Məhkəmə qərarları › İş №2(005)-177/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-177/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-177/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə artıq ödənilmiş pul məbləğinin tutulması və cavabdehin vəsaiti hesabına hərəkətlərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə artıq ödənilmiş pul məbləğinin tutulması və cavabdehin vəsaiti hesabına hərəkətlərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanan müqavilənin mühüm şərtini pozmaqla üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə ondan 19.200 manat, müqavilənin 2.2.1-ci maddəsindən irəli gələn öhdəliyi tam həcmdə yerinə yetirmədiyinə görə 1200 manat, qanunsuz olaraq kommunal xidmətə görə ondan aldığı 288 manat və dövlət rüsumu qismində ödədiyi 30 manat cəmi 20.718 manat pulun alıb ona ödənilməsi və cavabdehin vəsaiti və əməyi hesabına qaz xəttinin yaşayış otaqlarından yan keçməklə birbaşa mənzilin mətbəx hissəsinə çəkilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. Mənzilin yerləşdiyi bina 10 mənzildən ibarət olmaqla müxtəlif insanlara məxsus olmuşdur. Xüsusi mülkiyyətdə olan mənzil 2 otaqdan, ümumi sahəsi 48,8 kv.m ibarət olmuşdur. 2017-ci il tarixdə cavabdehlə aralarında əldə edilmiş razılığa əsasən xüsusi mülkiyyətdə olan və ümumi sahəsi 48,8 kv.m. olan mənzil sökülərək əvəzində cavabdeh tərəfindən mənzilin yerləşdiyi binanın yerində inşa ediləcək yaşayış evində yeni abad mənzil verilməli idi. Buna görə də cavabdehlə aralarında 16 iyun 2017-ci il tarixli, 08/2017 nömrəli (620242) müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1 maddəsinə əsasən cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, mülkiyyətçinin söküntüsü nəzərdə tutulan binada mülkiyyətində olan 48,8 kv.m.metrdən ibarət 2 otaqlı mənzilin Dövlət Reyestrdən çıxarışda göstərilmiş ümumi sahəsinə 20% əlavə etməklə tikiləcək binanın 1-ci girişdə (blok) 60,6 kv.metrdən ibarət 1-ci mərtəbədə, 2 otaqlı, 4 saylı təmirli mənzili ‘'mülkiyyətçi”nin sərəncamına verir. Cavabdeh birinci halda müqavilə ilə üzərinə götürmüş bu öhdəliyi yerinə yetirməmişdir. Belə ki, istinad edilən müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh mülkiyyətdə müqavilədə göstərdiyi kimi 60.6 kv.metrdən ibarət mənzili mülkiyyətinə verməli olduğu halda həmin binada 1-cı mərtəbədə 2 otaqlı, ümumi sahəsi 49.6 kv.metr olan 4 saylı mənzili iddiaçının mülkiyyətinə vermişdir. Göründüyü kimi, cavabdeh iddiaçının mülkiyyətinə verdiyi mənzilin ümumi yaşayış sahəsinin nisbəti 11,0 kv.metr ölçüdə çatışmamazlıq təşkil edir.Bu halda cavabdeh müqavilənin 1.1.bəndində üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Digər halda həmin müqavilənin 2.2.1.maddəsində göstərilmişdir ki,”Cəmiyyət” yaşayış üçün təhlükəli olan və bu səbəbdən də çöküntüsü nəzərdə tutulan binanın yerində inşa edib "Mülkiyyətçi”nin bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində təmirli mənzli ona təhvil verilən vaxt intervalında hər ay "mülkiyyətçi"yə müvəqqəti yaşayış məqsədi ilə icarəyə götürdüyü mənzilə 400 manat məbləğində pul vəsasiti ödəməli idi. Lakin cavabdeh müqavilənin bu bəndi üzərinə götürdüyü öhdəliyi tanı həcmdə icra etməmişdir, yəni sözü gedən bu öhdəliyi qismən icra etmişdir. Belə ki, cavabdeh müqavilədə qeyd edilən vaxt intervalının son 3 ay hər ay üzrə 400 cəmi 1200 manat ödəməmişdir. Bununla da cavabdeh müqavilənin 2.2.1.bəndinin tələbini pozmuşdur. Bina istismara 2019-cu ilin avqust ayında istifadəyə verilmişdir. Bir sıra sakinlərin həmin binaya köçməsinə baxmayaraq iddiaçı həmin binada yerləşən mənzilə köçməmişdir və hazırda da həmin mənzildə yaşamır, binanın saxlanılması və istismarı üçün kommunal xidmətdən, həmçinin mənzilində mövcud kommunal xidmətdən istifadə etməmişdir. 2021-ci ilin yanvar ayında cavabdehdən sözügedən mənzilin müvafiq reyestr orqanında adına qeydiyyatdan keçirmək üçün müvafiq sənədlərin verilməsini xahiş etmişdir, lakin cavabdeh keçmiş 16 ay üçün kommunal xərclərin ödənilmədiyi təqdirdə xahiş etdiyi sənədləri verməyəcəyini bildirmişdir. Həmin 16 ay üçün cavabdeh tərəfindən hesablanmış 288 manat məcbur qalaraq cavabdehə ödəmiş ki, mənzilin xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyatdan keçirə bilsin, lakin hesab edir ki, bu pul iddiaçıdan qanuni əsas olmadan alınmışdır. Həmin binada yaradılmış hər hansı kommunal xidmətlərdən hazırda da istifadə etmir, həmin binada yerləşən mənzildə qeydiyyatda olsa da orada yaşamır, yəni həmin binanın və mənzilin formal sakinidir. Hesab edir ki, qanunsuz olaraq həm də cavabdeh tərəfindən məcbur edilərək iddiaçıdan alınmış həmin 288 cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Aralarında yaranmış bu hüquqi mübahisənin məhkəməyə qədər həll edilməsi üçün cavabdedehə müraciət etmişdir. Müraciəti ilə cavabdehdən müqavilə üzrə çatışmayan 9.6 kv.m yaşayış sahəsi itin əvəzi olaraq hər kvadrat metr yaşayış sahəsinin qiyməti binanın yerləşdiyi ərazidə 2000 manatdan hesablamaqla cəmi 19.200 manatın ödənilməsi tələb etsə də, cavabdeh özünün 29 iyun 2021-ci il tarixli, 26 nömrəli məktubu ilə bu məbləği ödəməkdən imtina etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsini əsassız hesab edərək, tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 16.06.2017-ci il tarixli müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli 10 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 48,8 kv.m olan evinin əvəzinə 20% artıq, həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının 1-ci girişində 60,6 kv.metrdən ibarət 1-ci mərtəbədə 2 otaqlı, 4 saylı təmirli mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya ********** nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına 15.01.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 14.01.2022-ci il tarixli, 10/5840 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən İddiaçı məxsus ünvan 3-dün (yeni qaydalarlar AZ 1052, ünvan 4 ümumi sahəsi 49.6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin İddiaçı məxsus ünvan 3-dün (yeni qaydalarlar AZ 1052, ünvan 4 daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımcı sahə daxil edilməklə mənzilin eninin 6.3 metr, uzunluğunun 9,4 metr təşkil etməsini nəzərə alaraq yuxarıda qeyd olunan sahələr nəzərə alınmaq şərti ilə mənzilin sahəsinin 59,22 kv.m (9,4х) təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə baxışında işin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, 16.06.2017-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə hündürmərtəbəli yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 48,8 kv.m olan evinin əvəzinə 20% artıq, həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının 1-ci girişində 60,6 kv.metrdən ibarət 1-ci mərtəbədə 2 otaqlı, 4 saylı təmirli mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına 15.01.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ona müqavilədə nəzərdə tutulandan daha az sahəli mənzil verildiyini və beləliklə onun tərəfindən artıq pul məbləğinin ödənildiyini iddia edir və həmin məbləğin geri qaytarılmasını xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar, şərtlərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; 422.2-ci maddəsinə əsasən 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda müqavilə dəyişdirilə bilər; 422.4-cü maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox oİan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir; 424.1-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə isə müqavilənin dəyişdirilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 nömrəli Protokulunun 1-ci maddəsinin tələblərini pozuntusu: Həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri nəzərdə tutulmuş sərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Loizidu Türkiyəyə qarşı işdə, eləcə də Sporronq və Lonnrot İsveçə qarşı (A 52, 1982) işdə Avropa Məhkəməsi bu nəticəyə gəlmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun həyata keçirilməsinə həm hüquqi (de yure), həm də faktiki (de faktö) maneələr Konvensiyanın pozuntusunu təşkil edir. Konkret məsələyə münasibətdə 1 saylı Protokolun 1-ci maddəsinin 2- ci norması, yəni mülkiyyətdən faktiki məhrum edilmə baş verib. Dövlət təkcə dövlət orqanı tərəfindən mülkiyyət hüququnun pozulmasının qarşısını almaq yox mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan bütün halları aradan qaldırmaq vəzifəsi daşıyır (bax: Akimova Azərbaycan qarşı 27 oktyabr 2007-ci il tarixli qərar). Qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərindən də göründüyü kimi, tərəflər (fiziki və hüquq şəxslər) azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd edilməlidir ki, müqavilə azadlığı tərəflərin öz iradə ifadələrini əks etdirməklə bağlanılır və heç kimi hər hansı bir öhdəlik vəzifəsi kimi müqavilə bağlanılmasına məcbur edilə bilməz. Hazırki işdə tərəflər şərtlərlə razılaşdıqdan sonra öz iradə ifadələrini bildirməklə müqavilə imzalamışlar. Mülki işin mübahisəsiz tərəfi ondan ibarətdir ki, Cavabdeh MMC müqavilə şərtlərinə əsasən iddiaçıya ünvan 3 (yeni qaydalarlar AZ 1052, ünvan 4 ünvanında yerləşən mənzili verməyi öhdəsinə götürüb və bu öhdəliyi yerinə yetirib. Eyni zamanda iddiaçı mənzili öz mülkiyyətinə qəbul etmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı almışdır. Hazırda iddiaçı ona təhvil verilən mənzilin müqavilədə nəzərdə tutulandan daha az olduğunu iddia edir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh sahəsi 60,6 kv.m olan mənzil verməyi öz üzərinə götürmüşdür. Ekspert rəyindən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımcı sahə daxil edilməklə sahəsinin 59, 22 kv.m olduğu müəyyən edilmişdir. Beləliklə müəyyən olunmuşdur ki, tərəflər arasında imzalanmış müqavilə şərtləri cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən pozulmamışdır, iddiaçıya tərəflər arasında bağlanmış müqavilənin tələblərinə cavab verən mənzil təhvil verilmişdir. Məhkəmə cavabdehin vəsaiti və əməyi hesabına qaz xəttinin yaşayış otaqlarından yan keçməklə birbaşa mənzilin mətbəx hissəsinə çəkilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş tələblərə cavab verən mənzili iddiaçıya təhvil verməyi öz üzərinə götürmüş və bu öhdəliyi icra etmişdir. Cavabdeh tərəfindən inşa edilmiş yeni tikiliyə müxtəlif dövlət orqanları tərəfindən baxış keçirilmiş və bundan sonra mənzillər digər sakinlər tərəfindən sahibliyə və istifadəyə qəbul edilmişdir. İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilmədiyini təsdiq edən sübutlar təqdim edə bilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə artıq ödənilmiş pul məbləğinin tutulması və cavabdehin vəsaiti hesabına hərəkətlərin yerinə yetirilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə artıq ödənilmiş pul məbləğinin tutulması və cavabdehin vəsaiti hesabına hərəkətlərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar