Məhkəmə qərarları › İş №2(005)-1686/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1686/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1686/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 MMC, "xxxx" MMC, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi və Cavabdeh5 qarşı qiymətləndirmənin ləğvi və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2, Cavabdeh3 MMC, "xxxx" MMC, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi və Cavabdeh5 qarşı qiymətləndirmənin ləğvi və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli "Hərracın baş tutmamasına dair Yekun Protokol"unun etibarsız hesab edilməsi, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktının ləğv edilməsi, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hərracın nəticələri haqqında Yekun Protokolunun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən qanunvericiliyə uyğun olaraq 40 kv.m. çatışmayan sahəyə görə 48000 ABŞ dollarının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-370/2019 saylı qətnaməsinə əsasən Cavabdeh5 iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı MMC-dən 33.421 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh5 ödənilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixdə həmin qətnamə üzrə icra sənədi Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, eyni tarixdə həmin Şöbənin icra məmuru qərar qəbul edərək icra sənədi üzrə icraata başlamış və zəruri tədbirləri həyata keçirmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC rəsmi məktubla icra şöbəsinə müraciət edərək, son 4 il ərzində fəaliyyətinin və gəlirinin olmadığını icra qurumunun diqqətinə çatdırmaqla, icra sənədi üzrə borclu olduğu 33441 manat pulun əvəzinə Bakı şəhəri, H.Zərdabi prospekti 74 ünvanında olan yaşayış kompleksində yerləşən və balansında olan ümumi sahəsi 27,68 kv.metr, dəyəri 41 520 manat olan iki ədəd qarajı təklif etmişlər. Bunun nəticəsi olaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-104/2021 saylı qərardadı ilə ümumi sahəsi 27,68 kv.metr olan həmin qaraj sahələrinin üzərinə həbs qoyulmuş, daha sonra icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə həmin qaraj sahələrinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən nümayəndə dəvət edilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC "Əmlakın qiymətləndirilməsi barədə" hesabat təqdim edərək, həmin qaraj sahələrinin dəyərinin 27 680 manat, yəni 1 kv.metr üçün 1000 manat olduğu qənaətinə gəlmişdir. Daha sonra, xx.xx.2021-ci il tarixdə icra məmuru "xxxx" MMC-yə və tərəflərə müraciət edərək, sözügedən qaraj sahələrinin açıq hərrac vasitəsilə satılması barədə sifariş vermişdir. "xxxx" MMC hərracın xx.xx.2021-ci il tarixdə keçiriləcəyi, ilkin satış qiymətinin 27680 manat olduğu barədə tərəflərə xx.xx.2021ci il tarixli 328/21 saylı "Hərracın keçirilməsinə dair Bildiriş" göndərmişdir. Bu hərrac baş tutmadığından, "xxxx" MMC təkrar hərracın xx.xx.2021-ci il tarixdə keçiriləcəyi, təkrar hərracda satış qiymətinin 24912 manat olacağı barədə tərəflərə xx.xx.2021-ci il tarixli 400/21 saylı "Təkrar hərracın keçirilməsinə dair Bildiriş" göndərmişdir. Təkrar hərrac da baş tutmadığından, "xxxx" MMC təkrar hərracın xx.xx.2021-ci il tarixdə keçiriləcəyi, təkrar hərracda satış qiymətinin 19929,6 manat olacağı barədə tərəflərə xx.xx.2021-ci il tarixli 429/21 saylı "Təkrar hərracın keçirilməsinə dair Bildiriş" göndərmişdir. Sonuncu hərrac da baş tutmadığından, "xxxx" MMC icra qurumuna xx.xx.2021-ci tarixli "Hərracın baş tutmamasına dair Yekun Protokol" təqdim etmiş və icra qurumunun xx.xx.2021-ci tarixli sifarişi geri qaytarılmışdır. Daha sonra, qanunsuz olaraq ilkin qiymətləndirmə aktı qüvvədə ola-ola icra məmurunun xx.xx.2021-ci il tarixli Qərarı ilə qaraj sahələrinin yenidən qiymətləndirilməsi üçün "xxxx" MMC-dən nümayəndə dəvət edilmişdir. Ertəsi gün, yəni xx.xx.2021-ci il tarixdə "xxxx" MMC əmlakın qiymətləndirilməsi barədə “Hesabat" təqdim edərək, həmin qaraj sahələrinin dəyərinin 20000 manat, yəni 1 kv.metri üçün 22,54 manat olduğu qənaətinə gəlmişdir. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə icra qurumu "xxxx" MMC-yə və tərəflərə məktub göndərərək, sözügedən qaraj sahələrinin açıq hərrac vasitəsilə satılması üçün sifariş vermişdir. "xxxx" MMC hərracın xx.xx.2021-ci il tarixdə keçiriləcəyi, ilkin satış qiymətinin 20.000 manat olacağı barədə tərəflərə xx.xx.2021-ci il tarixli Bildiriş göndərmişdir. Bu hərrac baş tutmadığından, "xxxx" MMC təkrar hərracın xx.xx.2021-ci il tarixdə keçiriləcəyi, təkrar hərracda satış qiymətinin 18.000 manat olacağı barədə tərəflərə xx.xx.2021-ci il tarixli Bildiriş göndərmişdir. Bu hərrac da baş tutmadığından, "xxxx" MMC təkrar hərracın xx.xx.2022-ci il tarixdə keçiriləcəyi, təkrar hərracda satış qiymətinin 14.000 manat olacağı barədə tərəflərə bildiriş göndərmişdir. xx.xx.2022-ci il tarixli Hərracın nəticələri haqqında Yekun Protokoldan və Hərracın yekunları üzrə əmlakın alğı-satqısı müqaviləsindən göründüyü kimi, ümumi sahəsi 27,68 kv.metr olan qaraj sahələri 14000 manata Cavabdeh5 satılmış və alış qiymətini ödəməkdən azad edilmişdir. Nəticədə, "xxxx" MMC tərəfindən borcun əvəzi olaraq təklif edilmiş və icra qurumunun xx.xx.2021-ci il tarixli qərarı ilə ilk dəfə 27 680 manat dəyərində qiymətləndirilmiş qaraj sahələri mülki və icra haqqında qanunvericilik normalarının kobud surətdə pozulması ilə əmlakın yarı qiymətinə 14000 manata tələbkarın özünə, Adil Əliyevin oğluna satılmışdır. Bütün bunlardan sonra, belə nəticə hasil olunur ki, "xxxx" MMC-nin icra sənədi üzrə Cavabdeh5 hələ 19 441 manat borcu qalmışdır. Sadalanan qanun normalarında isə əmlakın ilkin satış qiyməti ilə (27680 manat) birinci dəfə hərracın baş tutmaması səbəbindən həmin əmlakın təkrar hərraclarda daha aşağı satış qiymətləri (24912 manata, 19292 manata) və yenidən hərraca çıxarılması proseduru nəzərdə tutulmamışdır. İcra məmuru xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə sifariş göndərsə də, sonuncu hərrac xx.xx.2021-ci il tarixdə keçirilmiş, bu isə hərracların 3 ay 11 gün ərzində keçirildiyini təsdiq edir. İşin hallarından göründüyü kimi, tələbkar əmlakın 27 680 manat dəyərində qiymətləndirildiyini mübahisələndirməmiş, lakin bununla belə dəfələrlə hərracda satılmayan həmin əmlakı borc əvəzi kimi qəbul etməkdən imtina etmişdir. Belə olduğu halda isə, əmlak onlara, icra sənədi Nərimanov Rayon Məhkəməsinə qaytarılmalı idi. Lakin icra icraatı qanunazidd şəkildə davam etdirilmiş və hərraca çıxarılmış sözügedən əmlak özbaşınalıq yolu ilə, yarı qiymətə (14000 manata) Cavabdeh5 satılmışdır. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda hərracın keçirilməsindən məlumatsız olduğunu, bu barədə tələbkardan məlumat aldığını, hazırda da həmin qeyri-yaşayış sahələrinin şirkətin balansında olduğunu, məhkəməyə verdiyi iddia ərizəsini tələbkarın xahişi əsasında onun email ünvanına göndərdiyini bildirmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək onun tərəfindən hərracların qanunauyğun şəkildə həyata keçirildiyini, bildirişlərin və elanın qanunda nəzərdə tutulmuş qaydada göndərildiyini və dərc edildiyini, bu səbəbdən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli "Hərracın baş tutmamasına dair yekun protokol"unun etibarsız hesab edilməsi üçün hüquqi əsasların mövcud olmadığını bildirmişdir. Məhkəmə iddiaçının izahatını, cavabdeh "xxxx" MMC-nin etirazını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(009)-370/2019 nömrəli, 17 oktyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilərək, cavabdeh İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan ünvanda inşa edilmiş və xx.xx.2014-cü İİ tarixli, 96 nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh5 satılmış “B” literli yaşayış binasının 89 saylı mənzilinin əskik gələn 28,35 kv.m sahəsi üçün Cavabdeh5 tərəfindən artıq ödənilmiş 33421 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh5 ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manatın cavabdeh İddiaçı MMCdən dövlət nəfinə tutulması qət edilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmış, borclu İddiaçı MMC-yə 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsi təklif edilmişdir; - İddiaçı MMC-nin Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 33 441 manat məbləğində borcu ödəmək imkanları olmadığından, borcun ödənməsi üçün onlara məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanındakı yaşayış kompleksində yerləşən və halhazırda balansında olan iki ədəd ümumi sahəsi 27.68 kv.m. olan və dəyəri 41 520 manat təşkil edən qaraj sahələrini təklif etmiş, qeyd edilənlərin nəzərə alınmasını və borcun ödənilməsinin təqdim edilmiş əmlaka yönəldilməsi üçün qanuna müvafiq işlərin görülməsini xahiş etmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-104/2021 nömrəli, 25 fevral 2021-ci il tarixli qərardadının surətindən görünür ki, təqdimat təmin edilərək, Bakı Şəhəri Nərimanov Məhkəməsinin 2(005)-370/2019-024 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası təmin olunanadək borclu “Avesta Konserni" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospəkli, 74 ünvanında yerləşən 27,68 kv.m qaraj sahəsinin üzərinə həbs qoyulmuşdur; - Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun xx.xx.2021-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarından görünür ki, İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən 27.68 kv.m. qaraj sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən nümayəndə dəvət edilməsi qərara alınmışdır; - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 164 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 27680 manat məbləğində müəyyən edilmişdir; - Cavabdeh2 hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli, 79/21 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair açıq hərracın keçirilməsi 24 avqust 2021ci il tarixə saat 11:00 (növbəlilik qaydasında) təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 27680 manat müəyyən edilmişdir; -Cavabdeh2 təkrar hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair açıq hərracın keçirilməsi 03 sentyabr 2021-ci il tarixə saat 11:00 (növbəlilik qaydasında) təyin edilmişdir. Əmlakın təkrar satış qiyməti 24912 manat müəyyən edilmişdir; -Cavabdeh2 təkrar hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair açıq hərracın keçirilməsi 13 sentyabr 2021-ci il tarixə, saat 11:00 (növbəlilik qaydasında) təyin edilmişdir. Əmlakın təkrar satış qiyməti 19929,6 manat müəyyən edilmişdir; - Hərracın baş tutmamasına dair 24 sentyabr 2021-ci il tarixli yekun protokoldan görünür ki, xx.xx.2021-ci il tarixinə, saat 11:00-a təyin edilmiş hərrac iştirakçısı olmadığından baş tutmamış və Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli sifarişi icra şöbəsinə qaytarılmışdır; - Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun xx.xx.2021-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarından görünür ki, İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən 27.68 kv.m. qaraj sahəsinin qiymətləndirilməsi üçün Cavabdeh3 MMC-dən nümayəndə dəvət edilməsi qərara alınmışdır; - Cavabdeh3 29 oktyabr 2021-ci il tarixli, 186/21 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar qiyməti 20000 (iyirmi min) manat məbləğində müəyyən edilmişdir; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın keçirilməsinə dair bildirişindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair açıq hərracın keçirilməsi 01 dekabr 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir; əmlakın ilkin satış qiyməti 20000 manat müəyyən edilmişdir; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın keçirilməsinə dair bildirişindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair açıq hərracın keçirilməsi 15 dekabr 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir; əmlakın ilkin satış qiyməti 18000 manat müəyyən edilmişdir; -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə Y-589/21 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən 27.68 kv.m. qaraj sahəsi 14000 manata Cavabdeh5 tərəfindən əldə edilmişdir; -Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 12 yanvar 2022-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən 27.68 kv.m. qaraj sahəsi 14000 (on dörd min) manata tələbkar Cavabdeh5 tərəfindən alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-370/2019 saylı icra vərəqəsinə uyğun olaraq tələbkar tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-195/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardadından görünür ki, borclu Avesta Konserni MMC-nin Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun xx.xx.2021-ci il tarixli “qiymətləndiricinin dəvət edilməsi haqqında qərarının” ləğv olunmasına dair şikayəti təmin edilməmişdir; Bakı Apellyasiya Məhkəməsinin MK-nın 8(103)-145/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, borclu ‘‘Avesta Konserni” MMC tərəfindən verilmiş şikayət təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin 8(005)-195/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, borclu ‘‘Avesta Konserni” MMC-nin Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1 xx.xx.2021-ci il tarixli “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarından verdiyi şikayət təmin edilmiş, həmin qərar ləğv edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-370/2019 saylı qətnaməsi ilə 33.421 manat məbləğində pulun cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh5 ödənilməsi qət edilmişdir. İcra sənədi əsasında icraata başlanılaraq borcluya məxsus əmlak 27680 manat məbləğində qiymətləndirilmiş və əmlakın açıq hərracdan satılması üçün xx.xx.2021-ci il tarixində “Əmlak Hərrac Mərkəzinə” sifariş göndərilmiş, bir neçə dəfə hərrac keçirilmiş, lakin hərrac baş tutmadığından xx.xx.2021-ci il tarixdə icra sənədi icra orqanına qaytarılmışdır. Bundan sonra icra qurumu tərəfindən yenidən xx.xx.2021-ci il tarixində əmlakın qiymətləndirilməsinə dair qərar qəbul olunmuş, Cavabdeh3 MMC tərəfindən əmlak 20000 manat qiymətləndirilmiş, bir neçə dəfə hərrac keçirilmiş, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən qeyri-yaşayış sahəsi cavabdeh X4 tərəfindən 14000 manata əldə edilmişdir. İddiaçının icra qurumu tərəfindən əmlakın yenidən, ikinci dəfə qiymətləndirilməsi barədə qərar qəbul edilməsinin qanuna zidd olması və onun hüquqlarını pozması, bu səbəbdən hərracın və nəticələrinin ləğv edilməli olması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, hazırki iş üzrə əmlakın qiymətləndirilməsi və satışı icra icraatı çərçivəsində həyata keçirildiyindən Mülki Məcəllənin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il Qərardadına əsasən, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. “İcra haqqında” Qanuna müvafiq olaraq, icra icraatı çərçivəsində tələbin borclunun əmlakına yönəldilməsi məcburi icra tədbiridir. “İcra haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Həmin Qanunun 51.1-ci maddəsinə görə borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. “İcra haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Həmin Qanunun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Maddələrin qarşıllıqlı təhlili nəticəsində aydın olur ki, icra icraatı çərçivəsində borclunun əmlakının qanunauyğun şəkildə qiymətləndirilməsi keçirilir, əmlak tələbkara təklif olunur, tələbkar almadıqda hərraca çıxarılır, 3 ay ərzində hərracda satılmadıqda və tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə onu vermiş məhkəməyə qaytarılmalıdır. Göründüyü kimi, qanunvericilikdə əmlak satılmadıqda və tələbkar onu almaqdan imtina etdikdə həmin əmlakın yenidən qiymətləndirilməsinin keçirilməsi və satışa çıxarılması nəzərdə tutulmamışdır. Qanunvericinin bu mövqeyi əmlakın davamlı olaraq hərraca çıxarılmasının qarşısının alınması və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə izah oluna bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, ikinci qiymətləndirmənin təyin edilməsi haqqında icra məmurunun qərarı apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunsuz hesab edilərək ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 8(103)-145/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadını onunla əsaslandırmışdır ki, icra qurumu tərəfindən “İcra haqqında” Qanunun 53.3-cü maddəsinə əməl edilməyərək əsassız olaraq yenidən əmlakın qiymətləndirilməsinə dair xx.xx.2021-ci il tarixli qərar qəbul edilmiş və bu səbəbdən ləğv edilməlidir. Həmin qərardad çıxarıldığı andan qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 14 fevral 2020-ci il tarixli Qərarı). Oxşar hüquqi mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Məhkəmənin “Brumareski Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Yuxarıda göstərilən qanunvericilik normalarına və icra məmurunun növbəti qiymətləndiricinin dəvət edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarının məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı ilə qanunsuz hesab edilərək ləğv edilməsinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməli, qeyd edilən qərar əsasında keçirilmiş ikinci qiymətləndirmə aktı, o cümlədən hərracın yekunları barədə protokol və alğı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Hazırki iş üzrə mübahisə predmeti cavabdehin mülkiyyətinə (o cümlədən sahibliyinə və ya istifadəsinə) keçmədiyindən restitusiya institutunun tətbiqinə də zərurət yaranmamışdır. İddiaçının icra məmurunun ilk sifarişi əsasında keçirilən "xxxx" MMC-nin xx.xx.2021ci il tarixli "Hərracın baş tutmamasına dair Yekun Protokol"unun etibarsız hesab edilməsi tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı həmin hərracın keçirilməsi zamanı hansı qanunvericilik normalarının və hansı hüquqlarının pozulmasını kifayət qədər əsaslandıra bilməmişdir. Belə ki, iddiaçı qeyd edilən hərracların iki ay əvəzinə, 3 ay 11 gün müddətində keçirildiyini, bununla da qanunun tələblərinin pozulduğunu qeyd edərək yekun protokolun etibarsız hesab edilməsini xahiş etmişdir. Halbuki həmin protokol hərracın baş tutmaması barədə məlumatı və sifarişin icra məmuruna qaytarılmasını əks etdirir. Məhkəmə mülki dövriyyənin sabitliyinin təmin edilməsi və mülki qanunvericiliyin prinsiplərini rəhbər tutaraq hesab edir ki, hərracın keçirilməsi və yekun protokolun tərtib olunması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən və iddia tələbi bu hissədə kifayət qədər əsaslandırılmadığından, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.Zərdabi prospekti 74 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatı, onun əsasında keçirilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli “Hərracın nəticələri haqqında yekun Protokol”u və hərracın yekunları üzrə xx.xx.2022-ci il tarixli əmlakın alğı-satqısı müqaviləsi etibarsız hesab edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82, 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Sərraf-M" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.Zərdabi prospekti 74 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatı, onun əsasında keçirilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, Y-589\21 saylı “Hərracın nəticələri haqqında yekun Protokol”u və hərracın yekunları üzrə xx.xx.2022-ci il tarixli əmlakın alğı-satqısı müqaviləsi etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar