Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1920/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X7 nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh X9 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6 və X13 cəlb olunmaqla) alqı-satqı müqaviləsinin və nəqliyyat vasitəsinin şəxsə təhvil verilməsinə dair ərizənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X22 ilə Cavabdeh arasında “Toyota Highlander” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X22 ilə xx.xx.2002-ci il tarixdə nikah münasibətlərinə daxil olmuşlar, birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü X23 və xx.xx.2018-ci il təvəllüdlü X15 doğulmuşlar. X22 2021-ci il buraxılışlı “Toyota Highlander” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini “X20”dən alqı-satqı yolu ilə əldə etmiş və onun mülkiyyətində idi. xx.xx.2022-ci il tarixdə X22 Bakı şəhərində vəfat etmişdir. Birgə nikah müddətində əldə edilmiş "Toyota Highlander" markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun razılığı olmadan Cavabdeh satıldığı müəyyən edilmişdir. Mərhum əri birgə nikah müddətində əldə edilmiş daşınar əmlakı onun razılığı olmadan AR DİN-nin BDYPİ-də alqı-satqı yolu ilə Cavabdeh satmaqla özgəninkiləşdirməsi onun qanunla qorunan sahiblik, istifadə və sǝrəncam vermək hüquqlarının pozulmasına səbəb olmuş, həmin avtomobilin satılması ilə bağlı sərəncam vermək hüququ bu halda qarşılıqlı razılaşma əsasında hayata keçirilməli olduğu halda və İddiaçı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin tələb olunmalı olduğu halda tələb olunmaması Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş hüquqlarının və huquqlardan törəyən yuxarıda sadalanan maddi hüquq normalarının pozulması ilə müşayiət olunmuşdur. İddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi və qorunması məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək zərurətini yaratmışdır. Cavabdeh məhkəmə prosesinin gedişində iddia ərizəsinə etiraz ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsinə əsasən onunla iddiaçının mərhum həyat yoldaşı arasında “Toyota Highlander” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair müqavilə bağlanmışdır. **-BB-*** dövlət qeydiyyat nişanı ona məxsus olmaqla alqısatqı müqaviləsi bağlanarkən həmin avtomobilə quraşdırılmış və hazırda başqa avtomobilin qeydiyyat nişanıdır. Müqavilənin bağlanma tarixi 2022-ci ilin iyul ayına təsadüf edir. (müqavilə hazırda onda deyil, dəqiq tarixi xatırlamır, bununla bağlı tərəfindən AR DİN BDYPİ-nə müraciət edilmişdir). İddiaçı tərəfindən iddia ərizəsinə əlavə kimi təqdim edilən ölüm haqqında şəhadətnaməyə əsasən həyat yoldaşı mərhum X22 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. İş materiallarında nikahın pozulduğunu təsdiq edən heç bir qeyd də iddiaçı tərəfindən təqdim olunmadığına görə bu o deməkdir ki, həmin müqavilə bağlandıqdan sonra tərəflər təqribən daha 2 ay ərzində birgə əmlak rejimi ilə yaşamağa davam etmişdirlər və mərhumun vəfat etməsi ilə birgə əmlak rejimi sona çatmışdır. Sözügedən müqavilənin bağlanmasından məhkəmədə hazırkı iddianın qaldırılmasına qədər təqribən 9 ay vaxt keçmişdir. Birgə əmlak rejimi davam etdiyi müddətdə Ailə Məcəlləsinə görə nikah müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa ər-arvadın nikah dövründə yaranan əmlak hüquqları birgə əmlaka aid hesab olunur. Eyni qaydalar AR Mülki Məcəlləsinin 225-ci maddəsində də nəzərdə tutulur. Hər iki məcəllədə də hədiyyə və vərəsəlik qaydasında əldə olunanlar xaric bütün gəlirlər (hətta sağlamlığın itirilməsinə görə verilən pensiya və müavinətlər də daxil olmaqla) onların birgə əmlakına daxil olmuş olur. Başqa sözlə qüvvədə olan mövcud qanunvericiliyə görə nikah dövründə yalnız hədiyyə və vərəsəlik qaydasında əldə olunanlar fərdi mülkiyyətə daxildir, yerdə qalan bütün gəlirlər (əldə olunan maddi nemətlər) ümumi birgə mülkiyyətə daxildir. Demək olar ki, təsviri hissədə qeyd edilən avtomobilin satışı nəticəsində iddiaçının mərhum həyat yoldaşına tərəfindən həmin avtomobilin müqabilində ödənilmiş pul vəsaitinin də iddiaçı ilə həyat yoldaşının ümumi birgə əmlakına daxil olduğuna heç bir şübhə yoxdur. Birgə əmlak rejimi Ailə Məcəlləsi tərəfindən ər-arvadın əmlakının qanuni rejimi kimi müəyyən olunduğuna görə və həmçinin birgə əmlaka daxil olmayan əmlak hüquqları 34-cü maddədə qeyd olunduğuna görə buradan çıxan hüquqi nəticə ondan ibarətdir ki, 34-cü maddədə qeyd edilməyən əmlak hüquqları (həmçinin mövcud mübahisə baxımından tərəfindən həmin avtomobilin müqabilində ödənilmiş pul vəsaiti) onların birga əmlakı hesab olunur. Bu hal hüquqda “birgə əmlak prezumpsiyası” olaraq da bilinir. Yəni həmin avtomobil ona satılana qədər iddiaçı ila həyat yoldaşının birgə əmlakına daxil olduğu kimi, onun satılması nəticəsində tərəfindan həmin avtomobilin müqabilində ödənilmiş pul vəsaiti də onların birgə əmlakına daxil olmuşdur. Ər-arvadın ümumi əmlakına daxil olan əşya üzərində ərin (arvadın) sərəncamverici əqd bağlaması üçün arvadın (ərin) razılığı tələb olunur. Həmin razılığın özü də hüquqi nəticə yaradan iradə ifadəsi olduğu üçün mahiyyətcə elə əqddir. İddiaçının iddia predmeti olan etibarsızlıq halı hüquqda “düzələ bilən” etibarsızlıq növünə aid edilir. Səlahiyyətli şəxs əqdin bağlanmasına razılıq verdikdə və ya sonradan əqdi bəyəndikdə əqd bağlandığı andan etibarlı əqd olur. Həmin “bəyənmə” halı Ailə Məcəlləsində “razılıq” kimi qeyd edilmiş və mahiyyǝtcə tamamilə eyni anlayışlardır. Elə Mülki Məcəllənin “bəyənmə”ni tənzimləyən 357-ci maddəsinin də digər adı “sonradan verilən razılıq” kimi qeyd olunmuşdur. Yenə Mülki Məcəllənin “əqdlərdə razılıq anlayışı” adlanan 355.2-ci maddəsinə əsasən “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur”. Deməli razılıq istənilən qaydada həyata keçirilə bilər. Razılıq (və ya razılığın verilməməsi) birtərǝfli qaydada üçüncü şəxslə bağlanması nəzərdə tutulan əqdin tərəfi olmayan ərin (arvadın) iradəsinin ifadə olunması ilə yeni bir hüquqi münasibətin qurulmasını və ya xitam olunmasını təmin etdiyi üçün mahiyyətcə formalaşdırıcı hüquqdur. Qeyd olunanlardan göründüyü kimi formalaşdırıcı hüquq öz sahibinə birtərəfli istifadə olunmaqla başqalarının hüquqi vəziyyətini dəyişdirmək nəticəsini əmələ gətirən hüquqdur. Belə olan halda hüquqi vəziyyəti formalaşdırıcı hüquqların istifadə olunması ilə birlikdə iradələri xaricində dəyişən mülki hüquq subyektlərinin öz hüquqi vəziyyətlərinin nə vaxt və hansı mahiyyətdə dəyişməsi barəsində aydın və konket məlumata malik olması lazımdır. Çünki formalaşdırıcı hüquq istifadə olunub əlaqədar tərəfə çatmaqla öz hüquqi təsirini əmələ gətirir. Əlaqədar tərəfin iradəsinin bunun qarşısını almaq baxımından bir təsir və rolu olmur. Hüquqi müəyyənliyin təmin olunması ehtiyacı bu cür hüquqların geriyə dönüşü olmayan şəkildə istifadəsini zəruri edir. Hazırkı mübahisə baxımından iddiaçı sözügedən əqdin bağlanmasına aşağıda göstərildiyi qaydada öz razılığını hərəkəti ilə bildirdikdən sonra həmin razılığın geriyə dönüşü yolverilməzdir. Bu zaman iradənin mütləq yazılı qaydada ifadə olunmasına da ehtiyac yoxdur. Vəsiyyətnamələr xaricində digər əqdlər baxımından (həmçinin arvadın ərin əqd bağlamasına razılıq verməsi baxımından) əsasən həqiqi iradə deyil, ehtimal olunan iradǝlər əsas götürülür. Başqa sözlə bir əməl üçüncü şəxslər baxımından iradə ifadəsi şəklində başa düşülürsə, onda iradə ifadəsi hüquqi baxımdan mövcud hesab olunur. Bu cür yanaşmaya hüquqda etimad prinsipi deyilir. Bu prinsipə görə iradə ifadəsi iradənin ifadə edildiyi mühitdə onun başqaları tərəfindən necə başa düşülməsinə görə hüquqi nəticə əmələ gətirir. Hazırkı mübahisə baxımından 2022-ci ilin iyul ayında satılan avtomobilin müqabilində ödənilmiş pul vəsaiti iddiaçı və həyat yoldaşının birgə əmlakına daxil olmuşdur. Həmin vaxtdan etibarən iddiaçı ilə həyat yoldaşının birgə əmlak rejimi təqribən daha 2 ay davam etmiş, müqavilǝdən 9 ay sonra isə məhkəmədə iddia qaldırılmışdır. İddiaçı birgə əmlakına daxil olmuş pul vəsaitindən və avtomobilin satılmasından xəbərsizliyi barədə iddia ərizəsində heç bir sübut da əlavə etməmişdir (həmin vəsait birgə əmlaka daxil olduğu üçün “birgə əmlak prezumpsiyası”na əsasən sübutetmə yükü iddiaçının üzərinə düşür). Bu müddət ərzində iddiaçının avtomobilin satıldığından xəbərsiz olması məntiqli və ağlabatan olmamaqla yanaşı, işin aşkar hallarından bilinir ki, iddiaçı avtomobilin satılmasından xəbərdardır. İş materiallarına əlavə edilmiş, VSO05323 nömrəli, xx.xx.2021-ci il tarixli mübahisə predmeti avtomobilin alqısatqısı barədə müqaviləyə əsasən həmin avtomobil iddiaçı va mərhum həyat yoldaşının birgə nikahı zamanı alınmış və iddiaçı həmin avtomobildən xəbərdardır. Həmin avtomobil ona satıldıqdan sonra isə təqribən 2 ay birgə nikah davam etmişdir. Bu müddət ərzində kifayat qədər yüksək bazar dəyəri olan və itkisinin hiss edilməsi mümkün olmayan avtomobilin satılmasından iddiaçının xəbərdar olmaması, əvvəla ağlabatan deyildir. Digər tərəfdən iş materiallarına əsasən iddiaçı avtomobilin ona satıldığı ilə bağlı heç bir rəsmi sənəd təqdim etməmişdir. Hətta iddiaçının vəkili və ya nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixində rəsmi sənədi əldə edə bilməməsinə görə AR DİN BDYPİ-nə məhkəmə tərəfindən sorğu göndərilməsi üçün vəsatət də təqdim edilmişdir. İddiaçıda avtomobilin ona satıldığına dair rəsmi məlumat yoxdur. Deməli iddiaçı avtomobilin ona satıldığını daha əvvəl qeyri-rəsmi qaydada öyrənmişdir (və ya mərhum hayat yoldaşı bildirmişdir). Ona görə də, iddiaçı ona qarşı iddianın avtomobilin satılmasından bu qədər uzun müddət sonra (təqribən 9 ay) qaldırılmasını rəsmi sənəd əldə edə bilməməsi ilə açıqlaya bilməz. Qeyri-rəsmi qaydada olsa da, iddiaçı avtomobilin satılmasını iddia qaldırmazdan çox əvvəl bilmişdir. O, bu barədə məlumatlı olduqdan dərhal sonra ya bu əqdi bəyənməli, ya da etirazını bildirməli idi. Təktərəfli iradəsi ilə hüquqi nəticə (hüquqların yaranmasını və ya xitamını) əmələ gətirə bilən şəxsin bu qədər uzun və ağlabatan olmayan müddət gözlədikdən sonra etirazı hüquqdan sui-istifadə halını meydana gətirər. O, əslində avtomobilin satılmasından bu qədər uzun müddət ərzində xəbərsiz olmasının ağlabatan olmaması və avtomobilin müqabilində birgə əmlaka daxil olan pul vəsaitinə etirazsız sahiblik etməsi ilə artıq razı olduğunu bəyan etmişdir. Hər nə qədər iddiaçı iddia ərizəsində sözügedən razılığın notarial forma şərtinə tabe tutulduğunu qeyd etsə də, əslində həmin razılıq forma şərtinə tabe tutulmamış və istənilən qaydada verilə bilər. Notarial razılıqla bağlı qeyd edilən bütün normalar daşınmaz əşyalara aiddir. Halbuki mübahisə predmeti əşya avtomobil olmaqla daşınan əşyadır. Təsadüfi deyildir ki, iddiaçı iddia ərizəsində notarial razılığın tələb edilməsi ilə bağlı heç bir normaya istinad etməmişdir (edə bilməmişdir, çünki yoxdur). Bu məsələni tənzimləyən Ailə Məcəlləsinin 33.3-cü maddəsində də razılıq şərti qeyd edildikdən sonra 33.4-cü maddədə daşınmaz əşya ilə bağlı razılığın notariat qaydasında təsdiqlənməli olduğu göstərildiyi halda, daşınan əşyalara münasibətdə forma şərti göstərilməmişdir. Hətta həmin razılıq notarial forma şərtinə tabe tutulsaydı hələ yenə də iddiaçının arzu etdiyi hüquqi nəticəni (etibarsızlıq halını) əmələ gətirməməli idi. Çünki iddiaçı birgə əmlaka daxil olan, mahiyyəti və funksiyası baxımından gündəlik istifadə edilməklə, ciddi iqtisadi dəyərə malik olmaqla, müqavilədən 9 ay sonra iddia qaldırması ilə prinsipial mövqe ortaya qoyduğunu bildirməklə tələb etdiyi avtomobil barədə bu qədər uzun müddət ərzində xəbərsiz olması işin halları baxımından qətiyyən ağlabatan va məntiqli deyildir. Digər tərəfdən isə iddia ərizəsində müqavilənin etibarsızlığını mübahisələndirdiyi halda birgə əmlaka daxil olmuş və həmin avtomobilin müqabilində ödənilmiş pul vəsaiti barədə də susmuş, formal tələbləra riayət edilməməsinə istinad etmişdir. Bu isə hüquqdan sui-istifadə halını meydana gətirir. Cavabdeh məhkəmə prosesinin gedişində iddia ərizəsinə etiraza əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 va 354-cü maddələrinin əlaqəli səkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli AR Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad etməsi ilə bağlı qeyd etmək istəyir ki, iddiaçı mübahisə predmeti əqdin etibarsızlığın növünü müəyyənləşdirməkdə səhvə yol vermişdir. Ümumiyyətlə əqdin etibarsızlığının 4 növü mövcuddur. 1- Əhamiyyətsiz əqdlər, 2- Mübahisə edilən əqdlər (pozula bilən), 3- Düzələ bilən etibarsız əqdlər, 4- Yalnız məhkəmə qərarı ilə müəyyən edilən etibarsız əqdlər. Bunlardan ikisi (əhəmiyyətsiz və mübahisə edilən əqdlər) AR Mülki Məcəlləsinin 337.1-ci maddəsində digər ikisi isə müxtəlif maddələrdə müəyyən edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X19 məxsus olan 2021-ci il istehsalı, rəngi tünd boz metal, şassi № 5TDLB3CH80S063192, mühərrik № K546089, **-RR-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi № BB169375), “X17” markalı nəqliyyat vasitəsini X9 Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət Yol Polis İdarəsində satması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və mülkiyyətçinin dəyişməsi ilə bağlı nəqliyyat vasitəsinin şəxsə təhvil verilməsinə dair ərizəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 nümayəndəsi X16 iddia tələbinin əsassız olduğunu, avtomobilin əvvəlki mülkiyyətçisini əvvəllər tanımadığını qeyd edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: Ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixli, VSO05323 nömrəli alqı-satqı müqaviləsinə görə 2021-ci il istehsalı, rəngi tünd boz metal, şassi № 5TDLB3CH80S063192, mühərrik № K546089 olmaqla “X18” markalı nəqliyyat vasitəsi “X21” MMC tərəfindən X4; xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alq-satqı müqaviləsinə görə 2021-ci il istehsalı, rəngi tünd boz metal, şassi № 5TDLB3CH80S063192, mühərrik № K546089 olmaqla “X18” markalı nəqliyyat vasitəsi X22 tərəfindən X2; xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alq-satqı müqaviləsinə görə 2021-ci il istehsalı, rəngi tünd boz metal, şassi № 5TDLB3CH80S063192, mühərrik № K546089 olmaqla “X18” markalı nəqliyyat vasitəsi X14 tərəfindən X1” xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alq-satqı müqaviləsinə görə 2021-ci il istehsalı, rəngi tünd boz metal, şassi № 5TDLB3CH80S063192, mühərrik № K546089 olmaqla “X18” markalı nəqliyyat vasitəsi X6 tərəfindən X3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə görə, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4-cü maddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5-ci maddəsinə görə əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6-ci maddəsinə görə bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi barəsində bağlanmış alqı-satqı müqavilələri üzrə avtomobil cavabdehdə və sonra üçüncü şəxslərə satıldığından, həmçinin alqı-satqı müqavilələrinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, mübahisələndirilən alqı-satqı müqavilələri etibarsız sayıla bilməz. Belə ki, müxtəlif vaxtlarda bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ondan sonra bağlanmış alqı-satqı müqavilələrinin, habelə onun hüquqi nəticələrinin etibarsızlığına (əvvəlki vəziyyətə qayıtmasına) səbəb olacaqdır ki, ədalətlilik və qanunvericilik prinsipləri baxımından buna yol verilə bilməz. Belə ki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh X9 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6 və X13 cəlb olunmaqla) “alqı-satqı müqaviləsinin və nəqliyyat vasitəsinin şəxsə təhvil verilməsinə dair ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X9 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6 və X13 cəlb olunmaqla) alqı-satqı müqaviləsinin və nəqliyyat vasitəsinin şəxsə təhvil verilməsinə dair ərizənin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1920/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1920/2023
27.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver