Məhkəmə qərarları › İş №2(005)-1695/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1695/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1695/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC və Cavabdeh2nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” MMC və Cavabdeh2nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bank VTB ASC ilə aralarında **-FF-*** qeydiyyat nömrə nişanlı KİA SPORTAGE-minik avtomobilinə dair ipoteka müqaviləsi imzalanmışdır. Avtomobil 2013-cü ildən 2020-ci ilin mart ayınadək mülkiyyətində, sahiblik və istifadəsində olmuşdur. Azərbaycanda baş vermiş devolvasiyalar nəticəsində maddi imkanı olmadı və pulun ödənilməsində gecikmələr baş verdi. Özü Füzuli rayonundan məcburi köçkün olduğu üçün bankın pulunu ödəyə bilmədi. Buna görə də bank ona qarşı məhkəmədə iddia qaldırdı və məhkəmənin qətnaməsinə əsasən ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması və satış pulunun banka yönəldilməsi qət edildi. Cavabdeh2 sifarişinə əsasən “xxxx" MMC iddiaçıya məlumat vermədən avtomobili həddindən artıq ucuz qiymətə satmışdır. Hərracın keçirilməsinin vaxtı və yeri barədə ona heç bir məlumat verilməmişdir. Avtomobilin qiyməti təxminən 30-35 min manat olmasına baxmayaraq hərrac təşkilatı onu 14 662.5 (on dörd min altı yüz altmış iki manat əlli qəpik) manata satmışdır. Hərrac təşkilatı qeyd olunan hüquq normasının tələblərini pozaraq ipoteka predmeti olan avtomobili öz mülkiyyətinə keçirmişdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı məxsus **-EE-*** qeydiyyat nömrə nişanlı, KİA SPORTAGE-minik avtomobilinin satılması üçün keçirilmiş hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin ediləsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq cavabdehlər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, izahatı iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli, 55/02-4 №-li protokoldan görünür ki, **-FF-*** qeydiyyat nömrə nişanlı KİA SPORTAGE-minik avtomobili ilkin satış qiyməti 23000 manat, təkrar hərracdakı satış qiyməti 19550 manat, 25% aşağı olan qiyməti 14662,5 manat qiymətləndirilmiş “xxxx” MMC tərəfindən açıq hərraca çıxarılmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 1154xx-xx-11069 №-li ipoteka müqaviləsindən görünür ki, **-FF-*** qeydiyyat nömrə nişanlı KİA SPORTAGE-minik avtomobili “Bank VTB (Azərbaycan) ASC-nə girov qoyulmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 115461-1-7904 №-li avtomobil krediti müqaviləsindən görünür ki, “Bank VTB (Azərbaycan) ASC tərəfindın İddiaçı 60 ay müddətinə illik 18 faiz olmaq şərtilə 26413 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə xx.xx.2020-ci il tarixli, 01 saylı bildirişin surətindən görünür ki, tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə xx.xx.2020-ci il tarixli, 02 saylı bildirişin surətindən görünür ki, tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş “Birja Yenilikləri” qəzetinin xx xxxxxxx 2020, 18-xx xxxxxx 2020, 01-xx xxxxxx 2020-ci il tarixli buraxılışlarında **-FF-*** qeydiyyat nömrə nişanlı KİA SPORTAGE-minik avtomobilinin “xxxx” MMC tərəfindən hərraca çıxarılacağına dair elan yerləşdirilmişdir. Görünüyü kimi, iddiaçı **-FF-*** qeydiyyat nömrə nişanlı KİA SPORTAGE-minik avtomobilinə minik markalı avtomobilin “xxxx” MMC tərəfindən müəyyən edilmiş bazar qiyməti ilə razı olmadığını bildirmişdir. Qiymətləndirici tərəfindən avtomobilin olduğundan yüksək məbləğə dəyərləndirildiyini iddia edir. Bu səbəbdən qiymətləndirmə hesabatının ləğv edilməsi və avtomobilin yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli avtomobilin hərracda satılması zamanı hərracın təşkilini və aparılmasını tənzimləyən qanunların tələblərinin pozulması məhkəmə tərəfindən müəyyən edilmədi. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi ilə bağlı bildirişlər göndərilmiş, kütləvi informasiya vasitələrində elanlar verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər “xxxx” MMC və Cavabdeh2nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “xxxx” MMC və Cavabdeh2nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar