Məhkəmə qərarları › İş №2(005)-1784/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1784/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1784/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 (bir min iki yüz) manat kirayə haqqı məhkəmə qaydasında iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini və cavabdehin hərəkətlərində dələduzluq cinayətinin əlamətləri olduğundan cinayət işi başlanılması üçün xüsusi qərardad çıxarılıb aidiyyatı prokurora göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 23.06.2019-cu ildə Cavabdeh ilə "Kirayə Müqaviləsi" bağlamaqla, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 15 saylı evin, 3 otaqlı, 13 saylı mənzilin içərisində olan əşyalarla birlikdə, 2 il müddətinə, hər ayı 500 manata icarəyə vermişdir. Cavabdeh, 2 qızı ilə, bacısı və 1 bacısı oğlu ilə həmin mənzildə kirayədə yaşamaqla bütün kommunal xərcləri, su, işıq, qaz və mənzil pulunu ödəməyi öhdəsinə götürmüşdür. Buna görə də cavabdehlə aralarında "ev alqı satqı" ofisində 23.06.2019-cu il tarixli "kirayə müqaviləsi" bağlanmışdır. "COVİD-19" xəstəliyi ilə əlaqədar kirayə haqqını 400 (dörd yüz) manata endirilmişdir. Cavabdeh həmin mənzildə 23.06.2019-cu ildən 2020-ci ilin sentyabr ayına kimi yaşasa da, axırıncı 3 (üç) ayın kirayə haqqını və kommunal xərclərini, su, işıq, qaz və mənzil pulunu ödəməmişdir. Nəticədə cavabdehin 1200 (bir min iki yüz) manat kirayə və kommunal borcu yaranmışdır. Həmin kommunal borcu məcburiyyət qarşısında qalaraq, sonra özü ödəmişdir. Dəfələrlə cavabdehə kirayə borcunun ödənilməsi ilə əlaqədar müraciət edilsə də, o, kirayə borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Bununla bağlı, iddiaçı Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə müraciət etmişdir. Cavabdehin qanunsuz hərəkətləri barədə araşdırma aparılmış, Cavabdeh kirayə borcu olmasını etiraf etmişdir. Lakin bu günə kimi 1200 manat məbləğində borcunu ödəməmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinin rəisi, polis polkovnikleytenantı Bayram Alıyevin imzaladığı 27.10.2020-ci il tarixli, 10870n saylı məktubla cavab verilmişdir ki, göstərilən xüsusatların mülki məsələlərə aid olduğu üçün aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kirayə haqqını və mənzil kommunal xərclərini, qaz, su, işıq pulunu ödəməməkdə cavabdehin hərəkətlərində dələduzluq cinayətinin əlamətləri vardır. Cavabdehin iddiaçının ona olan inamından suiistifadə edərək iddiaçını aldatmış, 1200 manat məbləğində kirayə və kommunal xərclərini ödəməkdən yayınmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 1200 (bir min iki yüz) manat məbləğində maddi ziyan dəymişdir. Həmin 1200 manat məbləğində ziyan məhkəmə qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 X2 rayon şöbəsinin 224 nömrəli vəsiqəsinin surətindən görünür ki, İddiaçı ictimai işlər üzrə İ müavain vəzifəsində çalışır. 18.11.2004-cü il tarixli seriya AA № 097061 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. 09.07.2012-ci il tarixli 056461 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İİ ci qrup ümumi əlildir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə doğulmuşdur. Nərimanov RPİ tərəfindən verilmiş 04.05.2017-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Cavabdeh xx.xx.1981-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küç, ev.9 ünvanında qeydiyyatdadır. Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin İddiaçı ünvanlanmış 27.10.2020-ci il tarixli 1087ON nömrəli məktubun surətindən görünür ki, ərizədə qeyd olunan xüsusatlarla bağlı araşdırılmış aparılmış, lakin göstərilən xüsusatların mülki məsələlərə aid olduğu üçün aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə edilmişdir. “TT” Əmlak tərəfindən tərtib edilmiş 23.06.2019-cu il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Sabir qızı müqavilənin 2-ci bəndinə əsasən kirayə verən, yəni ev sahibi “ev alqı-satqı” ofisinin nümayəndəsinə kirayə haqqının 30%-ni, evi götürən şəxs isə kirayə haqqının 20%-ni ödəməldir. Müqavilənin 3-cü bəndinə əsasən mənzilin yerləşdiyi ünvan Mayakovski küçəsi 15 mənzil 13, otaqların ümumi sayı 3, aylıq kirayə haqqı 500 azn, müqavilənin müddəti 2 il müəyyən edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış kirayə müqaviləsinə əsasən iddiaçı cavabdehin mülkiyyətində olan mənzili kirayəyə götürmüşdür. Müəyyən edilmiş razılaşmaya əsasən iddiaçı cavabdehə hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kirayə müqaviləsindən irəli gələn öhdəliyi lazımınca yerinə yetirməmiş və cavabdehin iddiaçıya 1200 (min iki yüz) manat məbləğində 3 (üç) aylıq kirayə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci madəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 443.8-ci maddəsinə əsasən borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 685.2-ci maddəsinə görə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Məhkəmə iddia tələbinin əsaslılığı ilə bağlı gəldiyi nəticəni iddia tələbi üzrə, iddianın əsasları və konteksində araşdıraraq belə qənaətə gəlir ki, göstərilən faktlar əsaslıdır. iddia tələbi pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbində cavabdehlər barəsində xüsusi qərarın çıxarılmasına dair tələbə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdehin hərəkətərində dələduzluq cinayətlərinin əlamətləri olmadığından cinayət işi başlanılması üçün xüsusi qərardad çıxarılması hissəsində əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında kirayə müqaviləsindən irəli gələn öhdəliklər mülki mübahisədir. Eyni zamanda MPM-nin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi mülki prosessual qanunvericiliyə uyğun olaraq xüsusi qərarın çıxarılması cinayətin əlamətlərinin aşkar edilməsilə məhkəmə tərəfindən tətbiq edilən hüquqi prosessual hərəkətdir. Bu səbəbdən iddia tələbi bu hissədə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar