Məhkəmə qərarları › İş №2(005)-1672/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1672/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1672/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın etibarsız sayılması” tələbinə dair mülki iş açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsi və Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin rəis müavinin xx.xx.2020ci il tarixdə xx/xx-165110-21 nömrəli məktubu əsasında iddiaçıya məxsus olmuş ünvan 1nvanı üzrə cavabdeh Hərrac Mərkəzi ”xxxx” MMC-nin təşkil etdiyi hərracların etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinə görə mülkiyyətimdə olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, ev 51, mənzil 2 açıq hərracdan satılmalı və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh2 ASC-nin tələbi ödənilməli idi. xx.xx.2018-ci il tarixdə verilmiş bu icra vərəqəsi üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin rəis müavini Hərrac Mərkəzi “xxxx” MMC-yə xx.xx.2020-ci il tarixdə xx/xx-165110-21 nömrəli məktub ünvanlayaraq, ünvan 1nvanında yerləşən evin hərrac yolu ilə satışını xahiş etmişdir. Mülkiyyətimdə olan ünvan 1nvanında yerləşən mənzil 155000 manata ilkin qiymətləndirilərək hərraca çıxarılmışdır. Məndə olan məlumata görə hərrac iki dəfə keçirilmişdir. Hesab edirəm ki, hərrac qanunsuz keçirilmişdir və onun nəticələri etibarsız sayılmalıdır. Beləliklə, cavabdeh Hərrac Mərkəzi “xxxx” MMC əmtəə birjalarının nəzdində yaradılmış təşkilat olmadığından, o, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsində nəzərdə tutulmuş ipoteka predmetinin hərracda satışını təşkil edə bilməzdi. Başqa sözlə, cavabdeh Hərrac Mərkəzi “xxxx” MMC hərracın təşkilini qanunsuz həyata keçirmişdir. Beləliklə, baş tutumamış təkrar hərracdan sonra ipoteka saxlayanın ipoteka predmetin: ala bilməsi üçün, təkrar hərracın baş tutmamış elan olunması lazımdır. Hərracın baş tutmamış elan olunmasının qaydası “İpoteka haqqında” Qanunun 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddənin tələbinə görə, hərracın təşkilatçısı hərracın baş tutmaması barədə elanı hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirir. Lakin cavabdeh Hərrac Mərkəzi “xxxx” MMC qanunun bu tələbini pozaraq, hərracın baş tutmamasını elan etməmişdir. Əmlakın baş tutmamış təkrar hərracdan sonra ipoteka saxlayana satılmış qiyməti də düzgün hesablanmamışdır. elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti də 155.000 manat olmuşdur. Əmlakın təkrar hərracda ilkin satış qiymətindən 15 % - 23.250 manat aşağı qiymətə - 131.750 manata satışa çıxarılması, əmlakın ilkin satış qiymətini dəyişmir. Qanunun yuxarıda istinad etdiyim tələbinə görə, baş tutmayan təkrar hərracdan sonra, ipoteka saxlayan əmlakın ilkin satış qiymətindən, yəni 150.000 manatdan 25 % (37.500 manat) az olmayan qiymətə, yəni 117.500 manatdan az olmayan qiymətə ala bilərdi. Lakin qanunun tələbi pozularaq, əmlak ipoteka saxlayana ilkin satış qiymətindən deyil, təkrar hərracdakı satış qiymətindən hesablanmaqla 25 % az olmayan qiymətə satılmışdır. Qeyd etmək istərdi ki, ümumilikdə iddiaçının evinin qiyməti hərrac qiymətindən çox yuxarıdır. Müasir dövrdə şəhərin mərkəzində, ümumi sahəsi 110 kv.metr olan və bütün təmir işləri olunmuş evinin cəmi 155.000 manat məbləğində dəyər verilməsi qanunsuz və əsassızdır. Evinin yalnız təmirinə 90.000 manata yaxın xərcim çıxmışdır. Mənim evinin ortalama 270.000 manat qiyməti vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, hərracın keçirilməsi yeri və vaxtı barədə məlumatlarının olmamasını, eyni zamanda əmlaka qoyulmuş qiymətlə razı olmadığını bildirdi. Cavabdehlərin səlahiyyətli nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, o cümlədən səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehlərin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC tərəfindən Binəqədi rayon icra və probasiya şöbəsinə, Cavabdeh2 ASC-yə, İddiaçı və Məmmədova ünvanlanmış xx.xx.2020-ci il tarixli № 01 nömrəli, xx.xx.2020-ci il tarixli, № 02 nömrəli, bildirişlərin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1251/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 51, 72 saylı mənzilə yönəldilməsi, hərracda 155000 manat ilkin satış qiyməti ilə satılması və hərracın keçiriləcəyi vaxtlar bildirilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetlərinin surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 51, 72 saylı mənzil ilə bağlı ilkin və təkrar hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli təklifin surətindən görünür ki, ipoteka Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 51, mənzil 72-nin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir, “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar lıərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 98812.50 (doxsan səkkiz min səkkiz yüz on iki manat əlli qəp) manat olmaqla ipoteka saxlayana təklif olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2020-ci ildə yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “İpoteka haqqında” Qanunun: 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə məhkəmədə müəyyən edilir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 51, mənzil 72 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1251/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin, Binəqədi rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən hərracın keçirilməsi təşkil olunmuşdur. xx.xx.2021-ci il tarixli təklifin surətindən görünür ki, ipoteka Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 51, mənzil 72-nin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir, “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 98812.50 (doxsan səkkiz min səkkiz yüz on iki manat əlli qəpik) manat olmaqla ipoteka saxlayana təklif edilmişdir. Məhkəmə qeyd edir ki, Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 98812.50 (doxsan səkkiz min səkkiz yüz on iki manat əlli qəp) manat olmaqla ipoteka saxlayana təklif edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 51, mənzil 72 “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi, “xxxx” MMC əmtəə birjalarının nəzdində yaradılmış təşkilat olmaması, təkrar hərracdan sonra ipoteka saxlayanın ipoteka predmetin: ala bilməsi üçün, təkrar hərracın baş tutmamış elan olunmasının vacibliyi, hərracın baş tutmamasını elan etməməsi, əmlakın baş tutmamış təkrar hərracdan sonra ipoteka saxlayana satılmış qiymətinin düzgün hesablanmaması barədə gətirdiyi dəlillər mülahizə xarakterli olmaqla formal əsaslara söykənmişdir. Bundan başqa fərdi yaşayış evi ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə lazımi qaydada məlumat verilmiş, hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin ünvanda yaşayan şəxslər tərəfindən, o cümlədən iddiaçının özü tərəfindən imza edilərək qəbul edilmiş və qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında iddiaçının verdiyi izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuş, habelə iddiaçı istinad etdiyi hallara dair əsaslı sübutları təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Bərimanov rayon icra və probasiya şöbəsinə, Respublika Xammal Əmtəə Birjasının “xxxx” MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız saylı” təlləbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın etibarsız sayılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar