Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1860/2020 10.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Rzayeva X5) qarşı “ipoteka, zaminlik və kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "Cavabdeh" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh" ASC ilə onun arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 104850-131035/1 saylı sonrakı ipoteka və xx xxxxxx 2015-ci il tarixli, 104850-131035/1 saylı zaminlik müqaviləsi, həmçinin əsas müqavilə olan Cavabdeh X10 ilə Rzayeva X7 arasında bağlanmış xx xxxxxx 2015ci il tarixli 104850-131035/1 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ”AB” yaşayış sahəsi, ev 135, mənzil 41/42 ona mülkiyyət hüququ ilə məxsusdur. 2015-ci ilin fevral ayında hazırki iş üzrə üçüncü şəxs Rzayeva X7 ilə Cavabdeh X10 arasında xx xxxxxx 2015-ci il tarixli, 104850-131035/1 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə görə Rzayeva X4 48 ay müddətinə illik faiz dərəcəsi 19 faiz olmaqla 102.000 ABŞ dolları məbləğində kredit vermişdir. 2 ay sonra kreditin faiz dərəcəsi xx xxxxx 2015-ci il tarixli 01 nömrəli əlavə razılaşma ilə 17 faizə endirilmişdir. xx xxxxxx 2015-ci il tarixli, 104850-131035/1 saylı kredit müqaviləsinin təminatı olaraq onunla xx xxxxxx 2015-ci il tarixli, 104850-131035/1 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ”AB” yaşayış sahəsi, ev 135,mənzil 41/42 banka girov qoyulmuşdur. Bundan əlavə, onunla xx xxxxxx 2015-ci il tarixli, 104850-131035/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Onunla bağlanmış ipoteka və zaminlik, o cümlədən G.Rzayeva ilə bağlanmış kredit müqaviləsi göstrədiyi dəlillərə görə etibarsız hesab olunmalıdır. Bank onu həm ipotekaqoyan, həm də zamin kimi qəbul edib. Bundan xəbəri olmayıb, bank işçiləri çox kiçik hərflərlə yazılmış sənədləri qarşısına qoyub onu aldadıb ipoteka və zaminlik müqavilələrinə imza etdirib. Üçüncü şəxs G.Rzayeva kredit alarkən razılaşmışdır ki, evini girov qoysun. Lakin həmin vaxt G.Rzayeva manatla kredit götürəcəkdir, manatla kredit götürülməsi ilə bağlı evini girov qoymağa razı idi. Lakin bankın işçiləri onları aldadıb, G.Rzayevaya ABŞ dolları ilə kredit verib, onu da aldadaraq həmin dollarla olan kredit müqaviləsinin təminatı olan ipoteka müqaviləsinə imza etdirib. ABŞ dolları ilə kreditə görə evinin girov qoyulmasına onun iradə ifadəsi olmayıb. Bank işçiləri ona zaminlik müqaviləsinə də imza etdirib, zaminlik müqaviləsindən xəbəri olmayıb. Qanunvericiliyə görə bir kredit məbləği üçün eyni şəxs həm ipotekaqoyan, həm də zamin ola bilməz. Bu cür müqavilələr qanunvericiliyə zidd olduğundan etibarsızdır. Ona görə də cavabdehlə arasında bağlanmış ipoteka və zaminlik müqavilələri, həmçinin əsas müqavilə olan G.Rzayeva ilə bank arasında bağlanmış kredit müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin etibarnaməyə əsasən nümayəndəsi X6 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçının müraciəti əsasında Bankla iddiaçı arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya 102.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı həmin məbləğdə krediti qəbul etmiş və müqavilədə göstərilən müddətdə və qaydada krediti qaytarmağı, ona hesablanmış faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq dəbbə pulunu ödəməyi barədə öhdəlik götürmüşdür. Eyni zamanda qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 135 nömrəli evin, 41/42 nömrəli mənzili ipoteka ilə bankın xeyrin yüklü edilmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində İddiaçı ilə Cavabdeh ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilələrin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamış və bu müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Eyni zamanda, tərəflərin müxtəlif məhkəmə mübahisələri olmuş, hazırkı işə də bıxldığından mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh ASC ilə Rzayeva X7 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 104850- 131035/1 saylı kredit müqaviləsinin surətinə əsasən kreditor borcluya illik 19% olmaqla 48 ay müddətinə qaytarmaq şərti ilə 102.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti qaytarmağı və kreditə görə hesablanacaq faizləri ödəməyi barədə öhdəlik götürmüşdür; Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 104850-131035/1 saylı ipoteka müqaviləsinin surətinə əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq İddiaçı mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 115.000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 135 nömrəli evin, 41/42 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir; Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 104850-131035/1 saylı zaminlik müqaviləsinə əsasən borcalan Rzayeva X3 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün zamin İddiaçı borcalan Rzayeva X7 ilə Cavabdeh ASC qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür; Məhkəmə baxış iclasında təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2996/2019 saylı xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Rzayeva X3 Cavabdeh ASC-yə qarşı kredit, ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Rzayeva X3 apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, onun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə baxış iclasında təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1839/2020 saylı xx.xx.2020-ci il tarixli Qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2284/2019 nömrəli qətnaməsi ilə iddiaçı Rzayeva X3 Cavabdeh ASC-yə qarşı “kredit, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12500/2019 nömrəli qətnaməsi ilə Rzayeva X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Rzayeva X7 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12500/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının müraciəti əsasında Cavabdeh ASC ilə iddiaçı arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya 102.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı həmin məbləğdə krediti qəbul etmiş və müqavilədə göstərilən müddətdə və qaydada krediti qaytarmağı, ona hesablanmış faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq dəbbə pulunu ödəməyi barədə öhdəlik götürmüşdür. Eyni zamanda qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 135 nömrəli evin, 41/42 nömrəli mənzili ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Bundan əlavə Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 104850-131035/1 saylı zaminlik müqaviləsi ilə borcalan Rzayeva X3 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün zamin İddiaçı borcalan Rzayeva X7 ilə Cavabdeh ASC qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Hazırda iddiaçı qeyd edilən müqavilələrin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiqedilən olması üçün kontragent tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Kredit müqaviləsində alınan borcun xarici valyutada ifadə edilməsi bankın iddiaçını aldatmasını iddia etmək üçün yetərli ola bilməz. Konkret halda, müqavilə bağlanan yəni manatın dollara münasibətdə daha dayanıqlı olduğu vaxtda tərəflərdən hər hansı birinin iki ildən sonra manatın devalvasiyaya məruz qalacağını bilərək kontragenti aldadacığını düşünmək, bu anlamda “əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğunu” iddia etmək inandırıcı və ağlabatan deyildir. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Araşdırma zamanı iddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin, habelə qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində borcalan Rzayeva X7, ipoteka qoyan və zamin İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış həmin tarixli ipoteka və zaminlik müqavilələrin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən iddiaçıya hər hansı formada təzyiq göstərilməsi və ya onun aldadılması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Müqavilənin imzalanması iddiaçının iradəsində asılı olan bir hal olmuşdur ki, iddiaçı müqaviləni imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni imzalamışdır. İddiaçı məhz ipoteka müqaviləsinin bağlanmasını arzulamışdır və bu səbəblə də əqdin məzmununda yanılmanın olması mümkün deyildir. İşin hallarından görünür ki, müqavilə bağlanan zaman predmetin dəyəri iddiaçının arzuladığı məbləğə uyğun olmuşdur; şəraitin daha sonra dəyişərək müqavilənin predmetinin dəyərinin artması və ya azalması əqdin vacib əhəmiyyətli yanılmanın təsirində bağlanması qənaətinə gəlməyə əsas ola bilməz. Xüsusilə qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya vacib əhəmiyyətli yanaşmadan bəhs etmək mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, kredit, ipoteka və zaminlik müqavilələri bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamış və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib, yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı kredit, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Rzayeva X5) qarşı “ipoteka, zaminlik və kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1860/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1860/2020
10.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver