Məhkəmə qərarları › İş №2(005)-1774/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1774/2023

27.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1774/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı1 Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2nın Cavabdeh qarşı "kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2nın Cavabdeh qarşı "kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində kompensasiya verilməklə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 74 ünvanında yerləşən 14 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 ilə İddiaçı2 birgə nikahlarından xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh anadan olmuşdur. ünvan 1 ünvanında yerləşən mənzil iddiaçıların birgə nikah dövründə əldə etdikləri mənzil olduğundan, həmin mənzil üzərində hər birinin ½ hissədə payı müəyyən edilmiş və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. ünvan 1 ünvanında yerləşən mənzil ½ hissədə İddiaçı1 və ½ hissədə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hal- hazırda mülkiyyətindədir. Cavabdeh mübahisəli mənzil alındığı vaxtdan 2004-cü ildən həmin evdə yaşamağa başlamış və qeydiyyata alınmışdır. Hal-hazırkı vaxtadək həmin mənzildə qeydiyyatdadır. Lakin cavabdehlə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə münasibətləri pozulduğundan, artıq cavabdehlə eyni ünvanda yaşamaları mümkün deyildir. Cavabdeh qeyd olunan ünvanda qeydiyyatda olması səbəbindən mülkiyyətçi olaraq mənzil üzərində müstəqil sərəncam verə bilmir. Bu isə mülkiyyətçinin mülkiyyət hüququnun pozulmasına səbəb olur. Lakin, cavabdeh 2004-cü ildə yetkinlik yaşına çatmadığı zaman ünvan 2 ünvanında yerləşən mənzilə qeydiyyata alındığından, mülkiyyətçinin ailə üzvü olduğundan, məhkəmə qaydasında ona kompensasiya verilməklə istifadə hüquqları itirilməli və mənzildən çıxarılmalıdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbinin Cavabdeh yaşayış sahəsinə isifadə hüququna 18000 (on səkkiz min) manat kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılma hissəsi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan formalaşdırdığı hüquqi mövqe mövcuddur. Ona görə də, Cavabdeh qızma 18000 ( on səkkiz min) manat məbləğində kompensasiya verilməklə ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməli və o, həmin mənzildən çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçı (və digər İddiaçı2 etibarnamə üzrə nümayəndəsi) İddiaçı1 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, ailə üzvləri ilə münasibəti gərgin olsa, həmin mənzildə birgə yaşayış qeyri-mümkün olsa da, 18000 manat kompensasiya ödənilməsinə razı olmadığını, yalnız 60000 və ya 70000 manat məbləğində kompensasiya ödənildiyi zaman mənzilə istifadə hüququna xitam verilməsinə razıl olacağını bildirdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Bunun üçün yaranmış mübahisə üzrə tam, hərtərəfli araşdırma aparılmalı, tərəflər ətraflı dinlənilməli və aşağıdakılar barədə nəticə çıxarmağa çalışmalıdır: - evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətçilərə mənsub olması; - evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri; - kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə); - istifadə hüququnun yaranma müddəti, kompensasiya ödənilən şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə etməsi; - yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; - kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; - kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin ailə münasibətlərinə yaraşmayan hərəkətə yol verməsi). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunanlar müəyyənləşdirildikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 74 saylı evin 66.20 kv.m. ümumi sahədən ibarət mənzili İddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və İddiaçı2 ½, X1 ½ hissədə paylı mülkiyyətində olmlq ildə qeydiyyata alınmışdır. - AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı1, İddiaçı2 və Cavabdeh 24 mart 2005-ci il tarixindən etibarən ünvan 3 ünvanında qeydiyyatdadır. - 5 saylı Bakı “asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilən 28 fevral 2023-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı2 tərəfindən İddiaçı1 3 il müddətinə etibarnamə verilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyindən müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən mənzil ilə müqayisədə analoji xüsusiyyətlərə malik mənzilin real bazar dəyəri 230 000 manat, son üç il ərzində aylıq kirayə məbləğinin dəyəri 500 manat təşkil edir. - AR Ali Məhkmsinin xx.xx.2020-ci il tarixli 2(102)-4200/2020 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1526/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarının müddəlarını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada şəxsin öz əmlakından istədiyi kimi sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Fərdi yaşayış evindən istifadə hüququ həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunan sübutları nəzərdən keçirərək hesab edir ki, 18000 (on səkkiz min) manat məbləğində kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması əsaslı və ədalətlidir. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri məsələn, mülkiyyətçinin hüquqlarının müdafiə olunması nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən təklif edilən kompensasiya məbləğlərinin ədalətli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilməli, İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində kompensasiya ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 74, 14 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilməli, İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh kompensasiya verilməsi və cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 74, 14 saylı mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETD İ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilsin. İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh 18000 (on səkkizz min) manat məbləğində kompensasiya ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 74 ünvanında yerləşən 14 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilməklə mənzildən çıxarılsın. İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh kompensasiya verilməsi və Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 74 ünvanında yerləşən 14 saylı mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması eyni vaxtda icra edilsin. Ödənilmiş dövət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilidyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar