Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-165/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi cəlb edilməklə) “evə bitişik divarın sökülməsi və ara məsafəsinin saxlanılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evə bitişik divarın sökülməsi və ara məsafəsinin saxlanılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin yeni tikdirdiyi ev onlaın evinə bitişik tikildiyi və ziyan vurduğunu nəzərə alıb, onun evinə bitişik tikilən hissəsini bir metr geri çəkilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırılmışdır ki, cavabdeh özünə məxsus ünvan 1 ünvanında yerləşən 200 saylı ev üçün bünövrə qazan zaman onun mülkiyyətindəki 198 saylı evi təhlükəli vəziyyət salmışdır. Həmçinin, cavabdeh onlara məxsus evlər arasında ara məsafəsi saxlamayaraq, kanalizasiya xəttinin üzərindən keçməklə ev tikmişdir ki, bu səbəbdən artıq kanalizasiya xəttinin dəyişdirilməsi də qeyri-mümkündür. Bundan əlavə, cavabdeh evinin onun evinə bitişik tikilən hissəsində nazik dəmir listləri əyərək bir tərəfini öz divarlarına mismarlamış, o biri tərəfini isə ona məxsus evin üzərinə əymişdir ki, bu zaman da divarlardan axan su onun evinə tökülmüş olur. Nəticədə cavabdehin hərəkətləri onun evinə maddi ziyan vurur. Dəfələrlə iddiaçı cavabdehdən tələb etmişdir ki, öz evini onun evindən aralıda tiksin. Lakin cavabdeh onun bu tələb və etirazlarına məhəl qoymamışdır. Məsələ ilə bağlı iddiaçı rayon və şəhər icra hakimiyyətinə ərizə ilə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçının qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, onların evləri əvvəlcə bitişik yerləşmirdi. İddiaçının evi onun evi ilə qonşusu Alik adlı şəxsin evinin arasında yerləşirdi. 1989-1990-cı illərdə Alik adlı şəxs mübahisəli ünvandan köçdükdən sonra iddiaçı özünəməxsus sahəsinin Alik adlı şəxsin həyəti hesabına artırmışdır və bunun nəticəsində onların evləri bitişik vəziyyət aldı. Bundan əlavə, o, məhz iddiaçının icazəsi ilə taxtaları dəyişərək onun damını yeniləmiş və onun icazəsi olmadan hər hansı müdaxilə etməmişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 198 saylı və 200 saylı evlərdə yerində müayinə keçirmiş və yerində müayinə zamanı müəyyən edilmişdir ki, yerli müayinədə iştirak edən şəxslər ilk olaraq ünvan 1, 198 saylı evə daxil olurlar. Tərəflərin giriş qapıları ayrı-ayrı yerləşir. İddiaçının evinə məxsus giriş qapısında həyətyanı sahəyə daxil olunur və qarşıda evə giriş üçün qapı, sol tərəfdə hamam otağı və sanitar qovşağı, sağ tərəfdə isə mətbəx yerləşir. Evə daxil olan kimi kiçik qonaq otağı, sol tərəfdə 2 yataq otağı yerləşir. İddiaçı sol tərəfdə yerləşən yataq otağının pəncərəsindən cavabdehin tikdiyi evin divarını göstərərək bildirir ki, həmin divar ona məxsus evin qonaq otağının divarına yaxın məsafədə tikildiyi üçün iddiaçının evinə ziyan vurur. Cavabdeh onun evinə bitişik ev tikib və bu səbəbdən evinə zərər dəyə biləcəyini bildirir. Daha sonra yerli müayinədə iştirak edən şəxslər ünvan 1, 200 saylı evə daxil olurlar. Cavabdeh evinin köhnə divarının saxlanılaraq yeni bünövrəsi ilə yeni divar tikdiyini və iddiaçının evinə heç bir halda zərər dəymədiyini bildirdi. Sonra ikinci mərtəbəyə baxış keçirilir. Cavabdeh iddiaçının razılığı ilə onun da evinin damının vəziyyətini yaxşılaşdırdığını bildirir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyəti Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 38 saylı Mənzil-Kommunal İstismarı sahəsinin 036302 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, M.Arif küçəsi 27 nömrəli 198 nömrəli mənzilində pasport qeydiyyatındadır. - Nərimanov rayon 18-ci polis şöbəsindən vətəndaş İddiaçı müraciətlərinə verilmiş xx.xx.2024-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli cavab məktublarından görünür ki, ona müraciətində qeyd etdiyi halların mülki xarakterli olduğu bildirilmişdir. - Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən xx.xx.2023-cü il tarixdə vətəndaş İddiaçı ünvanlanmış məktubdan görünür ki, yerində baxış zamanı onun yaşadığı evin yaxınlığında M.Arif küçəsi 27, ev 200 ünvanında tikinti işlərinin uzun müddət bundan əvvəl aparıldığı və tikinti işlərinin tam başa çatdığı müəyyən edilmişdir. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, №3-16-16/2-10/840 saylı əlavə ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsində yerləşən 27 saylı evin 198 saylı mənzilin sahəsi 22,0 kv.metr tikililərinin konstruktiv elementlərində, yəni divarlarda və divarla tavanın birləşmə hissələrində üfüqi və şaquli çatların olduğu müşahidə edilmişdir. Müşahidə olunan qüsurların yaranmasının texniki səbəbi və dəymiş maddi ziyanın dəyəri tikinti konstruksiyası sahəsində xüsusi biliyə malik olan tikinti konstruktorları tərəfindən müvafiq müayinə və hesablamalar aparılmaqla müəyyənləşdirilə bilər. Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsində yerləşən 27 saylı evin 198 saylı evin və 200 saylı tikililərin tikinti norma və qaydalarına uyğun inşa edilib-edilmədiyi həmin tikililərə dair müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə sənədləri təqdim edildikdən sonra müəyyənləşdirilə bilər. Ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. İlk olaraq, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Neqator iddia sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddiadır. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4-cü maddəsində verilmişdir. Neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir; 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz; 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır; 69.4-cü maddəsinə əsasən, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir; 71.1-ci maddəsinə əsasən, ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir; 72.1-ci maddəsinə əsasən, qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır; Mülki işin məhkəmədə müəyyən edilmiş faktiki hallarına əsasən, ünvan 1 ünvanında yerləşən 198 saylı fərdi yaşayış evi iddiaçıya məxsusdur və özbaşına tikilidir. Həmin ünvanda 200 saylı evdə cavabdeh yaşayır və həmin ev də özbaşına tikilidir. İddiaçı bildirir ki, cavabdehin evi 2021-ci ilə qədər köhnə tikili olmuş, 2021-ci ildən sonra isə yenidən onun evinin divarına yaxın məsafədə tikilmişdir. Cavabdehə məxsus evin divarı onun divarına çox yaxın olduğu üçün iddiaçı özünə məxsus evin divarının uçmaq təhlükəsinin olduğunu, həmçinin iddiaçının evinin kanalizasiya xətlərinin üstündə olduğunu bildirir. Beləliklə, hazırkı mübahisə üzrə qiymət verilməli olan məsələ, qanunsuz tikilinin (iddiaçının evinə bitişik olan evin divarının) iddiaçının mənafelərinə toxunubtoxunmadığıdır. Bu çərçivədə qeyd olunmalıdır ki, cavabdehə məxsus 200 saylı evin divarının iddiaçının mənafelərinə toxunub-toxunmadığı məsələsi ilə bağlı isə məhkəmə qeyd edir ki, tərəflər arasındakı münasibətlər qonşuluq hüququ ilə bağlıdır və bu mənada cavabdehə məxsus 200 saylı evin divarının iddiaçıya məxsus 27/198 saylı evin divarına bitişik tikilməsi səbəbindən iddiaçıya təsirinin həddi, habelə bu müstəvidə maneələrin nədən ibarət olması araşdırılmalıdır. Məhkəmə sökülərək ara məsafəsi saxlanılmaqla yenidən tikilməsi tələb olunan evin divarının iddiaçıya təsiri və həddini aydınlaşdırmaq məqsədi ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin etmişdir. Belə ki, məhkəmə iş üzrə yuxarıda gəldiyi nəticəni iddia ərizəsində göstərilən faktiki halların ekspertiza rəyi ilə müəyyən edilməsinə zərurətin olması əsaslandırır . Mülki Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/840 saylı, xx.xx.2024-cü il tarixli ekspertiza rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsində yerləşən 27 saylı evin 198 saylı mənzilin sahəsi 22,0 kv.metr tikililərinin konstruktiv elementlərində, yəni divarlarda və divarla tavanın birləşmə hissələrində üfüqi və şaquli çatların olduğu müşahidə edilmişdir. Müşahidə olunan qüsurların yaranmasının texniki səbəbi və dəymiş maddi ziyanın dəyəri tikinti konstruksiyası sahəsində xüsusi biliyə malik olan tikinti konstruktorları tərəfindən müvafiq müayinə və hesablamalar aparılmaqla müəyyənləşdirilə bilər. Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsində yerləşən 27 saylı evin 198 saylı evin və 200 saylı tikililərin tikinti norma və qaydalarına uyğun inşa edilib-edilmədiyi həmin tikililərə dair müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə sənədləri təqdim edildikdən sonra müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Ekspertiza rəyindən də görünür ki, hazırda fərdi yaşayış evində Müşahidə olunan qüsurların yaranmasının texniki səbəbi və dəymiş maddi ziyanın dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Davam edən məhkəmə çəkişmələri müddətində də iddiaçının özü tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının sökülməsini tələb etdiyi cavabdehə məxsus evin divarının iddiaçıya mənsub olan evin divarına bitişik tikilməsindən dözülməz təsirin mövcud olması sübuta yetirilməmişdir. İddiaçı özünə mənsub fərdi yaşayış evinin divarlarında cavabdehin qanunsuz hərəkətləri ucbatından çatların olduğunu, bu cür hərəkətlərə görə divarlardan axan suyun onun evinə töküldüyünü, bununla da evinə maddi ziyan vurulduğunu bildirsə də, yerində müayinə zamanı belə bir halın müşahidə edilmədiyini, bununla belə iddiaçının evinin divarlarından birində üfüqi və şaquli çatların olduğu müşahidə olunmuşdur. Məhkəmənin qənaətinə görə, bu halın mövcudluğu özü-özlüyündə sözügedən divarın sökülərək yenidən ara məsafəsi saxlanılmaqla tikilməli olduğu nəticəsinə gəlməyə əsas deyildir. Bu cür nəticə mütənasiblik prinsipi ilə uzlaşmamaqla yanaşı, ədalətli də olmazdı. Xüsusilə nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən, tikinti zamanı qonşunun (cavabdehin) sahənin sərhədlərini qərəzsiz pozması halında belə, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməli, habelə daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla tikilmiş tikili maraqlı şəxsin müraciətinə əsasən o, halda sökülə bir ki, həmin tikili maraqlı şəxsin hər hansı hüququnu və qanunla qorunan mənafeyini pozmuş olsun. Bu mənada məhkəmə hesab edir ki, cavabdehə məxsus evin divarının iddiaçının öz sahəsindən istifadə etməsində elə bir ciddi maneçilik yaratmadığı o cümlədən iddiaçıya dəymiş ziyanın müəyyən edilməsi mümkün olmadığından (iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən) iddia ərizəsində iddiaçının irəli sürdüyü dəlillər əsaslı sayıla bilməz. Ona görə də, iddia ərizəsi təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmamış əmlak faktiki olaraq cavabdehə məxsusdur, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət orqanları faktiki olaraq həmin tikilinin mövcudluğunu tanımış, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından iddiaçının həmin tikililyə mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ mövcuddur. Buna görə də cavabdehin yaşadığı tikiliyə münasibətdə onun hüquqlarının pozulması (yaşadığı evin sökülməsi) Avropa İnsan Hüquqları Konvensiyasının tələbləri baxımından da yol verilməzdir. Belə ki, «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiya»nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (§103). Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbində qeyd olunan ünvan 2 ünvanda inşa edilmiş 200 saylı fərdi yaşayış evinin iddiaçının əşya hüquqlarını pozması faktı müəyyən edilmədiyindən, barədə iddia tələblərinə haqq qazandıran mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddia tələbi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçıdan ekspertiza tədqiqatının dəyəri olan 50 manat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi cəlb edilməklə) “evə bitişik divarın sökülməsi və ara məsafəsinin saxlanılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-165/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-165/2024
29.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver