Məhkəmə qərarları › İş №2(005)-1630/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1630/2023

10.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1630/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Bakı şəhəri 9 saylı Notariat Ofisi, Cavabdeh3 qarşı “alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Bakı şəhəri 9 saylı Notariat Ofisi, Cavabdeh3 qarşı “alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmaqla Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 02 iyun 2022-ci il tarixli 082-22/İ nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X14, Cavabdeh3, X15, X12 və digər şəxslərlə əlbir olub Çin Xalq Respublikasından şərik qismində uşaq oyuncaqları sifariş verib gətizdirərək Bakı şəhərində satıb iddiaçıya hər ay 20000 manat qazanc təşkil edəcəyinə dair yalan vədlər verib inandıraraq bu məqsədlə sərmayə əldə etmək üçün aldatma yolu ilə onu ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla: AZ 1123, ünvan 3 72,06 kvadrat metr sahəsi olan mənzilini girov qoyub Cavabdeh2 ASC-nin Nərimanov rayonu, Heydər Əliyev prospekti, 72 ünvanında yerləşən 6 saylı şöbəsindən kredit götürməyə razı salmış və 02 iyun 2022-ci il tarixdə həmin bank şöbəsində kredit sənədləşdirməsi adı ilə mənzilin alqı-satqı müqaviləsinə qol çəkdirərək iddiaçının mənzilini dələduzluq yolu ilə keçirmişlər. İddiaçı qeyd edir ki, 02 iyun 2022-ci il tarixdə qeyd olunan şəxslər tərəfindən aldadılmağı nəticəsində Cavabdeh2 ASC-nin Nərimanov rayonu, Heydər Əliyev prospekti, 72 ünvanında yerləşən 6 saylı şöbəsində Cavabdeh2 ASC-nin əməkdaşı X15 tərəfindən tərtib olunmaqla Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 02 iyun 2022-ci il tarixli 082-22/1 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin mahiyyətini və məzmununu bilmədən həmin müqaviləni imzalamışdır. Bundan sonra X12 iddiaçıya 49000 manat pul təqdim edərək həmin vəsaitin Cavabdeh2 ASC tərəfindən ona kredit qismində verildiyini və bunun müqabilində mənzilinin bank qarşısında girov qoyulduğunu bildirmişdir. Qeyd olunan şəxslər tərəfindən aldadılmağı nəticəsində ona Cavabdeh2 ASC tərəfindən kredit vəsaitinin verildiyini düşünərək Cavabdeh2 ASC-yə 2022-ci ilin iyul ayında 509 manat, 2022-ci ilin avqust ayında 572 manat, 2022-ci ilin sentyabr ayında 525 manat, 2022-ci ilin oktyabr ayında isə 572 manat məbləğində ödəniş etmişdir. Yalnız 2022ci ilin oktyabr ayında iddiaçıya məlum olmuşdur ki, həmin şəxslər onu aldadaraq xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla: AZ 1123, ünvan 3 mənzilinə dair əmlak hüquqlarını əldə etmişlər və Cavabdeh2 ASC tərəfindən tərtib olunmaqla Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 02 iyun 2022-ci ıl tarixli 082- 22/İ nömrəli müqavilədə Cavabdeh3 alıcı qismində rəsmiləşdirilmişdir. Həmin faktla bağlı şikayət ərizəsinə əsasən Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Rahib Əliyev tərəfindən Azərbaycan Respublikası CPM-nin 207ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırma aparılmış, Cavabdeh3 və qeydlərinin əməllərində cinayət tərkibinin olmaması qənaətinə gəlinərək toplanmış material üzrə 02 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Daha sonra iddia tələbinin dəyişdirilməsi barədə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə təqdim edərək İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli reyestr nömrəsi 4Ə-584 olan yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin, eyni zamanda Cavabdeh3 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək bildirdi ki, əqdin etbarsızlığı üçün əsaslar mövcuddur. Mənzilin real dəyəri 170000 manatdır. Lakin mənzil çox aşağı qiymətə dəyərləndirilmişdir. Cavabdeh iddiaçını aldadaraq onun mənzilini ələ keçirmişdir. Müqavilə bağlanarkən iddiaçının razılığı alınmayıb, onun ümumiyyətlə bu barədə məlumatı olmayıb. İddiaçı və onun həyat yoldaşı alqı-satqı müqaviləsinə razılıq verməmişdirlər. Cavabdeh3 tanımır, yalnız notariat ofisində onu ilk dəfə görmüşdür. Cavabdeh heç vaxt mənzilə baxış keçirməmişdir. Cavabdeh3 iddiaçıya qarşı mənzildən çıxarılma tələbi barədə iddianı yalnız iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra qaldırmışdır.İddiaçı mənzili ipoteka ilə yüklü edərək, kredit ilə pul götürmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün razılıq vermişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini, şəxsin iradə ifadəsini notarial qaydada təsdiq etdiyini və qanunvericiliyə uyğun olaraq, daha sonra şifahi şəkildə iradə ifadəsindən yayınmasının əsassız olmasını, cavabdeh tərəfindən məhkəməyə müraciət edildikdən sonra iddiçının hazırki iddia ərizəsi ilə müraciət etdiyini, əmlakın dəyərinin bazar dəyərinə uyğun qiymətləndirildiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Digər Cavabdeh2 ASC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə təqdim edərək, iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdeh 9 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi aydada məlumatlandırılsa da, nümayəndəsinin prosesdə iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - "xxxx" MTK tərəfindən verilən 05 sentyabr 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi M.Hadi küçəsi, ev 80 və 6 saylı korpusunun, B girişi, 8-ci mərtəbəsində, ümumi sahəsi 79.2 kv.m, yaşayış sahəsi 36.8 kv.m olan 2 otaqlı, 32 saylı mənzilin pay dəyərini – 17997 manat payçı İddiaçı tərəfindən ödənilmişdir və heç bir borcu yoxdur. - ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil giriş B, 32 (yeni qaydalarla: AZ 1123, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 72.06 kv.m olan mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2019cu il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. - İddiaçı ünvan 4 ünvanladığı və 02 iyun 2022-ci il tarixdə imzaladığı 3324 saylı ərizəsindən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil giriş B, 32 (yeni qaydalarla: AZ 1123, ünvan 3 ünvanında yerləşən mənzilini satmaq istəyir, bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini xahih etmiş, qeyd edilən məlumatın əldə edilməsi ilə bağlı dövlət rüsumunun və xidmət haqqının ödənilməsinə dair qəbzləri də ərizəsinə əlavə etmişdir. - 9 saylı Notariat Ofisi tərəfindən verilən arayışın surətindən görünür ki, İddiaçı tam payda xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil giriş B, 32 (yeni qaydalarla: AZ 1123, ünvan 3 ünvanında yerləşən mənzil barədə xx.xx.2022-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb. - AR DİN tərəfindən xx.xx.2022-ci il tarixdə verilən ******* №-li “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil giriş B, 32 (yeni qaydalarla: AZ 1123, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir və həmin ünvanda qeydiyyatda heç bir şəxs yoxdur. - İddiaçı ünvan 4 ünvanladığı və 02 iyun 2022-ci il tarixdə imzaladığı digər ərizəsindən görünür ki, ona Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil giriş B, 32 (yeni qaydalarla: AZ 1123, ünvan 3 ünvanında yerləşən mənzili Cavabdeh3 106000,00 manata satılması barədə razılığa gəlmələrini, qarışıq (alqı-satqı və ipoteka) müqaviləsi üzrə satış qiyməti 106000,00 manat pul vəsaitinin 74000,00 manatını Cavabdeh2 ASC-nin verdiyi kredit hesabına, 32000,00 manat isə Cavabdeh3 tərəfindən ödənilməsini, həmin məbləğin müvafiq müqavilə təsdiq edildikdən sonra notariatın depozit hesabı vasitəsioə ödənilməsi barədə qanunvericiliyinin tələbləri ona izah edilmişdir. - 40 saylı Notariat Ofisinə ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X2 Çingiz Babacan oğlu ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil giriş B, 32 (yeni qaydalarla: AZ 1123, ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına və ipotekaya qoyulmasına etiraz etməmişdir. - xx.xx.2022-ci il tarixli “Alqı-satqı və ipoteka” müqaviləsinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı tərəfindən Cavabdeh3 106.000 manata satılmışdır. Müqaviləni Cavabdeh2 ASC tərəfindən X15 imzalamışdır. - xx.xx.2022-ci il tarixli 082-22/İ nömrəli Kredit müqaviləsinin surətindən görünür ki, “Kreditor” Cavabdeh2 ASC tərəfindən “Borcalan” Cavabdeh3 74000 manat məbləğində illik 7 faiz dərəcəsi ilə 300 ay müddətinə ipoteka krediti verilmişdir. Kredit “Borcalan”a Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil giriş B, 32 (yeni qaydalarla: AZ 1123, ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 sentyabr 2019-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********07-05301-093206 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınması üçün verilmişdir. - xx.xx.2022-ci il tarixli 082-22/İ saylı kredit müqaviləsinə Əlavənin surətindən görünür ki, “Kreditor” Cavabdeh2 ASC tərəfindən “Borcalan” Cavabdeh3 74000 manat kredit məbləği illik 7 % dərəcəsi ilə, 300 ay müddətinə, aylıq 523.02 manat ödəmək şərti ilə verilmişdir. - "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi haqqında hesabatından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil giriş B, 32, yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 406, M8, m2, mərtəbə 8-də yerləşən, ümumi faydalı sahəsi 72.06 m2 olan mənzilin 29 sentyabr 2023-cü il tarixinə bazar dəyəri 159000 manat təşkil edir. - ƏMDX DƏDKR publik hüquqi şəxsinin “hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən çıxarış”ından məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil 32, korpus 6, giriş B (yeni qaydalarla: AZ 1123, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 72.06 kv.m olan mənzil Cavabdeh3 tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2022-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 fevral 2023-cü il tarixli qərarından görünür ki, X14, Cavabdeh3, X15 və X6 əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(005)- 49/2023 saylı qərarına əsasən İddiaçı şikayəti təmin olunmuş, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X18 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 fevral 2023-cü il tarixli qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(005)- 94/2023 saylı qərarına əsasən İddiaçı şikayəti təmin olunmuş, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Rahib Əliyev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 aprel 2023-cü il tarixli qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. - Cavabdeh2 ASC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh3 ipoteka ödənişi olan 500 manatı Çinqiz Kərimov ödəmişdir. - Azərbaycan Respublikasının Mərkəzi X3 xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh3 tərəfindən Müğanbank ASC-nin Universal filialına 450,44 manat standartev ödənişi, 34,76 manat həyat sığortası üzrə ödənişi, 14.80 manat əmlak sığortası ödənişi həyata keçirmişdir. - Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)-3567/2023 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh3 qarşı “alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Nərimanov rayon məhkəməsinin icraatında olan 2 (005)-1630/2023 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı və X10 qarşı «mənzildən çıxarılma» tələbinə dair hazırki e- 2(011)-3567/2023 saylı mülki işin icraatının dayandırılması qərara alınmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli “Alqı-satqı və ipoteka” müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı tərəfindən Cavabdeh3 106.000 manata satılmışdır. Sonuncu sözügedən mənzili almaq üçün Cavabdeh2 ASC-dən xx.xx.2022-ci il tarixli 082-22/İ nömrəli Kredit müqaviləsinə əsasən 74000 manat məbləğində illik 7 faiz dərəcəsi ilə 300 ay müddətinə ipoteka krediti götürmüşdür. Buna qədər isə xx.xx.20223-cü il tarixdə 40 saylı Notariat Ofisinə ünvanlanan ərizəsində X2 Çingiz Babacan oğlu ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil giriş B, 32 (yeni qaydalarla: AZ 1123, ünvan 6 ünvanında yerləşən mənzilin satılmasına və ipotekaya qoyulmasına etiraz etməmişdir. 2022-cü ilin noyabr ayının 23-də İddiaçı X14, Cavabdeh3, X15, X12 və digər şəxslərlə əlbir olub Çin Xalq Respublikasından şərik qismində uşaq oyuncaqları sifariş verib gətizdirərək Bakı şəhərində satıb iddiaçıya hər ay 20000 manat qazanc təşkil edəcəyinə dair yalan vədlər verib inandıraraq bu məqsədlə sərmayə əldə etmək üçün aldatma yolu ilə onu ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla: AZ 1123, ünvan 3 72,06 kvadrat metr sahəsi olan mənzilini girov qoyub Cavabdeh2 ASC-nin Nərimanov rayonu, Heydər Əliyev prospekti, 72 ünvanında yerləşən 6 saylı şöbəsindən kredit götürməyə razı salmış və 02 iyun 2022-ci il tarixdə həmin bank şöbəsində kredit sənədləşdirməsi adı ilə mənzilin alqı-satqı müqaviləsinə qol çəkdirərək iddiaçının mənzilini dələduzluq yolu ilə keçirməsi barədə Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Polis orqanının «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 2312.2022-ci il, 02 fevral 2023-cü il tarixli və 09 aprel 2023-cü il tarixli qərarları müvafiq olaraq prokurorluq və sonradan məhkəmə nəzarəti qaydasında ləğv edilməsinə, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmış və araşdırma hazırki vaxta kimi davam edir. İddiaçı şikayəti üzrə hüquq mühafizə orqanlarında araşdırmanın davam etdiyi dövrdə o, hazırki iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmaqla Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 02 iyun 2022-ci il tarixli 082-22/İ nömrəli alqı-satqı və ipoteka müqaviləsinin, qeydiyyat vəsiqənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmiş və tələbinin əsasını da polisə verdiyi ərizədə olduğu kimi X14, Cavabdeh3, X15, X12 tərəfindən dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə İddiaçı hər hansı məbləğdə pul vəsaitinin, yaxud əmlakının ələ keçirilməsi təşkil edir. İddiaçının tələbinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60, Mülki Məcəlləsinin 152.1, 324.1, 324.4, 337.1, 337.2,, 337.3, 337.4, 340.2,-ci maddələrinə, «T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ciil tarixli qərarına, “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”ni 17-ci, İnsan Hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddələrinə istinad etmişdir. Hazırki iş icraatda olan dövrdə Cavabdeh3 cavabdeh İddiaçı və X10 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmiş və hazırki işin baxılması ilə əlaqədar qeyd edilən mülki işin icraatının dayandırılması qərara alınmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun: - 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. - 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin -Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. d) Məhkəmənin gəldiyi nəticə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, eləcə də, notariat ofisi tərəfindən təqdim edilmiş notariat icraatındakı sənədləri tədqiq edərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbinin əsası kimi onun X14, Cavabdeh3, X15 və X6 Çin Xalq Respublikasından şərik qismində uşaq oyuncaqları sifariş verib gətizdirərək Bakı şəhərində satıb iddiaçıya hər ay 20000 manat qazanc təşkil edəcəyinə dair yalan vədlər verib inandıraraq bu məqsədlə sərmayə əldə etmək üçün aldatma yolu ilə mülkiyyətində olmuş mənzilini girov qoyub Cavabdeh2 ASC-nin Nərimanov rayonu, Heydər Əliyev prospekti, 72 ünvanında yerləşən 6 saylı şöbəsindən kredit götürməyə razı salmış və 02 iyun 2022-ci il tarixdə həmin bank şöbəsində kredit sənədləşdirməsi adı ilə mənzilin alqısatqı müqaviləsinə qol çəkdirərək iddiaçının mənzilini dələduzluq yolu ilə keçirməsinə istinad edir. Lakin məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olmasına dair irəli sürdüyü dəlilləri işin faktiki və araşdırılmış halları ilə uzlaşmır. Belə ki, məhkəmə iddia tələblərinin əsaslı olub-olmaması baxımından iddiaçının polis orqanlarında verdiyi izahatın məzmununa diqqət yetirilməsini qeyd edir. İddiaçı 2022-ci ildə polis İdarəsinə ərizə verdikdən sonra ondan alınmış izahatından həmçinin görünür ki, ….Rüfət Cavabdeh2 ASC-nin baş ofisində həmin bankın rəhbər şəxsləri ilə onun üçün əlverişli şərtlərlə yüksək mənləğdə kredit vəsaiti götürmək üçün söhbət apardığını və onun xahişi ilə bank rəhbərliyinin ona 110000 manat məbləğində kredit verməyə razılaşdığını bildirdi. Bundan sonra Rüfət tanışı Cavabdeh3 kredit götürən zaman sənədləşdirmə aparılmasında iştirak etməli olduğunu bildirib onu Cavabdeh2 ASCnin 6 saylı şöbəsinə dəvət etmişdir. Bir neçə dəqiqə sonra Məmmədov X9 birlikdə Cavabdeh2 ASC-nin 6 saylı şöbəsinə gəlib onlarla görüşmüşdür. Cavabdeh3 ilk dəfə məhz həmin vaxt görmüşdür. Rüfətdən Cavabdeh3 kim olduğunu və konkret olaraq nə məqsədlə gəldiyini soruşduqda Rüfət kredit götürə bilməyi üçün ona məxsus mənzilin girov qoyulmasında Eminin iştirakının vacib olduğunu bildirmişdir. O, Rüfətə inanıb Eminin barəsində ondan daha heç nə soruşmamışdır. Saat 17 radələrində Cavabdeh2 ASC-nin əməkdaşı X15 onu və Cavabdeh3 otağına dəvət edib sənədləşdirmə işlərini yeknlaşdırdığını bildirərək imzalamaq üçün təqdim etmişdir. Həmin vaxt tərəddüd edərək X7 tərtib etdiyi sənədləri oxumaq istəmişdir. Bu zaman Anar həmin sənədləriin formal xarakterli kredit müqaviləsi olduğunu və bir neçə dəqiqə sonra kassanın bağlanacağını bildirib vaxt məhdud olduğundan təsili notariat ofisinə getməli olduqlarını bildirərək notarius sənədləri təsdiq etdikdən sonra həmin sənədlərin bir nusxəsini verəcəyini vəd etmişdir. O Anar Təhməzova inanıb daha bir söz soruşmayaraq onun təqdim etdiyi sənədləri imzalamışdır. X4 tərtib etdiyi həmin sənədləri Cavabdeh3 da təqdim edib imzalatdırmış və bundan X4nun təklifi ilə Cavabdeh3 və X15 ilə birlikdə Cavabdeh2 ASCnin 6 saylı şöbəsinin qonşuluğunda yerləşən 9 saylı notariat ofisinə getmişdir. 9 saylı notariat ofisinin xüsusi notariusu X5 ondan heç bir söz soruşmadan həmin sənədləri notarial qaydada təsdiq etmiş və bu zaman Eminlə onun 9 saylı notariat ofisində fotoşəkilləri çəkilmişdir. Bundan sonra Cavabdeh2 ASC-nin 6 saylı şöbəsinə qayıtmışlar və orada X1 Rüfətə vermişdir. Sonra Cavabdeh2 ASC-nin 6 saylı şöbəsində bütün bu müddət ərzində onları gözləyən Rüfət Cavabdeh3 ilə birlikdə kassaya yaxınlaşmış və kassada işləyən bankın əməkdaşı Cavabdeh3 sellofan paketdə 7400 manat pul sayıb vermişdir. Bu zaman Rüfət pulu saymaq lazım olduğunu bildirib həmin paketi Emindən alaraq kassanın yanında pulu saymışdır. Sonra Rüfət içərisində 74000 manat pul vəsaiti olan həmin selofan paketi götürərək onun ardınca getməyini söyləmişdir. O, Rüfətin ardınca Tehran, Emin, Anar və Köçərinin müşayiəti ilə Cavabdeh2 ASC-nin 6 saylı şöbəsindən çıxmışdır. Rüfət yaxıqlında saxladığı «Kia» minik markalı avtomobilə əyləşərək onu yanına çağırmışdır. O, Köçəri ilə birlikdə Rüfətin avtomobilində arxa oturacaqda, Anar isə qabaq sağ oturacaqda əyləşmişdir.Bundan sonra, Rüfət pul vəsaitini selofan paketdən çıxarıb bir daha sayaraq ona cəmi 49000 manat pul vermişdir. O, özünü itirirərək Rüfətdən niyə görə cəmi 49000 manat pul verdiyini soruşmuşdur. Rüfət kredit vəsaitinin müqavilədə yazıldığı kimi cəmi 106000 manat olduğunu və pulun qalan qismini, yəni 57000 manatı onun xahişini yerə salmayıb əlverişli şərtlərlə kredit təşkil etdiklərinə görə Cavabdeh2 ASC-nin rəhbərliyinə verəcəyini demişdir. Bu zaman bir anlıq Rüfətgilin onu aldatdıqlarını düşünüb bərk həyəcanlanaraq özünü itirmişdir. Bunu görə Köçəri və Anar həmin vaxt ona narahat olmamağını söyləyib hər şeyin qaydasında olduuunu bildirmişlər. O aldadıldığını düşünüb bərk həyəcanlandığı üçün çətinlilə avtomobili tərk etmişdir. Bu zaman Rüfət ona iki ədəd faylda bir neçə sənəd təqdim edərək aylıq ödənişləri vaxtlı vaxtında ödəməyi tapşırmışdır. Bundan sonra Rüfətgil getmişdir. O daha orada qalmayıb taksi avtomobilinə əyləşərk yaşadığı ünvana getmişdir. Bir neçə gün nə baş verdiyini hələ də dəqiq başa düşməmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 20 radalərində Rüfət «VatsArr» proqrammı ilə ona özünə məxsus Cavabdeh2 ASC tərəfinhən verilmiş 4174 2428 4497 2810 nömrəli plastik bank kartının fotoşəkilini ataraq 1000 manat köçürməyini istəmişdir. O, Rüfətə inanıb həmin vaxt üstündə cəmi 800 manat pul olduğuü üçün onun bank hesabına ödəniş terminalı vasitəsilə 800 manat pul köçürmüşdür. Həmçinin növbəti gün Rüfətə çatdırılması üçün qalan 200 manatı da Köçəriyə vermişdir. Bundan sonra Rüfətgil onunla əlaqəni və ünsiyyəti kəsmişdir. Bir müddət sarsıntı keçirərək nə edəcəyini bilməmişdir. 2022-ci ilin oktyağr ayının ortalarında Bakı şəhərində yaşayan atası Babacana zəng vurub bütün bunlar barədə ona danışmışdır. Atası narahat olaraq cəld yaşadığı ünvana gəlmişdir. Evdə uzun müddətdən bəri mühasib vəzifəsində işləyən atasının iştirakı ilə sənədləri diqqətlə oxuduqdan sonra atası həmin sənədlərin alqı-satqı və ipoteka müqaviləsi olduğunu və Rüfətgilin onu aldadaraq mənzilinin ələ kesirdikləri bildirmişdir. Məhz bundan sonra Rüfətgilin onu aldadıb mənzilini ələ keçirdikləri başa düşmüş və atasının məsələhəti ilə hüquq mühafihə orqanlarına şikayət etmək qərarına gəlmişdir. Onu da qeyd edir ki, o məcburiyyət qarşısında qalıb Cavabdeh3 adından Cavabdeh2 ASC-yə 2022-ci iyul ayında 509 manat,avqust ayında 572 manat, sentyabr ayında 525 manat oktyabr ayında isə 572 manat məbləğdə ödəniş etmişdir". Məhkəmə iclasında iddiaçı polis orqanlarında verdiyi izahatın məzmunu təsdiq edərək bir daha, mənzilin satmaq niyyətində olmamasını, onun cavabdehlər tərəfindən aldadılmasını israrlı şəkildə göstərmişdir. Məhkəmənin qənaətinə görə, iddiaçının aldadılması faktı həqiqətən də mövcud olmuşdursa və bu hal ona xx.xx.2023-cü il tarixdə notariat əməliyyatından sonra özünə 106000 manat deyil, 49000 manat verilərkən bəlli olmuşdursa, həmin vaxt buna etiraz edərdi və dərhal da hüquqlarının pozulması ilə bağlı müvafiq hərəkətlər etməsinə heç nə və heç kim maneə olmurdu. İddiaçının ona 49000 manat verilərkən bərk həyəcanlanaraq özünü itirməsi, aldadıldığını düşünüb bərk həyəcanlandığı üçün çətinliklə avtomobili tərk etməsi və Köçəri ilə Anar adlı şəxslərin həmin vaxt ona narahat olmamağını söyləyib hər şeyin qaydasında olduğunu bildirməsinə dair göstərdiklərinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, baş verən hadisələrin sonrakı gedişatı da iddiaçının irəli sürdüyü dəlillərin əsassız olmasını təsdiq edir. İddia tələblərindən göründüyü kimi, iddiaçı məhz 2022-ci ilin oktyabr ayında onun aldadaraq xüsusi mülkiyyətində olan mənzilinin ələ keçirilməsinin məlum olmasını göstərmiş və bunu polis orqanlarında verdiyi izahatında göstərdiyi kimi, atasının vasitəsi ilə notariat sənədləri ilə tanış olarkən anlamış və sonuncunun təklifi ilə də hüquq mühafizə orqanlarına müraciət etmişdir. İddiaçı əlavə olaraq göstərmişdir ki, 3-4 ay öz adından krediti ödənişi etdikdən sonra, növbəti ödənişi edərkən kreditin öz adına deyil, Cavabdeh3 adına ödənilməsi ona bildirildikdə aldadıldığını başa düşmüşdür. İşin araşdırılmış hallarından görünür ki, İddiaçı Cavabdeh3 adından Cavabdeh2 ASC-yə 2022-ci iyul ayında 509 manat, avqust ayında 572 manat, sentyabr ayında 525 manat, oktyabr ayında isə 572 manat məbləğdə ödəniş etmişdir. Cavabdeh3 izahatından və polis orqanlarında verdiyi izahatından görünür ki, iddiaçı evini satdıqdan sonra çıxması üçün müəyyən qədər vaxt istədiyindən o vasitəçi olan Rüfət vasitəsilə iddiaçının qaldığı müddət ərzində bankın aylıq ödənişinin sonuncu tərəfindən ödənilməsini razılaşdırmışlar. Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən ödənişləri edərkən və ondan da əvvəl Cavabdeh3 ilə alqı-satqı və ipoteka müqaviləsi bağlaması, sonuncunun Cavabdeh2 ASCdən 74000 manat kredit götürməsi və 32000 manatı öz şəxsi vəsaiti hesabına ödənilməsi barədə ətraflı məlumatı olması iş materiallarında olan notariat icraatındakı sənədlərin məzmunu ilə tam təsdiq edilir. İddiaçı göstərilən ödənişləri edərkən də bunun məhz Cavabdeh3 adından etməsi də ödəniş qəbzlərindən aydın görünür və iddiaçının bu fakta diqqət yetirməməsinin mümkün olmaması və ödənişi özünə münasibətdə ipoteka krediti üçün ödəməsi barədə göstərdiklərinin həqiqətə uyğun olmamasını məhkəmə xüsusilə vurğulayır. İddiaçının bu ödənişləri etməsi iddia tələblərində və polis orqanlarında verdiyi izahatın məzmununda göstərdiyi hallar üzrə olması ehtimalı nəzərə alınsa belə məhkəmə hesab edir ki, hər bir halda iddiaçı öz adına ipoteka krediti götürülməməsini və ödənişin də təyinatının öz adına olmayan ipoteka ilə bağlı olmasını bilirdi, Məhkəmə qeyd edir ki, iddiaçı bunu ona görə bilməyə bilməzdi ki, əvvəla bağladığı müqavilənin bur nüsxəsi ona təqdim edilərək məzmunu ilə tam tanış olmuş, eləcə də, sonrakı vaxtlarda hər ay ödəniş zamanı təqdim edilən qəbzdə ödənişin təyinatı, kimin adına ödənilməsi mütləq olaraq göstərilir. Həmçinin, iddiaçı polis orqanlarında verdiyi izahatında onun Cavabdeh3 adından Cavabdeh2 ASC-yə 2022-ci ilin 4 ayı ərzində 2000 manatdan çox vəsait ödəməsinə hansı məcburiyyət hallarının olmasının səbəblərini tam izah edə bilməmiş, yalnız ümumi olaraq aldadılması ilə izah etmişdir ki, onun da izahatında göstərilənlər tələbinin əsası kimi istinad etdiyi hallar ilə uzlaşmaması qeyd edildiyi kimi işin araşdırılmış halları ilə təsdiq edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının Cavabdeh3 adından ipoteka kreditlərinin ödəməsi faktı tərəflər arasında bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin qanuna uyğun olmamaqla, digər bir əqdi pərdələmək, pis niyyətlə, aldadılma nəticəsində və ya hüquqi nəticələr yaradılmaması üçün bağlanılması qənaətinə gəlmək üçün hüquqi əsaslar yaratmır. Belə ki, iddiaçının mənzilinin satmaq niyyətinin olması və bu niyyətini də reallaşdırması üçün onun və həyat yoldaşının müəyyən addımlar atması işin araşdırımış halları ilə tam təsdiq edilir. İddiaçının həyat yoldaşının qeyd edilən müqavilə bağlanana 3 gün qalmış digər notariat ofisində mənzilin satılması və ipoteka qoyulmasına dair razılıq ərizəsi verməsi onların birgə mülkiyyətləri sayılan mənzilləri satmaq niyyətlərinin bariz nümunəsidir. Satış niyyəti olmadığı təqdirdə razılıq ərizəsində yalnız ipoteka qoyulmasına razılıq verməsi qeyd edilərdi ki, ərizə bu məzmunda olduğu təqdirdə də xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlana bilməzdi. Məhkəmə qeyd edir ki, mübahisələndirilən müqavilə bağlanana 3 gün qalmış digər notariat ofisində iddiaçının həyat yoldaşı sözügedən razılıq ərizəsini təsdiq etdirərkən orada digər şəxslərin iştirak etməsi, ona hər hansı bir təsirin olması müəyyən edilməmiş, ərizə müəllifi könüllü və sərbəst iradə ifadəsi əks edilmiş xx.xx.2023-ci il tarixli ərizənin məzmunu ilə tam tanış olmuş, bu sənəd də xx.xx.2023-cü il tarixdə müqavilə bağlanarkən mütləq qaydada notarius tərəfindən nəzərə alınmışdır. İddiaçının hazırki vaxta kimi mənzilində yaşamaqda davam etməsi, alıcının mənzili baxıb bəyənməməsi, mənzilin real bazar qiyməti ilə müqavilədə göstərilən satış məbləğinin uyğun olmaması, hazırki iddia veriləndən sonra ona qarşı mənzildən çıxarılmaya dair iddia qaldırılmasına kimi dəlillərinə məhkəmə qiymət verərək bu hallar qanuni əsaslarla tərtib edilmiş alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığınə əsas vermir. Belə ki, bütün bu dəlillərin əsassız olması iddiaçının mübahisələndirilən müqavilə bağlanan niyyəti və iradə ifadəsinin və sonrakı zaman ərzində (poilsə ərizə verilənə kimi) davranışları mənzilinin alqı-satqı müqaviləsi yolu ilə özgəninkiləşdiriləsinə yönəldilməsi ilə təkzib edilir. Məhkəmə daha sonra hesab edir ki, iddiaçının iddia tələbinin əsaslı olmasına dair izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, Azərbaycan Respublikasının MPM-nin 88 və 106.1-ci maddələrinin mənası görə iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqla yanaşı, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı həm də öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə daha sonra hesab edir ki, onun mübahisələndirlən müqavilə bağlanarkən satış qiymətinin hansı məbləğdə olması, müqavilənin məzmununda bağlanmasının şərtlərinin nədən ibarət olması ilə məlumatlı olduğu halda, hazırda mənzilin alıcıya təhvil verməməklə, orada yaşamaqda davam etməsi, hazırki iddianı qaldırandan sonra onun mənzildən çıxarılmasına dair iddia qaldırması və digər irəli sürdüyü dəlilləri ilə hazırki iddianı qaldırması hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Beləliklə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Bakı şəhəri 9 saylı Notariat Ofisi, Cavabdeh3 qarşı “alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar