Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1898/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “xxxxx” MMC-yə qarşı (Nərimanov rayon İcra və Probasiya Şöbəsi, X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “hərrac protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xxxxx MMC-nin hərracın yekunları barədə 45/01 saylı, xx xxxxxxxx 2019-cu il tarixli protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)-3284/2018 saylı qətnaməsinin icra olunması üçün Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi göndərilmişdir. Belə ki, həmin icra sənədinə əsasən İddiaçı mülkiyyətindəki ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən 5A saylı evin 29 saylı mənzili açıq hərracda satılmasına qərar verilmişdir. Bundan sonra Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin 8082-91589-19-12 saylı xx xxxx 2019-cu il tarixli məktubuna əsasən ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən 5A saylı evin 29 saylı mənzil xx xxxxxx 2019-cu il tarixdə saat 11:00 da “xxxxx” MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi. 156. (20A) 1933-cii məhəllə ünvanında keçirlən hərraca çıxarılmışdır. Lakin həmin əmlak həmin hərracda satılmamışdır. Sözügedən hərracın keçirilməsindən məlumatı olmamışdır. Belə ki, onun qeydiyyat ünvanı ünvan 2 olsa da, faktiki yaşayış yeri həmin ünvanda deyil. Bu səbəbdən də həmin ünvana hərracın keçirilməsinə dair göndərilən bildirişlər tərəfindən alınmamışdır və o hərracın keçirilməsindən məlumatsız olmuşdur. Sözügedən əmlak xx xxxxxx 2019-cu il tarixində baş tutan hərracda satılmadığından həmin mənzil ikinci dəfə xx xxxxxxxx 2019-ci il tarixdə saat 11:00 “xxxxx” MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında keçirilən hərraca çıxarılmışdır. Birinci keçirilən hərracda olduğu kimi xxxxx MMC tərəfindən ikinci hərracın keçirilməsi barədə də o qanunvericiliyin tələbinə uyğun olaraq məlumat verilməmişdir. “xxxxx” MMC-nin hərracın yekunları barədə 45/01 saylı, xx xxxxxxxx 2019-cu tarixli protokolundan və xx xxxxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən 5A saylı evin 29 saylı mənzili son satış qiyməti 169 000 manat olmaqla X1. Hərracda sözügedən mənzilin qiyməti bazar dəyərindən azı 2 dəfə aşağı qiymətləndirlmişdir. Belə ki, həmin bina şəhərin mərkəzində yerləşməklə ən bahalı binalardan birində yerləşir və həmin binada mənzillərin hər kv.m-nin qiyməti 2500-3000 manat arasında dəyişir. Onun mülkiyyətində olan mənzilin isə yerləşmə yeri və görünüş sahəsi olduqca olduğundan həmin mənzilin qiyməti 320 000 manat civarındadır. Qeyd edilənlərdən də göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən 5A saylı evin 29 saylı mənzil mülkiyyətçisi, yəni ipoteka qoyan olduğu halda, keçirilən hərrac barədə hərracın təşkilatçısı tərəfindən mənə heçməlumat verilməmiş, və bilərəkdən hərracda iştirak etmək hüququndan məhrum edilmişdir. Eləcə də, hərrac keçirilərkən mənzilin satış qiyməti qanunsuz olaraq bazar dəyərindən ən azı 2 dəfə aşağı hərraca çıxarılmış və tələbkara satılmışdır. Bıı hal iddiaçının hüquqlarını kobud şəkildə pozmaqla onun külli miqdarda zərərə düşməsinə səbəb olmuşdur. Belə ki, mülkiyyətində olan mənzil maya dəyərində iki dəfə az qiymətə satıldığından o tələbkara hələ də borclu qalmışdır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş emtişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdeh, habelə üçüncü şəxslərməhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdeh və üçüncü şəxslər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən işə bu cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2009-cu il tarixdə Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1971-ci il tarixdə Naxçıvan MR, Şərur şəhərində anadan olmuş və hazırda ünvan 4 ünvanında qeydiyyatdadır; “xxxxx” MMC-nin İddiaçı və X4 və məlumat üçün Nərimanov rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 01/2530 saylı təklifin surətinə əsasən Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 808291589/19-15-12 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus ipoteka yüklü Bakı şəhəri, Ə.Rəcəbli küçəsində yerləşən 5A saylı evin 29 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 159375 (yüz əlli doqquz min üç yüz yetmiş beş) manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsi”-nin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 30 noyabr tarixli 1356 VQD nömrəli qanunun 150.1.13 ,150.3-1 həmçinin 220.8, 220.8.1 maddələrinə uyğun olaraq alıcı və ya ipoteka predmetini əldə edən yaşayış, qeyri yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməlidir; Respublika Xammal və Əmtəə Birjasının “xxxxx” MMC-nin xx.xx.2019-cu tarixli, 01/2442 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərinin və bu bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 5A saylı binanın 29 saylı mənzilin ilkin satış qiyməti 250.000 manat olmaqla hərraca çıxarılması və hərracın xx xxxxxx 2019-cu il tarixdə saat 11:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcəyi barədə İddiaçı və X4 və məlumat üçün Nərimanov rayon İcra və Probasiya şöbəsinə məlumat verilmişdir; Respublika Xammal və Əmtəə Birjasının “xxxxx” MMC-nin xx.xx.2019-cu tarixli, 01/2614 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərinin və bu bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 5A saylı binanın 29 saylı mənzilin ilkin satış qiyməti 250.000 manat olmaqla hərraca çıxarılması və hərracın xx xxxxxx 2019-cu il tarixdə saat 11:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcəyi barədə İddiaçı və X4 və məlumat üçün Nərimanov rayon İcra və Probasiya şöbəsinə məlumat verilmişdir; Respublika Xammal və Əmtəə Birjasının “xxxxx” MMC-nin xx.xx.2019-cu tarixli, 01/2378 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərinin və bu bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 5A saylı binanın 29 saylı mənzilin ilkin satış qiyməti 250.000-15%=212500 manat olmaqla hərraca çıxarılması və hərracın xx xxxxxxxx 2019-cu il tarixdə saat 11:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcəyi barədə İddiaçı və X4 və məlumat üçün Nərimanov rayon İcra və Probasiya şöbəsinə məlumat verilmişdir; Hərracın yekunları barədə xx.xx.2019-cu-ci il tarixli, 45/01 nömrəli protokolunun surətinə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-3284/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3284/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 8082-91589/19-15-12 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən ilkin hərrac qiyməti 250.000 (iki yüz əlli min) manat və təkrar hərracdakı ilkin satış qiyməti 212500 manat olan İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 5A saylı binanın 29 saylı mənzili 159375 manata ipoteka saxlayan X5 əldə etmişdir; “Birja Yenilikləri” Qəzetinin 2019-cu ilə aid olan 177,175,180, 183 nömrəli buraxılışlarında yerləşdirilmiş elanlara əsasənİddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 5A saylı binanın 29 saylı mənzilin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə hərraca çıxarılması, habelə hərracın baş tutmaması barədə məlumatlar dərc edilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)-3284/2018 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən İddiaçı mülkiyyətindəki ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən 5A saylı evin 29 saylı mənzili açıq hərracda satılmalıdır. Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 808291589/19- 15-12 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubu əsasında cavabdeh tərəfindən hərrac keçirilmiş, bu barədə iddiaçıya bildirişlər göndərilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 5A saylı binanın 29 saylı mənzilin ilkin satış qiyməti 250.000 manat olmaqla müəyyən edilmiş, ipoteka predmeti olan mənzili ipoteka saxlayan X5 əldə etmişdir. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatlı olmadığını, onun faktiki yaşayış yerinə bildiriş göndərilmədiyini, hərracların keçirilməsi barədə bildirişləri almadığını və hərracın keçirilməsi barədə elanların dərc edilmədiyini bildirir və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsi, habelə mənzilin qiymətləndirilməsinin obyektiv olmadığını, yenidən qiymətləndirilməli olmasını tələb edir. Cavabdeh tərəf hərracla bağlı sənədləri məhkəməyə təqdim etmiş, hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və hərrracın keçirilməsi və keçirilmiş hərracların baş tutmaması barədə elanlar dərc edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, göründüyü kimi, Respublika Xammal və Əmtəə Birjasının “xxxxx” MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildirişlər göndərilmiş, eyni zamanda, qanunvericiliyi tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə zəruri məlumatlar yerləşdirilmişdir. Məhkəmə onu da vurğulayır ki, həmin bildirişlərin ipoteka qoyanın faktiki ünvanı üzrə göndərilməsi, habelə qəzetlərin ona göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun ozünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının pasport qeydiyyatında olduğu ünvana göndərilmiş və həmin ünvandan qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “xxxxx” MMC-yə qarşı (Nərimanov rayon İcra və Probasiya Şöbəsi, X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “hərrac protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “xxxxx” MMC-yə qarşı (Nərimanov rayon İcra və Probasiya Şöbəsi, X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “hərrac protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1898/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1898/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver