5340/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə hüquqi qiymət verilmiş, həmin qərar qəbul edildiyi andan qanuni qüvvəsini almışdır. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi mübahisəli mənzilə dair tərəflərin birgə mülkiyyət hüququnu tanımış, həmin mənzilə dair istifadə hüququna xitam verilməsi barədə iddiaçının iddiasını rədd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il Qərarına əsasən, qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasan, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5340/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə münasibət bildirildiyindən mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla mülki işin icraatına xitam verilirsə, qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar