Məhkəmə qərarları › İş №2(005)-1839/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1839/2022

17.06.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1839/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İlk iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-nin vəkili Vəkil1 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia üzrə İddiaçı Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli əmrin qaninsuz sayılması və ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, əmək haqqının ödənilməsi, ona iddia üzrə dəymiş zərərin məbləğinin, yəni işdən çıxarılmağı ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, eləcə də mənəvi zərərin əvəzi olaraq 30000 manatın və mediasiya xərci olaraq, ödədiyi 50 manatın işəgötürən Cavabdeh QSC tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh QSCdə təchizat üzrə menecer vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə elə həmin şirkətdə yerli satınalma müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə şirkətdən bildirdilər ki, guya şirkətə çatası hansısa pul məbləğlərini mənimsəmişdir. Onlara belə bir hal olmadığını bildirmiş və hansı əsasla günahlandırdıqlarını soruşmuşdur. Bildirdilər ki, Antarisin mal aldığı firmalardan biri bildirmişdir ki, borclar yığılıb pul ödənişi edə bilmir. Antaris firmasına təklif etmişdir ki, aldıqları malları ondan alsınlar, çünki malları ucuzdur. Əvəzində hətta bonuslar belə verəcək. Şirkətin rəhbərliyinə təəcüblə bildirib ki, siz mal aldığınız firmalar bonus vermirlər? Şirkətin rəhbərliyi gəlib maliyyə şöbəsi ilə maraqlanmışlar ki, onlara bonus olaraq, hər hansı pul məbləği daxil olmuşdurmu? Cavab olaraq bildiriblər ki;-heç bir məbləğ verilməmişdir. Şirkət tərəfindən bir-neçə firmadan sorğu aparılsa da, heç bir nəticə əldə etməmişlər. Sonda Veysəloğlu şirkətindən maraqlananda, oradan bildirmişlər ki, qeyri rəsmi olaraq, bonus sistemi vardır. Eyni zamanda hansısa sənədi göstəriblər ki, guya o 6000 min pul götürüb imza atmışdır. Həqiqətdə isə belə bir məbləğ götürməmişdir. Bunu görən Antaris şirkətinin nümayəndələri düşünüblər ki, o illər ərzində külli miqdarda pul mənimsəmişdir. Bundan sonra da, araşdırmalar getmiş, sorğusuallar aparılmışdır. Mart ayının axırlarında onu iclas otağına dəvət etdilər. Müdriyyət iclas otağında əvvəl şirkətdə oğurluq edən işçilərdən danışıb, hədə-qorxu gəlməyə başladılar ki, “sən nə qədər pul götürmüsənsə, könüllü gətirib qaytar ki, işin yüngül olsun”. Bildirmişdir ki, pul almamışdır. Elə hallar olub ki, pul məbləğinə tənasüb olan bonus vermək istəyəndə mal şəklində, yaxud endirim şəklində istifadə olunmuşdur. İzahına baxmayaraq, yenə də, öz dediklərinin üstündə duraraq, ona fikirləşməyini bildirdilər. Mən bir neçə gündən sonra yenidən keçirilən görüşdə təkrarən bildirmişdir ki, heç bir məbləğdə pul götürməmişdir. Bildirdilər ki, “səni tutduracayıq”. Bildirmişdilər ki, “səndən şikayət edəcəyik, cinayət törətmisən, əgər sübuta yetirməsək, işində qalacaqsan, səndən üzr istəyib, kompensasiyanı da, verəcəyik”. Özünə arxayın idi ki, heç bir cinayət törətməmiş, pul mənimsəməmişdir. Araşdırma müddətində işə gəlməyəcəyini bildirmişlər. Söhbət üzərindən bir müddət keçdikdən sonra, o Antaris şirkətinin şikayəti əsasında Bakı şəhər Baş Polis İdarəsinə çağırılmışdır. Orada araşdırma aparıldıqdan sonra, materiallar Nərimanov rayon Polis İdarəsinə göndərilmiş, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı Şəhər Ərazi İdarəsinə etdiyi şikayətlərə cavab olaraq, xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Sizin “Antaris" QSC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətlərinizə X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır Araşdırma zamanı “Antaris" QSC-nin rəhbərliyi tərəflndan X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən Cəmiyyətin direktorunun xx.xx.2021-ci il tarixli əmri ilə xx.xx.2021-ci il tarixdən əmək qanunvericiliyinin tələbləri pozularaq işdən kənarlaşdırıldığınız və həmin dövr ərzində əmək haqlarınızın ödənilmədiyi məlum olmuşdur. Bununla bağlı Cavabdeh QSC-nin rəhbərliyinə keçən dövr uçün ödənilməmiş əmək haqlarınızın Azərbaycan Respublikası Əmək Məcəliəsinir. tətofclər’.nə uyğun olaraq hesablanıb ödənilməsinin təmin edilməsi barədə məktub göndərilmişdir. Həmçinin əmək haqlarınızın və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsində qanun pozuntusuna yol verildiyindən, müəssisənin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh verinə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda, xx.xx.2021-ci il tarixdə aparılan Satınalma departamentinin Daxılı auditi nəticəsində Cəmiyyətin çalışdığı təchizat şirkətləri tərəfindən verilən endirimləri bonusları məsul şəxs qismində çıxış edərək mənimsəməyiniz barədə “Antaris" QSC- də xx.xx.2021-ci il tarixli Akt tətib edilmiş və bu səbəbdən Sizinlə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsininin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Razılaşmadığınız təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək huququnuz vardır”. Qanunun tələbinə əsasən mediasiya qurumuna etdiyi müraciətin də, nəticəsi olmamışdır. Şirkət tərəfindən prinsipal olaraq, ona qarşı olan bu haqsızlığın əsas səbəbini başa düşə bilmir. Onunla işləmək istəmirdilərsə, ərizəni yazıb, işdən çıxardı. Aylarla onu yubadıb, sonra heç bir əsas və sübut olmadan işdən pozuntu ilə çıxarmaq şəxsi qərəzlikdir. Şirkətin bu haqsızlığı nəticəsində aylarla o, ailəsi və övladları maddi və mənəvi sıxıntı içindədilər. Həmçinin bu haqsızlıq nəticəsində o və ailə üzvləri kifayət qədər mənəvi əzab və iztirab keçirmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı vurduğu maddi ziyanın əvəzi olaraq 12890 manat məbləğinin iddiaçı Cavabdeh QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh QSC-yə xx.xx.2018-ci il tarixli, 2018/012 saylı əmək müqaviləsi əsasında bu tarixdən etibarən təchizat üzrə menecer vəzifəsinə qəbul edilmişdir. Tərəflər arasında xx.xx.2018-ci il tarixli tam maddi məsuliyyət haqqında, xx.xx.2019-cu il tarixində isə məxfi məlumatın açıqlanmaması barədə razılaşma bağlanmışdır. Tam maddi məsuliyyət haqqında müqavilənin 1.3-cü bəndinə əsasən, İşçi istifadə etdiyi, təmasda olduğu, həmçinin ona etibar edilmiş əmlakın, maddi və ya digər sərvətlərin və başqa görüləcək işlərin mövcudluğunu və qorunmasını təmin etməli, dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. Bu müqavilənin 3.1-ci bəndinə əsasən, İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Bu müqavilənin 3.5-ci bəndinə əsasən, İşçi öz əmək funksiyasının icrası zamanı işəgötürən tərəfindən ona etibar edilmiş pul vəsaitlərinin xəzinəyə ödənilməsi, vurulmuş ziyanın ödənilməsi və ya digər əmlak üzrə öhdəliklərinin icrası işəgötürənin ünvanında icra etməlidir. xx.xx.2019-cu il tarixində tərəflər arasında bağlanmış 001/2019 saylı Əlavəyə əsasən İddiaçı “Yerli satınalma mütəxəssisi” vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixli Saziş əsasında isə “Yerli satınalma üzrə baş mütəxəssis” vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixində isə cavabdehlə bağlanan əmək müqaviləsinə Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Buna əsas isə təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə (işəgötürənə) maddi ziyan vurması olmuşdur. Cavabdeh QSC ölkə üzrə dəftərxana və ofis ləvazimatlarının alqısatqısını həyata keçirməkdədir. Əməkdaşlıq etdikləri çox saylı şirkətlərdən biri kimi "xxxx" MMC satdığı mallara dair müvafiq bonuslar təqdim etməkdədir. Təkrar satış məqsədilə "xxxx" MMC-dən aldıqları mallara görə təqdim olunan bonus (keşbək) yerli satınalmalar üzrə baş mütəxəssis vəzifəsində çalışan İddiaçı nağd qaydada verilmişdir. Şirkətin kassasına mədaxil etməli olduğu bu məbləğ barəsində Sadxov Elmar heç kimə məlumat verməmiş, özünə götürərək mənimsəmişdir. Şirkətin audit şöbəsinin rəhbərinin xx.xx.2021-ci il tarixli xidməti yazısı əsasında müəyyən olunmuşdur ki, 2018-ci ildən bəri "xxxx" MMC tərəfindən Cavabdeh QSC-yə çatası hər ay satılan məhsulların dəyərinə uyğun olaraq 2%, 5% və ya 7% dəyərində bonuslar İddiaçı nağd qaydada təqdim edilmişdir. Bu faktı "xxxx" MMC-nin müvafiq sahə üzrə məsul əməkdaşı təsdiq etmiş, bu məbləğlərin İddiaçı verilməsi rəsmiləşdirilmiş və ona imzalatdırılmışdır. İddiaçı isə izahatında hər ay “nə olduğunu bilmədiyi” sənədə imza atdığını, amma ödənişləri qəbul etmədiyini bildirmişdir. Aydın məsələdir ki, bu cür əsaslandırma heç bir halda qəbul edilə bilməz və hər hansı əsaslılığı yoxdur. Hər bir yetkin şəxs ona təqdim olunan sənədi oxumaqla imzalayır və bu mümkün deyil ki, şəxs belə bir məsuliyyətli işə dair hər ay nə olduğunu bilmədiyi sənəd imzalasın. "xxxx" MMC-nin əməkdaşı da Bakı şəhər Baş Polis İdarəsində izahat verərək Cavabdeh QSC-yə çatası məbləğlərin İddiaçı verildiyini təsdiq etmişdir. Təkcə bir faktı qeyd etmək kifayət edir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər olan müddətdə Cavabdeh QSC ilə "xxxx" MMC arasında 108693,02 manatlıq ticarət dövriyyəsinə görə 3674 manat bonus "xxxx" MMC-dən Cavabdeh QSC-yə təqdim edilmişdir. İddiaçı işlədiyi dövrdə isə heç bir bonus məbləği Cavabdeh QSC-nin kassasına mədaxil edilməmiş, bununla da İddiaçı şirkətə maddi ziyan vurmuşdur. Bu tarixlər aralığında olan məbləği əsas götürsək, bonus məbləği dövriyyənin 3.4%-i deməkdir. İddiaçı satınalma şöbəsinin əməkdaşı kimi çalışdığı dövrdə Cavabdeh QSC ilə "xxxx" MMC arasında dövriyyənin 379122 manat təşkil etdiyini nəzərə alaraq, cavabdeh tərəfindən mənimsənilən məbləğin ən azı 12890 manat olduğunu müəyyən etmək olar. Lakin qeyd edildiyi kimi bu məbləğ minimal məbləğ olub, dəqiq rəqəm "xxxx" MMC tərəfindən bildiriləcəkdir. Bununla bağlı müvafiq sorğu ilə müraciət olunmuş, "xxxx" MMC tərəfindən bu hal təsdiq edilmiş, bu məbləğlərin İddiaçı təhvil verildiyini və şəxsən özünün imzası ilə təhvil alındığını təsdiq edən sənədlər göstərilmiş, lakin kommersiya sirri olması əsas gətirilərək təqdim edilməsindən imtina olunmuşdur. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında ilk iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verib ilkin iddia tələbini müdafiə edərək, ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı X4 Cavabdeh QSC-nin vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsini müdafiə edərək təmin olunmasını, ilkin iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; İddiaçı ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-yə Təchizat üzrə menecer vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə Yerli satınalma mütəxəssisi” vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə “Yerli satınalma üzrə baş mütəxəssis” vəzifəsinə keçirilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək münasibətlərinə xitam verilmişdir. Cavabdeh QSC-də əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, HR/İÇ-2021/81 nömrəli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməklə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanlandığı məktubdan görünür ki, əmək haqqının və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsində qanun pozuntusuna yol verildiyinə görə Cavabdeh QSC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh QSC xx.xx.2022-ci il tarixində, 14:00-14:30-dək saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. "xxxx" MMC-nin məhkəməyə ünvanlandığı sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 2019-2020-ci il tarix dövrdə Cavabdeh QSC və "xxxx" MMC arasında alqısatqı müqaviləsi mövcud olmuşdur. "xxxx" MMC "xxxx" MMC-yə qoşulmaqla fəaliyyətini dayandırmışdır. Hazırda "xxxx" MMC "xxxx" MMC-nin hüquqi varisi qismində çıxış edir. "xxxx" MMC-nin mühasibatlığına təqdim edilmiş məlumatlara əsasən müəyyən olunur ki, 2019-2020-ci illər üzrə Cavabdeh QSC-yə təhvil verilməsi məqsədi ilə Cavabdeh QSC-ni təmsil etmiş nümayəndə İddiaçı ümumilikdə 4612 manat məbləğində vəsait ödənilmişdir. Bakı şəhər Nərimanov rayon Polis İdarəsi 17-ci Polis şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X2 xx.xx.2021-ci il tarixli Qərarndan görünür ki, “Antaris“ QSC-nin direktorunun müraciət əsasında araşdırma aparılarkən toplanmış materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır. Nərimanov rayon prokuroru, kiçik ədliyyə müşaviri Hidayət Nurəlibəyovun xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında Qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X1 şikayət ərizəsi əsasında Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsində toplanmış 1425/21 (HK-1/1770) saylı material üzrə təhqiqatçı Həmid Ağayevin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin HK-1/1770 saylı rədd materiallarından olan sənədlərdə qeyd edilmişdir ki: Nərimanov RPİ İstintaq şöbəsinin müstəntiqi polis mayoru Samir Ağayevə İddiaçı izahatında qeyd edilmişdir ki, xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək dövrdə "xxxx" şirkətindən nəğd şəkildə bonus almamış və buna görə heç bir kassa məxaric orderində imza etməmişdir. Daha sonra “İzahatı alınmış "xxxx" MMC-nin nümayəndəsi Səxavət Hüseynov təsdiq etmişdir ki, siz həqiqətən bonus pulları almışınız. Təsdiq edirsinizmi?” sualına cavab olaraq bildirmişdir ki, Səxavət Hüseynovun izahatını təsdiq etmir. Həmin şəxsdən heç vaxt bonus almamışdır. İşlədiyi şirkətə aid malları məhz Səxavət Hüseynov göndərir və ona sifariş edirdi. Malı sürücülər gətirirdi. Səxavət üseynov göstərdiyi kimi, bonus barədə məlumatlara imza etdirirdi, lakin pul vermirdi. xx.xx.2021-ci il tarixdə Polis İdarəsində izahat vermiş X3 bildirmişdir ki, 2017-ci ildən etibarən "xxxx" MMC-də fəaliyyət göstərir. Cavabdeh QSC ilə "xxxx" MMC-nin əməkdaşlığı 5 ildən çoxdur, lakin o Cavabdeh QSC ilə 2019-cu ilin axırlarında işləməyə başlamışdır. İddiaçıı da ona o vaxtdan tanış etmişlər və həmin tarixdən tanıyır. Şirkət tərəfindən müəyyən miqdarda ay ərzində bonuslar olurdu. Bu bonusları 50, 100, 150 manat miqdarında ölürdü və əvvəlcədən tanış edilmiş İddiaçı verilirdi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-yə Təchizat üzrə menecer vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə Yerli satınalma mütəxəssisi” vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə “Yerli satınalma üzrə baş mütəxəssis” vəzifəsinə keçirilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək münasibətlərinə xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. Əmək münasibətlərinə xitam verilməsinin səbəbi kimi, İddiaçı tərəfindən vəzifəsinin icrası ilə əlaqədar şirkət üçün mal aldıqda satıcı şikrətlər tərəfindən verilən bonus (keşbek) məbləğlərinin mənimsənməsi olmuşdur. Hazırda İddiaçı əmək münasibətlərinin xitam verilməsinə səbəb olmuş hallarla razılaşmayaraq və əmri əsassız hesab edərək, ləğv edilməsini və pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh QSC öz növbəsində İddiaçı tərəfindən işlədiyi müddətdə şirkətə vurduğu maddi ziyanın əvəzinin ödənilməsinə dair qarşılıqlı iddia irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Həmin Məcəlləsinin: 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir; 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin normanın İİ hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Göstərilən qanun normasında işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək funksiyası təsbit edilmişdir. 186-cı madddənin 1-ci hissəsinə görə işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər; 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir; 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 (bir) ay keçənədək verilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir; 2-ci hissəsinin “e“bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir; 70-ci maddəsinin “ç” maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Həmin Məcəllənin 72-ci maddəsinin “e“bəndinin tələbinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol vermişdir. Belə ki, polis şöbəsində verdiyi izahatda qeyd etmişdir ki, bonus qeyd edilmiş qəbzi imzalamış, lakin həmin bonusları almamışdır. "xxxx" MMC-nin əməkdaşı Səxavət Hüseynov polis şöbəsində verdiyi izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh QSC-nin sifarişlərini həyata keçirmiş və bonus məbləğləri ona nağd formada Cavabdeh QSC-nin hesabına köçürülməsi üçün verilmişdir. Görünündüyü kimi, İddiaçı polis şöbəsində verdiyi izahatında bonus almağa dair sənədləri imzalamışdır. Lakin həmin bonus məbləğlərin nağd almaması və həmin sənədlərə forman olaraq imzalanması inandırıcı hesab edilməmişdir. Buna görə də, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə İddiaçı irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassızdır və bununla bağlı Cavabdeh QSC-nin nümayəndəsinin izahatını və bununla bağlı təqdim edilmiş sübutlarını inandırıcı sayır. Qeyd edilənlərə əsasən məhkmə ilkin iddia tələbinin rədd edilməsini daha əsaslı hesab edir. Məhkəmə ilkin iddia tələbinin “işdən çıxarılma ilə əlaqədar İddiaçı işləmədiyi müddətin orta əmək haqqı, mənəvi zərərin əvəzi olaraq 30000 manat və mediasiya xərci olaraq ödənilmiş 50 manat pulun Cavabdeh QSC tərəfindən İddiaçı xeyrinə ödənilməsi” hissəsində qeyd edir ki, İddiaçı tutduğu vəzifədən azad edilməsinə səbəb olmuş xx.xx.2021-ci il tarixli əmrin ləğvi tələbi məhkəmə tərəfindən təmin edilmədiyi üçün və qeyd olunan tələblər əmrin ləğv edildiyi təqdirdə təmin edilməsi üçün əsaslı olmasını nəzərə alaraq, yuxarıda qeyd edilmiş iddia tələbləridə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə əlaqədar qeyd edir ki, Cavabdeh QSC iddia tələbində İddiaçı tərəfindən şirkətə 12890 manat məbləğində ziyan vuduğunu iddia etmiş, lakin "xxxx" MMC tərəfindən məhkəmə sorğusuna cavab məktubunda 2019-2020-ci illər üzrə Cavabdeh QSC-yə təhvil verilməsi məqsədi ilə Cavabdeh QSC-nin təmsil etmiş İddiaçı ümumilikdə 4612 manat məbləğində vəsait verildiyi qeyd edilmişdir. Odur ki, məhkəmə qarşılıqlı iddianın 4612 manat həcmində təmin edilməsini daha əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdehin hər hansı hüquqa zidd əməli və bunun nəticəsində zərər vurulması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Ona görə də qarşılıqlı iddia tələbi əsaslı deyildir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməməli, İddiaçı vurduğu maddi ziyanın əvəzi olaraq 4612 manat məbləğində pul Cavabdeh QSC-nin xeyrinə ödənilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbində rüsumla bağlı tələb olmadığından qarşılıqlı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. İddiaçı vurduğu maddi ziyanın əvəzi olaraq 4612 manat məbləğində pul Cavabdeh QSC-nin xeyrinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar