Məhkəmə qərarları › İş №2(005)-1881/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1881/2024

08.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1881/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktı etibarsız hesab etməklə həmin akt əsasında ona hesablanmış 2073,6 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 5 A saylı evin 273, 274, 275 saylı mənzillərində öz ailə üzvləriylə yaşayır. Yaşadığı mənzil təbii qazla təmin olunub. İstifadə olunan qaz sərfiyyatını ölçmək məqsədi ilə mənzildən kənarda, pilləkən qəfəsində, digər şəxslərin müdaxilə edə biləcəyi yerdə cavabdeh tərəfindən qaz sayğacı quraşdırılmışdır. Covid-19 pandemiyası dövründə mənzildə az olmuşlar. O səbəbdən qaz sərfiyyatı cüzi olduğundan ödənişləri həmin dövrə çox az olmuşdur. Bununla belə, 2022-ci ilin noyabr ayından sözügedən mənzillərdə mütəmadi yaşamağa başladıqdan sonra qaz sərfiyyatları çoxalmış və istifadə olunmuş qaza görə ödənişləri də xeyli artmışdır. Bir müddət bundan əvvəl hər dəfə qaz kartına pul yüklədikdən sonra sərf olunan qaz ilə ödənişi müqayisə etdikdə ona məlum olmuşdur ki, cavabdeh ondan əlavə pul silir. Səbəbi ilə maraqlananda bildirilmişdir ki, ona 2073,6 manat cərimə yazılıb. Cavabdeh "Azəriqaz” İB-yə müraciət edib cərimənin hansı səbəbdən tətbiq olunması ilə maraqlanmışdır. Cavabdeh İB-nin nümayəndəsinin ona verdiyi şifahi məlumata görə mənzilindən kənarda quraşdırılmış sayğaca müdaxilə olunmuş, çıxış plasmas boru deşilmişdir. Cavabdehlə razılaşmamış, ona rəsmi sənəd təqdim etməsini tələb etsə də, müraciəti nəticəsiz qalmışdır. Təkidli tələblərindən sonra ona “Dəymiş ziyanının bərpasına dair tələbnamə”nin surəti verilmişdir. Adıçəkilən sənədin məzmunundan ona məlum olmuşdur ki, 2022-ci ilin dekabr ayında mənzilinə qaz sayğacı dəyişdirilib aparıldıqdan sonra cavabdehə məxsus labaratoriyada yoxlanılan zaman sayğaca müdaxilə edilməsi və müvafiq hesablamalardan sonra müdaxilə nəticəsində vurulmuş ziyanın 2073,6 manat olması müəyyən olunmuş, bu barədə cavabdeh xx.xx.2023-cü il tarixli akt tərtib etmişdir. Cavabdeh İB-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktı əsassızdı. Həmin akt əsasında ona cərimə tətbiq etməsi təbii qaz istehlahkçısı kimi onun hüquqlarını pozmuşdur. Müdaxilə olunması iddia olunan qaz sayğacını Cavabdeh İB onun mənzilində deyil, çoxmənzilli yaşayış binasının blokunda, ümumi istifasində olan pilləkən qəfəsində quraşdırmışdır. Həmin sayğac onun mənzilində olmadığı üçün ona daimi nəzarət etməyi mümkün deyil və 3-cü şəxslərin ona müdaxilə etməsindən mühafizə olunmayıb. Təbii qazın istismarına nəzarət edən şəxslərə bu barədə əvvəllər şifahi qaydada bildirmişdir. Sayğacın mənzilində olmasını, ya da mühafizəsi üçün tədbirlər görülməsini cavabdehdən tələb etmişdir, amma cavabdehin nümayəndələri tələbini yerinə yetirməmişlər. Tətbiq olunan cərimədən məlumatsız olduğundan istifadə etdiyi təbii qaza görə etdiyi ödənişlərdən cavabdeh tərəfindən əlavə tutulmalar həyata keçirilmiş və onun hesablamalarına görə 2024-cii ilin mart ayının əvvəlinədək cavabdeh cərimə hesabına ondan əsassız olaraq 300 manat pul tutmuşdur. Yaranmış vəziyyət təbii qazın istifadəsinə görə əsassız hesablanmış cərimənin məhkəmə qaydasında silinməsini zəruri etmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh İB-nin qanunsuz və əsassız hərəkətləri nəticəsində əlavə xərclərə məruz qaldığı üçün cavabdehin tərtib etdiyi xx.xx.2023-cü il tarixli akt məhkəmə tərəfindən etibarsız hesab olunmaqla, həmin akt əsasında ona hesablanmış 2073,6 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh İB məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilmiş, nəticədə istismara yararsız hesab edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2023-cü il tarixdə, ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda abonentin saldosundan da mübahisəsiz qaydada görünür ki, 2019-2022-ci illərdə cəmi 220 manat ödəniş edilməklə qaz sərfiyyatı az olmuş və iddiaçı iddia ərizəsində qeyd etsə də, həmin müddətdə mənzildə yaşamadıqlarına dair sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Qaz sayğacının mənzildən kənarda quraşdırıldığından iddiaçıya sayğaca müdaxilə olunduğunun və qaz sayğacına nəzarət edilməsi vəzifəsi daşımaması barədə iddiaçının dəlillərinə gəldikdə isə “X2nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi özü-özündə istisna edilir. Beləliklə o, iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, sayğac evdən kənarda yerləşir, pandemiya dövrü olduğundan iddiaçı mənzildə yaşamamışdır, sayğaca onlar tərəfindən heç bir müdaxilə edilməmişdir. Akt əsassız tərtib edilmişdir. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual qanunvericiliyə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı adına olan **********12730 saylı abonent saldosundan görünür ki, abonentə 2023-ci il üçün 2073,6 manat borc hesablanmışdır. - Təbii X2nın pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, ünvana baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi aşkarlanmışdır; - Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, G-4 markalı 08AZ**********7 nömrəli sayğacın çıxış plastmas borusu deşikdir. Mövcud sayğac qaz təsərrüfatının layihə-smeta ve texniki ıcra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirin görülməsi qərara alınmışdır. Dəymiş ziyanın həcmi 17280 m3 qaz sərfidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, istehlakçı hesab edilən iddiaçıya məxsus mənzil Cavabdeh İB tərəfindən qazla təchiz edilir. Cavabdeh İBnin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus ünvanda təbii X2na riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmiş, bununla əlaqədar həmin tarixdə akt tərtib edilmiş, hesablanmış qaz sərfinin miqdarı 17280 m3 müəyyən edilmiş və 2073,06 manat borc hesablanmışdır. Hazırda iddiaçı müvafiq akta əsasən hesablanmış borcun əsassız hesab edilərək silinməsini xahiş edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.7 və 4.8-ci bəndlərinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaydalar”ın 4.2 və 4.9-cu bəndlərinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Eyni zamanda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Adıçəkilən Qanuna yeni edilmiş dəyişiklikləyə görə isə aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması yalnız həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilərsə qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericiliyin qeyd edilən müddəalarına görə, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Hazırkı mülki iş üzrə isə baş vermiş zərərin iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. İstehsalçı tərəfindən iddiaçının qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı taladığı, təbii qazdan qeyri-qanuni istifadə etdiyi, sayğacın yuxarı qaldırıldığı, sərfiyyatın azalmasına müdaxilə edildiyi göstərilsə də, bunun səbəbkarının məhz istehlakçı olmasını təsdiq edən mötəbər sübutlar akta əlavə edilməmişdir. Təbii X2nın pozulması haqqında akt və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənədlər isə istehlakçının təqsirli olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin istehlakçının qazın talanmasında təqsirli olması qanunvericiliklə müəyyən edilmiş qaydada (inzibati orqanların və ya məhkəmənin qərarı ilə) müəyyən edilməmiş, akt qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, cavabdehin (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli, aktın bir nüsxəsi istehlakçıya təqdim edilməli, istehlakçının təqsiri qanunla müəyyən edilmiş qaydada araşdırılmalıdır. İddiaçının sayğacdan kənar qazdan istifadə etməsi sübut olunmadığı halda ona cərimə (əlavə sərfiyyat) hesablanması da qanunvericiliyin tələblərinə görə mümkün deyildir. Göründüyü kimi, hazırki iş üzrə istehlakçının sayğaca müdaxilə etməsi və sayğacdan kənar qazdan istifadə etməsi qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1 və 119.2-ci maddələrinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad edildiyindən, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus **********12730 abonent kodu üzrə Cavabdeh tərəfindən hesablanmış 2073,6 manat məbləğində borc silinməlidir. Eyni zamanda məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu olaraq ödənilməli olan 40,73 manat pul Cavabdeh İB-dən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus **********12730 abonent kodu üzrə Cavabdeh tərəfindən hesablanmış 2073,6 (iki min yetmiş üç manat, altmış qəpik) manat məbləğində borc silinsin. Dövlət rüsumu olaraq ödənilməli olan 40,73 (qırx manat, yetmiş üç qəpik) manat məbləğində pul Cavabdehndən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar