Məhkəmə qərarları › İş №2(005)-1682/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1682/2024

17.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1682/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-ə qarşı “əsassız hesablanmış borcun qaytarılması” tələbinə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-ə qarşı “əsassız hesablanmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X6 Dadaşzadə küçəsi, ev 6, mənzil 6 ünvanında yerləşən fərdi yaşayış evinə (kod: **********600060) əsassız olaraq hesablanmış 337,5 manat ödənilmiş borcun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X6 Dadaşzadə küçəsi, ev 6, mənzil 6 ünvanda yaşayır. Həmin ünvanda "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən Smart G-4 İTRON GALLUS PAY № **********6 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçı bildirir ki, həmin sayğac vasitəsilə o, uzun müddət təbii qazdan istifadə etmiş və tərəfindən vaxtı-vaxtında ödənişlər aparılmışdır. O, qeyd edir ki, xx.xx.2018-ci il tarixdə İddiaçı ölkə xaricinə çıxmış və ildə bir dəfə Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikasına gəldiyi zaman aşkar olunur ki, sayğacına 2020-ci il tarixində 337.5 manat borc yazılmışdır. Borcun ödənişini etmişdir. Lakin onun həmin ünvanda yaşamadığı halda, borcun yığılması mümkünsüzdür. Ona görə də, sayğacına müdaxilə olunduğunu və borc ödənişini əsassız şəkildə etdiyini düşünür. Eyni zamanda onu da qeyd edir ki, tərtib olunmuş saxta akta əsasən cərimənin hesablanması hansı normativ hüquqi akta, qanuna əsasən aparıldığı müəyyən deyil. Cavabdeh İB-nin nümayəndəsi və vəkili X4 iddiaya qarşı etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin etibarnamə üzrə nümayəndəsi Aygün Quliyeva iddiaya qarşı etiraz ərizəsi ilə müraciət edərək iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman xətaların normadan artıq olduğu, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plomb və plomb yuvalarının ətrafının zədəli olduğu müəyyən edilmiş, nəticədə istismara yararsız hesab edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Qeyd olunan nəticələr xx.xx.2018-ci il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmiş və etdiyi ödənişlərdən tutulmalar nəticəsində 2022-ci ilin noyabr ayına kimi borcunu ödəmişdir. Bununla bərabər 2018-ci ilin oktyabr ayında dəymiş ziyan hesablanaraq abonentin hesabına daxil edilən 345,6 manat borc üzrə iddiaçı tərəfindən ödənişlər aparılması iddiaçının borcunu qəbul etdiyini göstərir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi özözündə istisna edilir. Eyni zamanda “Azəriqaz» İB-nin etibarnamə üzrə nümayəndəsi Aygün Quliyeva ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməklə 337,5 manat ödənilmiş borcun silinməsi barədə tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, iddia tələbini müdafiə edib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 2 ünvanda yaşayan İddiaçı (abonent kodu: **********600060) qaz sərfinə görə 337,50 manat ödəniş etmişdir. İş materiallarında olan Cavabdeh İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li aktdan görünür ki, xətaların normadan artıq olduğu, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plomb və plomb yuvalarının ətrafının zədəli olduğu müəyyən edilmişdir. İş materiallarında olan AR DİN tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X6 Dadaşzadə küçəsi, ev 6 ünvanda yerləşən 6 saylı mənzildə qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. İş materiallarında olan Cavabdeh İB-in 31 oktyabr 2018-ci il tarixli hesabatından görünür ki, İTRİ “Sənaye və məişət qaz sayğaclarını yoxlanması laboratoriyasının rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və nəticədə qaz itkisi yarandığı və “Qazdan istifadə Qaydalarının 4.9 bəndinin tələblərinə əsasən (istehlakçının vəsaiti hesabına) sərfiyyata uyğun yeni qaz sayğacı quraşdırılması qeyd olunmuşdur. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* №-li, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X6 Dadaşzadə küçəsi, ev 6 ünvanda yerləşən 6 saylı mənzilə Smart G-4 markalı sayğac quraşdırılmışdır. İş materiallarında olan AR Dövlət Neft Şirkəti Cavabdeh İB-nin MSK 29/1710-00948-1 №-li aktın surətindən görünür ki, 1002AQ**********5 zavod №-li sayğac 21 avqust 2018-ci il tarixdə aparılan Dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 Dadaşzadə küçəsi, ev 6 ünvanında yerləşən 6 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında iş materialları və iddiaçı tərəfin izahatı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 6 ünvanında yerləşən 6 saylı mənzil İddiaçı mülkiyyətindədir. Yoxlama zamanı çıxarılmış sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plomb və plomb yuvalarının ətrafının zədəli olduğu müəyyən edilmiş, nəticədə istismara yararsız olduğu üçün xx.xx.2018-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunmuş, sonradan Smart G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Daha sonra cavabdeh qurum tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2018-ci il tarixli akta əsasən 3456 kub metr itirilmiş qazın sərfiyyatı hesablanmışdır. Abonentin saldosuna əsasən abonentin sayğacına 2022-ci ilin iyun ayında 337,50 manat borc yazılmış, iddiaçı tərəfindən 2022-ci il noyabr ayında 337,50 manat təbii qazın itirilməsinə görə ödəniş edilmişdir. Hazırda iddiaçı təbii qazın itirilməsinə görə əsassız hesablanmış və onun tərəfindən ödənilmiş 337,50 manat məbləğində pul vəsaitinin Cavabdeh İB tərəfindən ona geri qaytarılmasını tələb edir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan aradan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt – varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Eyni zamanda Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi, tərəflər arasındakı mübahisə itirilmiş təbii qaza görə hesablanmış hesablanmış cərimə borcu ilə bağlıdır. Abonentin saldosuna nəzər salarkən görünür ki, iddiaçının təbii qaz itkisinə görə 2022-ci ilin iyun ayında 337,50 manat borcu olduğu qeyd olunmuş, onun tərəfindən 2022-ci ilin oktyabr və noyabr aylarında müvafiq olaraq 20 manat və 400 manat ödəniş edilmişdir. Bundan sonra iddiaçıdan karta yüklənmiş pul vəsaitindən 6 manat və 331,5 manat borca görə tutulmuşdur. Məhkəmə əsassız hesablanmış cərimə məbləği ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş çıxarışlara əsasən İddiaçı 2018-ci ildən etibarən mütəmadi olaraq ölkə ərazisini tərk etdiyi, həmçinin pasportdan çıxarışa əsasən onun xarici ölkə vətəndaşı olduğu aydın olmuşdur. Göstərilən faktlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh qurum tərəfindən mübahisələndirilən borc məbləği hesablanan dövrdə iddiaçının həmin ünvanda daimi yaşamaması və yaşamaqdan ötrü zəruri olan təbii qazdan istifadə etmədiyi nəzərə alınaraq, həmin tarix aralığında (2018-2022-ci il) cavabdehin qeyd etdiyi kimi qaz sayğacına iddiaçının müdaxiləsinin olması ağlabatan olmamaqla, iddiaçının törədilmiş deliktdə təqsiri sübuta yetirilməmişdir. Bununla da, məhkəmə, cavabdeh tərəfindən hesablanmış cərimə borcunun əsassız olduğu qənaətinə gəlir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus 337,5 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır və o, əsassız varlanma nəticəsində əldə etdiyi məbləği iddiaçıya geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə yuxarıdakı qənaətə gələrkən onu da nəzərə almışdır ki, iddiaçının hərəkətlərində cavabdehə ziyan vuran hər hansı delikt müəyyən olunmamışdır. Belə ki, məhkəməyə təqdim olunmuş fotoşəkildən və işin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ev fərdi yaşayış evidir, sayğac iddiaçının evindən kənarda – ümumi həyətdə yerləşir. Belə olan halda, iddiaçının ölkə xaricində olmasını da nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunması qeyri-mümkündür. Yaranmış vəziyyətdə iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz xəttinə sonuncu tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində qazın sərfiyyatında itkilərin olmasını sübut etmək yükü cavabdeh təşkilatın üzərində olmuşdur. Başqa sözlə, təchizatçı təşkilatın cavabdehlik daşıdığı qaz xəttinə hər hansı müdaxilə edilməsində iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Lakin cavabdeh iddiaçıya məxsus evə dair təbii qazın itkisinə görə yaranmış cərimənin iddiaçı tərəfindən ödənilməli olmasına dair mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur; 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir; 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1ci bəndinə əsasən, energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. Həmin Qanunun 13-cü maddəsinin 6-cı bəndinə (xx.xx.2022-ci ilədək qüvvədə olan redaksiyası) əsasən, Qaz paylayıcısı ancaq aşağıdakı hallarda qazın verilməsini dayandıra və ya kəsə bilər: istehlakçının müvafiq müraciəti olarsa; çox vacib və ya təxirəsalınmaz işlər tələb olunarsa; istehlakçının qurğusu müvəqqəti və ya daim müvafiq tələblərə cavab vermirsə; paylayıcının istehlakçıya verdiyi qazın hesabı bir ay müddətində tam ödənilmirsə. Həmin Qanunun 21-ci maddəsinin 1-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Bu qərar istənilən şəxs tərəfindən yerinə yetirilmədikdə müvafiq icra hakimiyyəti orqanı onun vəsaiti hesabına qərarın və ya müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir. (30 sentyabr 2009-cu il tarixli 881- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu) Həmin Qanunun 21-ci maddəsinin 2-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 136.4-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi müəyyən edilmədiyindən, İddiaçı məxsus **********00060 nömrəli abonent koduna yazılmış və iddiaçı tərəfindən ödənilmiş 337,5 manat pul məbləği cavabdeh tərəfindən İddiaçı geri qaytarılmalıdır. Bundan başqa, cavabdehin nümayəndəsi ərizə ilə müraciət edərək iddiaçının hazırki tələbi üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyünü göstərməklə iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh İB tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X2rşı (**********00060 istehlakçı hesabı üzrə) 337,5 manat ödənilmiş borcun qaytarılması tələbinə dair iddia qaldırmışdır. İddiaçı dəymiş ziyana görə hesablanmış 337,5 manat borcu abonentin saldosuna 2018-ci ilin oktyabr ayında daxil edilmişdir. Azərbaycan respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Ona görə də iddia müddətini tətbiq edilməklə 337,5 manat borcun silinməsi barədə tələbin rədd edilməsini xahiş edirəm. Belə olanda məhkəmə iddia tələbinə iddia müdddətinin tətbiq edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, cavabdeh iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsində hazırki mübahisənin “vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər” olduğunu, bu səbəbdən də 3 illik iddia müddətinin tətbiq edilməklə, iddianın rədd edilməsini xahiş edir. Lakin məhkəmə qeyd edir ki, hazırki mübahisə vaxtaşırı ödəmələrlə bağlı deyil, cavabdeh tərəfindən iddiaçının törətməsinə istinad edilən deliktə görə tətbiq edilmiş cərimə məbləğindən yaranmışdır. Hansı ki, iddiaçı həmin delikti törətmədiyini, lakin hesablanmış cəriməni məcburiyyətdən (evə təbii qazın verilməsinin təmin edilməsi zərurətindən) ödədiyini, həmin vəsaitin iddiaçıdan əsassız olaraq tələb edildiyini, bu səbəbdən də cavabdehdən əsassız tutulan məbləğin ona geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına əsasən: Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, iddiaçının 337,50 manat pul məbləğini 2022-ci ilin noyabr ayında ödəməsi, habelə 2018-ci ildən sonra Azərbaycan Respublikasında daimi olmaması ilə müəyyən olunur ki, təbii qazın itkisinə görə hesablanmış cərimə məbləği ona həmin tarixdə məlum olmuşdur. İddiaçının uzun müddət ölkə xaricində olduğu nəzərə alındıqda onun borcdan daha əvvəl xəbərdar olmadığı şübhəsizdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, beləliklə, qanunvericiliklə müəyyən olunmuş iki illik müddəti ötürməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (AR MPM-in 14.2, 77.1, 88, 106.1, 217.4 maddələri) Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdeh cəmiyyətdən 30 manat dövlət rüsumu tutularaq, Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı tutulmuş 337,5 (üç yüz otuz yeddi manat, əlli qəpik) manat pul İddiaçı (**********00060 nömrəli abonent koduna) geri qaytarılsın. Cavabdeh İB-dən 30 manat dövlət rüsumu tutulsun, Dövlət Büdcəsinin xeyrinə ödənilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar