Məhkəmə qərarları › İş №2(005)-1730/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1730/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1730/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri nəticəsində 2019-cu ilin sentyabr ayından 2020-ci ilin yanvar ayının 9-na qədər müqavilə üzrə ödənilməmiş dörd aylıq (1600 manat) kirayə haqqının, 2020-ci il 9 yanvardan 2020-ci il 9 iyunadək öz hesabına ödədiyi beş aylıq (2000 manat) kirayə haqqının, 60 kv.m sahəyə vurulmuş divar kağızının (620 manat) dəyərinin, balkona vurulmayan metlağın (90 manat) dəyərinin, mətbəxə çəkilməyən qaz xəttinin (180 manat) dəyərinin və dövlət rüsumu qaydasında ödədiyi 30 manat vəsaitin (ümumi olaraq 4520 manat) Cavabdeh MMC-dən alınaraq xeyrinə ödənilməsi, eyni zamanda müqavilədə nəzərdə tutulmuş 60 kv.m sahədə iki otaqdan ibarət mənzilin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən tam təmirli, 2 otaqlı yaşayış sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. Mənzil üzərindəki mülkiyyət hüququ 24 fevral 1995-ci ildə müvafiq qaydada qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 201G-cı il tarixli 86 saylı qərarına və Bakı şəhəri Nərimanov rayon icra başçısının 37 saylı 18 yanvar 2017-ci il tarixli sərəncamına əsasən yaşadığı mənzil cavabdeh tərəfindən qarşılıqlı razılaşma əsasında alınaraq, yerində “Pilot layihə” əsasında hündürmərtəbəli yaşayış sahəsi inşa olunmuşdur. Razılaşmaya görə iddiaçı mülkiyyətində olan tam təmirli, 2 otaqlı yaşayış mənzilini əlavə tikililərlə birlikdə (cəmi 60 kv.m) söküntüsü üçün cavabdehə vermişdir. Bunun müqabilində isə cavabdeh 24 ay müddətində yeni inşa olunacaq hündürmərtəbəli yaşayış sahəsindən eyni ölçüdə və həcmdə iddiaçıya yeni yaşayış sahəsi verməyi öhdəsinə götürmüşdür. Bu barədə tərəflər arasında 12 may 2017ci il tarixdə rəsmi qaydada yazılı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə cavabdehin yeni binanın tikintisi başa çatana və yeni təmirli mənzillə təmin olunduğu günədək, ailə üzvlərinin müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə hər ay 400 manat məbləğində mənzil kirayəsi şəklində iddiaçıya pul kompensasiyası ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin tərəf üzərinə götürdüyü müqavilə öhdəliklərini əvvəllər vaxtında yerinə yetirsə də, sonradan pozmağa başladı. Belə ki, binanın tikintisini müqavilədə göstərilən müddət ərzində başa çatdırmadı. Müvəqqəti yaşayış üçün ödənilən pul kompensasiyasını yarımçıq dayandırdı və 2019-cu ilin sentyabr-dekabr ayları üçün 4 aylıq 1600 manat mənzil kirayəsini vermədi. Bununla bağlı poçt vasitəsi ilə cavabdehə ünvanladığı müraciət belə cavabsız qaldı. Poçt tərəfindən verilmiş qəbz qoşmaya əlavə olunub. Kirayədə yaşadığı mənzilin haqqını çətinliklə olsa da, ödəmək məcburiyyətində qaldı. Qarşı tərəfə müqavilə öhdəliklərinə vaxtında və dəqiq əməl olunmasını dəfələrlə xatırlatsa da, heç bir nəticəsi olmadı. Mənzil hazır olana qədər veriləcək mənzillə baxılmasına cavabdeh tərəfindən heç kimə icazə verilmədi. Nəhayət cavabdeh 9 yanvar 2020-ci il tarixdə iddiaçıya sifariş edib mənzilin hazır olduğunu bildirdikdə, iddiaçıya təklif edilən mənzil müqavilə şərtlərinə uyğun gəlmirdi və tam təmir olunmamışdı. Belə ki, mənzilin ümumi sahəsi 55 kv.m olub, bir otaq və mətbəxdən ibarət inşa edilmişdi. Mənzil daxilində qapılar qoyulmamış, otaq ara laminant və plintus vurulmamış, mətbəxə qaz xətti çəkilməmiş və balkona metlax vurulmamışdır. Bu mənzil ailəsinin yaşaması üçün əlverişsiz olduğundan, mənzili qəbul etməmiş və məcbur olub 2020-ci il yanvar ayının 9-dan iyun ayının 9-na qədər (beş ay) qaldığı kirayədə yenidən öz hesabına (aylıq 400 manat ödəməklə) yaşamışdır. Bu müddət ərzində cavabdehə iki otaqdan ibarət 60 kv.m-lik mənzilin verilməsi barə dəfələrlə müraciət etsə də, müsbət nəticəsi olmadı. Ağır maddi və mənəvi məhrumiyyətlərə düçar olduğu üçün məcbur olub iddiaçıya verilən mənzili yuxarıda qeyd olunan nöqsanlar saxlanılmış vəziyyətdə 9 iyun 2020-ci il tarixdə qəbul etdi. Odur ki, özünün Konstitusion hüquqlarına əsaslanaraq cavabdehin qanuna zidd əməlləri barəsində məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə prosessində İddiaçı iddia ərizəsinin tələblərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Birinci tərəf Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ikinci tərəf İddiaçı arasında 12 may 2017-ci il tarixli müqavilə bağlanmış və müqavinin şərtləri aşağıdakılardır; "Tərəflər” Azərbaycan Respublikası Nəzirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının 1.3. maddəsinin tələblərinin və bu Müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda üzərilərinə öhdəliklər götürürlər: “Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən 24.02.1995-ci il tarixində, 30/3177 qeydiyyat nömrəsi ilə Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventaraşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün "Poleks” MMC-nə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada "Tikinti şirkəti" tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərədə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. Tikinti şirkəti" ''Poleks” MMC ünvan 1 ünvanında yerləşən "Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 60.00 kv.m, təmirli mənzili "Əmlak mülkiyyətçisi"-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. “Tikinti şirkəti" inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi”ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi"-nə kompensasiya şəklində aylıq 400 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə ödəyər. "Əmlak mülkiyyətçisi"-nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. İş materiallarında olan 09 may 2017-ci il tarixli icarə müqaviləsindən müəyyən olunur ki, İddiaçı hər ay üçün 400 manat ödəməklə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51.9 kv.m olan 3 otaqlı yaşayış mənzilini 2 il müddətinə icarəyə götürmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin 10/1933 saylı, 06.08.2021-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzildə divar kağızının, eyvana vurulan plitkanın və qaz xəttinin çəkilməsi üçün sərf edilmiş vəsaitin məbləği hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 1772,0 manat məbləğində müəyyən olunmuşdur. İşdə olan Bank Respublika ASC tərəfindən İddiaçı adına verilmiş hesabdan çıxarışdan görünür ki, kirayə haqqı üzrə sonuncu ödəniş iyul 2019-cu il olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Pilot layihəyə əsasən cavabdeh "Poleks” MMC ilə İddiaçı arasında isə 12 may 2017-ci il tarixində qarşılıqlı razılaşma yolu ilə müqavilə imzalanıb. Müqavilə şərtlərinə əsasən cavabdeh "xxxx" MMC ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan mənzilləri söküb, yerində tikilən hundürmərtəbəli binada iddiaçıya tam təmirli sahələri 60 kv.m olan mənzili iddiaçıya təhvil verənədək, iddiaçının yaşayışı təmin etmək məqsədi ilə əmlak mülkıyyətçisinə kompensasiya şəklində aylıq 400 manat kirayə haqqlarını əvvəlcədən ödəniş gününə istinad edilməklə üç ayda 01 dəfə ödəməlidir. İşin araşdırılmış hallarından görünür ki, iddiaçıya cavabdeh tərəfindən mənzil təhvil verilmiş, lakin həmin mənzildə otaq ara laminat və plintus vurulmamış, mətbəxə qaz xətti çəkilməmiş və balkona metlax vurulmamışdır. Cavabdeh tərəfindən iddiaçıya mənzil təklif edilən vaxtdan kirayə haqqı ödənilməmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə təhvil veriləcək mənzil tam təmirli olacağından və bu şərt cavabdeh tərəfindən icra edilmədiyindən, məhkəmə hesab edir ki, mənzildə çatışmayan işlərin görülməsi üçün iddiaçı tərəfindən çəkilmiş xərc ona ödənilməlidir. İddiaçı cavabdehin üzərinə düşən təmir işlərini öz hesabına gördüyündən həmin xərclər ona cavabdeh tərəfindən qaytarılmalıdır. Məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki-əmtəəşünaslıq ekspertizasının rəyinə görə, bu məbləğ 1772 manat təşkil edir, və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Digər iddia tələblərinə gəldikdə, məhkəmə bu qənaətə gəlir ki, onlar əsassızdır və təmin edilə bilməz. 2019-cu ilin sentyabr ayından 2020-ci ilin yanvar ayının 9-na qədər müqavilə üzrə ödənilməmiş dörd aylıq (1600 manat) kirayə haqqının, 2020-ci il 9 yanvardan 2020-ci il 9 iyunadək öz hesabına ödədiyi beş aylıq (2000 manat) kirayə haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı tələbi məhkəmə əsassız hesab edir ondan ötrü ki, cavabdeh kirayə hqqının ödənilməsini mənzilin təhvil verilməsindən sonra dayandırmış və müqavilə şərtlərinə əməl etmişdir. Müqavilədə nəzərdə tutulmuş 60 kv.m sahədə iki otaqdan ibarət mənzilin iddiaçıya verilməsi barədə iddia tələbini də məhkəmə əsassız hesab edir, çünki bu barədə cavabdeh öz öhdəliyini icra etmiş və iddiaçıya müqavilə ilə razılaşdırılmış ölçüdə mənzili təhvil vermişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10/1933 saylı, 06.08.2021-ci il tarixli rəyindən də görünür ki, ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzilin ayrı-ayrı tikililərin ölçüləi cəmi 58,9 kv.m təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 60 kv.m sahəyə vurulmuş divar kağızının, eyvana vurulan plitkanın və qaz xəttinin çəkilməsi üçün sərf edilmiş 1772 manat və dövlət rüsumu 30 manat, cəmi 1802 manat Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh MMC-dən tutulub X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar