Məhkəmə qərarları › İş №2(005)-1781/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1781/2024

04.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1781/2024 04.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik daimi Komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyumun təyin edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. Oğlu xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.O, ünvan 1 ünvanda yaşayır. Hazırda oğlu, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta kəmağıllıq, nitq və davranış pozuntuları ilə bağlı diaqnoz əsasında qeydiyyatdadır. O, psixi qüsuru nəticəsində öz hərəkətlərini anlaya bilmir, özünü idarə edə bilmir, yazmağı, oxumağı bacarmır. Ona gərə də, ərizəçi, onun qəyyumu kimi təyin olunmaq istəyir. Lakin Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik daimi Komissiyasndan ona şifahi olaraq yalnız məhkəmə qətnaməsi əsasında qəyyum təyin oluna biləcəyi bildirilmişdir. Bu səbəbdən, ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyniməzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsi X4 ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X12 arasında xx.xx.2001-ci il tarixdə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 869 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2002-ci il tarixli, AZ-İ 269304 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2002-ci ildə doğulmuşdur. X3, anası isə Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert Komissiyasınd sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X8 müddətsiz ikinci dərəcəli əlillik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta kəmağıllılıq , (İQ<35) nitq və davranış pozuntuları diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixdə verilmiş ******* №-li arayışdan görünür ki, X10 ünvan 2 ünvanda qeydiyyatdadır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 1781/2024 saylı qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və Azərbaycan Respubdikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının 1146 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, X7 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X10 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.1-ci maddəsinə əsasən spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırılır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə əsasən .əxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 318.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında ərizədə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən suiistifadə etməsi nəticəsində şəxsin öz ailəsini ağır maddi vəziyyətdə qoymasını təsdiq edən hallar şərh edilməlidir. 320.1-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. 321.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 1146 saylı, xx.xx.2024-cü il tarixli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X10 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2002-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar