Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1839/2023 10.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X20 Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (arvadı) X4, vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı (X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh2 arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış AN-1 ******* nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 36 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyatı aparılmaqla Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.7007-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi X7 mülkiyyətindədir. Bu torpaq sahəsinə dair ona xx.xx.2008-ci ildə X7 həyat yoldaşı olmuş mərhum X13 tərəfindən alqısatqı edilməsinə və başqa sərəncamlar verilməsinə dair etibarnamə verilmişdir. Faktiki olaraq torpaq sahəsini X5 2007-ci ildə alqı-satqı edərək almışdır. Həmin ildən də başlayaraq torpaq sahəsində iki mərtəbəli ev tikib ailəsi ilə yaşayır. Hazırda torpaq sahəsi Abşeron rayonu, Saray qəsəbəsi, Ömər Xəyyam küçəsi fərdi ev kimi adlandırılır. Torpaq sahəsini alan zaman 11000 manatı mərhum X8 vermişdir. Mərhum 2021-ci ildə rəhmətə getdikdən sonra həyat yoldaşı olan X6 yenidən sənədləşməni xahiş etmiş və ona yeni etibarnamə verilmişdir. Belə olmasaydı indiyənə kimi özünün və ailəsinin vəsaiti və şəxsi zəhməti ilə bu torpaq sahəsində iki mərtəbəli evi tikə bilməzdi. Bunu bütün qonşular və aidiyyatı orqanlar təsdiq edirlər. Son vaxtlar borcu olduğuna görə tanışı və yaxınlıq etdiyi Cavabdeh2 ilə danışmışdır ki, ona maliyyə köməkliyi göstərəcək və borclarını ödəməkdə dəstək olacaqdır. Cavabdeh pul yardımları etmək üçün razılaşmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsini onun adına keçirir və o, bankdan pul götürəcəkdir. Cavabdeh həm pul borclarını, istəsə başqa problemlərini həll edəcəyi vədi verərək aldatmış, Sumqayıt şəhər 4 saylı notariat ofisinə aparmışdır. Bütün bunlara baxmayaraq torpaq sahəsinin alqı-satqı müqaviləsi Sumqayıt şəhər 4 saylı Notariat Ofisində təsdiq edilmişdir. Torpaq sahəsinin alqı-satqısı üzrə nə tərəflər arasında pul məbləği ödənilmiş, nə də ki, torpağın alqı-satqısı müqaviləsi real iradə ifadəsi ilə bağlanmışdır. Razılaşarkən cavabdeh bu torpaq sahəsinin alqı-satqısını yox, pulun bankdan götürülməsi üçün torpaqla əlaqədar notariusda sənədləşmə aparılmalı olmasını bildirmişdir. Savadsız olduğundan hansı sənədləşmənin getdiyindən xəbərsiz olmuş və hər hansı alqı-satqı barədə aralarında söhbətlər olmamışdır. Cavabdeh2, onun düşdüyü ağır vəziyyətdən istifadə etməklə, eyni zamanda başqa əqdi pərdələməklə formal olaraq alqı-saqı müqaviləsi bağlamışdır. Cavabdehin mərhəmət göstərəcəyinə inanaraq notariusda bildirmişdir ki, aralarında pul söhbəti vardır, sənədləşmə aparılmasını istəyir. Hər hansı alqı-satqı məsələlərindən notariusda aralarında danışıq olmamışdır. Belə olmasaydı alqı-satqı müqaviləsi üzrə alqısatqı müqaviləsində göstərilən pul ona verilərdi. Bu hadisədən sonra Cavabdeh2 6-7 ay ərzində razılaşmaya uyğun olaraq hər hansı bir pul verməmişdir. Dəfələrlə onu axtarsa da, hər dəfə cavabdeh bildirmişdir ki, çox tələsmə pul düzəldib verəcək, bankdan pul götürəcək. Sonda başa düşmüşdür ki, Cavabdeh2 onu aldatmışdır. Cavabdeh2 vəd etdiyi pulları qaytaracağına inanaraq son zamanlara kimi gözləmişdir. Bu səbəbdən cavabdehin onu aldatması ilə əlaqədar hüquq mühafizə orqanlarına məlumat verməmiş, hər hansı bir iddia qaldırmamışdır. Eyni zamanda cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisinin notariusu alqı-satqı müqaviləsinin bağlanması üçün iradə ifadəsini aydınlaşdırmamış və alqı-satqının real olmadığını yoxlamamışdır. Cavabdeh tərəfindən aldadılmağını etimal etmədən “Notariat Qaydaları haqqında” təlimatı pozaraq alqı-satqını rəsmiləşdirmişdir. Nəticədə faktiki istifadəsində olan torpaq sahəsi iradəsinin ifadəsinə zidd olaraq əlindən çıxarılmışdır. Nəhayət 2022-ci ildə məlum olmuşdur ki, cavabdeh torpaq sahəsini həmin etibarsız alqısatqı müqaviləsi əsasında rəsmiləşdirməklə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 36 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2021-ci il tarixli çıxarış alaraq onun bu torpaq sahəsindən çıxarılmağı barədə məhkəmədə iddia qaldırmışdır. Hazırda bu torpağın ona satılmasının təsdiqi üçün onun X7 mərhum həyat yoldaşı tərəfindən verilmiş və sonra X7 tərəfindən müddəti artırılmış etibarnaməni ləğv etdirmişdir. Məhkəmə tərəfindən X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi (arvadı) X9, vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, bildirdilər ki, onlar cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan evdən məhrum olunmuşlar. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, iddiaçının həmin evə dair heç bir sənədi və hüququ yoxdur, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı qeyd edilən evdən çıxarılmışdır. Bu səbəbdən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat edilməsinə baxmayaraq, ofisin notariusu məhkəməyə məktub ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehin və üçüncü iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Saray qəsəbəsi İƏN-nin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, X1 rayonu, Saray qəsəbəsi, Ömər Xəyyam küçəsində yerləşən fərdi evdə qeydiyyatsız yaşayır; xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial təsdiq edilmiş surətindən görünür ki, satıcı X12 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.03 ha torpaq sahəsini alıcı Cavabdeh2 satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcıya alıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2021-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı notariusda etibarnamə əsasında X7 nümayəndəsi qismində çıxış etmişdir; xx.xx.2008-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 Fərman Məmməd oğluna Abşeron rayonu, Saraq qəsəbəsi, 0.03 ha torpaq sahəsinə sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığı yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir; xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 Fərman Məmməd oğluna Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsini sənədləşdirməyi, özəlləşdirməyi, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya (girov) qoymağı, istifadə etməyi, icarəyə verməyi və sair səlahiyyətləri etibar etmişdir; Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər İddiaçı və X7 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsi boşaldılaraq Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Həmçinin həmin qətnamədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 satılmışdır. Alqı-satqı müqaviləsində satıcı qismində X7 etibarnamə üzrə nümayəndəsi İddiaçı, alıcı qismində isə Cavabdeh2 qeyd edilmişdir. Hazırda iddiaçı iddia edir ki, alqı-satqı müqaviləsi onu aldatmaq yolu ilə bağlanılmış, torpaq sahəsi və üzərində olan tikili ona məxsusdur. Məhkəmə ilk olaraq qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq qaydada nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə bilən Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə uyğun olaraq mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Əhmədovanın Azərbaycana qarşı iş üzrə Qərarında qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Lakin hazırki işdə iddiaçı mübahisələndirilən torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız olduğunu və bu səbəbdən həmin torpaq sahəsinə dair cavabdehin adına verilmiş çıxarışın ləğv edilməli olduğunu bildirsə də, təqdim edilmiş sübutlardan görünür ki, iddiaçının Abşeron rayonu, Saray qəsəbəsi, Ömər Xəyyam küçəsində yerləşən torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi, eləcə də “gözlənti” hüququ mövcud olmamışdır. Belə ki, xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.03 ha torpaq sahəsini satıcı X12 alıcı Cavabdeh2 satmış, İddiaçı notariat ofisində etibarnamə əsasında satıcı X7 əvəzinə çıxış etmişdir. Göründüyü kimi, hazırki iddia tələbini irəli sürməyə İddiaçı subyektik hüququ mövcud olmamış, o, alqı-satqı müqaviləsinin predmeti olan mübahisəli torpaq sahəsinin və həmçinin onun üzərində yerləşən yaşayış evinin ona aid olmasına dair hər hansı möhtəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı (X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı (X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X21
Məhkəmə qərarları › İş №2(005)-1839/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1839/2023
10.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver