Məhkəmə qərarları › İş №2(005)-176/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-176/2025

06.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-176/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər ”Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC-yə və Binəqədi rayon İcra şöbəsinə qarşı (açar sözlər: hərracın nəticələrinin etibarsızlığı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı cavabdehlər ”Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC-yə və Binəqədi rayon İcra şöbəsinə qarşı (LPO "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər ”Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC-yə və Binəqədi rayon İcra şöbəsinə qarşı (LPO "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İpoteka predmeti olan "Shacman” SX3315DT406 markalı, 99BC166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin "Shacman SX 3315DT406” markalı 90MF466 dövlət nömrə nişanlı yük avtomaşına dair Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" tərəfindən keçirilmiş xx.xx.2019-cu il tarixli 59/02, 59/01 açıq hərracın nəticələri haqqında protokolun, xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı satqısı barədə müqavilələri etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-2713/2014 saylı icra vərəqinə əsasən, İddiaçı X3 müştərək qaydada xx.xx.2011-ci il tarixli, YM-008/2011 saylı kredit müqaviləsi üzrə 41.247 manat əsas, 7 875.35 faiz, cəmi 49.149.31 manat və YM-015/2011 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi 41.639 manat əsas, 7 978,60 manat faiz, cəmi 49.617,60 manat, ümumilikdə 98.766,91 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul "Bank Technique” ASC-nin xeyrinə tutulması qeyd olunmuşdur. Tələb İddiaçı məxsus olan nəqliyyat vasitələrinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın. İpoteka predmeti olan Shacman SX3315DT406 markalı, 99BC166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin ilkin satış qiyməti 47.000 manat, "Shacman SX 3315DT406" markalı 90MF466 dövlət nömrə nişanlı yük avtomaşının ilkin satış qiyməti 18.000 manat məbləğində müəyyən edilmişdir. “Texnikabank" ASC-nin işçiləri ilə arasında olan şifahi razılaşmaya əsasən tərəfindən kredit müqaviləsi üzrə banka 46.000 manat ödəniş olunmuş, borcun qalan hissəsi isə avtomobillərlərin satışı ilə bağlanırdı. Xəbəri olmadan 04 sentyabr 2019-cu il tarixdə sözügedən avtomobillərin alqı-satqısına dair “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac" Mərkəzi MMC tərəfindən hərrac keçirilmişdir. Açıq hərracın nəticələri haqqında 59/02 saylı protokola əsasən İddiaçı məxsus “Shacman'' SX3315DT406 markalı, 99BC166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin dəyəri 3500 (üç min beş yüz) manat qeyd edilmiş və X1. Açıq hərracın nəticələri haqqında 59/01 saylı protokola əsasən İddiaçı məxsus “Shacman SX 3315DT406” markalı 90MF466 dövlət nömrə nişanlı avtomobil 2000 (iki min) manat qiymətində X1. Qeyd eləmək istəyir ki həmin hərracın keçirilməsindən yalnız xx.xx.2024cü il tarixində Binəqədi Rayon Məhkəməsindən bildiriş gələndə xəbəri olmuş və dərhal tərəfindən həmin hərracın etibarsızlığı ilə bağlı məhkəməyə müraciət olunmuşdur. "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" isə iştirakını təmin etmədən, xəbəri olmadan, qiymətləri 47.000 manat və 18.000 manat olan avtomobilləri dəyərindən dəfələrlə ucuz satmışdır. Halbuki satış qiymətləri həmin yük nəqliyyat vasitələrinin təkələrinin qiyməti deyildir. Bununla da, qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, ipoteka predmeti olan “Shacman” SX3315DT406 markalı, 99BC166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin, “SHACMAN SX 3315DT406” markalı 90MF466 dövlət nömrə nişanlı yük avtomaşına dair “Daşınar və Daşınmaz Əmlakları satışı X10” MMC tərəfindən keçirilmiş xx.xx.2019-cu il tarixli 59/02, 59/01 açıq hərracın nəticələri haqqında protokolun, qiymətləndirmənin, xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı X6 və Bakı şəhəri Xətai rayon icra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddiaçı bankdan kredit götürmüşdür və iki yük avtomobil ipoteka ilə yüklü edilmişdir. Binəqədi Rayon Məhkəməsinin icra vərəqəsində qeyd olunub ki, həmin borc ipoteka predmetinə yönəldilsin və açıq hərracda satılsın. Avtomobillərin birinin satış qiyməti 47.000 manat, digəri isə 18.000 manat təşkil edir. Qanunvericiliyə əsasən hərracın keçirilməsi ilə bağlı tərəf 30 gün əvvəl məlumatlandırılmalı idi, lakin iddiaçının ümumiyyətlə hərracın keçirilməsi ilə bağlı məlumatı olmamışdır. Həmin avtomobillər bazar dəyərindən aşağı yəni, 47.000 manat dəyərində olan avtomobil 3.500 manat məbləğinə, digər 18.000 manat dəyərində olan avtomobil 2.000 manat məbləğinə satılmışdır. Qiymətlər məhkəmə qətnaməsi ilə müəyyən olunub, icra vərəqəsində ilkin satış qiyməti qeyd olunub. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 bildirmişdir ki, 2019-cu ildə hərrac keçirilən zaman həmin yük maşınlarını almışdır. Onların hər ikisi yararsız vəziyyətdə idi, yük maşınlarını metalloma vermişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 bildirmişdir ki, Məhkəmə Ekspertizaı Mərkəzinin ekspertiza rəyində təqribi qiymət qoyulub, çünki avtomobillər yararsız vəziyyətdədir. Avtomobilin mühərriki yoxdur. 2019-cu ildə onlar Tahir Quliyevə satılmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi – Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru bildirmişdir ki, həmin icra işi ərazi aidiyyatı üzrə Binəqədi rayon İcra şöbəsindən onların şöbəsinə daxil olub. Uzun müddətdir ki, Binəqədi rayon İcra şöbəsində icra olunurdu və ipotekada olan əmlaklar satılıb. Hazırda icra sənədi üzrə 47.000 manat borc qalıb və bu səbəbdən məhkəmə qərardadı ilə borclunun adına olan əmlaka həbs qoyulmuşdur. Əmlak Xətai rayonu ərazisində yerləşdiyi üçün icra tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Daşınmaz əmlakın qiymətləndirilməsi üçün qiymətləndirilməyə müraciət etmişdir. Nəqliyyat vasitələrinin satışı ilə bağlı Bakı şəhəri Xətai rayon İcra şöbəsinin heç bir əlaqəsi yoxdur. Nəqliyyat vasitələri artıq satılmışdır. İş Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ona görə daxil olub ki, qalıq borc ödənilmədiyinə görə daşınmaz əmlakın üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuşdur və əmlak Xətai rayonu ərazisində yerləşir. Avtomobillərin nə qiymətləndirilməsində, nə də satışında Bakı şəhəri Xətai rayon icra şöbəsi iştirak etməmişdir, bu icra tədbiri Binəqədi rayon İcra şöbəsi tərəfindən keçirilib. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin və üçüncü şəxslərin (onların nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2713/2014 saylı 01 iyul 2014-cü il tarixli qətnaməsinə və həmin qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən, İddiaçı X3 müştərək qaydada xx.xx.2011-ci il tarixli, YM-008/2011 saylı kredit müqaviləsi üzrə 41.274 manat əsas, 7875.31 faiz, cəmi 49.149.31 manat və YM-015/2011 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi 41.639 manat əsas, 7 978,60 manat faiz, cəmi 49.617,60 manat, ümumilikdə 98766,91 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul "Bank Technique” ASC-nin xeyrinə tutulmalı, tələb İddiaçı məxsus olan nəqliyyat vasitələrinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalıdır, ipoteka predmeti olan Shacman SX3315DT406 markalı, 99BC166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin ilkin satış qiyməti 47.000 manat, "Shacman SX 3315DT406" markalı 90MF466 dövlət nömrə nişanlı yük avtomaşının ilkin satış qiyməti 18.000 manat məbləğində müəyyən edilmişdir. - Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2713/2014 saylı 01 iyul 2014-cü il tarixli icra sənədinin icrası ilə bağlı İddiaçı məxsus Shacman SX3315DT406 markalı, 99BC166 dövlət qeydiyyat nişanlı və 90MF466 dövlət qeydiyyat nişanlı avtomobillərin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilməsi qərara alınmışdır. - Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli xx/xx-37241/14/12 saylı sifariş məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2713/2014 saylı 01 iyul 2014-cü il tarixli icra sənədinin icrası ilə bağlı İddiaçı məxsus Shacman SX3315DT406 markalı, 99BC166 dövlət qeydiyyat nişanlı və 90MF466 dövlət qeydiyyat nişanlı avtomobillərin qiymətləndirilməsi xahiş olunur. -"xxxx" MMC qiymətləndirmə şirkətinin İddiaçı məxsus yük avtomobillərinin bazar dəyərinin müəyyən edilməsi barədə 29 iyul 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, Shacman SX3315DT406 markalı, 99BC166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 29 iyul 2019-cu il tarixə bazar dəyəri 3500 manat, "Shacman SX 3315DT406" markalı 90MF466 dövlət qeydiyyat nişanlı avtomobilin 29 iyul 2019-cu il tarixə bazar dəyəri 2000 manat müəyyən olunmuşdur. -“Daşınar və Daşınmaz Əmlakları satışı X10” MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli 01 №-li bildirişindən görünür ki, Shacman SX 3315DT406" markalı 90MF466 dövlət qeydiyyat nişanlı avtomobilinə və Shacman SX3315DT406 markalı, 99BC166 dövlət qeydiyyat nişanlı yük avtomobilinə dair ilkin satış qiymətləri 3500 manat və 2000 manat olmaqla xx.xx.2019-cu il tarixdə açıq hərrac keçiriləcəyi bildirilmişdir. - “Daşınar və Daşınmaz Əmlakları satışı X10” MMC-nin X7 hərracın nəticələrinə dair 04 sentyabr 2019-cu il tarixli 59/02 №-li protokoluna əsasən, Shacman SX3315DT406 markalı, 99BC166 dövlət qeydiyyat nişanlı yük avtomobili ilkin hərrac qiyməti 3500 manat olmaqla X6 tərəfindən əldə edilmişdir. - “Daşınar və Daşınmaz Əmlakları satışı X10” MMC-nin X7 hərracın nəticələrinə dair 04 sentyabr 2019-cu il tarixli 59/01 №-li protokoluna əsasən, "Shacman SX 3315DT406" markalı 90MF466 dövlət qeydiyyat nişanlı yük avtomobili ilkin hərrac qiyməti 2000 manat olmaqla X6 tərəfindən əldə edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2024-cü il tarixli 9/7287 №-li ekspert rəyindən görünür ki, qərarda göstərilən “Shacman SX3315DT406” markalı, 2011-ci il buraxılışlı, normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı 2 ədəd avtomobilin nəzəri qaydada hazırki bazar qiyməti 1 ədəd üçün təxminən 47000,00 manat (2 avtomobil birlikdə 94000,00 manat), likvid dəyəri isə 1 ədəd üçün təxminən 44000,00 manat (2 avtomobil birlikdə 88000,00 manat), mərkəzdə olan məlumatlara əsasən 2019-cu il üzrə bazar qiyməti 1 ədəd üçün təxminən 50000,00 manat (2 avtomobil birlikdə 100000,00 manat), likvid dəyəri isə 1 ədəd üçün təxminən 47000,00 manat (2 avtomobil birlikdə 94000,00 manat) müəyyən olunur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflərin nümayəndə və nümayəndə-vəkilinin izahatları, iş materiallarına əlavə olunmuş sənədlər ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2713/2014 saylı 01 iyul 2014-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı və X3 müştərək qaydada ümumilikdə 98766,91 manat pulun "Bank Technique” ASC-nin xeyrinə tutulması, tələbin İddiaçı məxsus olan nəqliyyat vasitələrinə yönəldilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin sifariş məktubuna əsasən, “Daşınar və Daşınmaz Əmlakları satışı X10” MMC-də Shacman SX3315DT406 markalı, 99BC166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin ilkin hərrac qiyməti 3500 manat, "Shacman SX 3315DT406" markalı 90MF466 dövlət qeydiyyat nişanlı yük avtomobilnin ilkin hərrac qiyməti 2000 manat olmaqla hərrac keçirilmiş, avtomobillər X6 tərəfindən əldə edilmişdir. Bununla razılaşmayan iddiaçı hərracın nəticələri haqqında protokolun, qiymətləndirmənin, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1.0.9. ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: Maddə 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 28 dekabr 2018-ci il tarixli 1440-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 51.1ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. - 61.1-ci və 61.2-ci maddələrinə əsasən, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. - 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə uyğun olaraq əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. -337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. -416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. -416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Mülki Məcəlləyə əsasən, qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı məxsus olan “Shacman SX3315DT406” markalı, 99BC166 dövlət qeydiyyat nişanlı və "Shacman SX 3315DT406" markalı 90MF466 dövlət qeydiyyat nişanlı yük avtomobilinə dair keçirilmiş açıq hərrac zamanı qanunvericiliklə müəyyən olunmuş qaydalar pozulmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2713/2014 saylı 01 iyul 2014-cü il tarixli qətnaməsinə əsasən, iddiaçıdan tutulmalı olan borcun ona məxsus olan “Shacman SX3315DT406” markalı, 99BC166 dövlət qeydiyyat nişanlı və "Shacman SX 3315DT406" markalı 90MF466 dövlət qeydiyyat nişanlı yük avtomobillərinə yönəldilməsi qət edilmiş, məhkəmə qətnaməsi ilə ipoteka predmeti olan Shacman SX3315DT406 markalı, 99BC166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin ilkin satış qiyməti 47.000 manat, "Shacman SX 3315DT406" markalı 90MF466 dövlət nömrə nişanlı yük avtomaşının ilkin satış qiyməti 18.000 manat məbləğində müəyyən edilmişdir. 28 dekabr 2018-ci il tarixli 1440-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Göründüyü kimi, qanunvericiliyə əsasən, borcluya məxsus əmlak yalnız tərəflərin razılığı və ya məhkəmənin qərarı ilə qiymətləndirilmədiyi halda icra məmuru borclunun əmlakının qiymətləndirilməsi üçün qərar qəbul edə bilər. Buna baxmayaraq, məhkəmə sorğusu əsasında təqdim olunmuş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 37241/2014-1-46-002 saylı icra işi materialları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2713/2014 saylı 01 iyul 2014-cü il tarixli icra sənədinin icrası ilə bağlı İddiaçı məxsus Shacman SX3315DT406 markalı, 99BC166 dövlət qeydiyyat nişanlı və 90MF466 dövlət qeydiyyat nişanlı avtomobillərin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilməsi qərara alınmış, "xxxx" MMC-yə ünvanlanmış eyni tarixli xx/xx-37241/14/12 saylı sifariş məktubu ilə iddiaçıya məxsus avtomobillərin qiymətləndirilməsi xahiş olunmuşdur. "xxxx" MMC-nin 29 iyul 2019-cu il tarixli ekspert rəyi ilə Shacman SX3315DT406 markalı, 99BC166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 29 iyul 2019cu il tarixə bazar dəyəri 3500 manat, "Shacman SX 3315DT406" markalı 90MF466 dövlət qeydiyyat nişanlı avtomobilin 29 iyul 2019-cu il tarixə bazar dəyəri 2000 manat müəyyən olunmuşdur. Bundan sonra xx.xx.2019-cu il tarixdə "xxxx" MMC şirkəti tərəfindən verilmiş rəyə uyğun olaraq ilkin satış qiyməti 3500 manat və 2500 manat olmaqla “Daşınar və Daşınmaz Əmlakları satışı X10” MMC tərəfindən avtomobillərə dair hərrac keçirilmiş və üçüncü şəxs tərəfindən əldə edilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus ipoteka predmeti olan nəqliyyat vasitələrinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda nəqliyyat vasitələrinin hərrac zamanı ilkin satış qiyməti göstərilmiş, bununla belə icra məmuru əmlakların qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilməsi haqqında qərar qəbul edərək, "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən, məhkəmə qətnaməsi ilə ilkin satış qiyməti 47000 manat müəyyən edilmiş Shacman SX3315DT406 markalı, 99BC166 dövlət qeydiyyat nişanlı yük avtomobili ni 3500 manata, məhkəmə qətnaməsi ilə ilkin satış qiyməti 18000 manat müəyyən edilmiş Shacman SX 3315DT406" markalı 90MF466 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini isə 2000 manat olmaqla hərracını sifariş etmişdir. Əmlakların ilkin satış qiyməti məhkəmə qətnaməsinə əsasən müəyyən edildiyi halda, icra məmuru tərəfindən yenidən qiymətləndirici dəvət olunması qanunsuzdur. Qeyd olunanlar Binəqədi rayon İcra və Probasiya Şöbəsinin hərrac təşkilatına ünvanladığı xx.xx.2019-cu il tarixli xx/xx-37241- 14/12 saylı məktubu əsasında “Daşınar və Daşınmaz Əmlakları satışı X10” MMC tərəfindən aparılmış hərracın qanunsuz olaraq keçirilməsini təsdiq edir. Belə ki, qeyd olunan sifariş məktubu üzrə aparılmış hərrac 04 sentyabr 2019-cu il tarixli 59/02 №-li və 59/01 № protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsi bağlanması ilə nəticələnərək, iddiaçının hüquqlarını kobud şəkildə pozulmasına səbəb olmuşdur. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2713/2014 saylı 01 iyul 2014-cü il tarixli qətnamə və icra sənədində əmlakların ilkin satış qiymətləri 47000 manat və 18000 manat müəyyən edildiyi halda, Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən qeyd olunan qətnamə üzrə qanunsuz icra hərəkətləri aparılmışdır. Qeyd olunan işin hallarına əsasən məhkəmə aktının qanuni qüvvəsini almasına dair qanunvericliklə müəyyən edilmiş maddi hüquq normaları ilk növbədə tərəflərin hüquqlarının tam bərabər təmin edilməsinə yönəlmişdir. Məhkəmədə işlərə çəkişmə prinsipi əsasında baxılması müəyyən edilmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək qətnamdən razı qalmayan tərəfə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi çəkişmə prinsipinin gözlənilməsi nəinki məhkəmə aktı qəbul edilənədək gedən proseslərdə, hətta məhkəmə aktı qanuni qüvvəsini alanadək və hətta ondan sonrakı prosesləri ümumilikdə əhatə edir. Odur ki, qeyd olunan proseslərin hər-hansı hissəsində tərəflərdən birinin hüquqlarının pozulması daha sonra edilməsi zəruri olan prosesin qanuniliyini şübhə altına almaqdadır. Eyni zamanda məhkəmə aktının qanuni qüvvəsini alması hadisəsinin baş verməsi, baxılmış mübahisəyə dair tərəflərin bir sıra hüquqlarının məhdudlaşdırılmasına və ya əksinə əlavə hüquqlarının əmələ gəlməsinin hüquqi keçidi kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı “Daşınar və Daşınmaz Əmlakları satışı X10” MMC tərəfindən keçirilmiş hərracın hüquqi qiymətləndirilməsinin nəticəsi olaraq nəqliyyat vasitələrinə dair bağlanmış müqavilələr etibarsız əqd olaraq hərhansı hüquqi nəticəyə malik deyildir. Məhkəmə, üçüncü şəxsin “nəqliyyat vasitələrinin artıq məhv olması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, Binəqədi rayon İcra şöbəsinin sifarişi əsasında “Daşınar və Daşınmaz Əmlakları satışı X10” MMC tərəfindən iddiaçıya məxsus nəqliyyat vasitələrinə dair hərrac keçirilərkən qanunvericiliyin qaydaları pozulmuşdur və bu hal iş materialları ilə sübut olunur. Hazırki halda mübahisə obyekti olan “Shacman” SX3315DT406 markalı, 99BC166 dövlət qeydiyyat nişanlı yük avtomobili və “SHACMAN SX 3315DT406” markalı 90MF466 dövlət nömrə nişanlı yük avtomaşınlar artıq mövcud olmasa belə (məhv olsa), qeyd olunan hal qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərracın nəticələrinin etibarsız hesab olunması barədə iddiaçının hazırki tələbinin təmin edilməməsinə əsas ola bilməz. Belə ki, iddiaçının irəli sürdüyü faktiki hallar (qətnamə əsasında qiymətləri 47.000 manat və 18.000 manat müəyyənləşdirilən avtomobillərin dəyərindən dəfələrlə ucuz satılması) onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşır. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2713/2014 saylı 01 iyul 2014-cü il tarixli qətnamə və icra sənədində əmlakların ilkin satış qiymətləri 47000 manat və 18000 manat müəyyən edildiyi halda, Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən yenidən qiymətləndirici dəvət edilmiş, əmlaklar ikinci dəfə qiymətləndirilməklə hərracın keçirilməsi hərrac təşkilatına sifariş olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan “Shacman” SX3315DT406 markalı, 99BC166 dövlət qeydiyyat nişanlı yük avtomobili və “SHACMAN SX 3315DT406” markalı 90MF466 dövlət nömrə nişanlı yük avtomaşına dair "xxxx" MMC qiymətləndirmə şirkətinin 29 iyul 2019-cu il tarixli qiymətləndirmə rəyi, avtomobillərlə bağlı “Daşınar və Daşınmaz Əmlakları satışı X10” MMC tərəfindən keçirilmiş xx.xx.2019-cu il tarixli 59/02, 59/01 açıq hərracın nəticələri haqqında protokollar və onun əsasında bağlanmış xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələr etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə iddiaçının dövlət rüsumuna dair tələbi olmadığından iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçı tərəfə aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın təmin olunması nəzərə alınaraq, cavabdehdən işə baxılması ilə əlaqədar məsrəfi olaraq 50 (əlli) manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya məxsus “Shacman” SX3315DT406 markalı, 99BC166 dövlət qeydiyyat nişanlı və “SHACMAN SX 3315DT406” markalı 90MF466 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə dair "xxxx" MMC-nin 29 iyul 2019-cu il tarixli qiymətləndirmə rəyi, nəqliyyat vasitələrinə dair “Daşınar və Daşınmaz Əmlakları satışı X10” MMC tərəfindən keçirilmiş xx.xx.2019-cu il tarixli 59/02 №-li və 59/01 №-li açıq hərracın nəticələri haqqında protokollar və onun əsasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələr etibarsız hesab edilməli, dövlət rüsumu iddiaçının özünə aid edilməli, cavabdeh “Daşınar və Daşınmaz Əmlakları satışı X10” MMC tərəfindən 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçıya məxsus “Shacman” SX3315DT406 markalı, 99BC166 dövlət qeydiyyat nişanlı və “SHACMAN SX 3315DT406” markalı 90MF466 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə dair "xxxx" MMC-nin 29 iyul 2019-cu il tarixli qiymətləndirmə rəyi, nəqliyyat vasitələrinə dair “Daşınar və Daşınmaz Əmlakları satışı X10” MMC tərəfindən keçirilmiş xx.xx.2019-cu il tarixli 59/02 №-li və 59/01 №-li açıq hərracın nəticələri haqqında protokollar və onun əsasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələr etibarsız hesab edilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh “Daşınar və Daşınmaz Əmlakları satışı X10” MMC tərəfindən 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar